adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Mart 2015 17:19
52382
RUBRİKA
A- A+

"Ədalət"in vaxtı: "Ədalət"çilərlə

Zaman həmişə ədalətli olmur. Amma ilahi ədalətin hər kəsə yetməyə zamanı var. Sadəcə o uyğun zamanı gözləməyə insan oğlunun səbri və iradəsi çatmalıdır. Bunu bacaran elə zamanın da ədalətini görür. "Ədalət”çi olaraq bütün həmsöhbətlərimizə Əlahəzrət Vaxtın həmişə onlarla ədalətli olmasını dilədik. Ədalətlilik prinsipinə söykənərək, bu dəfə də onun sadiq təmsilçilərindən – "Ədalət” qəzetinin əməkdaşlarından zamanı soruşduq, onların zaman haqqında anlayışlarını, düşüncələrini, münasibətlərini araşdırdıq. Beləliklə... vaxt "Ədalət”ə işləyir:

 

"Mənim zamanım saatımın əqrəbləri ilə dayanıb”

 

Əbülfət Mədətoğlu: Zaman mənim üçün mövcüd olmaq deməkdir. Nə qədər obrzalı səslənsə də düşünürəm ki, yaşadığım zaman kəsiyi mənim boyuma biçilib və mənim özümə aiddir. Deməli mənə aid olanı da mən özüm bacardığım və istədiyim kimi yaşamağa həm məhkumam, həm də çalışıram. Ancaq neyləyim ki, mənim zamanım 1991-ci ilin oktyabr ayının 30-dan 31-nə keçən gecə evimlə, kəndimlə birlikdə yandırıldı, güllələndi - zaman mənim üçün bitdi, öldü. Bununla bağlı yazdığım "Yadigar saat ”şeirində vurğulamışam ki, "onu tabutuma qoyun, çünki mənim zamanım saatımın əqrəbləri ilə o vaxtdan dayanıb”. Bu fikirləri söyləyəndə baxışlarınızdan razılıq ifadə etməyən fikirlər oxudum, amma inanın ki, mən kədərin nə vaxtsa içimdə vulkana çevriləcəyinə ümidliyəm, ancaq hələlik sevinci xəyal sayıram.

 

"Dünənin təəssüfündənsə, sabahın ümidi ilə yaşamaq da yaxşıdır”

 

Rüstəm Hacıyev: Zaman həm uzun, həm də qısa bir vaxt kəsiyidir. Zaman ölçüsü insanın yaş dövründən asılı olur. Gənc yaşlarında düşünürdüm ki, qarşıda məni hələ uzun bir zaman gözləyir. Ona görə də Allahın mənə ayırdığı zaman payımı sağa-sola xərcləyirdim. Amma zamanın qısalığını yaş ötdükcə anladım. Əlbəttə, itirilən vaxt üçün heyifsilənirəm. Ancaq nə etməli, bəzi itkilər var ki, yerini doldurmaq olmur. Düşünürəm ki, dünənin təəssüfündənsə, sabahın ümidi ilə yaşamaq da yaxşıdır. Yəni, ömrün yerdə qalan hissəsində zamandan səmərəli istifadə etmək lazımdır. Ümid edirəm ki, zaman buna imkan verəcək.

 

"Zaman - yaşadığım anlar, keçdiyim həyat yolunun müddətidir”

 

Babək Yusifoğlu: Zaman sadəcə ilin aylara, günlərə, günün saatlara… bölünməsi  deyil. Onun daha dərin anlamı var…  Zaman bu kainatın yaradılışı ilə başlayıb və onun «yaşı»nı dəqiq söyləmək mümkünsüzdür. Ona həm tarixin vaxt ölçüsü kimi, həm var olduğumuz məkanın müddəti kimi, həm də fəlsəfi yükü olan məfhum kimi də baxmaq olar. Mənim üçünsə, zaman bir fərd olaraq yaşadığım anlar, keçdiyim həyat yolunun müddəti, Tanrının mənə nəsib etdiyi ömrün –  bir qədər fərqli –  başqa adıdır…  

