adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 May 2015 18:50
59487
RUBRİKA
A- A+

"FƏXRİ KÜRSÜ"də Oluxan Musayev : "Yük maşınına daş yığan vaxtlarım da olub"

Oluxan Musayev 1979-cu ildə Azərbaycan respublikasının Balakən rayonunun Katex kəndində dünyaya gəlib. Paralimpiyaçılar arasında çıxış edən idmançımız bir çox titullara sahib çıxıb. İndiyədək idmanın üç növündə qüvvəsini sınayan Musayev ən böyük uğurlarını yüngül atletikada əldə edib. O, nüvəitələmə növündə Pekin yay Paralimpiya Oyunlarının qalibi və 3 dəfə dünya çempionu olub. Hazırda diskatma yarışlarında mübarizə aparan idmançımız burda da sözünü deməyi bacarıb. O, keçən il keçirilən Avropa çempionatının qalibi olub.

Adalet.az-ın "FƏXRİ KÜRSÜ" rubrikasının növbəti qonağı paralimpiya, üçqat dünya və Avropa çempionu Oluxan Musayevdir.


 "Nüvəitələmə yarışlarında mənim göstərdiyim nəticələr əlçatmaz idi"


- Oluxan bəy, necəsiniz?

- Şükür Allaha, çox yaxşıyam. Siz necəsiniz?


- Yaxşı. 
Qarşıdan dünya çempionatı gəlir. Bu turnirə hazırlıq prosesi necə keçir?

- Çox yüksək səviyyədə hazırlıq keçirik. Həftə ərzində 4-5 məşq proqramı yerinə yetiririk. Yaxın zamanlarda Birləşmiş Ərəb Əmirliklərinə gedib, bir müddət orda təlim-məşq toplanışı keçəcəyik.


- Dördüncü dünya çempionluğunuzu qazanacağınıza inanırsınız?

- Çempionluğa nail olduqdan sonra idmançının üzərindəki məsuliyyət hissi ikiqat artır. Hər kəs ondan qalibiyyət gözləyir. Rəqiblər də səni yaxşı-yaxşı analiz edirlər. Bu dünya çempionatı Rio de Janeyro Paralimpiya Oyunlarına lisenziya verir. İlk iki yeri tutan idmançılar lisenziyanı təmin edəcək. Mən dördüncü dəfə dünya çempionu olmağı çox istəyirəm. İnşallah, buna nail olacam.


- Çəkindiyiniz rəqiblər varmı?

- Əsas rəqibim Kuba təmsilçisidir. Diskatma yarışlarında dünya rekordu ona aiddir. İl yarımdır beynəlxalq turnirlərdə çıxış etməsə də hər halda təhlükəli rəqibdir.


- Nüvəitələmədən diskatma növünə keçməyinizi şərtləndirən amil nə oldu?

- Nüvəitələmə yarışlarında mənim nəticələrim əlçatmaz idi. Demək olar bu növün şəksiz lideri idim. Xüsusən, Pekin Paralimpiya Oyunlarına göstərdiyim nəticələrdən sonra Beynəlxalq Paralimpiya Komitəsi bu növü proqramdan çıxarmaq qərarına gəldi. Nüvəitələmə Rioda olmayacaq. Ola bilsin ki, yeni formatda Tokio Paralimpiya Oyunlarının proqramına daxil edildi.


-  Sizin üçün nüvəitələmə daha rahatdı, yoxsa diskatma?

- Hər ikisinin özlüyündə ayrı-ayrı xüsusiyyətləri var. Amma nüvəitələmə mənim üçün daha rahat idi, loru dildə desək, nüvə əlimə yaxşı yatırdı.

Diskatma yarışlarında ilk ciddi nailiyyətimi keçən il İngiltərənin Suonsi şəhərində keçirilən Avropa çempionatında qazanmışam. Orda 41 metr 63 santimetrlik nəticə ilə çempion oldum. Qarşıdan gələn dünya çempionatı isə diskatma yarışlarında mənim üçün ilkdir.


- Sonuncu dəfə Dubayda keçirilən beynəlxalq turnirdə ikinci olmuşdunuz. Birincilik üçün nə çatmadı?

- Orda mən çox pis xəstələnmişdim. Bu ikinciliyi mən 41.8 hərarətlə qazandım. Hərəkəti yerinə yetirdikdən sonra məni birbaşa xəstəxanaya apardılar. Heç təltifolunma mərasiminə də qatıla bilmədim.


- Qayıdaq Pekin Paralimpiya Oyunlarına...

- Mən idmançı fəaliyyətinə ağırlıqqaldırma növündə başlamışam. Sağ dirsəyim tam açılmadığı üçün Malayziyada keçirilən dünya çempionatında hakimlər nəticələrimi qeydə almadılar. Bir müddət keçdikdən sonra məni nüvəitələmə növünə yönəltdilər. Cəmi iki ay məşğul olmağıma baxmayaraq, Tailandda keçirilən dünya çempionatında qalib oldum. Həmin mundial da olimpiadaya lisenziya verirdi. 
Bundan sonra tam qüvvəylə Pekin yay Paralimpiya Oyunlarına hazırlaşmağa başladım. Pekində maksimum məsafə olaraq 11 metr qoyulmuşdu, mən ilk cəhddə 13 metr 42 santimetr nəticə göstərdim. Bu da dünya rekordu idi. İkinci cəhddə nəticəmi 7 santimetr də yaxşılaşdırdım. Üçüncü cəhddə daha da yüksək nəticə göstərə bilərdim, ancaq məşqçilər məsləhət gördü ki, azaltmaq lazımdır.

- Məşqçilər bu növün gələcəkdə Paralimpiya Oyunlarının proqramından çıxarıla biləcəyini nəzərə alaraq belə deyirdilər?

- Bəli. Kaş ki, o cür nəticə göstərməzdim. Amma atışı balanslaşdırmaq heç cür mümkün deyil.
Hazırda xarici ölkə idmançıları məni görəndə zarafata salıb deyirlər ki, Oluxan, səndən incik qalmışıq, bizim növün proqramdan çıxarılmasına sən səbəb oldun. (gülür)


"Paralimpiya çempionluğumdan sonra həyatım bir növ asanlaşdı"

- Pekin Paralimpiya Oyunlarındakı qələbədən sonra həyatınızda nə dəyişdi?

- Xasiyyət etibarilə həmin insanam, heç vaxt dəyişmərəm. Kənd oğlanı olaraq da qalmışam. Paralimpiya çempionluğumdan sonra həyatım bir növ asanlaşdı. Maddi problemlərim aradan qalxdı, dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olundum. Özümə bir peşə qazandım, daimi qazanc gələn yerim oldu. Bütün bunların nəticəsində həyata daha sıx bağlandım, gələcəyə işıqlı nəzərlərlə baxmağa başladım.


- Dostlarınızın sayında artım oldu? Bir növ sizi "tanımayan" insanlar çempionluğunuzdan sonra "tanımağa" başladılarmı?

- Hətta elə insanlar oldu ki, dedilər biz haçansa onunla bir süfrədə çay içib söhbət etmişik. Əlbəttə, məni tanımayan, diqqət yetirməyən çox insan uğur qazandıqdan sonra tanımağa başladılar, zəngləşməyə, əlaqə qurmağa çalışdılar. Mən elə dostlara əhəmiyyət vermirəm. Amma həqiqi mənada məni Pekin çempionluğundan sonra tanıyan insanlar da çox oldu. Onların sayəsində ətrafım daha da genişləndi.

- İdman aləmində daha çox kimlərlə yaxın münasibətiniz var?

- İnsanın ən yaxın dostu onun ailəsidir. Ailə dəstəyi olmadan heç bir idmançı nailiyyət qazana bilməz. Təbii, idman aləmində yaxın olduğum insanlar çoxdur. İlham Zəkiyev, Hüseyn Həsənov, Oleq Panyutin, şəxsi məşqçilərim Oqtay Şahtaxtinski, Vaqif Müsəddiqlə sıx ünsiyyət saxlayıram. Milli Paralimpiya Komitəsinin rəsmilərindən İlqar Rəhimov, Afiq Süleymanov və Şaiq Həmidovla yaxın əlaqələrimiz var, tez-tez görüşürük.


- Bir zamanlar qol güləşi yarışlarında da qüvvənizi sınamısınız. Hətta sağlam idmançılar arasında iki dəfə ölkə çempionu olmusunuz. Maraqlıdır, o vaxtlar tanınmış qol güləşi ustalarımızdan kimlər sizə yenilib?

- (Gülür) Olarmı, bu suala cavab verməyim?


-Maraqlıdır amma...

- Bilirsiniz, mən artıq qol güləşi yarışlarında çıxış etmirəm, onlar isə hazırda karyeralarını davam etdirirlər, adlarını çəksəm, bunu yaxşı qarşılamazlar.


- Onsuz da bilənlər bilir artıq...

- Bilməyənlər daha çoxdur, adlarını sadalasam, qəzetin bütün oxucuları biləcək(gülür). Zurab Bəxtiyarovdan başqa hamısı ilə gücümü sınamışam, heç vaxt da məğlub olmamışam. Mənim çəkim 80 kiloqram olsa da, hətta 130 kiloqram çəkili rəqiblərimi məğlub etmişəm.


- Bildiyiniz kimi, ölkəmiz hazırda böyük bir idman bayramına- I Avropa Oyunlarına hazırlaşır. Bu mötəbər turnirin də proqramına paralimpiya növlərindən yalnız cüdo - o da iki çəki dərəcəsi üzrə salındı. Məlum səbəblərdən yüngül atletika və digər növlər kənar qaldı...

- İlk Avropa Oyunlarının təşkilatçılığının Azərbaycana verilməsi bizə olan böyük etimadın göstəricisidir. Bu, çox qürurverici bir hadisədir. İngiltərə və Fransa kimi ölkələrlə rəqabətdə ölkəmiz qalib gəldi. Çox istərdim ki, doğma azarkeşlər önündə çıxış edim, amma eyb etməz, paralimpiyaçılarımızdan qardaşım İlham(İlham Zəkiyevi nəzərdə tutur) və Səbinə Babayeva çıxış edəcək. Onlara uğurlar arzu edirəm. Atletika yarışları 2017-ci ildə paytaxtımızda təşkil olunacaq daha bir mötəbər turnirin - İslam Oyunlarının proqramına daxil edilib.


- Artıq 36 yaşınız var, bu da idmançı karyerasının qürub çağı anlamına gəlir. İdmandan gedişinizi haçana planlaşdırırsınız?

- Hazırda əsas niyyətim Rio de Janeyro Paralimpiya Oyunlarında yüksək nəticə əldə etməkdir. Bu turnirə çox yaxşı hazırlaşıram. İkinci dəfə paralimpiya çempionu oluqdan sonra böyük ehtimalla karyeramı bitirəcəm.


- Sadəcə idmançı kimi, yoxsa ümumiyyətlə idman aləmindən getmək istəyirsiniz?

- Sadəcə idmançı kimi. Mən tamamilə idmandan uzaqlaşa bilmərəm.


- Milli Paralimpiya Komitəsindən gələcəkdə hansısa vəzifə ilə təmin olunmaqla bağlı vəd almısınız?

- Milli Paralimpiya Komitəsindən yox, "Neftçi" İdman Cəmiyyətindən təklif olub. Bunu necə dəyərləndirəcəyimi hələ dəqiqləşdirməmişəm. İdmançı karyeramı bitirdikdən sonra azı il yarım doğma Balakənə gedib, orda dincəlmək fikrim var. Hazırda sakit yerdə olmağa, istirahət etməyə böyük ehtiyac duyuram.


"Əllərim üstdə gəzmədiyim dağ-dərə, meşə, düzənlik yoxdur"

- Çox nəhəng görünüşünüz var. Bu fiziki göstəricilərə necə nail olmusunuz?

- Uşaqlıqdan mənim əllərim üstdə gəzmədiyim dağ-dərə, meşə, düzənlik yoxdur. O vaxtlar Dağıstanla sərhəd açıq idi, elə olub ki, orda yaşayan qohumlarımgilə getmək üçün bir gün at çapmışam. İki günə bir yük maşını tutumunda odun yarmışam. 


- Bəs, bu prosesləri yerinə yetirməkdə fiziki məhdudiyyətiniz sizə mane olmurdu?

- Qətiyyən. Mən hətta at nallayırdım. Tez ailə həyatı qurduğumdan dolanışığımızı təmin etmək üçün hər cür işdə çalışmışam. Hətta yük maşınına daş yığan vaxtlarım da olub.


- Siz sözün əsil mənasında bəşəriyyət üçün əzmkarlıq simvolu hesab olunmalısınız...

- Gənclər və İdman Nazirliyi tərəfindən "Əzmkarlıq" diplomu ilə təltif olunmuşam. Bu diplom da sırf mənim üçün hazırlanmışdı.


- Övladlarınızı gələcəkdə idmançı kimi görmək istərdiniz?

- Mənim qızım idmanda artıq sözünü deyib. O, nüvəitələmədə altı dəfə Azərbaycan çempionu olub. Həmçinin ölkə rekordunun müəllifidir. Qızımın gələcəyinə çox inanıram. Oğlum da qaçışla məşğul olur. Amma açığı, onun idmanda nailiyyət qazanacağına inanmıram. Çünki çox sakit təbiətli uşaqdır, idmançı emosionallığı yoxdur. 
İlk öncə onların yaxşı oxumağının, ali təhsil almağının tərəfdarıyam.

- Sizin ali təhsiliniz var?

- Xeyr. Orta təhsilliyəm.


- Nə əcəb, Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul edilməmisiniz?

- Bu barədə təkliflər olub. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə şəxsən təklif etmişdi. Əvvəllər çox da marağında olmamışam, amma qarşıdakı iki il üçün ali təhsil almağı fikirləşirəm. İdman aləmində vəziyyət elədir ki, işləmək üçün ali təhsil almaq şərt deyil. Kənardan gələn təhsilli şəxslərdənsə, idmanın içində olanlar daha uğurlu fəaliyyət göstərirlər.

- İdmandan kənar maraqlarınız nəyədir?

- Musiqi dinləmək mənim əsas hobbimdir. Əsasən keçmiş musiqilərimizə üstünlük verirəm, keçmiş ifaçıları dinləyirəm. Məhəbbət Kazımov, Ağadadaş Ağayev, Məmmədbağır Bağırzadə və Zeynəb Xanlarovanın ifalarını çox sevirəm. İndiki müğənnilərdən heç birini dinləmirəm. Həmçinin boş vaxtlarımda zərgərliklə məşğul oluram. Bu sənət mənə zövq verir.


"İnsan bir şeyi ürəkdən istədikdə onu reallaşdırmaq üçün qarşısında heç bir maneə olmaz"


- Mediada çox görünmürsünüz. Səbəb nədir?

- Dəvətlər çox olur. Televiziyalar məni tez-tez efirə çağırırlar, amma ora getmək üçün heç cür şərait yoxdur. Çoxu da evdən reportaj hazırlamaq istəyir, mən isə ailəmin görüntülənməsini heç istəmirəm.
Həm də, açığı, çox qapalı insanam. Müsahibə verməyi çox da sevmirəm.

- Futbolla necə, maraqlanırsınız?

- Dünya və Avropa çempionatlarını hər zaman diqqətdə saxlayıram. Klub futboluna da böyük marağım var. Çempionlar Liqası və "Böyük beşlik" ölkələrinin çempionatlarına və Türkiyə Superliqasının oyunlarına baxıram. İspaniyanın "Barselona", İngiltərənin "Çelsi" və Türkiyənin "Fənərbaxça" klublarına azarkeşlik edirəm.


- Yerli klublar arasında hansı kluba azarkeşlik edirsiniz?

Ağdamın "Qarabağ" komandasına azarkeşlik edirəm. Onların oyunu çox xoşuma gəlir. "Neftçi"nin də oyunlarını diqqətdə saxlayıram.


-"Simurq" necə?

- "Simurq"un heyətində çıxış edən futbolçuların 80 faizi legionerlərdir deyə onlara çox da qanım qaynamır.


- Fiziki məhdudiyyətli insanlara və onların valideynlərinə nə məsləhət görərdiniz?

- Özlərinə qapanmasınlar. Valideynlər fiziki qüsurlu uşaqlarını mümkün qədər çox cəmiyyətlə təmasa cəlb etsinlər. İnsan qapandıqca həm mənəvi, həm də fiziki cəhətdən çox geri düşür. Hazırda Azərbaycanda Uşaq Paralimpiya Mərkəzi tikilib istifadəyə verilib, idmana həvəsi olan uşaqların valideynləri onları ora apara bilərlər. Digər sahələrə, məsələn, incəsənətə meyllənən uşaqları cəmiyyətə tanıtdırmaq üçün hazırda kifayət qədər fürsət yaradılıb. 
İnsan bir şeyi ürəkdən istədikdə, özünə güvəndikdə onu reallaşdırmaq üçün qarşısında heç bir maneə olmaz.

- Demək istədiyiniz nə isə qaldı?

- Qarşıdan gələn Avropa Oyunlarında bütün Azərbaycan idmançılarına uğurlar arzu edirəm. Şərt o deyil ki, qızıl medal qazanıb, himni səsləndirsinlər, azərbaycanlı adına layiq çıxış etsinlər, yetər. Bizim gözəl millətimiz, qədirbilən dövlətimiz var. Bütün bunların dəyərini bilmək lazımdır.

Sahib ƏSƏDBƏYLİ