adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Dekabr 2014 15:18
56251
RUBRİKA
A- A+

"Ədalət"in vaxtı: Yasin Qarayevlə

"Zaman ən yaxşı müəllimdir, təəssüf ki, o, öz şagirdlərinə qarşı çox amansız və sərt olur”. Bunu bir fransız filosofu deyib. Amma zaman elə dərin bir məfhumdur ki, təkcə filosofları yox, əhatəsində olan, qanadının altına sığınmış hər kəsi müdrikləşdirir. Başqa sözlə, müəllim təkcə say-seçmə deyil,  bütün tələbələrini düşündürüb, nəticə çıxarmağa vadar edir.  "Ədalət”in vaxtı”nın bu qonağı da özü dediyi kimi bu sərt müəllimin öyrətdiyi, təcrübə verdiyi, yeri gələndə hətta tərs üzünü göstərdiyi tələbələrindəndir. Gəlin qonağımızın ömür yoluna nəzər salaq:

Azərbaycanın Xalq Artisti Yasin Qarayev - 1946-cı ildə Şəmkir rayonunda dünyaya göz açıb. 1964-cü ildə M.F.Axundov adına Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis dili fakültəsinə daxil olub və orada III kursa kimi oxuduqan sonra, arzularının arxasınca getməyi qərarlaşdırırAzərbaycan Dövlət İncəsənət İnstitutunu (Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti) seçir. İnstitutun musiqili komediya fakültəsini 1973-cü ildə bitirib, elə həmin ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaradıcılıq fəaliyyətinə başlar. Doğma teatrın səhnəsində Cəlal (S.Vurğun "Komsomol poeması"), Qulu (S.S.Axundov "Tamahkar"), Əsəd (C.Məmmədquluzadə "Danabaş kəndinin məktəbi"), Şah (F.Məmmədov "Sirli dəyirman"), Azər, Əflatun (Elçin "Mahmud və Məryəm", "Ölüm hökmü"), Mir Cəfər Bağırov (Ə.Əmirli "Cəza"), Qafar (S.Rüstəm "Çimnaz xanım yuxudadır") və bir çox başqa yaddaqalan obrazları məharətlə yaradıb. Y.Qarayev Milli televiziyada hazırlanan "Ağ atların valsı" (Ş.Başbayev), "Bağdada putyovka var" (Ə.Əylisli), "Gəl qohum olaq" (İ.Məlikzadə) və başqa tamaşalarda özünəməxsus obrazlar ifa edib.

Y.Qarayev Azərbaycan teatr sənəti sahəsindəki xidmətlərinə görə 1991-ci ildə Əməkdar Artist fəxri adına, 2006 cı il mayın 15-də Prezident Mükafatına, 16-da isə Xalq Artisti fəxri adına layiq görülüb. 


...Və Yasin Qarayevin zaman anlayışı:

 

"Zaman - həqiqətən də təhlükəlidir”

 

- Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

- Zaman tək mənim üçün yox, hesab edirəm ki, kainatda canlı-cansız nə varsa hamısının, hər şeyin müəllimidir. Zaman öyrədir, təcrübə verir, yeri gələndə cəzalandırır, hətta məhv eləyib öldürür də. Zamandan elə buna görə də qorxuram. Onun hikkəsi, qəddarlığı, amansızlığı həqiqətən də təhlükəlidir. Əslində belə hesab edirəm  ki, zaman mənə görə, elə rahat yaşamaq əhəmiyyəti kəsb edir.  Başqa sözlə, məni rahat buraxsın, sakit həyat tərzi sürüm!

 

- Sizcə, zaman insanı rahat buraxarmı?

- Düzünə qalsa yox, yerli-yersiz müdaxilə edib cəzalandırır. Gözləmədiyin halda zərbəsini vurur. Hər halda yaş təcrübəm buna əmin olmağa əsas verir. Zamanın amansızlığını çox görmüşəm. Bunu tale, alın yazısı  kimi də adlandırmaq olar. Yazıya isə pozu yoxdur. Nə etməli hakim – zamandır!

 

"Zamanın aldıqları verdiklərindən qat-qat çoxdur”

 

- Elə isə zamanın sizdən aldıqları çox olub, ya sizin zamana verdikləriniz?

- Zaman mənə 2 əsrdən pay verib. XX əsrdən 54 il, XX əsrdən isə hələlik 14 il yaşamışam, başqa sözlə zaman mənə ilk növbədə həyat, vaxt fürsəti verib. Bununla belə, hesab edirəm ki, zamanın aldıqları verdiklərindən qat-qat çoxdur. Zaman mənə bu sənətə gəlmək imkanı verdi, tamaşaçıların sevgisini, bunun müqabilində Xalq Artisti adını verdi. Amma eyni zamanda nələr almadı ki!.. Hələ şəxsi həyatımı bir kənara qoyuram. Torpaqlarımızın işğal altında olması, yüzlərlə şəhidimiz zamanın bizdən aldıqları deyilmi?! Ümumilikdə götürsək, Azərbaycan teatr və kino sənətinə ağır itkilər üz verdi, səhnəmizin nəhəng yaradıcıları, aparıcı simaları heç gözləmədiyimiz halda dünyasını dəyişdilər...  Bunun nəticəsidir ki, Azərbaycan teatrı və kinosu hiss olunacaq dərəcədə laxladı. Hətta cəsarətlə deyə bilərəm ki, cılızlaşdı! Bu, təkcə mənim fikrim deyil, çoxsaylı tamaşaçılarla ünsiyyətim olur, onlardan eşidirəm.


