SON DƏQİQƏ:

"Ədalət"in vaxtı: Aydın Mirzəzadə ilə

  50681   |  
Şriftin ölçüsü  

Hər bir insan, əslində, zamanın ona ayrılmış ən böyük pay olduğunu dərk edir, amma bunun fərqinə varmaq istəməyən insanlar vaxtlarını necə keçirməyi düşünür, dəyərini bilənlər isə vaxtdan necə faydalanmağı. Elə "Ədalətin "vaxtı”nın budəfəki qonağı da zamanla dost olan, vaxtın dəyərini bilib onu düzgün qiymətləndirən şəxslərdəndir. Əvvəlcə qonağımızla tanış olaq:

Azərbaycanın millət vəkili Aydın Mirzəzadə - 1957-ci ildə Mingəçevir şəhərində anadan olub. 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaatçı-mühəndis ixtisası ilə bitirib. 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildə Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının yaradılmasında iştirak edib və 1992-1999-cu illərdə təşkilatın sədri olub. 1993-cü ildən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi, müavini, 1997-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsinin sektor müdiri vəzifələrində çalışıb. Azərbaycan Respublikası II (2000-ci il), III (2005-ci il) və IV çağırış ( 2010-cu il) Milli Məclisinin Mingəçevir 47 saylı seçki dairəsindən deputat seçilib. 2005-ci ildən Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin sədr müavinidir. 2015-ci ildən YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiridir.

Azərbaycan Milli Ensiklopediyasının eksperti, siyasi elmlər namizədidir. 6 kitabın müəllifidir. Kitablarından dərs vəsaiti kimi istifadə edilir.

Bundan başqa, Aydın Mirzəzadə ali məktəblərdə sosial-siyasi fənlərdən dərs deyir. Politologiya sahəsində geniş tədqiqat işi aparır.

 

...Və Aydın Mirzəzadənin zaman haqqında fikirləri:

 

- Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

- Hər bir insan vaxtaşırı bu sual haqqında düşünür. Zaman, yəqin ki, elə biz özümüzük. Hər bir insanın zaman çərçivəsində həyatına baxsaq, ümumilikdə tarix alınır. Başqa sözlə, zaman getdikcə tarixə çevrilir və biz insanların ən böyük vəzifəsi bu verilən zamandan maksimum yararlanmaq, tarixdə iz qoymaqdan ibarət olmalıdır.

 

"Zamanla insan arasında bərabər münasibət olanda harmoniya yaranır”

 

- Zaman və insan: hansı hansını idarə edir?

- Hər ikisi bir-birini idarə edir. Bu da var ki, zaman insanı idarə edirsə, artıq onun bir şəxs kimi mövcudluğu sual altındadır. İnsan zamanı idarə edirsə, onda zamanın normal inkişafına mane olan faktordur. Amma zamanla insan arasında qarşılıqlı, tənzimlənmiş formada, bərabər münasibət olanda harmoniya yaranır. İnsan zaman və yaşamla bağlı suallarına daha düzgün cavab tapır.

 

"Kimin zamana diktə edəcəyini elə zaman özü müəyyənləşdirir”

 

- Zamana diktə etmək kimlərə müyəssər olur?

- Bu artıq cəmiyyətin yetişdirdiyi azsaylı insanlara xasdır. Yəni, cəmiyyət onların üzərinə missiya qoyur. Bu missiya idarəetmə ola bilər, cəmiyyətin, onun mədəniyyətinin, elminin  formalaşdırılması ola bilər. Bunu heç də vəzifədə olanların, səlahiyyətli şəxslərin fəaliyyəti ilə əlaqələndirmək də olmaz. Kimin üzərində bu missiyanın olduğunu, kimin zamana diktə edəcəyini də elə zaman özü müəyyənləşdirir.Amma kimsə deyə bilməz ki, zaman mənə bu səlahiyyəti verib. Zamanın adından danışmaq kiminsə ixtiyarında deyil.   


- Zamanın qəhrəmanı olmaq asandır?

- Əslində zamanın qəhrəmanı olmaq çox çətin bir məsələdir. Həm bu status qazanmaq çətindir, həm də bunu daşımaq. Çünki zamanının qəhrəmanı olan şəxs artıq özü olmaqdan çıxır, üzərinə qoyulmuş missiyaya yönəlir, sırf onu həyata keçirməklə məşğul olur. Bu baxımdan da zamanın qəhrəmanı olmaq həm şərəflidir, həm də həddindən artıq çətindir. Təəssüf ki, bir qisim insanlar bu qəhrəmanlıq missiyasının altında əzilirlər. Çünki onlar bu missiyaya məsuliyyət, şərəfli bir öhdəçilik kimi baxmırlar, ona şöhrətpərəsliklə yanaşırlar. Ona görə də zaman artıq müəyyən müddətdən sonra o şəxsləri verdiyi səlahiyyətdən məhrum edir.

 


"Zamandan şikayətlənmək yox, zövq almaq lazımdır”

 

- Bəzi insanlar öz yaşadıqları zamandan gileylənirlər, başqa dövranda yaşamağı xəyal edirlər. Bu nədən qaynaqlanır: həddən artıq xəyalpərəstlikdən, ya acizlikdən?

- Belə baxanda, əslində hər zamanın problemləri və üstünlükləri var. Sadəcə olaraq, bəzi insanlar ya o dövrün geyimləri, ab-havası, ya da müəyyən hadisələrlə həmin dövrləri ideallaşdırırlar. Amma o dövrün də özünəməxsus çətinliklərini olduğunun fərqinə varmırlar. Mənim fikrimcə, insan hansı dövrdə dünyaya gəlibsə, o dövrdə də yaşamalıdır. Başqa alternativ yoxdur. Dünyaya gəlməyimiz bir şansdır və yaşadığımız zamandan da yararlanmalıyıq, öz dövranımızdan bəhrələnib ona işimizlə, uğurlarımızla töhfələr verməliyik. Hesab edirəm ki, şikayətlənmək yox, yaşadığın zaman içərisində fəaliyyət göstərmək, öz dövranından zövq almaq lazımdır. Öz zamanımızla harmoniyada yaşamalıyıq, belə olduqda onu olduğu kimi qəbul edib, bir fərd olaraq müsbət istiqamətdə faydalı ola bilərik.

 

- Bəlkə də hərənin özünü xoşbəxt hiss elədiyi bir daxili zamanı var

- Ola bilər, amma bəlkə elə bu ümumi zamanın içində hərəmiz öz zamanımızı, öz razı qalıb zövq ala biləcəyimiz zamanı axtarıb tapaq!.. Xırda zərəciklər birləşib işıq selini əmələ gətirdiyi kimi, insan da öz zamanını tapıb, sonra ümumi zamana qoşula bilər.

 

"Zaman mənə yaşadıqlarımdan bəhrələnməyi öyrədib”

 

- Siz zamandan çox şey almısınız, ya zaman sizdən?

- Mən zamandan çox şey almışam. Hər gün də zamandan nəsə almaqda davam edirəm. Gözümü açıb ata-anamdam öyrəndim, məktəbdən, hərbi xidmətdən, yaşadığım mühitdən, işlədiyim sahələrdən, təmasda olduğum yüzlərlə insanlardan çox şey götürdüm. Bütün bunlar elə ümumilikdə zamandan götürüb öyrəndiyim şeylərdir. Çünki sadaladıqlarım məhz zamanın içində baş verənlərdir. Yəni, zaman mənə ətrafımdan, yaşadıqlarımdan bəhrələnməyi öyrədib.

 

- Uğurlu bir həyat, fəaliyyət yolu keçmisiniz. Amma hər bir insanın həyatında keçmişdə boşa keçirdiyi məqamlarla bağlı təəssüfləri olur. Sizdə necə, belə təəssüfləriniz varmı?

– Əlbəttə! Elə indi də olur. Birindən soruşurlar ki, "həyatda uğurun nədəndir?”, cavab verir ki, "təcrübəmdən”. "Bəs təcrübəni nədən qazandın?”, deyir "səhvlərimdən”. İnsan səhvləri edə-edə təcrübə qazanıb, doğrunu anlayır. Amma biri var belə təbii, insani səhvlər, hansı ki insanın formalaşmasına, püxtələşməsinə, doğrunu yanlışdan ayırmasına gətirib çıxarır, biri də var böyük səhvlər – özündə cinayət daşıyan, adamın özünü də, ətrafını da təhlükəyə atan səhvlər. Belə bir anlayış var: körpə uşaq xəstələnməsə, onun xəstəliklərə qarşı immuniteti olmaz. Çox maraqlı bir tezisdir. Uşaq gərək xəstələnsin ki, immuniteti formalaşsın. İnsanın təbii səhvləri də beləcə onun "immunitet”ini möhkəmləndirir. Ona görə də xırda səhvlərin üzərində çox dayanıb onu faciəyə çevirmək də lazım deyil. Lakin o səhvlərdən nəticə çıxarmaq şərtdir. Əks halda eyni səhvləri təkrar-təkrar edə bilər. Şəxsən mən, yaşa dolduqca əvvəlki yaşlarımdakı səhvlərimi görürəm, onu gələcəkdə yenidən etməməyi artıq özümə bir öhdəlik kimi götürürəm. Ola bilsin ki, 20 ildən sonra indiki yaşımla bağlı da iradlarım olacaq, halbuki bunu indi görə bilmirəm.

 

"İnsanın həyatda yeganə bərpa edə bilmədiyi - zamandır

 

– Elə isə qazanılan uğurun təməlində vaxtı düzgün dəyərləndirmək dayanırmı?

– Təbii ki! İnsanın həyatda yeganə bərpa edə bilmədiyi və ən qiymətli şey – zamandır. Hər şeyi yenidən qazanmaq olar, zamandan başqa! Ona görə də payımıza düşən zamandan səmərəli istifadə etmək lazımdır. Bunu insan həm öz daxili zənginliyini, eləcə də həyatını qurmaqda, ailəsi, cəmiyyəti, dövləti üçün etməlidir, səmərəlilik çox vacibdir. O insan ki, vaxtının necə keçməsini kənardan seyr etmədən zamandan müasirliklə harmoniya çərçivəsində yararlana bilirsə, uğurları, əlbəttə ki, daha çox olacaq.


– Bir millət vəkili yəqin ki, planlı şəkildə yaşayar...

– Planlaşdırma iki cür ola bilər: strateji planlaşdırma, hansı ki, bir, üç, beş ili əhatə edir və gündəlik planlaşdırma. Çalışıram ki, işimi əvvəlcədən planlaşdırım. Plan tutanda da çalışıram ki, yaddan çıxan məsələlərə diqqət ayıram, ikincisi vaxtdan və şəraitdən səmərəli istifadə edim, üçüncüsü az səhvlər buraxım. Nə dərəcədə alınır, bunu deyə bilmərəm. ancaq zaman bitəndən sonra bunu dəyərləndirmək mümkün olur. Həlli tələb olunan məsələlər kifayət qədərdir. Lakin onları uyğunlaşdırmaq, bir yerə toplamaq üçün lazımi şəkildə düşünmək gərəkdir.

 

"Ədəbiyyata bacardığım qədər vaxt ayırmağa çalışıram 

 

– Sizin zamanınızda ədəbiyyatın yeri nə qədərdir? Bədii ədəbiyyata vaxt qalır?

– Mənim atam şair olub. Bundan başqa dramaturq, milli düşüncəli filosof idi. Yəni mən ədəbi mühitdə böyümüşəm. Onun təsiri məndə böyük olub. Düzdür, indi az oxuyuram, bu da elə vaxt catışmazlığından irəli gəlir. Amma klassika ilə yaxşı tanışam, vaxt tapdıqca, yenə müraciət edirəm. Ədəbiyyat insanın özünün, düşüncəsinin formalaşmasına kömək edir. Ədəbiyyata bacardığım qədər vaxt ayırmağa, onunla yaxın olmağa, ondan öyrənməyə çalışıram. 

 

"Vaxtı heç nəyə çatdırmamaq, tənbəllikdir

 

–  Vaxt azlığından danışdınız. Bu gün hamı vaxt yetərsizliyindən gileylənir. Bu "uçan” vaxtın tempini tuta bilirsiniz?

– Mən, əslində zamanla dostam. Baxmayaraq ki, kənardan vaxtı olmayan adam təsiri bağışlaya bilərəm. Gündəlik bir çox məsələlərə vaxt ayırıram. Düşünməyə, qiraətə, söhbətə, seyr etməyə vaxtımı həsr edirəm. Mənlə görüşüb söhbət eləmək insanlara heç vaxt yox demirəm. Davamlı olaraq seçicilərimlə görüşürəm. Məncə vaxtın azlığından gileylənmək mümkündür, amma vaxtı heç nəyə çatdırmamaq, əslində tənbəllikdir.

 

"Vaxtı insanın özü yaradır

 

– Vaxtla bağlı insanlara nə tövsiyə edərdiniz?

– Vaxtla dost olsunlar. Vaxtı, bütövlükdə zamanı düzgün qiymətləndirsinlər, dəyərini bilsinlər. Vaxtdan səmərəli istifadə etsinlər, faydalansınlar. Vaxtdan öyrənin, eləcə də vaxta öyrədin. Vaxtı insanın özü yaradır. İnsan düşüncəsi olmayanda vaxt da mövcud olmaz. İnsan düşüncəsi zamanı reallığa çevirir. Elə isə o reallığı daha müsbət və dəyərli edin!      

 

Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.


Şəfiqə Şəfa 


 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK