«QARABAĞ»ın AYĞIRLARI  «LUDOQORETS»İ TAPDAQ-TAPDAQ ELƏDİ - Aqil ABBAS yazır 

AQİL ABBAS
2528 | 2024-08-18 09:00

Qarabağ atları  başqa at növlərindən çox fərqlənir. Məsələn, gözəllikdə ərəb atıdı və qısa məsafədə ərəb atları Qarabağ atlarını keçirlər. Amma uzaq məsafədə Qarabağ atları ərəb atlarına  deyirlər ki,  sən bir nəfəsini al, gəlirik.  Bu da onların sinələrinin daha geniş olması ilə bağlıdır. 

Qarabağ atlarının  başqa atlardan  bir fərqi də odur ki, Qarabağ atları  döyüş atlarıdır, çevikdir, düşmənin zərbələrindən  yayınıb çıxa bilir. Eyni zamanda üstündəki  döyüşçü ilə bərabər  savaşır, həm qabaq ayaqları ilə, həm də ağızları ilə  düşməni parçalayır. 

«Nəsimi» filmində belə bir yer var ey: «Mən sənə at ağızlı  oğlanlar vermişdim». Bu  ifadə də ordan gəlir. 

İndi «Qarabağ» Çempionlar Liqasının  ikinci  təsnifat turunda  Bakıda  uduzmağına baxmayaraq (o da hakimlərin köməyi  ilə),  Bolqarıstanda  «Ludoqorets» komandası ilə Qarabağın ayğırları kimi  döyüşdülər.  Son nəfəsədək çarpışdılar və  möcüzə göstərdilər. Rəqib komandanın  qapısına  onun  öz meydançasında 7 top vurdular. 

7-ci top vurulanda şərhçimiz  çox gözəl bir söz dedi:

- Yeddi oldular, bəy!

Qurban Qurbanov  həm oyunun əvvəlində  uduzanda, həm də sonra  dönüş yaradıb qələbə qolları  vurulanda yenə həmişəki kimi  özünü təmkinli  aparırdı. 

Qurban xoca bir məktəbdir. Bu məktəbin nə sirri varsa, bircə özü bilir.  Qurban xocanın məktəbində ən zəif  oyunçusu da  qısa bir müddətdə ulduza  çevrilir. 

Bu məktəbi atıb gedənlər  başqa komandalarda oyun göstərə bilmirlər və getmələrinə də peşman olurlar.  Çünki həmin komandaların  müəllimləri

Qurban xoca  ola bilməzlər. 

Xocamızı ürəkdən təbrik edirəm, eləcə də  bütün  yetirmələrini.

Eyni zamanda komandanın  direktoru Emrah Çelikeli və prezidenti Tahir Gözəli də  təbrik edirəm. 

Tanrı «Qarabağ»ımızı qorusun! Tanrı  Qurban Qurbanovu qorusun! 

Tanrı həmişə yar və yardımçıları  olsun!
 

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV