adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Aqil ABBAS: ƏNTİQƏ RƏŞİD: ƏRİNİN ƏVƏZİNƏ DÖYÜŞƏN XANIM 

AQİL ABBAS
210297 | 2021-07-22 14:58

Od parçasıdı, belə bir söz var ey, dəyirmanın gözünə  ölü atsan, diri  çıxar. Tanrı ona istedad da  verib, cəsarət də, üç-dörd kişi ilə əlbəyaxa döyüşməyə güc də, əvəzində  çox şeyini  alıb. Yurd-yuvası dağılıb, əzizləri müharibədə  şəhid olub, gəncliyini alıb. Məşhur filmdəki mahnıda deyildiyi kimi: «Bir xoş gün görmədim mən bu dünyada». Bir xoş gün görməyib bu  dünyada. Xoşbəxtliyi  üç şeydə görür: ailəsində, hələ də uzaqdan baxdığı azad olunmuş Ağdamda və bir də yazmaqda. Anası əsgər doğub bu qızı. Ona görə ailə quranda da əsgərlə ailə qurub. Əri İsmayıl Novruzov  Birinci Qarabağ  müharibəsinin  döyüşçülərindən biridi. İkinci qrup  Qarabağ əlilidi. Bədənində 23 düşmən  qəlpəsi  gəzdirir. Biri də ürəyindən bir neçə millimetr kənardadı. Bu qəlpələri də çıxarmaq mümkün deyil. İş qabiliyyətini itirib. Həkimlər 3 kiloqramdan artıq yük götürməyi qadağan ediblər ki, ürəyinin yanındakı qəlpə tərpənə bilər.

Sağ olsun bizim  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  bədənində 23 qəlpə gəzdirən İsmayıl Novruzovun əlilliyini 2-ci qrupdan 3-cü qrupa keçirib. Ona görə sağ  olsun  yazıram ki, istəsəydilər əlilliyini  və pensiyasını da ləğv edə bilərdilər, kim nə deyəsiydi ki?!

Xanım ər seçəndə  bax, belə bir igidi ər seçib. Rəşid  adlı  10 yaşlı bir oğlu da var, onu da atası kimi, özü kimi  əsgər kimi yetişdirir.

Hələ İkinci Qarabağ müharibəsi  başlamamışdı. Yadınızdadırsa, cəbhə xəttinə təkər daşıyırdılar, şpal daşıyırdılar. Səngər möhkəmlədirdilər, qazilər  hamısı  bu  hərəkatda fəal idi. Onun da  əri qazidi, amma məlum səbəbdən bu hərəkatda iştirak edə bilmirdi. Onda bu xanım ərini İkinci Qarabağ savaşında da əvəz elədi. Məndən icazə alıb üz tutdu Ağdama. Təkər daşıdı, şpal daşıdı, səngər qazdı qazilərlə birlikdə. 44 günlük müharibədə də geri dönmədi, döyüşən əsgərlərin yanında oldu. O da döyüşdü, amma qələmi ilə. Hər gün saytımıza və qəzetimizə cəbhədən ən doğru  xəbərləri  göndərirdi. Göndərdiyi  şəkillərin birində hələ onda Qərvənd azad olunmamışdı, səngərdən Qərvəndə baxdığı bir şəkili  göndərmişdi. Əgər kiminsə duası ilə Qarabağı azad etmişiksə, onun baxışları ilə Qarabağı niyə azad etməyəydik ki? O baxışlarda nələr vardı, ilahi? Səsi yetən yerə əli yetməyən bu xanımın o baxışlarını Tanrı görürdü. İndi səsi də yetir, əli də yetir.

Düzdür, azad olunmuş torpaqlara aparılan jurnalistlərin  siyahısında onun  adı heç vaxt olmayıb. Bəlkə də burda mənim də günahım var , amma  böyük  günah o siyahını tutanlardadı. Görünür, o siyahını tutanlar  qəzetləri yaxşı oxumur, saytları da yaxşı izləmirlər ki, görən kimlər müharibədə harda olub.

Nə isə… Sosial  şəbəkədə bir gileyinə  rast gəldim.  Və bu bayram günündə  bu gileyinə görə də onu bərk  danladım.  Mətbuat Şurası bir qrup jurnalistə diplom  təqdim edib, savaşdan  yazan  jurnalistlərə. Amma onun adı həmin siyahıda  yoxdu. Mən də ona dedim ki, qızım, diplomu neyləyirsən, sən ən böyük mükafatını  almısan da! Özü də  Möhtərəm Prezident İlham Əliyevdən almısan – Qarabağ da azad olunub, Ağdam da, doğulduğun  Qərvənd kəndi də, day nə istəyirsən?

Dedim, mükafatın əmində, maaşını  600 manata qaldırıram, gücüm buna çatır.

Qaldı diploma, istəyirsən birini  yazım verim, nə çətin şeydi?  Lap istəyirsən yazım «İlin jurnalisti». Guya onda nə olasıdı ki?

Sən yenə bir gün Möhtərəm Prezidentdən bir mükafat alacaqsan – o da yəqin ki, «Əməkdar jurnalist» fəxri adı olacaq.

Sonda. Mən bu yazını  bilgisayara  diqtə edərkən  Ağdam rayon İcra Hakimiyyətinin  başçısı  Vaqif Həsənov  telefon açdı və dedi ki, sizin müxbiriniz Əntiqə Rəşid müharibə dövrü Ağdamda – cəbhə xəttində olub, çox əziyyət  çəkib, çox gözəl yazılar  yazıb və biz də onu mükafatlandırmışıq. Və Mətbuat günü münasibətilə Əntiqə Rəşidi ayrıca təbrik elədi.

Belə-belə işlər, Mətbuat Şurası.

TƏQVİM / ARXİV