adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ZƏRİF CİNS - ALLAHIN HƏDİYYƏSİ

FƏRİDƏ RƏHİMLİ
54695 | 2015-04-18 09:55
Ta qədimdən bütün dövrlərdə hannibalizm, UNO-lar, mutantlar müxtəlif şəkildə özünü göstərib və həmişə insanlar tərəfindən qorxuyla, xofla qarşılanıb, çox zaman isə onların varlığı mümkünsüz sayılıb. Qorxu filmlərinin əsasını təşkil edən bu mövzu nə qədər qəbuledilməz olsa da, daim insanların maraq dairəsində olub. Əksər seyrçi tərəfindən isə yazıçının, ssenaristin, rejissorun təxəyyülünün məhsulu, fantastik fikirlərinin nətcəsi kimi qəbul edib.
Bir neçə il əvvəl həbs olunan bir kişinin, Azərbaycandan yaşayış qeydiyyatından çıxaraq Rusiyaya gedən qızları oğurlayıb Xaçmaz meşələrində öldürməsi, doğrayıb yeməsi haqda xəbər ildırım sürətiylə yayıldı. Duyanların (mənim tanıdıqlarım) təlaşıını hələ də xatırlayıram. Bu xəbər mənə də təsirsiz qalmamışdı. Uzun illər keçməsinə baxmayaraq hələ də o kişinin vəhşi heyvanı xatırladan sifətini və ağzını marçıldadaraq: "Siz insan ətinin dadını bilmirsiniz, bir dəfə yesəniz mənə haqq qazandırarsınız. Burdan çıxsam, yenə yeyəcağam" deməsini unuda bilməmişəm.
Bu günlərdə "Kişi zəruri halda qadının br hissəsini, yaxud bütövlükdə yeyə bilər" fətvası isə sadəcə sensasiyalı xəbər olsun deyəmi, saytlarda yazıldığı kimi, İran dindarlarının Səudiyyə Ərəbistanının şeyxi Əbdüləzizi gözdən salması üçünmü, yoxsa doğrudan elə bir fətva verildiyini tam anlamasam da, insanın ürəyini bulandıran bu xəbər illər əvvəlki hannibalı xatırlatdı mənə. Ardınca başqa bir məşhur "din xadimimizin" kişinin öz qadınını yemək haqqı olduğunu təsdiqləməsi isə artıq insanlığın hansı həddə gəldiyinin acınacaqlı sübutudur...
Bu xəbərdə mənə maraqlı olan, niyə məhz qadını yemək, sualı idi!
Cahiliyyə dövründə qadına qarşı olan vəhşi münasibəti İslam dini dəyişərək oğlanla qız arasında heç bir fərq qoymadı, qızın dünyaya gəlişini Allahın verdiyi hədiyyə hesab etdi. İslama qədər Qədim Çin, Hindistan, Roma və ərəb cəmiyyətlərində qadına çox pis münasibət olub. Bu dövrdə qadının cəmiyyətdə heç bir fərdi və ictimai hüququ yox idi. Hətta qadınların yaşamaq hüququ da kişilərdən asılı idi. Qədim Hindistanda qadınları həyat yoldaşları ilə bir yerdə yandırırdılar. Hətta bəzi cəmiyyətlərdə qida çatışmayanda qadınların ətini yeyirdilər. Ərəblər isə qız uşağı doğulanda kədərlənir, hətta diri-diri torpağa basdırırdılar. Cahillik dövründə qız uşaqları övlad sayılmır, nəslin davamı oğlanlar hesab olunurdu. Hətta anaya övladı bir müddət özündə saxlayıb sonra azad edən qab kimi baxırdılar. Müqəddəs kitabların təhrif olunmuş qanunlarına əsasən, yəhudi dinində də qadın, qız abırsızlıq və rüsvayçılıq mənbəyi hesab olunurdu. Atəşpərəstlik dinində isə qadın insan yox, əşya adlandırılırdı. Qadın o qədər dəyərsiz idi ki, hətta danışmaqda, fikirləşməkdə və hərəkətlərində belə heç bir ixtiyar sahibi deyildi. Qadın Adəmi Cənnətdən məhrum edən, hələ də şeytanın əlindəki silah olan Həvvanın təmsili, təcəssümü hesab edilirdi. Dinlərin ən humanisti olan İslam dininin yaranması və Quranın nazil olmasından sonra cəmiyyətdə qadına münasibət dəyişdi.
