adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 May 2015 13:58
48840
RUBRİKA
A- A+

"Yadların doğma sözü"

"Yadların doğma sözü” adı altında dünya xalqlarından seçmə hikmətli sözlərin bu dəfəki təqdimatında ispan atalar sözləri olacaq. Əvvəlcə bu xalq haqqında məlumat verək:

İspanlar - Avropanın qərbində, Priney yarımadasında yerləşən İspaniyanın yerli əhalisidir. Təxminən 40 milyon əhalisi olan İspaniya müxtəlif tarixi vilayətlərin və etnik qrupların əsasında formalaşmış vahid dövlətdir. Bundan başqa, ən böyük hissəsi Latın Amerikası olmaqla dünyanın bir çox bölgələrində İspan mühacirlərinin kökündən olan milyonlarla İspan yaşayır. Beləliklə, dünya üzrə 135 milyona yaxın İspan yaşayır.

İspanlar dünyada öz adları ilə müxtəlif sahələrdə səs salmış millətdir. İspaniyanı istər keçmiş, istərsə də müasir zamanın görkəmli şəxslərinin vətəni hesab etmək olar. Bu ölkə dünyaya çox maraqlı və istedadlı insanlar bəxş edib ki, onların arasında: memarlar, rəssamlar, aktyorlar, rejissorlar, idmançılar və müğənnilərin adlarını çəkmək olar. Migel de Servantes, Lope de Veqa, Fransisko Qoya, Pikasso, Salvador Dalí, Dieqo Velaskes, Monserrat Kabalye, Xulio İqlesias, Enrike İqlesias, Antonio Banderas, Penelopa Kruz, Raul Qonzales, Fernando Torres, David Vilya və başqalarıdır.

Bununla belə, bütün dünyada sevilən Flaminqo rəqsləri ölkənin Əndəlüs vilayətinə aiddir, buradakı bütün ispanlar ərəb törəmələridir. Bir neçə il bundan öncə dünya şöhrətli musiqiçi Karlos Santana müsahibələrinin birində etiraf etmiş və bütün ispandilli xalqları da etirafa çağırmışdı ki, nəinki rəqsləri, hətta musiqiləri də mavrlardanqalmadır, tərkibində şərq notları var.


Bir az da İspaniya haqqında maraqlı faktlar:

 

1. İspan himninin sözləri yoxdur.

 

2. İspaniya Avropa ölkələri arasında barların, restoranların və gecə klublarının sayına görə rekord göstəriciyə malikdir.

 

3. 2005-ci ildən etibarən ölkədə eynicinsli nigahlar qanunlaşdırılıb.

 

4. Üç ildən çox İspaniya ərazisində qeyri-qanuni yaşayan mühacirlər İspaniyada yaşamağa icazə ala bilmək imkanını əldə edirlər.

 

5. Özünə hörmət edən ispaniyalı, demək olar ki, heç vaxt evdə səhər yeməyi yemir. Səhər yeməyini burada kafelərdə yeyirlər. Burada gec yeməyə başlayırlar. Günorta saat 2-də burada səhər yeməyi edirlər və axşam saat 10-da şam edirlər.

 

6. Məşhur İspan müğənnisi Xulio İqlesias 20 il ərzində «Real Madrid» klubunda qapıçı olaraq oynamışdı. Lakin ciddi avtomobil qəzasında onun hər iki ayağı iflic olmuşdu. İqlesias yalnız əlləri ilə hərəkət edə bildiyi üçün o, gitarada çalmaq bacarığını təkmilləşdirmişdi.

 

7. Korridanın İspaniyanın rəmzi olmasına baxmayaraq, bir çox ispaniyalılar bu ənənənin ləğv edilməsini istəyirlər.


 

8. İspanların iki soyadı var: anaların və ataların soyadları.

 

9. İspaniya qanunvericiliyinə əsasən istənilən çimərlikdə çılpaq günəş vannaları qəbul etmək olar.

 

10. İspaniyada demək olar ki, hər bir barda içki sifariş edən şəxslərə pulsuz olaraq yemək verirlər. Məsələn, fri kartofları, xamon, mini sendviçlər.

 

İndisə ispanların ata nəsihətlərindən:

 

Axmaqlar bazara getməsəydi çürük mallar satılmazdı.

Arının yediyi bala dönər, hörümçəyin yediyi zəhərə.

Bir qadına etməməli olduqlarını söyləmək ona nələr edə biləcəyini göstərməkdir.

Heç vaxt heç kimə müharibəyə getməyi və evlənməyi nəsihət etmə.

Ərinə sahib olmaq istəyirsənsə,əvvəlcə onun mədəsinə sahib ol.

Arvadı göstər, deyim əri necə adamdır.

Don Kixot olmaq üçün yola çıxan bir çox insan evə Sanço Panso olaraq döndü.

Həqiqətin də, gülün də tikanı var.

İtlə yatan birəylə qalxar.

Qara əlləri ağ əlcəklə gizlədirlər.

Qürurlu insandan soyunu soruşmazlar.

Küləyə tüpürən üzünə tüpürər.

Sahibi çox olan quzunu sonda qurdlar yeyər.

Vərdişlər əvvəlcə hörümçək toru kimi olurlar, sonra isə qalın iplərə dönürlər.

Qırılan ağacdan hərə bir budaq qoparar.

Gözəllik təbiətin qadınlara verdiyi ilk hədiyyə, eyni zamanda geri götürdüyü ilk şeydir.

Qorxuyla keçən həyat yarımçıq həyatdır.

Üç şeyin çoxluğu və üç şeyin azlığı adama ziyandır: çox danışmaq və az bilmək, çox xəyal etmək və az iş görmək, çox xərcləmək və az qazanmaq.

Allah yuxudan tez duranları sevir.

Yaxşı qanunlar pis adətlərdən doğulub.

İstedadsız yazıçı günahı qələmdə görür.

Musiqiçilər hər yeni əsərləri ilə öz gözlərini və qulaqlarını bizə hədiyyə edirlər.

Şeytan, şeytan olduğuna görə çox bilmir, təcrübəli olduğuna görə çox bilir.


Şəfiqə Şəfa