adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Oktyabr 2021 14:03
1625
MƏDƏNİYYƏT
A- A+

Opera ulduzlarımız "Aida" operasının tamaşasında iştirak edəcəklər

Oktyabrın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Aida"  operasının tamaşası keçiriləcək. Uzun illərdən bəri Teatrın repertuarında olan bu tamaşa opera həvəskarları tərəfindən çox sevilir və onun hər bir nümayişi  geniş tamaşaçı auditoriyası toplayır. Teatrin mətbuat xidmətindən verilən məlumata görə, bu dəfəki tamaşa Azərbaycan milli operası ulduzlarının iştirakı ilə baş tutacaq. Tamaşada əsas “Aida” partiyasını Azərbaycanın Əməkdar artisti, "Humay" milli mükafatının laureatı Afaq Abbasova ifa edəcək. Radames rolunda Azərbaycanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, İtaliyanın La-Skala akademiyasının solisti Azər Rza-Zadə çıxış edəcək. Azərbaycanın Xalq artisti Fidan Hacıyeva tamaşada “Amneris” partiyasını ifa edəcək. Daha bir əsas “Amonasro” partiyasını ifa etmək üçün Azərbaycanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, Almaniyanın Manheym Milli Operasının solisti Əvəz Abdullayev dəvət olunub.  Adı çəkilən ulduzlardan başqa opera tamaşasında həm də Xalq artisti, Vokalçıların Bülbül adına I beynəlxalq müsabiqəsinin Qran-pri mükafatı laureatı Əli Əsgərov (Misir şahı), Əməkdar artist İnarə Babayeva (Kahin qadın) və vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, Mariinski adına Opera və Balet Teatrının solisti Məhərrəm Hüseynov (Ramfis) də iştirak edəcəklər.

Tamaşanı respublikanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

 

AYXAN