SON DƏQİQƏ:

LAÇIN VAXTLARIMIZ - Emin Piri yazır

  755   |  
Şriftin ölçüsü  

I

Siqnaxda erməni evlərində

 

Müharibənin gedişində bizim batalyon Xocalı kəndləri, Şuşa uğrunda döyüşlərdə olsa da bizim hərbi hissənin digər batalyonu Laçın, dəhliz ətrafı döyüşlərdə idi.

Müharibənin bitməsi ilə bərabər ordu tərxis olunur, evə göndərilir xəbərləri yayılmağa başladı. Amma öz düşüncəmlə, düşüncəmizlə deyirdik ki, müqaviləyə əsasən boşaldılası rayonlar boşaldılmadan dövlət belə riskə gedib bizi tərxis etməz. Amma inananlar da var idi.

Müharibə bitərkən olduğumuz yüksəklikərdə qaldıq. Artıq ocaq qalaya bilir, şaxtanı birtəhər yola verməyə çalışırdıq. Mənim tağımımın olduğu mövqenin yaxınlığında ermən ferması var idi. Saymışdıq, 97 iri dana idi. Düzü, çörəksiz kabab yeməkdən iyrənməyə düşmüşdük müharibədən sonra.

15 noyabr öncəsi aşağı enəssiniz, ordansa Cəbrayıla gedəcəksinz; deyilir. Amma 15 noyabrda Kəlbəcərin boşaldılmaması planları pozdu.

Hər ehtimala orda qalacaqsınız. Müqaviləyə əməl edilməsə...

Bu hadisələrin sonu necə olacaq deyə düşünür, müxtəlif analizlər verirdik. Ən yaxşısı Ağdamı, 20 noyabrı gözləməkdir. İçi mən qarışıq Ağdamla bağlı xəbərləri gözləyirik. Kimisində təlaş, kimisində həyəcan və.s. Yeni bir müharibə qarşımızdadırmı?

O xəbər gəlir, Ağdam boşaldıldı...

23 noyabr səhərisə bizə rabitəylə xəbər verilir ki, Siqnax kəndinə gəlin. Ora gedirik.

Müharibənin gedişində irəliləyəndə bir neçə saatlıq Siqnax kəndində olmuşduq. Həmin vaxtlar Siqnax ağırtileriya hücumuna məruz qalırdı. Bu kərə azad insanlar kimi kəndi gəzmək, özümüzə yeyəcək bir şeylər tapmaq olardı. Hər tağım bir evdə özünə yuva qurur. Otaqların birində taxtda üç əsgərim, mənimçünsə ayrıca kravat ayırırlar.

Çıxaq, gəzək. Müharibənin verdiyi turizmdən bəhrələnək.

Əsgərlərin həvəsi daha çoxdu. Müxtəlif şəkillər çəkdirir və.s.

Daha çox bir villa diqqəti çəkir. Sonradan öyrənirəm ki, bu villa qondarma respublikanın milli təhlükəsizlik xidmətinin müavini bir general-mayorun evidi.

Elə gözəyarı baxanda bu evin milyonlar, bəlkə də daha artıq məbləğə başa gəldiyini açıq-aşkar görürsən.

Zirzəməsinə enir, otaqları gəzir, varlı həyatını özümçün beynimdə qaralayıram.

Çox qəribədir, bir gün milyonların bir əsgərin ayağı altında qala bilər. Qapını əliylə taqqıltma şansı olmyan bir kasıb balası o qapını təpiyilə aça bilər...

Villanın yanında çəpərə alınmış ərazidə onlarla kiçikbuynuzlu və iribuynuzlu mal-qara var. Artıq kimindir, bilmədim...

Kəndin içindəsə donuzlar veyllənir. Sahibsiz...Heç bizlərdən də sahib çıxan yoxdu.

Axşama doğru əsgərlər evə turşular, kartof-soğan, ev quşları və.s ərzaq məhsulları gətirir. İki aydan sonra bir evdə yatmağın ləzzəti, bunu heç boş vermək olar?

Özümüzçün nələrsə bişiririk. evin içidə ocaq qalayarıq. Nəhayət isti yerdə yatacağıq.

Səhər kənddə şiddətli qar başlayır. Topxana meşələrində yaşana biləcək əlverişsiz şəraiti nəzərə alaraq təcili Cəbrayıla getməli olduğumuz deyilir.

Bir gecəlik rahat yuxumuz, isti ocağımız beləcə pozulur.

Gecə yarı artıq Cəbrayılın Daşkəsən kəndindəyik.

Palatkalarda qalacağıq...

 

II

Laçın boşaldılır, biz getməliyik

 

1 dekabr. Radioda ölkə başçısı İlham Əiyevin çıxışını dinləyirik. Laçın boşaldıldı.

Sevinclər hər yerdən duyulmağa başlayır. Artıq müharibə tam bitdi deyə bilərik, düşünürük...

Amma bizim hərbi hissənin Laçına gedəcəyi deyilir. Hazırlıqlar görülür. siyahı tutulur. 24 yaşdan yuxarı əsgərlər Laçına getməyəcək. Onlar burdan tərxis olunacaq.

Bəs, zabitlər? Onlar da yaşından aslı olmayaraq Laçına gedəcək.Orda təhvil-təslim edib silahları və əsgərləri təhvil verdikdən sonra 24 yaşdan yuxarı zabitlər tərxis ola biləcək.

Hazırlıq vaxtı nədənsə yadıma laçınlı dostarı salıram. qayıdanda onlara danışacaq xeyli söhbətim olacaq. Bəlkə də onlarla daha doğmalaşacağıq...

Yadıma ilk olaraq məktəbdə sevdiyim laçınlı qız düşür. Sonrasa Rəşad Məcid, Şərif Ağayar...

Çünki Laçın haqqında söhbətləri, yazıları daha çox onlardan görmüşdüm. Daha doğrusu ünsiyyətdə olduğum insanlar arasında.

Evdəkilərə, dostlara zəng edirəm, rabitə orda pisdi, əlaqəm olmasa narahat olmayın.

Bunu xəbər verməyə bilməzdim. Yaxınlarım mən gəlməyənə kimi hələ müharibənin içindən çıxa bilməmişdilər. Heç indi də çıxmayıblar.

Bütün hazırlığımızı görüb yola düşürük...

 

III

Müharibənin qar uşaqları

 

Laçına gedirik...Birinci gündü. Qubadlıda Xəndək kəndində elə maşınlarda gecələməli oluruq.Evə zəng etdim. Sonra bacım qızı Ləmanla danışdım. Bimirəm, necə təzaddırsa müharibə adamın yadına daha çoxsevdiyi insanları, xatirələri salır. Ən çoxsa uşaqlığını. Bəli, məzh uşaqlığı. Və ya həyatında olan uşaqlar. Vəhşilik içində adam uşaq saflığı axtarır, uşaq təmizliyini özləyir.

Hə, bacım qızı Ləmanla danışırdım. Oraların necə olduğunu soruşdu. Ətraf Kiçik Qafqaz dağları, hər yan qar. Hər tərəf ağappaq qardı;-dedim.

“Dayı, ordan gələndə mənə qar gətir də. Qartopu oynayaq”-dedi.

Uşaqlar müharibəyə də bəzən öz gözləriylə baxır. Bəlkə də elə bilirlər müharibələr uşaqların qartopu oynmaq istəyinə görədir. Bəlkə də bu qartopu istəklərindən doğan müharibələrə görə özlərini qınayırlar. Amma nə bilələr ki, böyüklərin qaropu oyunu anaların, sevgillərin, bacıların göz yaşlarıdır.

Düzdü, özümlə qar gətirə bilmədim. Amma inanıram ki, bu ölkənin uşaqları yaxın gələcəkdə ürəkləri istədiyi qədər Qarabağ torpaqlarında qartopu oynayacaqlar. Özümlə gətirməsəm də sizə ürək dolusu qar gətirmişəm, əziz uşqlar!

Elə bu kiçik yazını vaxtilə yazdığım “Əlcəkli qar” şeiri ilə bitirirəm.

 

Yağma, qar,

yağma

əlcəyim olmasa da

əllərim üşümür mənim.

Atamın

"daha yeddi yaşın var

böyük kişisən

heç kişi də əlcək taxar?!"

sözləri üşüdür məni.

 

Yalan danışmağı bacarmır atam

dodaqlarının titrəməsindən

gözlərinin dolmasından bilinir

ciblərinin yalanı.

Qar qardaş,

dünyanın ən təmiz

yalanı sənsən.

 

Qar qardaş,

mənə görə yox

atama görə yağma,

ata oğul arasına girmə, qar.

 

Yağma,

çirkli əllər atmasın səni

çirkli ayaqlar altında

əzməsinlər təmizliyini.

Təmiz dillər

çirklənməsin sənə görə,

yağma.

 

Uşaqların sızıldayan

barmaqlarında üşümə,

isti əlcəklərində qızın, qar.

 

...Uşaq əllərini özləmişdi qar

qar vardı

uşaqlar yoxdu

müharibə qovmuşdu

yavruları torpaqlarından.

onların yerində

tanklar oynayırdı.

qar ağlayırdı uşaqlarçün,

can verirdi

tankların

qanlı tırtılları altında.

 

Qar istəyir uşaqlar

tanksız,

yalansız,

əlcəkli qar.

Yağırsansa belə yağ, qar!

 

 

 

 

IV

BURA DA BİZİM OLACAQ...

 

Birinci gün çıxmağımızın səbəbi odur ki, ikinci gün sülməramlıların keçid məntəqində olaq. Yəni cüt günün səhərinə özümüzü çatdıra bilək. Tək günlər ermənilər, cüt günlərsə biz o yoldan istifadə edə bilirik.

Dəhliz qarşısında rus keçid məntəqində gözləyirik. Rusiya bayrağı...Qəribə oluruq. Müharibədən sonrakı gerçəkliyi indi-indi başa düşməyə başlayırıq.

Bəziləri ruslara sanki düşmən kimi baxır. Nə də olsa ilk dəfədir,belə rastlaşmaq.

Bizi buraxmırlar, əsəbləşən zabitlər olur.

-Başa düşün, biz burda sülməramlıyıq. Digər heyət çatsın, sonra sizi aparacağıq. Öncə maşınlar baxaq.

Maşınlara baxırlar. Bir əsgər və toppuş rus zabiti maşınları gəzir.

Məsələ məlumdur. Silahlar ayrıca maşında olmalı, heyətsə ayrı maşınlarda. Çünki Laçın mərkəzində ermənilərin içindən keçəndə hər hansı hadis baş verməsin deyə.

Maşınları yoxlayanda uralların birinin kabinəsində bir avtomat görürlər.

-Olmadı ki.. Bütün silahları yığışdırın.

Yenidən harda silah varsa ayrıca maşına yükləyirik.

Yavaş-yavaş aramızda ünsiyyət yaranmağa başlayır. Zabitlər- Xəlilov,Şıxəliyev. Qayxılı rusca yaxşı bildiyindən onların vasitəsiylə ünsiyyət qururuq, ya da ümumi danışırıq.

Əsgərlərlə söhbət əsnasında məlum olur ki, əksəriyyəti Şimali Qafqazdan, Krımdan və.s-dəndir. Hələ bəziləri Bakıda da olub. Qohumları olanlar var.

Qanımız qaynayır. Bilirsiniz, axı bura bizim torpaqdı və.s kimi söhbətələrə gediş edirik.

-Biz sadəcə qulluqçuyuq, bura göndəriblər gəlmişik. İşimiz aranızda hər hansı hadisələrin baş verməsinin qarşısını almaqdır. Zabitlərdən biri “onsuz da bura da tam bizim olacaq” deyir. Ruslar gülümsəyir...

 

V

Laçın mərkəzində

 

Hər şey hazırdır. Önümüzdə bir zirehli rus maşını, arxamızdasa digər zirehli maşın bizi müşayiət eədərək aparırlar.

Laçının mərkəzinə enəndə bütün hərəkət dayanıb. Yol kəsişmələrində rus hərbçiləri gözə dəyir. Yəqin ki, hər hansı məsələ baş verərsə, qarşını almaq və ya qabaqlamaq üçün.

