Siyasətçilər müharibə, xalq sülh istəyir

MEHMAN CAVADOĞLU
802 | 2022-05-16 17:31

Mayın əvvəlindən davamlı etiraz aksiyaları keçirən Ermənistan müxalifəti iki günlük fasilədən sonra bu gün yenidən küçələrə çıxacaq. Parlamentin sədr müavini və müqavimət hərəkatının koordinatoru İşxan Saqatelyan keçən həftənin axırında keçirdiyi mətbuat konfransında gələn həftədən, yəni artıq bu gündən hərəkatın taktikasının dəyişəcəyini bildirmiş, ancaq yeni taktikanın detalları barədə konkret bir söz deməyib tərəfdarlarını intizar, əleyhdarlarınısa xof içində saxlamışdı.

Paşinyanın hazırda Yerevanın küçələrində meydan sulayan, Gümrüdəsə daşqalaq olunan opponentləri 44 günlük müharibə bitəndən sonra onu devirmək üçün dinc etirazın bütün müasir və arxaik formalarından gen-bol istifadə etsələr də nəinki heç nəyə nail ola bilmədilər, hətta  məğlubiyyətin isti izləriylə keçirilən sırf demokratik seçkini belə biabırcasına uduzdular. Baş nazirin bəxti onda gətirdi ki, postmüharibə dövrünün təlatümləri, sırf erməni üslublu vay-şüvənləri meydana yeni siyasi qüvvə çıxarda bilmədi və o yenə də gözdən düşmüş, etimad limitini itirmiş marginallarla üz-üzə qaldı.

Yuxarida da dediyimiz kimi bu günkü etiraz aksiyalarının koordinatoru İşxan Saqatelyan “Daşnaksütun” partiyasının təmsilçisidir. “Daşnaksütun” hələ XIX əsrin sonarında digər erməni partiysı “Qnçak”dan bir az sonra yaranmış və hayların bütün tarixi müsibətlərinin əsas müəllifi olmuşdu. Bunu biz yox, 1919-cu ildə Ermənistandakı daşnak hökumətinin baş naziri, daşnakların lideri Hovannes Kaçaznuni deyir. O, partiyanın 1923-cü ildə Buxarestdə keçirilən qurultayındakı hesabat məruzəsində təşkilatın bütün səhvlərini və cinayətlərini etiraf eləyir. Dinc müsəlman əhalisinin öldürülməsi, erməni terroru, türk dövlətinə qarşı könüllü silahlı qüvvələrin yaradılması, rusların və ingilislərin əlində alətə çevrilmələri, deportasiya qərarının qaçılmaz olması və s. məsələlərlə bağlı bütün həqiqətləri açıb söyləyir. Konkret şəkildə bildirir ki, artıq “Daşnaksütun”un edəcəyi bir şey qalmayıb, partiya intihara məhkumdur. Erməni xalqına qarşı törədilən bütün cinayətlərin baiskarı daşnaklar və onların rəhbərləridir. (Yeri gəlmişkən, həmin məruzə adalet.az saytında dərc olunub)

Hazırda daşnakların əvvəlki nüfuzundan əsər-əlamət qalmasa da, Kazaçnuninin bu cür tükürpədici etiraflarına rəğmən partiya hələ də tarixin arxivinə gömülməyib. Düzdür, xeyli kiçilib və marginallaşıb. Bir vaxtlar ingilislərə, ruslara quyruq bulayan, onların komandasiyla oturub-duranların indiki tör-töküntüləri artıq Qarabağ ermənilərinin odioz lideri Köçəryanın ümidinə qalıblar. Təsadüfi deyil ki, bu gün Yerevandakı etiraz aksiyalarını idarə eləyən Saqatelyan da məhz onun siyahısıyla parlamentə düşüb.

Artıq xeyli müddətdir davam eləyən etiraz aksiyalarının ən ilginc məqamı Paşinyanın davranışlarıdır. Baş nazir çılğın xarakter sahibi olsa da özünü xeyli təmkinli və arxayın aparır, nə daxili iş rejimini dəyişir, nə də xarici səfərlərinin qrafikinə əl gəzdirir. Hərçənd, etirazçıların yeganə məqsədinin Qarabağ yox, məhz onu hakimiyyətdən uzaqlaşdırmaq olduğunu da yaxşı bilir. Heç onlar da bu niyyətlərini gizlətmir, gecə-gündüz “istefa” deyə bağırırlar. Əslində, onlar bu niyyətlərini heç gizlətməyə də çalışmırlar.

