adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 May 2015 16:35
65082
RUBRİKA
A- A+

"FƏXRİ KÜRSÜ"də Elnur Məmmədli: "İçim özümü, çölüm özgəni yeyir"

Elnur Çingiz oğlu Məmmədli 1988-ci ildə Azərbaycan respublikasının Bakı şəhərində dünyaya gəlib. O, çıxış etdiyi cüdo idman növündə qazandığı bir çox uğurlarla adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırıb. 2006-cı ildə keçirilən Avropa çempionatının qalibi olmaqla ulduzu parlayan idmançımız bir il sonra Braziliyanın Rio de Janeyro şəhərində keçirilən dünya çempionatında fəxri kürsünün ikinci pilləsinə qalxıb. E. Məmmədlinin karyerasının zirvə yarışı isə şübhəsiz ki, 2008-ci il Pekin yay Olimpiya Oyunlarıdır. O, yeddi il öncə dördilliyin zirvə yarışında 44 nəfərdən ibarət Azərbaycan olimpiya yığmasına yeganə qızıl medalı qazandırıb. 
E. Məmmədli 2011-ci ildə İstanbulda keçirilən Avropa çempionatında ikinci dəfə qitənin ən güclüsü olub. Bundan başqa, o, dəfələrlə "World Master", "Böyük Dəbilqə" və digər seriyadan olan nüfuzlu beynəlxalq turnirlərin baş mükafatına sahib çıxıb. 
Dünya şöhrətli cüdoçunun beynəlxalq arenada qazandığı nailiyyətlər dövlət tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycan respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub, Prezident təqaüdünə layiq görülüb.

Adalet.az-ın "Fəxri kürsü" rubrikasının növbəti qonağı cüdo üzrə olimpiya və ikiqat Avropa çempionu, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlidir.



 "Əməkhaqqı mənim üçün heç vaxt prioritet olmayıb"


- Elnur bəy, federasiya rəsmisi olaraq Azərbaycan cüdosunun hazırkı vəziyyətini necə dəyərləndirirsiniz?

- Cüdoçularımızın son vaxtlar göstərdiyi çıxış, qazandığı nəticələr bizləri çox sevindirir. Onların hazırlığı hazırda çox yüksək səviyyədədir. İnanıram ki, yığmamız Avropa Oyunlarında da uğurlu nəticələr əldə edəcək.
 Federasiya daxilində müəyyən problemlər var idi, onlar da artıq həll olunub. 


- Yığma üzvlərinin aksiya keçirməsi problemi səciyyələndirən səbəblərin heç də kiçik olmamasından xəbər verirdi...

- O boş bir aksiya idi. Bütün federasiyalarda problemlər olur. Sadəcə, belə məsələlərdə idmançılardan anlayış tələb olunur. Onlar maaşların gecikməsindən şikayətlənirdilər. Onu nəzərə almaq lazımdır ki, əvvəlki problemlərin yanında hazırkılar çox cüzi görünür. Bir neçə il bundan əvvəl təlim-məşq toplanışlarında iştirak edə bilmirdik, Edirdiksə də bu, iki-üç günlük olurdu. Amma indiki yığma üzvlərinin təlim məşq toplanışları 10 günlərlə davam edir. Şəxsən mən çıxış edən vaxtlar qarşıma qoyduğum əsas məqsəd dövlətimi, xalqımı sevindirmək olub. Əməkhaqqı və onun miqdarı mənim üçün heç vaxt prioritet olmayıb. 
Onları maraqlandıran bütün məsələrlə bağlı mən də daxil olmaqla federasiya rəsmilərinin iştirakıyla geniş tərkibdə görüş təşkil edildi və bununla da hər şey yoluna qoyuldu.

Hərdən elə olub ki, maaşlar vaxtından bir xeyli tez verilib. Çox güman bunu sizə - deməyiblər. Heç deməzlər də...


- Əməkhaqqı məsələsindən əlavə, onlar təlim məşq toplanışlarının təşkilindən və lisenziya xarakterli turnirlərdə iştirak etməməkdən gileylənirdilər...

- Beynəlxalq Cüdo Federasiyasının reqlamentində ay ərzində orta hesabla 4 turnir yer alır. Komanda olaraq onların hamısında iştirak etmək qeyri-mümkündür. Həm də biz onları qoruyuruq, istəmirik ki, digər ölkənin yığmaları bizim cüdoçuların döyüş üslubu haqqında hər şeyi bilib, analiz etsinlər. Mən o vaxtlar bu səbəbdən çox turnirlərdə, təlim-məşq toplanışlarında iştirak etmirdim. Avropa çempionatında mübarizə aparırdım, başımı qaldırıb baxırdım ki, Yaponiya, Koreya və digər qitələrdə yerləşən güclü cüdo yığmalarının funksionerləri məni izləyir, görüşlərimi videokamerayla çəkirlər. 
Bizim üçün əsas məqsəd I Avropa Oyunlarında uğurlu çıxış etməkdir. Ondan sonra da qarşımızda duran hədəf Rio de Janeyro yay Olimpiya Oyunlarında layiqincə çıxış edərək Londondakı uğursuzluğu unutdurmaqdır. Bizim özümüzdə- İsmayıllıda cüdo bazası var, yığmamız beynəlxalq turnirlərdə iştirak etdikdən sonra yarışın keçirildiyi ölkədə qalaraq üç-dörd gün təlim-məşq toplanışı keçirlər. Bəyəm bunlar bəs deyil?! 
Bizim də hesabımızda bəlli vəsait var ki, onu bir il ərzində dövr etdirməliyik. İdmançıları isə mövcud vəziyyətə heç cür qane olmurlar, lap çox istəyirlər. Bunu da qarşılamaq mümkün deyil.


- Bir ara karyeranızı bərpa etməyinizlə bağlı xəbərlər yayılmışdı. Hətta Avropa Oyunlarında iştirak edəcəyiniz deyilirdi...

- Keçən il Çelyabinskdə keçirilən dünya çempionatını izlədikdə vaxtilə məğlub etdiyim rəqiblərin qalib olduğunu, mükafatçılar sırasına düşdüyünü gördüm. Qərara gəldim ki, yenidən idman arenasına qayıdım. Dizimi dörd dəfə əməliyyat edən alman həkimlə məsləhətləşdim, o dedi ki, Məmmədli nəbadə bu fikirdə qalasan. Mən ona əhəmiyyət vermədim, məşqlərə başladım. Bir neçə gün sonra ayağımdakı zədə özünü biruzə verməyə başladı. On gün müalicə olundum. Yenidən məşqlərə başladım, iki gün sonra yenə ayağımı tutdum.Həkimlər mənə bildirdi ki, iki həftə məşqlərə ara verməlisən. İki həftə sonra məşqlərə başlayanda ayağım şişdi, şiddətli ağrılar hiss etməyə başladım. Bundan sonra artıq qərarımı dəyişməyə məcbur oldum. 
Çox istəyirdim ki, Avropa Oyunlarında çıxış edərək xalqımızı sevindirim. Amma nə etmək olar, alınmadı...

- Yalnız Avropa Oyunları üçün qayıtmaq istəyirdiniz, yoxsa ümumiyyətlə?

- Ümumiyyətlə.Beynəlxalq Cüdo Federasiyası bu il keçirilməli olan Avropa çempionatı turnirini Avropa Oyunları ilə birləşdirdi. Bu səbəbdən cüdo yarışları həm Rio Olimpiadasına lisenziya xalları, həm də iki medal verirdi. Rio olimpiadasında da iştirak etmək fikrim vardı.
Hərdən oturub fikirləşirəm, mənim nə yaşım var ki,  idmandan uzaq düşmüşəm. Bu yaş idmandan getmək üçün çox tezdir. Camaat 35 yaşına kimi çıxış edir. Zədəm olmasaydı, mən zaldan çıxmazdım, gecə də orda yatardım. O dərəcədə mən cüdoya bağlıyam.


- Belə mülahizələr var ki, sizin karyeranızı bitirməyinizdə yığmanın keçmiş baş məşqçisi Piter Zeyzenbaxerin də rolu olub. Bu məsələ nə dərəcədə həqiqətəuyğundur?

- Düzdür, onun da rolu oldu. Zeyzenbaxer idmançı kimi özünü sübut etsə də, məşqçi kimi bir qəpiklik deyildi. O, psix idi. Mən bunu onun üzünə qarşı da deyirdim. Fikirləşmirdi ki, kiminsə zədəsi, problemi var, məşq proqramını məcbur icra etdirirdi. İdmandan kənarlaşmağıma 70 faiz zədəm səbəb oldusa, 30 faiz də onun rolu oldu. O Azərbaycan cüdosunun qara səhifəsi idi. Elə bir tip idi ki, hətta komanda üzvləri ilə məzələnirdi. Deyirdim, ayağım şiddətli ağrıyır, şişib, olarmı mənə istirahət verəsiniz? Cavabında deyirdi ki, mənim üçün fərqi yoxdur, get aptekdən təzə ayaq al. O, nə məqsədə qulluq edirdi, heç özü də bilmirdi.


- "Mən iki, sən isə bir dəfə olimpiya çempionusan, özünü yuxarıdan aparma, dediyimi etməyə məcbursan" söhbəti olub aranızda?

- Təbii, o hər kim olsa da, yığmanın baş məşqçisi idi, mən və komanda yoldaşlarım onun dediyini etməyə məcbur idik. O, xüsusən, məni özümdən çıxarmaq üçün müxtəlif vasitələrə əl atırdı. Bir gün eşitdim deyib ki, Elnur təsadüfən olimpiya çempionu olub. Dedim, cənab Zeyzenbaxer, istəyirsiniz, interneti açıb baxaq, görək kim hansı səviyyədə mübarizə apararaq olimpiya çempionu olub. O hər  iki çempionluğu ölə-ölə qazanıb, mən isə dünya tarixinin ən tez müddətə olimpiya çempionu olan cüdoçusuyam.  


- Pekin olimpiadasından sonra qaydalarda edilən dəyişiklər də sizin çıxışınıza təsirsiz ötüşmədi...

- Bəli. Dəyişiklər nəinki mənə, Azərbaycan hətta ümumilikdə Qafqaz cüdo məktəbinə mənfi təsir etdi.

- Bir neçə il - karyeranızın sonlarınadək çıxış etdiyiniz 81 kiloqram çəki dərəcəsində hazırda boşluq var. Bir ara Tural Safquliyev bu çəkidə çıxış edirdi, o da müəyyən nəticələr göstərdikdən sonra 90 kiloqram çəki dərəcəsinə keçdi... 

- Biz çox istəyirik ki, hər bir çəkidə güclü rəqabət olsun. Baxıram ki, 81 kiloqram çəki dərəcəsində nəinki rəqabət, heç bir nəfər də olsun uğurlu çıxış sərgiləyən idmançı yoxdur. Bir ara bu çəkidə Məhəmmədəli Mehdiyev bizi beynəlxalq yarışlarda təmsil etdi. O da hazırda zədəlidir. 


"Deyirdilər ki, kiminlə düşürük düşək, bircə Elnur Məmmədli ilə düşməyək"


- Olimpiya çempionu olduğunuz 73 kiloqram çəki dərəcəsində hazırda Rüstəm Orucov çıxış edir. Onun da son vaxtlar göstərdiyi nəticələr nəinki yerli, həttta dünya cüdo ictimaiyyətinin diqqətini cəlb edir. Necə fikirləşirsiniz, onu ikinci Elnur Məmmədli kimi qələmə vermək olarmı?

- Rüstəm hazırda çox yüksək formadadır, amma, o, bundan daha da yaxşı çıxış etmək iqtirarındadır. O, hazırkı nəticələrə arxayın olub, formadan geri düşməməlidir, əksinə, daha da artırmalıdır. Ona həmişə deyirəm ki, Rüstəm, sənə hazırda böyük diqqət var, bu səbəbdən üzərindəki məsuliyyət ikiqat artmalıdır. Çalışıram ki, onu motivasiya edim. Bizim komandadan çox yığmalar qorxur. Bünovrəmiz güclüdür. İki olimpiya, bir dünya və üç Avropa çempionumuz var.
 Hegemon hesab olunan Rusiya yığmasının üzvləri mən çıxış edən dönəmlərdə deyirdilər ki, kiminlə düşürük düşək, bircə Elnur Məmmədli ilə düşməyək. Bu barədə xeyli faktlarım da var. Gürcülər, koreyalılar və digər güclü cüdo ölkələrinin təmsilçiləri də məndən çox çəkinirdilər.
Yığmanın üzvlərinə həmişə deyirəm ki, yarışdır, idmançının biri mütləq qələbəyə, digəri isə məğlubiyyətə məhkumdur, əsas özünüzü zədədən qoruyun. Zədə idmançının qorxulu kabusudur. Necə ki, mən gənc yaşda zədə ucbatından idmandan uzaq düşmüşəm. İçim özümü, çölüm özgəni yeyir.


- Avropa Oyunlarında kimlərin medal qazanmaq şansını yüksək qiymətləndirirsiniz?

- Mən iki çəki - 81 və 90 istisna olmaqla, digər çəkilərdə mübarizə aparan kişi cüdoçuların hamısından medal gözləyirəm. 


- Ən ağır çəkidə vəziyyət daha pisdir...

- (Gülür) O çəkidə bizdə nailiyyət qazanan idmançı heç vaxt olmayıb deyə artıq elə bir çəki dərəcəsinin mövcud olduğunu unutmuşam.


- Son dünya çempionatında yığma komandamızda nəticə qazanmaq üçün nə çatmadı?

- İnam. Mən həmişə onu vurğulayıram ki, peşəsindən asılı olmayaraq hər bir insan özünə inanmalıdır. İnam olmadan heç kim nəticə qazana bilməz. Elə olub ki, yüksək formada olmuşam, amma özümə inanmamışam deyə iştirak etdiyim turnirdə əliboş qalmışam. Elə də olub ki, formada olmamışam, amma özümə inandığım üçün qalib olmuşam. 

- Hazırda 81 kiloqram çəki dərəcəsinin lideri gürcüstanlı Avtandil Çkirişvilidir. Onun çıxışına baxdıqda nə fikirləşirsiniz? O sizinlə bacara bilərdimi?

Mənim çıxış etdiyim vaxtlarda onun adı favoritlər sırasında hallanmırdı. O vaxtlar bizim çəki dərəcəsində 5-6 nəfər lider vardı. Dünya reytinqində birinci braziliyalı Leandro Quilhero, ikinci Koreya təmsilçisi Kim Cay Bum, üçüncü mən, dördüncü və beşinci isə müvafiq olaraq Rusiya cüdoçuları İvan Nifontov və Sirac Maqomedov idi. Avtandil o vaxtlar ilk iyirmilyin zirzəmisində qərarlaşırdı. 
Onunla beynəlxalq yarışlarda qarşılaşmasam da, təlim-məşq toplanışlarında qüvvəmi sınamışam. Dünya çempionatına hazırlaşarkən Antalyada keçirdiyimiz təlim-məşq toplanışında onunla güləşib, iki dəfə ippon fəndi atmışdım. Eləcə də hazırda ikinci pillədə qərarlaşan fransız cüdoçusu ilə dəfələrlə məşqlərdə gücümü sınamışam. Cəmi üç dəqiqə davam gətirirdi, sonra özü özünü yerə atırdı(gülür).


- London Olimpiya Oyunlarının startında məğlub olduğunuz kanadalı Antuan Value Fortis son vaxtlar göstərdiyi nəticələrlə özünü sübut etməyi bacarıb. Hazırda 81 kiloqram çəki dərəcəsinin liderlər qrupunda qərarlaşır...

- O, elə də güclü cüdoçu deyil. Mənim səhvim onda oldu ki, Fortisə ciddi rəqib kimi yanaşmadım. Özümü motivasiya etməkdə də çətinlik çəkdim. İkinci görüşdə yerli idmançı Bartonla qarşılaşmalı idim deyə fikrim kanadalıdan çox onunla görüşə yönəlmişdi. Düşünürdüm ki, ilk rəqibi keçmək mənim üçün su içimi kimi bir şeydir. Açığı, Fortislə görüşdə daha aktiv olan tərəf mən idim, hakimlər "xantey"i ona yox, mənə verməliydilər. 
Hazırda 81 kiloqram çəki dərəcəsində dünya cüdosunda mən elə də güclü bir idmançı görmürəm. Tatamidə olsaydım, onlar mənimlə rəqabətə davam gətirməzdilər.
Digər çəkilərdə güclü idmançılar çoxdur. Məsələn, 90 kiloqram çəki dərəcəsində İlias İliadis, Eşli Qonzales və Varlam Lipertiani kimi dünya səviyyəli cüdoçular var. 


- Amma Lipertiani Elxan Məmmədovla heç cür bacarmırdı. (gülərək)

- Niyə, onun Elxanı məğlub etdiyi görüşlər də olub.(gülür) Elxan indiyədək çox məşhur cüdoçuları məğlub edib. Onun qədər olimpiya çempionlarını məğlub edən cüdoçu yoxdur.


"Rüstəm gərək bundan sonra on il məşq etsin ki, mənə çatsın"


 - Hazırkı yığma üzvləri ilə qüvvənizi sınayırsınız?

- Hərdən gedib onların müvazinətini yoxlayıram. (gülür) İnanırsınız, heç biri mənimlə bacarmır. 


- Rüstəm də yox?

- Rüstəm gərək bundan sonra on il məşq etsin ki, mənə çatsın. (gülür)
Dizimdəki zədə səbəbindən ağır çəkili idmançılarla mübarizəyə girişmirəm. Amma arada Elmar Qasımovla gücümü sınayıram.

 - Demək olar ki, bütün turnirlərin qalibi olmusunuz. Qızıl medal kolleksiyanızda yeganə çatışmayan dünya çempionatının baş mükafatıdır. Bu baxımdan karyeranızı bitirərkən gözünüz arxada qalmadı ki? 

- Yox. Qətiyyən. Bu barədə heç fikirləşmirəm.  2007-ci ildə keçirilən dünya çempionatının finalında bilirsiniz də mən kimə məğlub olmuşdum?

- Pekin Olimpiya Oyunlarının həlledici görüşündə məğlub etdiyiniz Koreya cüdoçusuna...

- Bax, mən onu dünya çempionatında məğlub etsəydim, bəlkə də olimpiadada yenilərdim.Bu mənə daha pis təsir edərdi. O dünya çempionatının finalında məni yalnız "koka" xalı ilə üstələmişdisə, mən onu olimpiadanın finalında cəmi 11 saniyəyə "ippon"la məğlub etdim. Mən idmançı üçün ən pik nöqtəni- olimpiya zirvəsini fəth etmişəm. İdman aləmində olimpiya oyunlarından böyük turnir yoxdur,  gələcəkdə hər hansı kosmopolit bir yarış təşkil olunarsa, birtəhər ayağımı müalicə edib, tatamiyə dönərəm (gülür).


- Deyəsən, həmin Koreya cüdoçusu da artıq karyerasını bitirib. Neçə vaxtdır tatamidə görünmür...

- Bu yaxınlarda onu turnirlərin birində gördüm. 81 kiloqram çəki dərəcəsində çıxış etməyə başlayıb. 



- 2008-ci ilin 11 avqustu... Bu gündən sonra həyatınızda nə dəyişdi?

- Çox müsbət dəyişikliklər oldu. Ailə qurdum, iki övladım dünyaya gəldi. Cənab Prezidentimiz gənc yaşda mənə böyük etimad göstərərək "Şöhrət" ordeninə və şəxsi təqaüdünə layiq gördü. Mənfi məqam isə o oldu ki, olimpiadadan sonra əməliyyat olundum, 8 ay çarpayıda qaldım.
 Dostlar üçün həmin Elnur oldum. Şükürlər olsun ki, xarakter etibarilə dəyişmədim, yanlış istiqamətlərə yönəlmədim. 

"Haqqımda elə şeylər danışırlar ki, başıma hava gəlir"


- Çoxları fikirləşir ki, özünüzdən çox razısınız...

- Mən hamı üçün yaxşı ola bilmərəm. Kimlər ki, deyir, mən özündənrazıyam, ola bilsin onlar məni daha çox istəyirlər. (gülür). Vallah nə deyim...Mən lovğa olub neyləmişəm ki? Bəzən yaxından tanımadığım biri qonaqlığa dəvət edir, mən bu təklifdən imtina edirəm. Hər halda tanımadığım insanla gedib çörək kəsəsi deyiləm. 
Bizdə belədir ki, bir nəfər xalqın sevimlisi olursa, digərlərinin gözü götürmür, başlayırlar onun haqqında mənfi fikirlər söyləməyə. Hələ lovğalıq yarğısı yaxşıdır, hərdən haqqımda elə şeylər danışırlar ki, başıma hava gəlir. Əvvəllər bunlara aqressiv yanaşırdım, amma indi heç əhəmiyyət belə, vermirəm.


- Oğlunuzu gələcəkdə idmançı - daha dəqiq, cüdoçu kimi görmək istəyirsiniz?

- Əlbəttə. İdmançı həyatı çox şərəflidir. Meyli olsa heç vaxt mane olmaram. İstərdim ki, övladım mənə layiq olsun. Necə ki, mən valideynlərimə layiqli övlad olmuşam. İstərdim, o gedib dünya çempionu olsun, evimizdə bayaq siz vurğuladığınız qızıl medal kolleksiyasını tamamlasın(gülür). Amma necə deyərlər, hər oxuyan Molla Pənah olmaz.


- İdman aləmində daha çox kimlərlə yaxınsınız?

- Fərid Mansurov, İlqar Abdulov və Rəşad Əhmədovla yaxın münasibətlərim var. Biz hər həftənin dördüncü günləri yığışaraq, birlikdə futbol oynayırıq.


- Futbolla maraqlanırsınız?

- Çox. 


- Hansı kluba azarkeşlik edirsiniz?

- "Barselona"ya. Klubun stadionunda da olmuşam. 


- Onda sizi təbrik edək; "Barselona" UEFA Çempionlar Liqasının finalındadır. Rəqib də "Yuventus"dur. Sizcə, hansı klub qalib olacaq?

- "Yuventus".


- Niyə elə fikirləşirsiniz?

- "Yuventus"un finala qədər gəlməyi, yarımfinalda hegemon "Real" Madridi məğlub etməyi bir oyundur. Futbol hazırda böyük biznesə çevrilib. Bura qədər irəliləyibsə, "Barselona"nı da məğlub edəcək. Milyonlarla insan bukmeker kontorlarında "Barselona"nın qələbəsinə pul qoyacaq ki, bunun əksi pulların lazımi yerlərə çatmasına zəmin yaradacaq. Futbolçulara milyonlar verilir, onların mənbəyi haradır? Təbii ki, camaatın bukmeker kontorlarına qoyduğu pullar.


- Demək istədiyiniz nə isə qaldı?

- Cənab Prezident və birinci xanım Mehriban Əliyevaya öz təşəkkürümü bildirirəm ki, idmançılara yüksək diqqət və qayğı göstərirlər. I Avropa Oyunlarının ölkəmizdə təşkil olunması tarixi bir hadisədir. İllər, əsirlər keçdikdən sonra hər yerdə deyəcəklər ki, bu turnirin vətəni Azərbaycandır. Bu da bir idmançı, ən əsası Azərbaycan vətəndaşı olaraq mənə qürur hissi verir.

Sahib ƏSƏDBƏYLİ