Laçından keçdikcə evlər, binalar gözümüzə dəyir. İşıqları yanır. Bir erməni belə çöldə görmürük. Amma hiss edirsən, o işığın yandığı evlərdən bəzən qorxa-qorxa boylananlar olur. Şəhərin özündən keçdikdə isə əsgərləri saxlamaq olmur. Aqressiya və.s Müharibədən çıxan əsgərin o alarını anlamaq mümkündür. Mərkəz boyu söyüşlər və.s.

 

Bir neçə xəbərdarlıqdan sonra açığı mane olmaq da istəmirsən, heç olmasa sözlə hirslərini, aqressiyalarını çıxarsınlar.

Buzlu, qarlı yolları keçmək kolon şəklində saatarımızı alır. Nəhayət, ikinci keçid məntəqsini keçirik. Artıq bizim ordunun nəzarət etdiyi ərazidəyik.

 

VI

Laçında son gecəmiz

 

Səhv etmirsəmsə, ya Həkəri, ya da Hoçazsu çayının sahilləridir. Ermənilərin keçmiş istirahət mərkəzi olub. Qapıları, pəncərələri aparılıb. Özünəsə od vurub yandırıblar.

Orada məskunlaşırıq.

Ümumiyyətlə, çıxdıqdan sonra demək olar ki, hər şeyi yandırıblar. Xəbərdaıq edirlər ki, ehtiyatlı olun bunlar rayonu boşaltdıqdan sonra bəzi yerlərə mina da basdıra bilərlər.

Çay qırağında uzanıb yatmaq, ocaq çayı... Yenə də bacardıqca müharibədən sonra turist kimi həzzini çıxamağa çalışıram. Bir də Laşında nə vaxt olacamki?

...Silahları təhvil vermişik. Daha sonra əsgər heyətini. Düzü zabitlər, əsgərlər kövrəlir. İlk dəfədir, zabit və əsgərin bir-birindən ayrıldığı üçün bu qədər kövrəldiyini görürəm.

Nə də olsa müharibəni, döyüşləri bir yerdə keçiriblər...

...30 dekabr gecəsi. Sabah hər şeyi hazır edib çıxmalyıq. Çünki 31 dekabr cüt gündü. Əgər 31 dekabrda burdan keçməsək, bir də iki gün sonra şansımız olacaq. Belədə bayramı da evə çata bilməyəcəyik...

30 dekabrda həmin keçmiş istirahət mərkəzində son gecəmizi keçiririk...

 

 

VII

Мы же все Кавказцы...

31 Dekabr səhəri tezdən sülhməramlıların qapısını kəsdirmişik. 9 tamamdan tez buraxa bilmərik;deyirlər-öncə məruzə edək, sizə sirehli maşın ayıraq sonra.

Zarafatlaşırıq, söhbət edirik. Narahat olmayın, elə sürətli və tez edəcyik ki, yeni il gecəsini öz evinizə çata biləsiniz.

-Мы же все Кавказцы, зачем нам враждовать?-zabit deyir.

Bəzi fikirlər içimi qıdıqlayır. Mustafaya deyirəm ki, soruş gör, onların təminatını ermənilər verir?

Ruslar tez etiraz edir, yox,hər şey bizə Rusiyadan gəlir. Ermənilərdən heç nə almırıq.

Deyirəm, ondan siqaret al, elə biləcəyik.

Rus əsgəri əminliklə siqaretini çıxarır, rus aksiz markası olan nazik kent 4.

Bəlkə dostluq naminə siqaretlərimizi dəyişək...

Cibimdən siqareti çıxarmaq stəyirəm, erməni “Akhtamar” siqareti.

Özüm-özümə gülürəm,mən ruslara deyirəm, özümdə erməni siqareti...

Sürücülərimiz yaşlı kişilərdi. Rus zabiti məəttəl baxır. Zabitləmizsə sovet zarafatını edir; döyüşə qocalar gedir.

Söhbətlərdən sonra, bizi buraxırlar. Bu dəfə Laçın mərkəzini gündüz vaxtı görməli oluruq...

Saatlar sonra Cəbyıldayıq. Sənədlərimizi götürdük. Gecə isə artıq Sumqayıtdayam.

Amma qafqazlı sülhməramlı zabitinin sözləri ara-sıra qulağımda pıçıldanır;

Мы же все Кавказцы, зачем нам враждовать?

 

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK