adalet.az header logo
  • Bakı 25°C
  • USD 1.7

Aqil ABBAS: YAĞIŞ YAĞMASA, QANIN GETDİ

AQİL ABBAS
267 | 2022-05-23 14:33

Həbsxana kamerasında 4 nəfər  yatır.  Bunların  üçü  «vor zakon»du, biri də  bədbəxtin biri və səhər azadlığa  çıxacaq. Söhbət belə olur ki,  heç kəs danışmasın. Kimin ağzından nə  çıxsa cavabdehdi. Hərə bir küncdə oturub danışmağa  qorxur ki,  sözündən yapışıb  «sxodka»ya çıxararlar.

Axşam tərəfi  Bədbəxt kameranın  nəfəsliyindən havaya baxıb deyir:

- Deyəsən, yağış yağacaq.

Vor zakonların  üçü də birdən səslənir:

- Yağış yağmasa, qanın getdi.

İndi saytlarda, sosial şəbəkələrdə ən çox söyülənlər  ziyalılardı: «Niyə susursunuz?», «Niyə xalqın  sözünü  demirsiniz?», «Hara baxırsınız?», «Niyə xalqdan  aralı düşmüsünüz?» və sair və ilaxır.

90-cı illərin  əvvəllərində «orta  müxalifət» deyilən bir  anlayış vardı. Bu anlayışı da əslində mətbuata «Ədalət» qəzeti gətirmişdi.  Anlayışı yaradan isə orta müxalifətin lideri, həm iqtidarın, həm də müxalifətin nəinki  zəhləsi gedən, nifrət etdiyi rəhmətlik ədəbiyyatşünas, tənqidçi Aydın Məmmədov idi. Avtoqəzaya salıb öldürdülər.  Ona görə hər iki tərəfin  zəhləsi  gedirdi ki, heç kimin yanında deyildi, hər iki tərəfə sözün düzünü deyirdi. Düz sözü deyəni də yeddi köydən qovarlar.

Aydın Məmmədovdan sonra  «orta müxalifət» anlayışı onunla birlikdə öldü, ya radikal iqtidar oldu, ya da radikal müxalifət.

Heç kəs orta müxalifətdə dayanıb  döyülüb, söyülmək istəmədi. Düzdür, buna cəhdlər oldu, indi də var, amma radikal müxalifət onları «avtobus müxalifəti» adlandırır.

Və əslində ziyalılar susmurlar, danışırlar. Amma danışan kimi də düşürlər  o kameradakı Bədbəxtin gününə. «Vor zakon»ları da trollar  əvəzləyir: iqtidarın  trolları, müxalifətin trolları, bir də dınqıra süzən cahillər.

Çətini  ağzını açanacandı:

- Deyəsən, yağış yağacaq…

Ziyalının  ağzından  çıxan söz  haqq söz olsa da, ədalətli söz olsa da mütləq bir qulp  tapıb qoyacaqlar, saytlar və sosial şəbəkələr də  demədiyi sözü və ya haqq dediyi sözü kontekstdən çıxarıb  yayacaqlar, özlərindən  gündəm düzəldəcəklər. Ziyalıya da həm sağdan, həm soldan, həm də yuxarıdan elə qapazlar gələcək ki, heç Məhəmməd Əli onun  altından çıxa bilməz.

Və ziyalılar da görürlər ki, onları bihörmət edirlər, ona görə də çox zaman abırlarına  qısılıb danışmamağa  üstünlük verirlər.

Bir ölkədə ki Üzeyir Mehdizadə Üzeyir Hacıbəyovdan daha çox sevilə və populyar ola, day nə deyim?

Bir ölkədə ki 10 milyondan çox əhali yaşaya, 4 mindən çox (məktəblər də daxil olmaqla) kitabxana ola, çıxan kitabların tirajları 300-500 (nadir hallarda 1000) ola, nədən danışaq?

Saytlar, sosial şəbəkələr  trolların əlində, özəl telekanallar da müğənnilərin əlində.

Əvvəllər  ziyalılar çayxanalara  yığışardı, indi çayxanalar da ləğv olunub, ya da  çay o qiymətə satılır ki, gərək ziyalılar atışıb bir çaynik  çay içələr.

İndi bu yazını  sosial şəbəkələrdə paylaşıb trolları  salacaqlar üstümə.

Məmməd Araz deyir:

 

Nə qədər ki  öz əlimdi  yazanım,

Ürəyimsiz kəlmə  yazan deyiləm!

 

İndi nə qədər sözümün başına ip salsalar da, trollar  üstümə tökülsə də, nə qədər ki öz əlimdi yazanım, ürəyimdən keçənləri yazacam.

TƏQVİM / ARXİV