 

"Zaman insanlar qarşısına qoyulan bir sınaqdır”

 

Ədil Ədilzadə: Zaman anlayışı mənim üçün böyük bir məna daşıyır. Düşünürəm ki, zaman insanlar qarşısına qoyulan bir sınaqdır. Kim zamandan səmərəli istifadə eləsə, o zaman bu həyatda daha çox uğur qazanar, bütün niyyətlərini həyata keçirə bilər. Yaradan bunun üçün insanlara hər bir zaman şərait yaradır. Sadəcə qalır zamandan səmərəli istifadə. Ancaq təəssüflər olsun ki, son zamanlar sanki zamanı yola veririk. Onunla lazım olduğu kimi davrana bilmirik. Sonda "Ədalət" qəzetinin vaxtı barəsində deyim: burda zaman uçur. Rəhbərlik tərəfindən bu zaman kəsimindən doğru-dürüst yararlanıb yeni-yeni ideyalar ortaya qoymaq üçün gözəl şərait yaradılıb.

 

"Zaman dünənimin xatirəsi, sabahımın ümididir

 

Sübhan Mahmudlu: Ümümilikdə sual özündə mücərrədlik anlamını daşıyır. Ancaq subyektiv desəm, zaman məfhumu bəşər övladının yaranışından sonra ortaya çıxan, bəlkə də tapılan məfhumdur. Başqa sözlə, günlərin, ayların, illərin və bu kimi bölgülərin varlığından doğan nisbilik anlayışını daşıyan amildir. Belə hesab edirəm ki, zaman mənim üçün riyazi nöqteyi-nəzərdən "ortaq məxrəc”dir - insan varkən var olan, yoxkən yox olan prosesdir, yəni onun zamanının bitməsidir... Zaman bu günümdə varkən dünənimin xatirəsi, sabahımın ümididir.

 

"Zaman yaşam və onu dəyərləndirmək üçün bizlərə bəxş edilmiş nisbi müddətdir”

 

Sahib Əsədbəyli: Poetik, pafoslu ifadələri heç sevmədiyimdən fikrimi konkret izah edəcəm: zaman yaşam və onu dəyərləndirmək üçün bizlərə bəxş edilmiş nisbi müddətdir. Zənnimcə, elə bu cümlə yetər ki, zaman anlayışı, onun insan üçün hansı əhəmiyyəti kəsb etdiyi bütün gerçəkliyi ilə əks olunsun.

 

"Zamana çox həssas yanaşıram”

 

Ceyhun Rüstəmov: Zaman mənim üçün dəyərli bir məfhumdur. Zamana çox həssas yanaşıram. Düşünürəm ki, bizə verilən bu dəyərli varlıqdan səmərəli istifadə etmək lazımdır. Mən də öz növbəmdə zamandan səmərəli istifadə edirəm. Bütün işlərimi zamanla müəyyən edirəm. Planla həyata keçirilən işdə həmişə nəticə olur. Mən isə nəticələri sevirəm.

 

"Hər şeyi ölçüb-biçib, zamana görə uyğunlaşdırıram”

 

Tahirə Cəlilova: Özüm tərəzi bürcündən olduğuma görə, zamana çox ehtiyatla yanaşıram. Hər şeyi ölçüb-biçib, zamana görə uyğunlaşdırıram. Ümumilikdə onu deyim ki, vaxt mənim üçün qızıl deməkdir. Bütün işlərimi vaxtla təmzimləyirəm.

