adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

KİÇİK DƏRDLƏRİMİZ

FƏRİDƏ RƏHİMLİ
18029 | 2019-01-25 22:03
Son illər ölkə xaricinə çıxarkən yollarda millətimin yolçu fərdlərinin xarakterik xüsusiyyətlərini izləməyə məcbur oluram. Qanuna tabe olmaq istəməyən, qaydalara uymayan, standartlara sığmayan insanları anlamağa çalışıram. Bəzən təəssüflənirəm, bəzən əsəbləşirəm, bəzən də gülürəm. Gəldiyim son qənaətsə budur ki, bu millətin öz qaydaları var - heç bir yerdə yazılmayan, qəbul edilməyən. Yetmiş il "boyunduruğu altında yaşadığımız" rus "zakonları"na uymayan, hətta adi növbə qaydalarını belə öyrənməyən bizlər bundan sonra hansı standarta uyacağıq ki? İndi daha azadıq, özgürük, istədiyimizi eləyə bilirik! Təəssüf ki, bu azadlıq, özgürlük ona hazır olmadan verildi bizə. Və biz də o "azadlığı" hara, necə sərf edəcəyimizi bilmədən aldıq. Qaldı əlimizdə, dəyər-dəyməzinə sağa-sola xərcləyirik...
Arxadan nəfəsini boyun-boğazımda, çantasını belimdə hiss elədiyim qadına üç dəfə çevrilib baxsam da halını pozmadan davam edir. Niyə basabas salırsınız ki, keçəndən sonra saatlarca keçid məntəqəsində gözləməli olacaqsınız. Olmazmı ki, burda növbəylə, bir-birimizi incitmədən dayanaraq keçək?- deyərək əsəblərimi cilovlayıram. Qarşıda bir nəfərlik yer boşalan kimi sözlər havaya uçur, hər kəs qarşıya birinci keçməyə çalışır. Beləliklə, qan-tər içində bir-birinə əziyyət verərək keçirlər. Bayırda çox soyuqdu və tərləyənlər bir-bir öksürməyə başlayırlar. Bir azdan baqaj açılacaq, çamadanlar götürüləcək. Əsl həngamə də onda başlayır. Sərnişinlərin qabağına yüyürərək qapıdan çıxmağa imkan vermədən yük daşımaq lazımdımı soruşan fəhlədən, siqaret, içki, uşaq bezi keçirməkdə yardım etməyi xahiş edən alverçilərdən tutmuş çamadan sahiblərinə qədər hər kəs az qala baqaja girirlər. Hər çamadan üzərinə sərnişinin oturduğu nömrə yazılmasına və sürücü köməkçisinin o nömrəyə əsasən sahibini çağırmasına baxmayaraq heç kim tərpənmir yerindən. Hər kəs digərinə mane olaraq işini çətinləşdirir. Biri çəkib baxır, onun deyilsə tullayıb torpağın içinə, özününükünü axtarmağa davam edir. Bəzən də tapdayıb keçirlər.
Kənardan baxanda o qədər rəzil görünürük ki. Bilmirsən millətin bu halına əsəbiləşəsən, yoxsa başqa millətin məmurunun bu millətə alçaldıcı sözlərlə müraciət etməsinə...
Bir zamanlar millətinin özünü elit sayan zümrəsi savadsız, cahil insanlara "tərəkəmə" deyərdilər. Bu da bir növ öz millətinə yuxarıdan aşağı baxmaq idi. Onu öz millətin edəndə sanki o qədər təhqiredici deyildi. Amma başqa millətin sənin millətini təhqir etməsi və kənardan ikrahedici baxışlarla süzməsi çox ağırdı...
Bunları seyr etdikcə düşünürəm ki, bizim millət həqiqətən qurd xislətlidi. Amma bu fikrimi boz qurd mifinin eyforiyasından qürrələnərək yazmıram. Bildiyiniz kimi canavar yeganə heyvandı ki, onu əhliləşdirmək mümkün deyil. Bu bəlkə də yaxşı olardı, əgər o "qurd" doğru səmtdə inadkar olsaydı. Məsələn, torpaq təəssübündə, yurd keşikçiliyində, namus-qeyrət məsələsində.
Mirzə Ələkbər Sabirin dərdləriylə eyni olan dərdlərimizin tarixi yüz illəri keçib. "Əcnəbilər göydə balonlarla gəzir, biz hələ avtomobil minməyiriz" deyirdi rəhmətlik. Avtomobilə də, balonlara da mindik, kəşflər də etdik, amma əsas məsələ - özümüzü kəşf edə bilmirik. Əslində şair Qürbət Əziz kəşf eləmişdi: "Bu millət Allahın möcüzəsidi" deməklə.
Nəysə, bu kiçik görünən, amma əslində böyük olan dərdlərimdən birini sizinlə paylaşdım. İnşallah bir gün heç olmasa növbədə durmağı da öyrənərik.

TƏQVİM / ARXİV