Bu baxımdan bir neçə gün əvvəl meydana təşrif buyurmuş üçüncü prezident Serj Sərkisyan jurnalistin “Şuşanı azad eləmək mümkündürmü?” sualına verdiyi cavab çox maraqlıdır: “Bu gün erməniliyin (Ermənistanın və ermənilərin yox, məhz erməniliyin. Xəstə təfəkkür daşıyıcısı olan toplumların leksikonunda belə ibarəli deyimlərə tez-tez rast gəlmək mümkündür) qarşısında başqa vəzifə durur – bu adamları hakimiyyətdən kənarlaşdırmaq və ciddi problemlərin həlliylə məşğul olmaq.

Paşinyanın bu qazularına rəğmən hazırda Qarabağ ermənilərinin avantürasından can doymuş Ermənistan əhalisi arasında tamam başqa ovqat hökm, onlar Paşinyanı devirib Qarabağ klanını hakimiyyətə gətirmək yox, indiyədək erməni cəmiyyətində heç kimin dilinə gətirməyə cürət eləmədiyi tamam fərqli perspektivlər barədə düşünürlər.

Bu günlərdə bir qrup fəal şəxs Epress.am saytında “Sülh – başqa heç nə” başlıqlı müraciət yerləşdiriblər. Müraciətdə hazırda Robert Köçəryan və Serj Sərkisyanın Yerevan küçələrində mitinq edən tərəfdarları haqqında sərt ifadələr işlədir, ərazi iddiasından birdəfəlik əl çəkməyin vacibliyi qeyd edilir, sülh və dinc birgəyaşayışın alternativi olmadığı bildirilir.

Qarabağ məsələsi ətrafında alver edən müharibə partiyalarıının fəaliyyətinin qadağan olunmasının vaxtı çatdığını deyən müraciət müəllifləri daha sonra yazırlar ki, özünü millətin xilaskarı adlandıran siyasətçilərin heç biri nə Azərbaycan, nə də Türkiyə ilə vuruşası deyil. Odur ki, hazırda erməni qisasçılığının yeganə  hədəfi vətən uğrunda ölmək yox, öz ölkəsində azad, xoşbəxt və ləyaqətlə yaşamaq istəyən bizim kimi “daxili türklər”dir... “Biz Ermənistan Respublikasının legitim hakimiyyətindən tələb edirik ki, Qarabağ konfliktini sülh müqaviləsiylə həll eləməklə bağlı öz vədlərinə əməl etsin. Biz sülh, yalnız sülh  tələb edirik”. – deyə müraciətin sonunda deyilir.

Müraciəti imzalayanlar arasında ziyalılardan tutmuş evdar qadınlara kimi müxtəlif sosial zümrəyə məxsus insanların olması göstərir ki, başı əhlət daşına dəymiş erməni cəmiyyəti nəhayət, ayılmağa və reallıqlara adekvat reaksiya verməyə başlayır.

Uzun illərdir ki, öz yaxın qonşularına qarşı kinə və nifrətə köklənmiş bir toplumda bu məzmunda bir müraciətin peyda olması həqiqətən çox mühüm hadisədir. İndiyə kimi ermənilər nə çəkibsə öz başbilənlərindən çəkib. Erməni kilsəsinn, ziyalısının, siyasətçisinin sərhəd tanımayan ambisiyası  və aqressiv təfəkkürü sonda sıravi erməninin başında çatlayıb. Kazaçnuninin yuxarıda adını çəkdiyimiz məruzəsi də məhz bu həqiqətlərin etirafı baxımından maraqlıdır. Onun yazdıqlarından nəticə çıxarmayanlar çox güman ki, bu son müraciəti də qulaqardına vuracaqlar.

Amma buna baxmayaraq belə təşəbbüslərin sayı nə qədər çox olsa bir o qədər yaxşıdır. Vaxt gələr, bəhrə verər və ermənilər öz əlləriylə Ndjenin heykəllərinin uçurdub yerində Kazaçnuninin heykəllərini ucaldarlar.

M.Cavadoğlu

TƏQVİM / ARXİV