 

"Zaman, bir anı digər an ilə müqayisə etdiyimizdə meydana gələn anlayışdır”

 

Nizami Allahyarov: Zaman dərk olunmaz obyektlərdən asılı olmayan bir prosesdir. Bu sualın cavabı əsrlər boyu fəlsəfənin, teologiyanın və mistikanın əsas mövzusu olub. Buna görə də, zamanın təsvirində həmişə belə bir sual ortaya çıxır ki, zaman insanların düşüncəsində xüsusi baxış formalaşdıqdan sonra mövcud olmuş, ya da ondan asılı olmayaraq obyektiv, bərabərformalı və mütləq amildir. Zaman, bir anı digər an ilə müqayisə etdiyimizdə meydana gələn anlayışdır – keçmiş, bu gün, gələcək kimi... Yəni zaman bizim yaşadığımız hadisələr arasında apardığımız müqayisəyə söykənir. Zamanın mövcudluğu öz-özlüyündə problem yaradır, çünki, mövcudluq anlayışının vaxtla əlaqələndirilməsi çətindir.

 

"Zaman mənim üçün geriyə dönüşü olmayan bir yoldur”

 

Tünzalə Xəlilova: Zaman mənim üçün geriyə dönüşü olmayan bir yoldur. İdarəedilməsi insan tərəfindən mümkün olmayan bir prosesdir. Biz zamanı düşünmürük, fəqət yaşayırıq. Zaman bəzi məsələləri izah və ifadə etmək üçün işlətdiyimiz bir məfhumdur. Zaman həm psixikamızla, həm də fiziki idarə olunur.. Onu düzgün istifadə etməliyik. Zamanı boşuna buraxıb, passiv həyat tərzi sürməklə biz həmin pillələri düzəltmiriksə, həyat nərdivanımız düzgün qurulmayacaq, hansısa hissəsi olmasa, zəif olacaq və ağırlığımıza dözməyəcək.

 

"Vaxtın da qədrini gərək vaxtında biləsən”

 

Mehriban Cəfərova: Vaхt yel kimi üstümüzdən ötüb keçir. Bu üzdən mən zamanı vaхt, saat anlayışı kimi sevmirəm, mövsüm, çağ, bir an baхımından sevirəm. Vaхt o qədər sürətlə gəlib keçdi ki, bir də gördüm artıq 23 ildir ki, «Ədalət»dəyəm. Bu vaхt necə keçdi, heç hiss etmədim... Vaxtın da qədrini gərək vaxtında biləsən. Mən vaхtımı deyəsən, elə «Ədalət»in vaхtı ilə ölçdüm. Hər şey vaхtında gözəldir və vaхtın qədrini bilək. Çünki zaman öz işindədir… Hərdən eşidirəm, deyirlər ki, "Ədalət”in vaхtları vardı ey…” Amma mən keçmişlə bağlı bu sözləri heç vaхt sevmədim. Doğrudur, «Ədalət»in vaхtları olub, amma indi də var və olacaq da … Hər vaхtın хeyir, «Ədalət»!

 

"Vaхtın necə gəlib keçdiyi heç hiss olunmur”

 

Gülər İsmayılova: Vaхtın necə gəlib keçdiyi heç hiss olunmur. Vaхt uçur. Amerika yazıçısı Cekson Braunun gözəl bir fikri var. O deyir ki, vaхt uçur, bu pis хəbərdir. Yaхşı isə хəbər odur ki, vaхtınızın pilotu siz özünüzsünüz. Doğrudan da, hər şey özümüzdən asılıdır.

 

"Ömür bir beşik, zaman isə onun ipidir”

 

Həmsöhbətlərimi, qələm yoldaşlarımı yaxşı mənada sorğu-sual etdikdən, zamanı çək-çevirə saldıqdan sonra düşünürəm ki, müəllifə də söz düşür: Zaman – bəlkə də Tanrının adlarından biridir... Ömür bir beşik, zaman isə onun ipidir. İpimiz zamanın əlindədirsə, demək, ömrümüzü, taleyimizi, fəaliyyətimizi müəyyən edən o ali hökmrandır – özünə bənzəyənləri seçir, onun tələblərinə cavab verənləri mükafatlandırır... Təki mükafatlılardan, seçilmişlərdən olaq – məncə zamanla səsləşən ən uyğun arzu olardı... Həmişəki kimi sonda dəyişməz əlavəmi də edim: Əlahəzrət vaxt həmişə sizinlə ədalətli davransın, əziz "ədalət”çilər!   

 

Şəfiqə Şəfa