İslamda qadın müqəddəslik və paklıq rəmzi, xeyir-bərəkət sahibi kimi tanındığı üçün misilsiz qiymət və hörmətə layiq görülür. Hər hansı bir qadının dəyəri, həmin cəmiyyətin dəyəri deməkdir. Qadına, onun saysız-hesabsız xidmətlərinə və kamalına dəyər vermək, əslində, cəmiyyətin bütün təbəqələrini qiymətləndirmək deməkdir. İslamın hüquq sistemində ailə ocağının dolanışığını təmin etmək məsuliyyəti kişiyə aiddir. Qadın isə dolanışığını təmin etmək dərdindən xilas olmuşdur. Qadın beləcə ailə vəzifələrini yerinə yetirmək və övladlarını tərbiyə etmək fürsətini əldə edir. Nikahın bağlanmasından sonra qadın kişinin üzərində maliyyə haqqı qazanır. Yəni evin kişisi yoldaşının dolanışığını və rifahını təmin etmək və ona aliment ödəmək vəzifəsini boynuna götürür. Kişi, həmçinin mehr adlı bir miqdar mal və mülkü qadının təşəbbüsünə və mülkiyyətinə buraxır. Kişi evlənərkən maddi imkanları çərçivəsində razılaşaraq qadına mehr verir. Cahiliyyət dövründə qadının zəhmət haqqı ata, qardaş tərəfindən mənimsənilirdi. Quran aşkar şəkildə onlara kişilər kimi iqtisadi müstəqillik verdi: "Kişilərin öz qazandıqlarından öz payı, qadınların öz qazandıqlarından öz payı vardır". Quran həm də kişilərlə yanaşı, qadına da irs hüququ verdi. "Ata, ana və yaxın qohumların qoyub getdikləri maldan kişilərə və qadınlara pay düşür". Qadın bəşəriyyətin tərbiyəçisi və bilavasitə ailənin də tərbiyə ocağıdır. Cəmiyyət bu ləyaqətli tərbiyəçi olmadan səadətin nə olduğunu bilməyəcəkdir. Ailə isə hər şeyə cavabdeh, fərasətli və bacarıqlı olan ananın varlığını tələb edir. Uca Yaradan qadını bu gözəl və hikmətli yaranış sistemində belə bir mövqedə yerləşdirib. Qadın varlığın mərkəzi, ailənin eşq və məhəbbət bazası, səfa, səmimiyyət, bəxşiş və bütün məxluqata ülfət və mehribanlıq məktəbidir.
Yaradan bəzilərini sonsuz etmiş, bəzilərinə qız, bəzilərinə oğlan, bəzilərinə isə ekiz oğlan və ya qız vermişdir. Bütün bunlar Allah-təalanın tam rəhmət və lütfündən doğur:
"Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir. Yaxud da hər ikisindən ? həm oğlan, həm də qız verir, istədiyini də sonsuz edir. O, (hər şeyi) bilən, (hər şeyə) qadirdir!" (Şura surəsi, ayə 49-50.)
Bu ayəyə əsasən qız övladı Rəbbin iradə və mərhəmətinin təcəllasıdır. Hər hansı bir valideynin qız övladına sahib olması Haqqın elminin, qüdrətinin, iradə və malikiyyətinin tələbidir.
Qız övladı dünyaya gəldikdə əsəbiləşərək qaş-qabaq sallamaq Allaha, onun iradəsinə, elminə, seçiminə qarşı çıxmaqdır. Bu olduqca böyük günah və axmaqcasına atılan bir addımdır.
Öz övladının tərbiyəsi üçün əziyyət çəkən, onu Haqla, peyğəmbərlərlə, imamlarla, Quranla tanış edən şəxs misilsiz, daim savabından bəhrələnəcək bir saleh əməl, xeyirli iş görmüşdür. Hansı ki, Allah yanında daha yaxşı və insanın aqibəti üçün xeyirlidir.
Məgər həzrət Məryəm, Xədicə, Asya, Fatimə (s.ə) və Zeynəb (s.ə) öz ataları üçün daim savabından bəhrələnəcəkləri savab əməl deyildilərmi? Nə üçün hər hansısa bir şəxs qız atası olduqda narahat olmalıdır? Qız övladının ana bətnində formalaşıb dünyaya gəlməsi Allahdan qeyrisinin iradəsidirmi? Bu yalnız Haqqın iradəsi, Onun lütf və mərhəmətidir. Elə buna görə də, Haqqın iradəsi və seçiminə təslim olmaq və daim bu övladın şükrünü etmək lazımdır.
Bu reallığa hökmən diqqət yetirin: Həzrət Peyğəmbərin (s) Qasım, Təyyib, Tahir və İbrahim adında oğlanları dünyaya gəldi, lakin Peyğəmbər (s) onların heç birinə görə Allah tərəfindən təbrik olunmadı. Bu məqsədlə Quranda da heç bir ayə nazil olmadı. Lakin həzrət Fatimə (s) ana bətninə düşdükdə, "Kövsər" surəsi nazil olaraq, Rəsulullaha daimi bir yaxşılıq müjdəsi verdi.
İmam Sadiq (ə) buyurur: "Qız uşaqları yaxşılıqdırlar. Oğlan övladları isə Haqqın nemətidirlər. Yaxşılıqlara görə savab verər, nemətdən isə hesab çəkərlər", "Qızının ölümünü istəyən şəxs qiyamət günü asilərdən biri kimi Allahın hüzuruna gətirilər".(Həmən Merac gecəsi Allah-təala öz elçisinə buyurdu: "Qızı olanlara de ki, qız valideynləri olduqları üçün hövsələsizlik etməsinlər. Onları necə yaratmışam, eləcə də ruzilərini verəcəyəm".
Həzrət Peyğəmbər (s) buyurur: "Allah qıza oğlandan daha mehribandır. Qızının sevinməsinə bais olan şəxsi Allah qiyamət günü sevindirəcək";(Vəsail, 20-ci cild, səh-367.) "Sizin ən yaxşı övladınız qızlardırlar";(Bihar, 104-cü cild, səh-91.) "Üç qızını və ya üç bacısını himayədarlığa götürən şəxsin behiştə daxil olması vacibdir". Soruşdular: "Bəs bir nəfəri himayədarlığa götürsə necə?" Həzrət buyurdu: "Yenə də vacibdir".(Vəsail, 21-ci cild, səh-368.)
O həzrət başqa bir hədisdə buyurur: "Bazara daxil olaraq bir töhfə alıb onu öz ailəsi üçün aparan şəxs ehtiyaclı bir qövm üçün sədəqə aparan şəxsə bərabərdir. (Töhfəni) qızlarına oğlanlarından öncə verməlidir. Çünki, həqiqətən, qızını sevindirən şəxs İsmayıl övladlarından bir qul azad etmiş şəxsə bərabərdir".(Bihar, 104-cü cild, səh-69.)
Bu kimi minlərlə hədislər, ibrətamiz kəlamlar İslam tarixindən başlamış bugünədək təbliğ edilsə də, yenə qızlara, qadınlara hər cəmiyyətdə yanlış münasibət davam edir. Ən qəbuledilməzi isə qadının bilə-bilə qız uşaqlarını abort etdirməsinə razı olmalarıdır. Son günlər səslənən sayıqlamalar isə, bizim cəmiyyətdə komik şərhlərlə, bir neçə günün zarafat mövzusu olsa da, bəzi din pərdəsi altında fikirlərini cəmiyyətə sırımaq istəyənlər üçün imkan yaratmış oldu. Hannibalizmin təbliğinin baş alıb getməsi isə cəmiyyət üçün heç də uğurlu gələcək vəd etmir.

TƏQVİM / ARXİV