SON DƏQİQƏ:

"Ədalət"in vaxtı: Fazil Mustafa ilə

  53886   |  
Şriftin ölçüsü  

Zaman özü vaxtını "öldürmək” istəyənlərin axırına çıxır. Bunu anlayan insan, əlini vaxtın "qanına bulamaz”,  vaxtının, yaşamının qədrini bilər. Müdrik  insan vaxtın əhəmiyyətini dərk edir, onun səmərəli keçməsi üçün çalışır, vaxtı "öldürənlər” isə zamanın qara siyahısına düşür. "Ədalət”in vaxtı”nın bu qonağı vaxtın səmərəsiz keçməyinə faciə kimi baxan insanlardan olduğunu deyir. Onun zaman-vaxt anlayışına daha ətraflı nəzər salmazdan öncə, özünü bir az da yaxından tanıyaq:

Millət vəkili Fazil Mustafa -  1965-ci ildə Naxçıvan şəhərində doğulub. 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Dağlıq Qarabağın erməni iddiasına qarşı xalq hərəkatında fəal iştirak edib, müxtəlif dövrlərdə Azərbaycan Xalq Cəbhəsi (AXC) sədrinin müşaviri, sədrin müavini olub.

1992-1993-cü illərdə Prezident Aparatı dövlət-hüquq şöbəsinin müdiri vəzifəsində işləyib. 1995-1998-ci illərdə Türkiyədə Əbülfəz Elçibəyin özəl təmsilçisi olub. 

2003-cü ildə yaradılmış Böyük Quruluş Partiyasının başqanı seçilib. 2005-ci ildə III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Parlamentin İnsan Hüquqları Komitəsinin və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvüdür.

Fəlsəfə elmləri namizədidir. 12 kitabın, 9 elmi, yüzlərlə elmi-publisistik məqalənin müəllifidir.

...Və Fazil Mustafanın zaman anlayışı:

- Zaman nədir, sizin üçün nə əhəmiyyət kəsb edir? 

- Zaman Yaradanın müəyyənləşdirdiyi kainatın və ondan kənar qalaktikanın mövcudluq məsafəsidir və insanlar bir ruh daşıyıcısı olaraq bu zamanın dərkində rol oynamırlar. Zaman insanın bir varlıq kimi dünya və axirət həyatının məcmusunu təşkil edir. İnsanın dünya həyatı isə daha məhdud və müəyyən vaxt kateqoriyası ilə əlaqəlidir. Bir ömür yaşamaq dilimizdə yanlış olaraq işlənildiyi kimi, zaman keçirmək deyil, vaxt keçirməkdir. İnsan vaxtın məsuliyyətini, hesabatını verir, zamanın hesabatını vermək imkanı və yetənəyi yoxdur. "Vaxt qızıldır sözü maddiləşmiş mənadadır və vaxtın dəyərini xeyli ucuzlaşdırır. Çünki vaxtın ekvivalenti yoxdur.

 

"Zaman fürsətini necə dəyərləndirilməsi insan ağlının səviyyəsi ilə bağlıdır”

 

- Zamanın sizdən aldıqları çox olub, yoxsa sizin zamana verdikləriniz?

- Zaman özlüyündə insandan nəyisə almaz, əslində Allah tərəfindən ona verilən bir fürsətdir. Bu fürsətin necə dəyərləndirilməsi insan ağlının səviyyəsi ilə bağlıdır. Kiçik adamların zamana verdiklərinin izahı bizim əlimizdə deyil, ancaq böyük  adamların verdiklərini istifadə etdiyimizə görə daha rahat müəyyənləşdirə bilirik. Bizim tanımadığımız milyon-milyon insan övladı zaman sürəcindən gəlib keçmişlər, hansının verdiyi dəyərin nə olduğunu hesab verəcəyimiz mənbə daha aydın görür. Bu baxımdan da zamana nə verəcəyini düşünən insan, mənalı ömür yaşamaq istəyən insandır. Hər birimiz bunun üçün çalışmalıyıq.


- Elə isə həyatda qazandığınız uğurun təməlini vaxtı düzgün dəyərləndirməniz hesab etmək olarmı?

- Dünyaya gəliş vaxtımı mən dəyərləndirməmişəm. Həyatda verilən ən böyük uğur da dünyaya gəlişimizdir. Qazandığımız uğura gəldikdə isə, bu nisbi anlayışdır, çünki axirətdə verəcəyimiz hesabın qəbulundan asılı olacaq uğurun nə olduğu. Bir şeyi bilirəm ki, ən ciddi israfçılıq vaxt israfçılığıdır. Buna həqiqətən də amansız yanaşıram. Bizim üçün uzun sürən vaxt Yaradan üçün çox qısadır və bu vaxtın səmərəsiz keçən anların çoxluğunu hesablasaq, həqiqətən dəhşətə gələrik. Mən də vaxtın səmərəsiz keçməyinə faciə kimi baxan insanlardanam. 

- İnsan zamanı idarə edə bilərmi?

Burada Şah Abbasla əlaqələndirilən bir əhvalatı xatırlamaq yerinə düşər. Şah Abbas qızı ilə bazarı gəzərkən hər kəs onlara təzim edər. Qızı söylər ki, "Ata, nə gözəldir ki, zaman bizimdir, insanlar bizim itaətimizdədir”. Şah qızına belə cavab verər: "Qızım, zaman Allahındır, sadəcə dövran bizimdir. Zaman əbədidir, dövran isə keçici. Bu dövranımız da bir gün keçər”. İndi insan içində cüzi bir dövrdə var olduğu bir fenomeni necə idarə edə bilər?