- Onda insanları cılızlaşdıran zamandır, yoxsa zamanı pis edən insanlardır?

- Yəqin ki, insan pisdir də... Zaman öz axarı ilə gedir, öz işindədir. Sadəcə olaraq, bəzən müəyyən zaman çərçivəsində yarananlar daha uğurlu olur ya da əksinə. Sadəcə insan zamanın sürətinə yetişə bilmir, nələrisə həyata keçirməyə ömrü yetmir. Hamı 90-100 il yaşamır. Bəlkə də itirilənlərin yerinə onlardan da yaxşısı gələcək... Amma o vaxtı da biz görə biləcəyikmi?! 

 

"Zamanın sürətinə yetişmək hər adamın işi deyil”

 

- Zamanın nəbzini tutmaq, onunla ayaqlaşmaq asandır?

- Hər adama nəsib olmur. Zaman elə sürətlə insanın yanından ötüb keçir ki, bu sürətə yetişmək hər adamın işi deyil. Tuta bilmədinsə deməli, onu itirdin, itirdinsə, dəyərləndirə bilmədin, nəticədə isə onunla ayaqlaşa bilmirsən.

 

"Vaxt itkisi ən böyük itkidir”

 

- Yeri gəlmişkən, həyatınızda vaxt itkisi çoxmu olub?

- O qədər... Qəribədir, şüurlu insanıq, vaxtı itiririk, amma sonra vaxt axtarırıq. Vaxt itkisi isə ən böyük itkidir. Maddiyyat deyil ki, yerini doldura biləsən, pulla alasan. İtirilən vaxt geri dönərmi? – qətiyyən! Və bu itkinin də yerini heç nə vermir. Çünki bir də həmin yaşa gələ bilmirsən...  Vaxtı gərək məcazi mənada əlində saxlaya biləsən, yəni ondan istifadə edə, faydalana biləsən. Vaxtı hara gəldi "xərcləyəndə”, ziyanını da ancaq adam özü görür.


- Bəs, bilərəkdən necə, vaxt "öldürmüsünüz”?

- Desəm olmayıb, yalan olar. Xüsusilə son dönəmlərdə olub. Hesab edirəm ki, bu, yaşla bağlıdır. Məncə, təbii haldır. Hamı yaşlaşanda eyni olmur ki! Bəzən 70-80 yaşında belə fəal insanlar olur. Çoxunun adını çəkə bilərəm. Məsələn, teatrımızın təməl daşlarını qoyanlardan biri – Məmmədağa Dadaşov, Ağadadaş Qurbanov, Suzanna Məcidova, Əliağa Ağayevin həyat yoldaşı Cəvahir İskəndərova və başqaları. Onlarla birgə işləmişəm.  Amma bu gün əvvəlki kimi fəallıq yoxdur. Düzdür, tamaşalarım var, ayda bir neçə dəfə olur, bu yaxınlarda İlyas Əfəndiyevin "Sarıköynək və Valehin nağılı”nı qoyduq. Çox yaxşı izləndi, bəyənildi. Amma əvvəlki kimi sıx qrafikdə çalışmıram. Yenə də çalışıram ki, çox vaxt "öldürməyim”. Nəvəmlə məşğul oluram, o gələnə kimi yazı-pozu ilə baş qatıram, kitab oxuyuram. Hətta evdə o qədər kitablarım var ki... Vaxtilə qastrollara gedəndə həmkarlarım, sənət dostlarımla birlikdə ancaq kitab alardıq. İndi  darısqallıq ucbatından oxuyub bitirdiyim kitabları qohum-əqrəbaya paylayıram. 

 

"Hər şey öz hökmündə, öz zamanında keçərlidir”

 

-Bəzi insanlar özlərini yaşadıqları zamana aid etmək istəmirlər. Ya əsrlər əvvəl, ya da sonra dünyaya gəlməli olduqlarını deyirlər. Siz necə düşünürsünüz?

- Mən bunu cəfəngiyat sayıram. Zamanı yaradan, onu bizə ayıran qüvvə var. Hər şey öz hökmündə, öz zamanında keçərlidir. Bu gün yaşayırıqsa, deməli bu zaman üçün yaradılmışıq. İnsan öz zamanından gileylidirsə, bu onun öz zəifliyidir. Zamanla ayaqlaşa bilməyib və bunun  da günahını özündə görmək istəməməyindən irəli gəlir.

 

"İnsanlar zamanı qovmağa tələsirlər”

 

- Vaxtla bağlı insanlara tə tövsiyə edərdiniz?

- Vaxtlarının qədrini bilsinlər. Ömür təqvimindən payız xəzanındakı kimi hər gün bir yarpaq düşür. Zamanın axdığı unutmasınlar. Bir də zamanı yola salmağa tələsməsinlər. Həmişə il dəyişəndə fikir vermişəm, görürəm ki, əl-ayağa düşürlər, bayramı qeyd edirlər, şadlıq baxımından bu yaxşıdır, amma sanki insanlar zamanı qovmağa tələsirlər. Hər il də eyni şeylər, eyni tələskənliklər təkrarlanır. Bəlkə də hər yeni ildən yenilik, dəyişiklik ümidinin gerçəkləşməsini gözləyirlər, amma bunu tələsmədən etmək olmazmı?! Hər tələsik dəqiqə ömürdən gedir axı!.. Ən əsası insanlar özlərinə vaxt ayırmağı unutmasınlar!


Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik. 

Şəfiqə Şəfa