adalet.az header logo
  • Bakı -°C

GÜLLƏLƏR ALTINDA GÖNDƏRİLƏN MESAJ - Aqil ABBAS yazır

AQİL ABBAS
454 | 2026-02-18 15:00
A- A+

Bu günlərdə «Dolu» filminin Komandiri, Azərbaycanın Xalq artisti Məmməd Səfa müəllim mənə qəribə bir video göndərdi. 44 günlük müharibənin şıdırığı vaxtında Hüseyn Mustafayev adlı bir döyüşçü güllələr altında həyəcanla Komandirə telefon açıb ona minnətdarlığını çatdırır.

Deyir:

- Komandir, döyüşdən əvvəl Dolu filmini izlədik. Kinodan çox təsirlənmişdim. Mən sizi bir  dəfə avtobusda görmüşəm. Dolu filminə  baxanda  siz yadıma düşdünüz. Filmdən sarsıldım, biz gəncləri  vətənpərvər ruhda siz yetişdirmisiniz...  Komandir, salam. Bilmirəm məni tanıyacaqsınız, ya yox, bir dəfə avtobusda getmişdik, sizi görəndə gözüm dolmuşdu. Soruşdum ki, Dolunun ikinci hissəsini çəkəcəksiniz, dediniz ki, maliyyə problemi var.  Filmin sonunda siz  getdinz barrikadanı keçdiz ey, Drakonla Pələnglə, Komandir, biz bacardıq, ora biz qayıdacağıq. O  filmin ikinci hissəsini orda çəkərik? Komandir, mən Pələngəm, Pələng olacam. Yeriniz   görsənir, Komandir.

Komandir də deyir:

- İnşallah, ikinci hissəni biz sizinlə bir yerdə çəkəcəyik.

Döyüşçü:

- Qarabağ Azərbaycandır!

Həmin videonu  və  həmin zəngi istəsəniz saytımızda izləyə bilərsiniz, çünki mən burda qısa yazmışam. 

Bax: 

Mən «Dolu» romanını 2008-ci ildə yazmışdım. 2012-ci ildə də film çəkilib. Mən qələbəmizə inanırdım və milləti də, gəncləri də Qarabağı azad edəcəyimizə inandırmağa çalışırdım. Və inandıra da bildim. Mən xoşbəxtəm ki, həm Şuşada bayrağımızın sancıldığını gördüm, Qarabağın azad olunmağını gördüm, həm də xoşbəxtəm ki, öz imkanım daxilində döyüşçülərə bu film  vasitəsilə  ruh vermişəm, qələbəyə inandırmışam.

«Dolu-2» filminin ssenarisi də yazılıb və Mədəniyyət Nazirliyinə təqdim olunub. Və inanıram ki, bu film əvvəlkindən də təsirli olacaq.

«Dolu» filmi çəkiləndən sonra mənə zəng edib dedilər ki, Vasif Talıbov səni Naxçıvana dəvət edir, filminlə birlikdə.  Getdim. Akademik İsa Həbibbəyli qarşıladı, onda Naxçıvan Universitetinin rektoru idi. Təxminən  bir həftə Naxçıvandakı ali məktəblərdə, hərbi hissələrdə görüşüm oldu. Naxçıvanın  Gənclik Mərkəzində filmlə bağlı çox geniş bir tədbir keçirildi. Burda da film göstərildi və müzakirə olundu.

Geri qayıtmaq istəyəndə dedilər ki, Vasif müəllim səni görmək istəyir. Kabinetində bir çay süfrəsi arxasında təxminən iki saat söhbətləşdik. Film çox xoşuna gəlmişdi, əsəri də oxumuşdu. Mənə dedi ki, bütün hərbi  hissələrə və məktəblərə televiziya və aparatura bağışlamışam ki, tez-tez bu filmi  izləsinlər və qələbəyə ruhlansınlar.

Bir də soruşdu ki, niyə  tez gedirsən, hələ səninlə görüşmək istəyənlər çoxdur.

Dedim:

- Vasif müəllim, adamı iki cür qovurlar – bir üzünə baxmırlar çıxıb gedir, bir də üzünə yaxşı baxırlar, utandığından çıxıb gedir. İndi Naxçıvan camaatından o qədər mehribançılıq gördüm ki, bu mehribançılıqdan utanıb gedirəm.

İndi bu  videoya baxanda gördüm ki, heç demə, döyüşdən əvvəl əsgərlərimizə  ruh vermək üçün «Dolu» filmini göstərirmişlər.

Hüseyn Mustafayev hərbçidi. Şükürlər olsun ki, 44 günlük müharibədən də  sağ-salamat qayıdıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qarşılarında baş əyirik, qazilərimizə də can sağlığı versin. Allah Müzəffər Ali Baş Komandanımız İlham Əliyevi qorusun! Onun sərkərdəliyi sayəsində 200 illik  bir töhmətdən qurtulduq. İndi alnımız açıqdı, başımız da uca.

Və sonda. Hərbçi dostum Hüseyn Mustafayevi də redaksiyamızda görmək istərdim.

TƏQVİM / ARXİV