adalet.az header logo
  • Bakı 2°C
  • USD 1.7
01 Dekabr 2021 19:07
428
ELM VƏ TƏHSİL
A- A+

UNEC İqtisadi Forumun birinci günü uğurla başa çatıb

Dekabrın 1-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyinin dəstəyi və UNEC-in təşkilatçılığı ilə Dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu 2021 öz işinə başlayıb.

UNEC-dən Adalet.az-a bildirilib ki, devizi “Zəfər Yolu” olan Forumun iştirakçıları öncə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın əziz xatirəsini ehtiramla yad ediblər, məzarları önünə əklil və gül dəstələri qoyublar. Sonra Şəhidlər xiyabanı ziyarət olunub. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə güllər düzülüb.

Gülüstan sarayında təşkil olunan UNEC İqtisad Forumu çərçivəsində Qarabağ Dirçəliş Fondunun və UNEC Dizayn məktəbinin təşkil etdiyi rəsm sərgisinə baxış keçirilib. Forumun açılşında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.

UNEC-in rektoru, Forumun sədri professor Ədalət Muradov iştirakçıları salamlayaraq, forumun ilk görüşünün dünya şöhrətli alim, Nobel mükafatçısı Aziz Sancarla gənc tədqiqatçıların görüşünə həsr edildiyini bildirib. Aziz Sancarın gənc tədqiqatçılar, beynəlxalq olimpiada qalibləri, ali təhsil müəssisələrində təhsil alan, bilik bə bacarıqları ilə seçilən şəhid övladları ilə öz tövsiyələrini bölüşəcəyini deyən rektor, alimin həyatından söz açıb, onu hər kəsə örnək olan şəxs kimi səciyyələndirib.

Forumun devizinin “Zəfər Yolu” olduğunu diqqətə çatdıran professor Ədalət Muradov bu gün hər bir azərbaycanlının ürəyinin qürurla döyündüyünü, Ali Baş Komandan cənab İlham Əliyevin, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində xalqımızın 30 ildən çox işğal altında olan torpaqlarımızın azad edilməsinin xoşbəxtliyini yaşadığını deyib. Rektor ölkəmizin hərb meydanında əldə etdiyi zəfəri, elm sahəsində də əldə edəcəyini, forumun bu istiqamətdə mühüm töhfələr verəcəyini vurğulayıb.

Forumda çıxış edən Nobel mükafatı laureatı, professor Aziz Sancar yenidən Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfərdən söz açıb: “Qarabağ hamımızın könlündədir. Qarabağ zəfəri ilə Azərbaycan çox şeyi bacardı. Qarabağ qələbəsi asanlıqla qazanılmadı, çoxlu şəhidlər verdik. Bütün türk dünyası şəhidlərə minnətdardır. Azadlıq verilmir, azadlıq qazanılır. Kimsə başqa bir dövlətin torpağını işğal edərək uzun illər bunu dünyaya qəbul etdirə bilməz. Azərbaycanlı qardaşlarımız Qarabağı azad etməklə bütün dünyaya dərs verdilər”.

Gənc alimlərlə tövsiyələrini bölüşən professor Aziz Sancar elmi fəaliyyətindən, Nobel mükafatı qazanılması yolundakı çalışmalarından bəhs edib. Alim bütün dünyada qız və oğlan uşaqlarına elm öyrədilməsinin, onlara erkən yaşlarından təcrübə aparmaq bacarıqlarını öyrətməyin vacibliyindən danışıb: “Dünya ilə yarışmaq üçün bumeranq yaratmalıyıq. Təməl bilik önəmlidir. Bundan başqa, qızlara da oğlanlarla bərabər eyni təhsil fürsətləri verməliyik, erkən yaşlarda təcrübələrini reallaşdırmağa imkan yaratmalıyıq. Siyasət və elm bir-birindən fərqləndirilməlidir. Elm adamlarına imkanlar yaradılmalıdır. Elmlə məşğul olmağa başladıqda, bu şəxslərə azadlıq, müstəqillik verilməlidir, onlara "bunu et, onu et", deyilməməlidir”.

Böyük maraqla qarşılanan çıxışdan sonra Aziz Sancar iştirakçıların suallarını cavablandırıb.

Forum “Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar” mövzusuna həsr olunan Panel 1 çıxışları ilə davam edib.

Paneldə çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov hər il keçirilməsi nəzərdə tutulan Forumun ölkəmizin gələcək inkişafı baxımından əhəmiyyət kəcb edən məsələlərin müzakirə platformasına çevrilməsini hədəflədiyini deyib. Forumun həm qlobal, həm də milli müstəvidə çox böyük tarixi hadisə və proseslərin yaşandığı bir dövrə təsadüf etdiyini, uzun illərdir həllini gözləyən ən böyük milli probleminin həll olunduğunu və Qarabağın işğaldan azad edildiyini deyib. Rektor müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş möhtəşəm Zəfərin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın inkişafı üçün yeni perspektivlər açdığını, Qarabağın yenidənqurma prosesinə misli görülməmiş sürətlə start verilməsinin dünyanın diqqətini bir daha Azərbaycana, onun iqtisadi imkanlarına və iqtisadi qüdrətinə yönəltdiyini bildirib.

Professor Ədalət Muradov çıxışında pandemiyanın yaratdığı yeni sosial-iqtisadi problemlərə toxunub: “...Dördüncü sənaye inqilabı və bu çərçivədə baş verən rəqəmsallaşma qlobal iqtisadi artımı yeni və kifayət qədər də təcili çağırışlarla üz-üzə qoyur; qlobal vaksin siyasəti, idarəetmə problemləri, gəlir və sərvət bərabərsizliyinin dərinləşməsi, sosial və iqtisadi imkanlara çıxışda qeyri-bərabərliyin artması daha ədalətli iqtisaidyyatlar naminə daha adekvat siyasətlərin tətbiqini tələb edir. Rəqəmsallaşmanın sürətlə artması, iqtisadiyyatların rəqəmsal transformasiya prosesindəki qeyri-bərabərliklər, yüksək texnologiyalara əsaslanan istehsal ekosisteminin formalaşdırılması prosesində yaranan çətinliklər qlobal iqtisadi inkişaf paradiqmalarında da köklü dəyişikliklərə gətirib çıxarır. Ölkələr arasında artan rəqəmsal uçurum bir növ gələcək və həm də daha dərin iqtisadi bərabərsizliyin də təməllərini atır”.

Rektor bütün bu və digər məsələlər barədə Forumun müxtəlif panellərində üç gün ərzində dünya miqyaslı alimlər və mütəxəssislər tərəfindən ətraflı müzakirələrin aparılacağını diqqətə çatdırıb.

UNEC-in prorektoru Neman Muradlının moderatorluğu ilə keçirilən paneldə Polşanın Kozminiski Universitetinin professoru Qrzeqorz Vitold Kołodko, İsveçrənin UBS Bankının Strategiya departamentinin rəhbəri Massimiliano Castelli, Birləşmiş Krallığın Bayes Biznes Məktəbinin Strategiya və rəqəmsal transformasiya üzrə professoru Gianvito Lanzolla, “McKinsey & Company”nin Moskvadakı baş tərəfdaşı Yermolai Solzhenitsn mövzu ilə bağlı çıxış ediblər. Xarici qonaqlar bu istiqamətdə qarşıda duran problemlərdən və onların həlli yollarından danışıblar, trendləri açıqlayıblar.

Sonra Polşanın Kozminiski Universitetinin professoru Qrzeqorz Vitold Kołodkonin alimlərlə görüşü ilə keçirilib. Polşalı professor Q.V.Kołodko qloballaşma və onun sosial-iqtisadi sahəyə təsiri barədə çıxış edib, iştirakçıların mpvzu ilə bağlı suallarını cavablandırıb.

UNEC İqtisadi Forumu çərçivəsində UNEC ilə Türkiyə Respublikasının Əmək və Sosial Təminat Nazirliyinin Təhsil Mərkəzi (ÇASGEM) arasında institusional əməkdaşlıq protokolu imzalanıb.

UNEC rektoru professor Ədalət Muradov və Türkiyənin Əmək və sosial müdafiə nazirinin müavini Prof. Dr. Lütfihak Alpkan arasında imzalanan sənəddə birgə elmi tədqiqatların, təlim proqramlarının və layihələrinin həyata keçirilməsi, əməkdaşların təcrübə və biliklərinin mübadiləsi, birgə tədqiqat və konsaltinq fəaliyyətləri, rəqəmsal təhsil texnologiyalarında əməkdaşlıq nəzərdə tutulub.

Forum işini sabah davam etdirəcək.