Son 3-4 gündə o qədər informasiya çirkliliyi yarandı ki, sanki çaya sel gəldi və lil gətirdi. Nə düzdür, nə səhvdir seçmək olmur.
Kimin dediyi nədir, nəyə əsaslanır, hər hansı fikirlə cəmiyyətin nəbzimi ölçülür, yoxsa eyforiyadan nə dediklərini bilmirlərmi, çaşıb qalırsan. Bu informasiya çirkliliyinin qarşısı necəsə alınmalıdır.
Polad Bülbüloğlunun dünənki müsahibəsində "ən yaxşı halda mədəni muxtariyyət ola bilər" fikri, başlığa "Bakı mədəni muxtariyyət verməyə hazırdır" kimi çıxarılmışdı ki, o da sanki rəsmi Bakı ermənilərə səfir vasitəsi ilə mesaj ünvanlayıb təəssüratı yaratdı. Əslində bu iki fikir arasında böyük fərq var.
Məsələn, fərd olaraq, o fikri belə başa düşmüşdüm - Polad demək istəyib ki, ermənilər boşuna böyük xəyallar qurmasınlar. Heç nə əvvəlki kimi olmayacaq. Heç bir muxtariyyətdən filandan söhbət gedə bilməz, ən yaxşı halda mədəni muxtariyyət ola bilər..."Ən yaxşı halda ola bilər" hələ OLACAQ demək deyil."
Eyni zamanda da düşündüm ki, səfir belə bir məsələdə özündən nəsə deməz. Yəqin ki, müəyyən təlimatlar var və onun əsasında deyib - məsələn, cəmiyyətin reaksiyası, nəbzinin yoxlanması - səbəbindən...
Hamı da özünə görə bir şey fikirləşdi, istənilən halda cəmiyyətdə narazılıq və qıcıq yarandı - həm o tərəf, həm bu tərəfdə...
Hikmət Hacıyev də axşam çıxdı dedi "məsələnin mahiyyətinə varmadan Azərbaycanın Rusiyadakı səfirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədikləri qəbuledilməzdir. Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri və digər rəsmi şəxsləri ölkənin rəsmi mövqeyinə və Prezident İlham Əliyevin yürütdüyü siyasətə zidd olan ÖZBAŞINA açıqlamaların verilməsindən çəkinməlidirlər”.
Hesab edirəm ki, necə ki, bu 44 gündə informasiya çirkliliyinə yol verilməmişdi, yenə də o xətti sona kimi saxlamaq vacibdir.
Sentyabrın 27-dən bu yana necə idi? Bütün bu tip məsələlərlə bağlı xalqı narahat edən istənilən suala ya H. Hacıyev rəsmi qaydada aydınlıq gətirirdi, ya Ali Baş Komandan, ya da MN.
Belə də davam etsə, işin xeyrinə olmazmı?
İmzalanan razılaşma da insanların əksəriyyətində "ennn" qədər sual doğurub, müzakirələr, mübahisələr bitmək bilmir. Rəsmilər bunları da təbii ki, görürlər və bilirlər.
Adamlara "sən bunu düşünmə", "bu sualı vermə" demək yox, yaranan suallara cavab vermək və beyinləri rahat etmək lazımdır.. Hələki bu suallar ətrafında fikir sahibi hesab etdiyimiz rəsmilərdən heç bir reaksiya gəlməyib. Amma Bülbüloğlunun fikrinin doğurduğu narazılığa anında cavab verildi.
Hesab edirəm ki, əgər səfir razılaşmadan danışanda səhv edirsə və hətta ÖZBAŞINA nəsə deyə bilirsə, deməli, cəmiyyətdə sual ünvanlayanlara təpki göstərmək, linç etmək yox, aydın şəkildə 1 -2 cümlə ilə cavab verilməlidir.
Əgər hansısa suala indiki vəziyyətdə cavab vermək olmazsa, yenə də həmin o inandığımız şəxsələr çıxıb "əziz adamlar, məsələ düşündüyünüz kimi deyil, narahat olmayın, biraz səbrli olun, zamanı gələndə bu suala da aydınlıq gətiriləcək" demək daha aydın cavab olar, nəinki hansısa başqa rəsmi şəxs çıxsın nəyisə şərh etsin, ara qarışsın, məzhəb itsin, sonra da digər rəsmi çıxıb təkzib versin...
Bu məsələlərdə hansısa səfirin, deputatın və ya ictimai fikir sahibinin şərhləri cəmiyyətə heç nə vermir, əminlik yaratmır, əksinə narahatlıq daha da dərinləşir...
Təklif edirəm ki, bu məsələlər ətrafında yaranan bütün suallara Prezidentin köməkçiləri cavab versin - Hikmət müəllim və hərbi məsələlər üzrə köməkçi Məhərrəm müəllim. Cammat da bilsin ki, bu sualın cavabı indiki halda belədir.
Bu 3-4 gün ərzində yaranan informasiya çirkliliyi, həm insanların narahatlığını birə-beş artırır, həm görülən işlərə kölgə salır, həm də biz xəbər adamları qalırıq çaş-baş.
Bizim işimiz informasiya verməkdir və veririk. Bir də baxırsan ki, əsas məsələlər qalıb kənarda, şərhlərdə insanla bir-birlərinə girib.
Hamı haqlı olaraq beynindəki suala cavab axtarır və o cavabını fikrinə əmin olduğu rəsmi şəxslərdən almadan rahatlıq tapa bilmir.
Odur ki, əzizimiz Hikmət müəllim, bu 44 günlük iformasiya xəttinə qayıdın, xahiş edirik sizdən.
Bu qədər informasiya çirkliliyi çox narahat edir və öz adıma deməsəm olmazdı.