adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

«QARABAĞ» KİMİN YERİNİ DAR EDİR, GÖRƏN? - Aqil ABBAS yazır

AQİL ABBAS
396 | 2022-12-07 09:10

«Qarabağ»ın uğurları deyəsən çoxlarını narahat edir. Bir tərəfdən paxıllıq, bir tərəfdən qısqanclıq, bir tərəfdən gözügötürməzlik. Ay «Qarabağ»ın pulu çoxdu.

Dostlar, «Qarabağ» halal oyunları ilə, zəhməti ilə qazanıb o pulları. Avropadakı oyunları ilə qazanıb o pulları. «Qarabağ» həm Avropaya, həm də dünyaya sübut etdi ki, Azərbaycanda da futbol oynaya bilirlər.

Qurban Qurbanov fərqli bir komanda yaradıb. Təmkini və soyuqqanlılığı ilə də hamıdan fərqlənir.

Braziliya Cənubi Koreyaya qol vuranda braziliyalıların baş məşqçisi Tite sevindiyindən elə hoppanıb düşürdü ki, hətta evdəkilər də soruşdu ki, bu niyə belə edir?

Və Dünya Çempionatına baxırsınız, oyun gedə-gedə məşqçilər hamısı əlində qələm-dəftər nəysə qeyd edir, oyunçuları yanına çağırıb göstərişlər verir, komanda ilə o tərəf-bu tərəfə yürüyür. Hələ bəzən kənardan hakimlərin də işinə müdaxilə edir.

Bu hərəkətləri Qurban Qurbanovda görə bilməzsiniz. Çünki bütün tapşırıqları oyundan əvvəl verib, futbolçu səhv edəndə də oyuna müdaxilə edib onu ruhdan salmır, üstünə bağırmır. Lobanovski kimi oturur, amma Lobanovski kimi yerində də çalxalanmır.

Nə isə. İndi oxuyuram ki, «Qarabağ»da korrupsiya aşkar edilib. Pah atonnan. Heç demə, ispan futbolçu gətiriblər – ili 400 min manata, amma indiyədək cəmi 4 oyuna buraxıb Qurban onu. Qurban Qurbanov kimi nə vaxt oynadacağını və oyuna buraxacağını bəlkə sizlə məsləhətləşməlidir?

«Qarabağ»ın uğurunun biri də bilirsiz nədi? Klubun prezidenti Gözəl bəy Qurban Qurbanovun işinə qarışmır. Başqa klublarda isə prezidentlərlə məşqçilər arasında umu-küsü, hətta dava-dalaş da var. Komanda məşqçinindir, prezidentin vəzifəsi isə komandanı maliyyələşdirməkdir.

Artıq «Qarabağ» komandası özü-özünü maliyyələşdirir. Və hətta təsisçilər «Qarabağ»ın qazancından öz paylarını, faizlərini götürürlər. Belə bir halda hansı korrupsiyadan söhbət gedə bilər?

Gedin bir az o tərəfdə oynayın, «Qarabağ»ın oyunlarına qarışmayın.

«Qarabağ»ı «korrupsiyada» ittiham edən jurnalist də çox yaxşı bilir ki, Hoca onu məhkəməyə verməyəcək, belə şeyləri sevmir.

Və… Əl çəkin «Qarabağ»dan!

TƏQVİM / ARXİV