Aqil ABBAS: İRANIN TROLLARI VƏ TULALARI

AQİL ABBAS
2428 | 2021-10-19 18:15

Deməli, belə. Bir sayta verdiyim  müsahibədə demişdim ki, mənim Ağdamdakı  evimi  ermənilər 300-500 dollara iranlılara  satıblar, onlar da  söküb aparıb. Özü də mən bunu indi demirəm, 10-20 il bundan  qabaq demişəm. Əlimdə fakt  olmasa  danışmaram.

Qarabağda işğal olunmuş ərazilərdə  150 000 - dən artıq şəxsi mülkiyyət vardı, təxminən  onun yarısı qədər də inzibati binalar: xəstəxanalar, klublar, kino-teatrlar, həkim məntəqələri, kitabxanalar, abidələr, məktəblər və sair və ilaxır vardı.

Mən qayıdıram  təkcə Ağdama. Ağdamın şəhər əhalisi  təxminən  60 min idi. Bu da 14-15 min mülk deməkdi. Amma Ağdam Qarabağın  paytaxtı  olduğuna görə mülki evlərdən  başqa, 3-4 min  də ticarət  obyekti  vardı. Təkcə bazarda  500-ə yaxın dəmirçixana vardı. Çünki  şənbə-bazar bütün Qarabağ  Ağdama  tökülərdi. Buna görə də az qala Ağdamdakı yaşayış  evləri  qədər ticari və digər  inzibati   obyektlər  vardı. Kəsəsi, bir  rayonda  təkcə  47-dən çox  tikinti  idarəsi vardı.  Uzağa getmək  lazım deyil, işğala qədərki  Ağdamın hansı  vəziyyətdə olduğunu  çatdırmaq istəyərdim: 10 orta  məktəb, 3 kino-teatr (həmin vaxt  hər  rayonda bir  kino-teatr olardı), 3 uşaq  musiqi  məktəb və Muğam  məktəbini  də bura  əlavə edirəm,  4 texnikum, Dövlət  Dram  Teatrı,  Mədəniyyət  evi, şəhərdə 3 mərkəzi kitabxana (mən bura Maarifin və Müəllimlər  evinin  kitabxanasını  daxil eləmirəm), ilk alış-veriş  mərkəzi, zavodlar, fabriklər, o  zavod-fabriklər ki  Azərbaycanın  iqtisadiyyatına  nə qədər   xeyir verirdilər. Hətta Metis-furnitir  zavodu SSRİ-yə  hərbi  sənayedə nələr  edirdi, bu  ayrıca bir  mövzudu. Şəhərdə 2 peşə məktəbi, peşə  məktəbinin  birində savaş  başlayan kimi Hacı Əkbər Rüstəmov şagirdlərindən bir könüllü  batalyon  yaratmışdı və oğlu  Sənan  Rüstəmov da  döyüşlərdə  atasının   gözü qabağında yaralananda Hacı Əkbər öz oğlunu  yox, şagirdini   xilas etmişdi. Oğlu Sənan  da Rey  Kərimoğlunun  qucağında  şəhid olmuşdu.

1988-ci ildən 1994-cü il atəşkəsə  qədər səngərdə olmuşam, əsgərlərimizin  yanında  olmuşam, demirəm erməni  öldürmüşəm, amma döyüşün içində olmuşam. Qucağımda neçə şəhid dünyasını  dəyişib, görmüşəm. Və çalışmışam ki,  bunları   qələmə alım . «Dolu» romanında  bunları  yazmışam, necə müvəffəq olmuşam, onu  həm  romanı  oxuyanlar, həm də «Dolu» filminə baxanlar bilir.

İndi bu yazını niyə yazıram?  Deməli, saytlardan biri mənim fikrimi manşetə  çıxarıb ki, ermənilər Ağdamdakı evimizi  iranlılara 300-500 dollara satıblar.

Bu gün İranın şərəfsizlikləri ilə bağlı  yazılar gedir  mətbuatda.  Bunun  mənə  dəxli yoxdu.  Və mən  20 ildən  çoxdur ki, bu barədə  yazıram  və yazacam da. Yəni bugünki  məsələlərin mənim  yazılarıma  dəxli yoxdur.  Yəni  mən bugünki hadisələrə qoşulub kampaniya xətrinə  nəsə yazmıram. Bunu dəfələrlə  televizorlarda  da demişəm, məqalələrimdə də yazmışam.

İndi baxıram, ilahi,  İranın ölkəmizdə nə qədər  trolları  və tulaları var hamısı  mənə söyür. Və «sağ olsun» bunu  paylaşan   saytlar da qapılarını  həmin  trolların və tulaların  üzünə açıb. Bunlar da mənə söyürlər  və kimlərsə bundan  ləzzət alır.

Mənim onlara  cavab vermək imkanım yoxdur,  çünki  nə  facebookdayam, nə də mənim trol və ya tula tutmağa imkanım  yoxdur.

Söyün, dostlar, nə qədər  istəyirsiniz. Amma mən elə belə, təkcə cavab verə biləcək gücündəyəm.  İranla da heç bir şəxsi problemim yoxdur,  varsa  ümumi problemdir.

Darıxmayın, trollar  və tulalar,  yaxın nömrələrimizdə daha  ciddi  faktlarla  sizə  cavab verəcəm. Biz susduqca onlar  güclənir və çox  təəssüf ki, həqiqəti bilənlər trollardan və tulalardan  qorxur, onlara   cavab verə bilmirlər.

Vaxtilə bizdə Milli Təhlükəsizlik Nazirliyi vardı, mən  o vaxt bu  nazirliyin adını Milli Təhlükəlilik Nazirliyi  yazırdım. Niyə? Əgər Milli Təhlükəsizlik Nazirliyi  o vaxt  öz vəzifəsini  yerinə yetirsəydi İran trol və tulaları  bu gün ölkəmizdə at oynatmazdı.

Ardı qalsın sonraya.

P.S. İranın bu trolları və tulaları  ziyalılarımıza hücum edirlər ki, sussunlar. Susmayacağıq, trollar və tulalar, nə qədər  istəyirsiz bizə söyün, əlimizi dəmirə qoymuşuq.

TƏQVİM / ARXİV