 

"Zamanın hansı məqamında var olmaq insanın iradəsində deyil”

 

- Bəzi insanlar öz zamanlarında deyil, başqa dövrdə doğulmalı olduqlarından gileylənirlər. İnsanı belə düşünməyə vadar edən nədir?

- Zamanın hansı məqamında var olmaq insanın iradəsində deyil, ancaq həmin dövr insanın əqli mühakiməsindədir. O dövrü dərk etmək, yaradana doğru-dürüst qayıdış şərtlərini bilmək və yaşamaq insanın əlindədir. Ona görə də zamanın özəlləşdirilməsi deyilən bir yanaşma mümkünsüzdür, dövrlərin isə bir-birindən mahiyyətcə fərqi yoxdur. Bizim dövrlər arasında apardığımız nisbi müqayisə həqiqət kimi götürülə bilməz. Yaşadığımız dövrün dünənkindən daha yaxşı olduğunu söyləmək böyük məsuliyyət tələb edir. Məsələn, Sovet dövründə bəlkə daha sabit bir yaşam vardı, ancaq düşüncə azadlığı yox idi. İndi isə əksinə.

 

- Siz öz zamanınızdasınız?

- Mənim  öz məkanımda və ya zamanımda olduğumu söyləməyim doğru olmaz. Sadəcə söyləyə biləcəyim bir şey var ki, Allahın görmək istədiyi dövrdə və yerdəyəm.

 

"Zamanın nəbzini tutmaq Allahı öz əməlləri ilə razılaşdırmaq mənasına gəlir”

 

- Zamanın nəbzini tutmaq asandı? Kimlərə müyəssər olur?

- Allahı maddiləşdirən cəmiyyətlərdə zamana da asanlıqla nəbz qoyurlar. Zamanın ritmi var, ancaq nəbzdən fərqli olaraq əllə tutula bilinmir, sədəcə duyulur, sezilir. Zamanın nəbzini tutduğunu düşünənlər, Allahın verdiyi ruzini kimdənsə aldıqları çörək kimi görürlər. Zamanın nəbzini tutmaq Allahı öz əməlləri ilə razılaşdırmaq mənasına gəlir ki, bu da mümkünsüzdür.

 

"Qanayan yaralar vaxtın günahı deyil, insan təbiətcə öz yarasını qanadandır”

 

- Zamanı həkim bilsək, onun etdiyi hər hansı bir əməliyyatın izi illər sonra qanayıbmı? 

- Zaman elə-belə həkim olmur ki, onun əməliyyatından qanaxma fəsadı törəsin. Ancaq hər bir əməliyyatın izi qalır. Qanayan yaralar vaxtın günahı deyil, insan təbiətcə öz yarasını qanadandır.


"Vaxt itkisi cahilliklə bağlıdır”

 

- Həyatınızda vaxt itkisi çoxmu olub?  "O dövrü indi yaşasaydım qətiyyən vaxt itirməzdim”, - deyə öz-özünüzə heyifsilənmisizmi? 

- Vaxt itkisi cahilliklə bağlıdır. İnsan kimi təyinatını doğru dərk edənə qədər bunu yaşamalısan. Dərk etdiyin andan vaxtın məsuliyyəti yaranır. Səmimi deyim ki, heyfslənmək deyilən bir anlayışım heç vaxt olmayıb. Belə olmalıydı, vəssalam. Taleyə qarşı qiyamı düşünmədim, ancaq taleyə qarşı da çalışmaq, hərəkət etmək lazımdı. O zaman talenin içini özün doldura biləcəksən.

- Bəs bilərəkdən vaxt "öldürmüsünüzmü"?

- Mən kiməm ki, vaxt "öldürəm". Vaxt məni "öldürə" bilər. Vaxta məsuliyyətsiz yanaşdığım anlar, məqamlar olub, ancaq bəlkə də olmalıydı, çünki yüz faizlik səmərəli vaxt qazanmaq üçün uyğun bir cəmiyyətin mövcudluğunu təsəvvürə gətirmirəm.

"Mən vaxtı bölmürəm, vaxt məni bölür”

 

- Vaxtınızı necə bölürsünüz? 

- Əslində mən vaxtı bölmürəm, vaxt məni bölür. Bu işi bu vaxta sığışdırmalısan, bu görüşü bu vaxta yekunlaşdırmalısan, bu çıxışı bu vaxta etməlisən. Milli Məclisdə çıxış üçün 10 dəqiqəmiz var, televiziya proqramında 20 dəqiqə danışa bilərsən, demək ki, vaxtı biz bölmürük. Bizim vaxt bölmə şansımız olsaydı tənbəllikdən heç bir səmərəli iş görə bilməzdik. Vaxt mənim həyatımı iki hissəyə bölüb: Yuxu vaxtı və Oyaq vaxtı. İndi buyur bu bölgünün içinə hər şeyi sığışdır: məqalə yazmaq, insanlarla görüşmək, sosial şəbəkədə paylaşmaq və yazışmaq, futbol və ya basketbol oynamaq, ailə qayğıları ilə məşğul olmaq. Bu minvalla bölünmüş vaxtı doldurmağa çalışıram.

- İnsanlara vaxtla bağlı nə arzulardınız?

- İnsanlara verilən ömür vaxtı ərzində öz təyinatlarını doğru anlamağı arzulardım.


Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik. 


Şəfiqə Şəfa


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK