SON DƏQİQƏ:

"FƏXRİ KÜRSÜ"də Rafael Ağayev : "Bir ayağımla da olsa, Avropa Oyunlarının qalibi olacağıma söz verirəm"

  58955   |  
Şriftin ölçüsü  

Rafael Mahir oğlu Ağayev 1985-ci ildə Azərbaycan respublikasının Sumqayıt şəhərində dünyaya gəlib. O, çıxış etdiyi karate idman növündə dünyanın ən titullu idmançılarından hesab olunur. Böyüklər arasında dördqat dünya, səkkizqat Avropa çempionu olan idmançımız 2013-cü ildə İslam Oyunları turnirinin də baş mükafatına sahib çıxıb. Bundan başqa, o, 6 dəfə qitə çempionatının bürünc və 2 dəfə mundialın gümüş mükafatçısı olub.

Adalet.az-ın "Fəxri kürsü" rubrikasının növbəti qonağı dünya karatesinin azərbaycanlı brilyantı Rafael Ağayevdir.


"Avropa çempionatı mənim üçün ikiqat əhəmiyyət kəsb edirdi"



- Rafael bəy, keçən ay Türkiyədə keçirilən Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxdınız. Turnir haqda təəssüratlarınızı öyrənmək maraqlı olardı...

- Avropa çempionatı mənim üçün ikiqat əhəmiyyət kəsb edirdi. Çünki zədə səbəbindən bir il idmandan kənar qalmışdım. Hamı düşünürdü ki, artıq Rafael idmandan uzaqlaşıb, çətin qayıdar. Bu baxımdan üzərimdə böyük məsuliyyət vardı. Düzdür, tam sağalmamışdım, amma milli komandaya cəlb olunub, etimadı artıqlamasıyla doğrultdum. Yarış çox çətin keçdi. Mənimlə eyni qrupda qərarlaşan idmançılar çox güclü idilər. İkinci döyüşdə məğlub etdiyim italyan Luici Busa 75 kiloqram çəki dərəcəsində dünya karatesinin liderlərindən hesab olunur.
İlk dəfə idi ki, bir xal belə, vermədən Avropa çempionu oldum. Bununla da sübut etdim ki, azərbaycanlı Rafael Ağayev var və hələ də formadadır. Nə qədər ki, canım suludur, çalışacam ki, uğurlu çıxışımla Azərbaycan bayrağını yüksəldim, himnimizi səsləndirim.

- Fəxri kürsüdə göz yaşlarınızı saxlaya bilmədiniz. Sizi belə duyğulandıran səbəb nə idi?

- Bu sevinc və fərəh göz yaşları idi...Mən həmişə himnimiz çalınarkən fəxri kürsüdə göz yaşlarımı saxlaya bilmirəm.

- Sizin Avropa çempionluqlarınızın sayı haqda birmənalı məlumat yoxdur. Dəqiq neçədir?

- Bu mövzuya yaxşı toxundunuz. Mənim qitə çempionluqlarımın dördü yeniyetmə və gənclər arasında olub. Bu, WKF-in rəsmi saytında 12 olaraq vurğulanır. Əksər mənbələrdə isə tək böyüklər arasında qazandığım nəticələr qeydə alınır. Böyüklər arasında 8 dəfə Avropa çempionu olmuşam.


- Sonuncu dünya çempionluğunuzdan artıq 5 il keçir...

- Axırıncı dəfə 2012-ci ildə dünya çempionatında iştirak etmişəm. Orda da finaladək gəlmişdim. Bərabər səviyyədə keçən həlledici görüşün qalibi hakimlərin rəyi ilə bayaq bəhs etdiyim italyan idmançı oldu. Bu nəticədə də günahı hakimlərdə deyil, özümdə gördüm, daha yaxşı çıxış etsəydim, qələbə mənim olardı. 2014-cü ildə zədə səbəbindən mundialdan kənar qaldım. İnşallah, 2016-cı ildə keçiriləcək dünya çempionatında əlimdən gələni edəcəm ki, beşinci dəfə dünya çempionu olum.



 "Karyeramın zirvə yarışı olaraq məhz Avropa Oyunlarını qəbul edirəm"


- Qarşıdan I Avropa Oyunları gəlir və siz bu yarışda iştirak edəcəksiniz. Hər kəs də sizdən yalnız qızıl medal gözləyir...

- Karyeramın zirvə yarışı olaraq məhz paytaxtımızda keçiriləcək Avropa Oyunlarını qəbul edirəm. Hazırda bütün diqqətimi bu mötəbər turnirə yönəltmişəm.
Açılış mərasimindən bir gün sonra - iyunun 13-də karate yarışlarına start veriləcək. Azərbaycan yığma komandası da bu yarışda kumite və kate növlərində tam heyətlə - 6 kişi və 6 qadın idmançı ilə təmsil olunacaq.

Dekabr ayından turnirə hazırlıq prosesinə start verilib. Ölkəmizin bir neçə regionunda təlim-məşq toplanışı keçmişik, hazırlıq xarakterli üç turnirdə - yanvarda Fransada, fevralda Hollandiyada keçirilən beynəlxalq turnirlərdə və keçən ay Türkiyədə Avropa çempionatında iştirak etmişik. Bundan sonra bizi cəmi bir yarış gözləyir ki, o da Lüksemburqda keçiriləcək beynəlxalq turnirdir. 
Biz Avropa oyunlarında çalışacağıq ki, komanda hesabında da birinci olaraq Azərbaycan karatesinin qüdrətini bütün dünyaya göstərək.

- Siz paralel olaraq həmçinin məşqçilik fəaliyyəti ilə də məşğul olursunuz. Tələbələrinizdən bu turnirdə nə gözləntiləriniz var?

- Mən 16-20 yaşlılara təlim keçirəm. Onların arasında artıq milli komandada çıxış edən idmançılar var. Açığı, onları sırf mənim tələbələrim adlandırmaq düzgün olmazdı, hər birinin ayrı-ayrılıqda öz şəxsi məşqçiləri var.
Mənim yeniyetmələr üzrə məşqçisi olduğum Ayxan Mamayev bu yarışda iştirak edəcək ki, o, artıq qitə və dünya çempionatlarında sözünü deməyi bacarıb.
Hazırlaşdırığım idmançılarla bir zalda məşq edirik, bir oteldə qalırıq, onlar mənə müəllim deyəndə buna etiraz edirəm. Belə olduqda aramızda daha səmimi, xoş münasibət olur. 
Avropa Oyunlarında sonra yenidən məşqçilik fəaliyyətinə başlayacam. Əlimdən gələni edəcəm ki, gənc nəsilin formalaşmağına töhfə verim.


-Yığma komandanın üzvləri arasında daha çox kimlərdən medal gözləyirsiniz?

- Qızlar haqqında heç nə deməyəcəm. Çünki onların hazırlıq prosesindən xəbərsizəm. Oğlanların isə hər biri nəticə göstərmək iqtidarındadır. 60 kiloqram çəki dərəcəsində Firdovsi Fərzəliyev, 67-də Niyazi Əliyev, 75-də mən, 84 kiloqramadək olan çəki dərəcəsində Ayxan Mamayev və ən ağır çəki dərəcəsində kapitanımız Şahin Atamov ölkəmizin şərəfini qoruyacaq. İçi mən qarışıq onların hər biri bu yarışda qələbə qazanmaq istəyi ilə alışıb-yanır. Çempionluq da olmasa, adını çəkdiyim idmançıların mükafatçılar sırasına düşəcəyinə inanıram.


- Komandanın kapitanı nə əcəb siz deyilsiniz?

- Bir neçə il mən olmuşam. Sonradan komanda olaraq belə qərara gəldik ki, Şahin Atamov kapitan olsun. Biz belə məsələlərə o qədər də fikir vermirik. Qarşımızda duran əsas məqsəd nəticə qazanmaqdır. Onsuz da nəticə qazanan idmançı simvolik olaraq komandanın kapitanı hesab olunur (gülür).


"18-20 yaşda çətinliklə qalib gəlirdimsə, 30 yaşımda bir xal belə, vermədən çempion oluram"



- Artıq 30 yaşınız var. Bu yaş da idmançı karyerasının qürub çağı anlamına gəlir. Karyeranızı bitirməyi haçana planlaşdırmısınız?

- İdmançıların əksəriyyyəti 28-30 yaşında karyerasına son qoyur. Mən isə bu yaşda özümü qətiyyən qoca hiss etmirəm. Əksinə, 18-20 yaşda çətinliklə qalib gəlirdimsə, 30 yaşımda bir xal belə, vermədən çempion oluram. Özünü tərifləmək kimi çıxmasın, rəqiblərim üç ciddi rəqib sırasında məni görürlərsə, çəkinirlərsə, deməli, mən varam. 
Hələlik idmandan uzaqlaşmaq fikrim yoxdur.2017-ci ildə paytaxtımızda təşkil olunacaq İslam Oyunlarına da qatılacam. Zədələr və sağlamlığım imkan versə, 2020-ci-ildə paytaxtımızda keçiriləcək qitə çempionatında da iştirak etmək fikrim var. Həmin il ola bilsin, karate olimpiya oyunlarının proqramına daxil edildi.

- Olimpiya oyunlarında iştirak istəyi sizdə nə dərəcədə güclüdür?

- Çoxları deyir ki, olimpiadada iştirak elə qalib olmaq kimi bir şeydir. Amma mən bu fikirlə qətiyyən razılaşmıram. Professional idmançı hər turnirdə iştirak edə bilər, amma qalib gələ bilməz. Mən çox istərdim ki, dördiliyin zirvə yarışında iştirak edərək vətənimizin bayrağını yüksəldim, himnini səsləndirim. Qismət olsa, nə xoş mənə...


- Haçansa karateyə yaxın olan olimpiya idman növlərində çıxış etmək fikriniz olub?

- Xeyr. Mən realist insanam.


- Bəs bununla bağlı sizə təklif gəlib?

- Təkliflər olub, qəbul etməmişəm. Düşünürəm ki, hər bir idman növünün öz peşəkarı var. Məsələn, cüdoçu gəlib məni karatedə məğlub edə bilməz. Eləcə də mən onu.


- Bir çox məşhur idmançılarımız qeyri-olimpiya növündən olimpiya növünə keçərək uğurlu nəticələrini orda da təkrarlamağı bacarıb. Məsələn, olimpiya mükafatçımız Mövlud Mirəliyev cüdoya məhz sambodan gəlmişdi...

- Dərindən bələd olmasam da, cüdo ilə sambo ilk baxışdan çox yaxın idman növləri təsiri bağışlayır.


- İlk baxışdan taekvondo ilə karate də bir-birinə yaxın təəssürat oyadır...

- Qıraqdan elə görünür. 
Mən karatedə birinci olduğum halda gedib taekvondoda dördüncü, beşinci olmağı heç cür qəbul edə bilmərəm. Qeyri-olimpiya növü olsa da, karate üzrə Azərbaycanı dünya arenasında layiqincə təmsil edirəmsə, bu mənə bəsdir.

- Karatenin olimpiya oyunlarının proqramına salınmasına mane olan əsas səbəb nədir?

- Tam məlumatlı deyiləm. Sonuncu dəfə seçim ediləndə cəmi 3 səsimiz çatmadı. 2020-ci il üçün əsas namizədlər sumo və karatedir. İnşallah, karate seçilər.


- Sumoyla mübarizədə karate daha şanslı görünür...

- Mən də elə düşünürəm.


"Bir çox ölkələrdən mənə təklif gəlib"


- Sizə digər yığma komandalardan təklif gəlməmiş olmaz...

- Bir çox ölkələrdən təklif gəlib. Mən hamısını rədd etmişəm.


- Təkliflər indi şərtlərdən daha cəlbedici idi yoxsa əksinə?

- Maddi cəhətdən, bəli. Amma pul həyatda çox şeyi həll edir, hər şeyi yox. Mənim ailəm, dostlarım burdadırsa, başqa yerdə heç cür xoşbəxt ola bilmərəm. Qərarlarıma görə də heç peşman deyiləm.

- Keçək söhbətin ikinci hissəsinə...Maraqlıdır, bir idmançı olaraq əsas silahınız nədir?

- Bütün rəqiblərimdən çox məşq edirəm. Bunun da nəticəsidir ki, illərdir stabil çıxış edirəm.


 - İdmana gəlişinizin əsas səbəbkarı kim olub?

- Uşaq olarkən Brus Linin filmlərinə baxaraq əlbəyaxa döyüş növlərini sevmişəm. Tez-tez onun döyüş filmlərinə baxardım. Çox da davakar olmuşam. Bir gün atama bildirdim ki, mən karateyə getmək istəyirəm. O da istəyimə qarşı çıxmadı. İlk müəllimim Rafael Məmmədov olub. O, ilk məşqdə hətta məni döymüşdü. Buna görə də indinin özündə ona minnətdaram. O vaxt döyülməsəydim, indi bu səviyyəyə çatmazdım. Rafael müəllimin əllərindən öpür, qarşısında baş əyirəm.
Füzuli Musayev və Rəhman Hətəmova da həmişə duaçıyam. 
Karyeramın belə uğurlu alınmasında həmçinin ailəmin də böyük rolu olub. Valideynlərim hər zaman mənim rejimimə diqqət edib, kənar işlərə meyl etməyimə mane olublar.

 - Heç olub ki, siz də tələbənizi döyəsiniz?

- Emosiyalarımı cilovalaya bilmədiyim hallar olub. Elə olub ki, şillə vurmuşam.
Indiki uşaqlara əsəbləşəndə, yüngülvari şillə vuranda gedib valideynin gətirir. Biz özümüz də uşaq olarkən fikirləşirdik ki, müəllim bizi niyə döyür axı, daha məşqlərə getməyəcəyik. Amma idmançı nəticə verdikdən sonra bunlar onun üçün şirin xatirəyə dönür, istər-istəməz belə hallara şükür edir.


- Uzun illərdir ki, idman aləmindəsiniz, dostlarınız çox olar...

- Dost seçimində kənar amilləri - onun məşhurluğunu, titullarını, maddi vəziyyətini nəzərə alan insan deyiləm. Yaxın dostlarım əsasən idman aləmində çox da tanınmayan insanlardır. Ən yaxın dostlarım keçmiş komanda yoldaşım Amal Atayev və veteran boksçu Elvin Əmrahovdur. Uşu-sanda yığmamızdan Ramin və Fəridlə, həmçinin  Kamran Ağayev, Şahin İmranov, İlham Zəkiyev, Niyaməddin Paşayev və Rəşad Əhmədovla da sıx ünsiyyətim var.


"Rusiya və Fransada daha çox tanınıram, nəinki Azərbaycanda"

- Yerli medianın diqqəti sizi qane edir?

- Avropa çempionatından sonra canlı efirə çağırılmamışam. Efir, media xəstəsi də deyiləm. Həsəd aparmıram ki, niyə filankəsi önə çəkdilər, məni yox. 
Sizə və sizin kollektivə çox təşəkkür edirəm ki, daim bizim uğurlarımızı işıqlandırır, geniş ictimaiyyətə çatdırırsınız.

- Amma dünya mediasının, məsələn, Fransa və Rusiya mətbuatının sizə qarşı yüksək diqqəti var...

- Elədir. Deyim ki, Rusiya və Fransada daha çox tanınıram, nəinki Azərbaycanda. Fransadakı məşhurluğumun əsas səbəbi 19 yaşım olarkən dünya şöhrətli fransız karateçisini məğlub etməyimdir. Mənimlə görüşə qədər qarşısıalınmaz olan həmin idmançı demişdi ki, karate dünyası azərbaycanlı yeni ulduzunu qarşılamağa hazırlaşsın...
Həm də orda karate futboldan sonra ən çox sevilən idman növüdür.

- Sizi necə bir insan olaraq xarakterizə etmək olar?

- Bir qədər əsəbiyəm. Əvvəllər çox səbrsiz idim, indi bu məsələ qaydasına düşüb. Tez küsüb, tez barışanam. Çox da kövrək insanam. İndi müsahibəni oxuyanlar deyəcək, bu lap qızdır ki(gülür). Deyirlər, kişi ağlamaz ,özünə qapanmaz, amma mən bu fikirlə qətiyyən razı deyiləm. Kişini də, qadını da Allah yaradıb.

 Ümumiyyətlə, xarakter etibarilə pis insan olsaydım, ətrafımda heç kim olmazdı.

- Əlinizdəki zədə sizə mane olmayacaq ki?(Bu vaxt Rafael bəy zaldakı şəxslərdən biri ilə salamlaşarkən əlində şiddətli ağrı hiss edir)

- Xeyr. Bu gün məşq zamanı əlimdən bir balaca zədə almışam. Elə də ciddi deyil, keçib gedər.


- Hobbiniz nədir?

- Futbola baxmağı və oynamağı çox sevirəm. Karateçi olmasam mütləq futbolu seçərdim. Çünki uşaqlıqdakı həvəsim hələ də qalır. İtaliyanın "Yuventus" klubuna azarkeşlik edirəm. Orda oynamaq uşaqlıq arzum olub. Roberto Bacco ən çox sevdiyim futbolçu idi. Del Pyero və Ronaldinyonun da oyununu sevmişəm. Hazırda  Pirlo və Poqbanın oyunu üslubunu çox bəyənirəm. 
Geyimə və maşına da çox önəm verirəm.

- Sizinlə Pirlo arasında zahirən xeyli oxşarlıq var.

- Bunu çoxları deyir (gülür).


- Azərbaycan klublarından hansına azarkeşlik edirsiniz?

- "Neftçi", "Qarabağ", "İnter", "Xəzər-Lənkəran" və "Qəbələ"nin oyunlarını diqqətdə saxlayıram.


- Hələlik son sözünüz?

- Avropa Oyunlarına çox az vaxt qalıb, həmvətənlərimizdən xahiş edirəm ki, bizim üçün dua etsinlər. Kimin də imkanı var, gəlib bizi arenada dəstəkləsin. Əlimizdən gələni edəcəyik ki, onları başıaşağı etməyək. 
Düzdür, hazırda ayağımda zədə var. Amma bir ayağımla da olsa, Avropa Oyunlarının qalibi olacağıma söz verirəm.

Sahib ƏSƏDBƏYLİ


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK