SON DƏQİQƏ:

YENİ GÜN OVQATI

  24539   |  
Şriftin ölçüsü  

"Novruz bizim ən qədim

milli bayramımızdır.

O xalqın ən əziz bayramıdır."

Heydər Əliyev.

Baharın gəlişini müjdələyən, qəlblərə sevgi, sevinc, ilıqlıq gətirən Novruz, əminliklə deyə bilərəm ki, xalqımızın sevdiyi ən əziz, ən gözəl bayramlardan birincisidir. Azərbaycan xalqının bir çox bayramları mövcuddur, amma Novruzun yeri tamam başqadır.

Xalqımızın lap qədimdən gələn bu bayramla insanlara həmişə həyatın çətinliklərinə sinə gəlməsi, dərd-qəmini unutmağa çalışması aşılanır, bu bayramı yüksək əhval-ruhiyyə ilə, əməyə məhəbbətlə keçirirlər. Çünki Novruz adətlərində ulu babalarımızın müdrikliyi, dünyagörüşü, humanistliyi özünü göstərir. Novruz sərhəd bilməyən, çox geniş yayılan, yazın gəlməsini, yeni əmək mövsümünün başlanmasını vəsf edən böyük el bayramıdır.

Klassik poeziyamızın ən parlaq ulduzu sayılan Nizami Gəncəvi Novruz bayramı günlərində havanın tam özgə hava olduğunu, gül-çiçəyin gözəlliyini, aləmin nura boyandığını yaradıcılığında tərənnüm edib. Ədəbiyyatımızın əzəmətli sütunlarından biri klassik şairimiz Məhəmməd Füzuli də öz qəsidəsində "cahanın xoş dəmləri var" deyərək təbiətdə baş verən dəyişiklikləri poetik dillə könül şairi kimi tərənnüm edib.

Şah İsmayıl Xətai "Dəhnamə" əsərində fəsilin dəyişilməsi, baharın gəlməsi ilə bitkilərin oyanmasını, torpağın, havanın dəyişməsini, quşların daha da canlı hərəkətini tərənnüm edib. Novruz bayramında M.P.Vaqifin diqqətini cəlb edən isə, cəmiyyətdəki ictimai məsələlər, iqtisadi problemlərdir. Yəni el adətinə görə, Novruz bayramında hamı - kasıb da, varlı da özünə ocaq yandırıb, qazan asmalı, ailəni, uşağı sevindirməlidir. Ancaq şairi kəndlinin acınacaqlı yaşayışı, özünə ruzi belə tapa bilməməsi düşündürürdü. Şair "Bayram oldu" şeirində Novruz ərəfəsində insanların hansı məsuliyyət hissi ilə qarşılaşdığını qələmə alıb. Novruz bayramına S.Ə.Şirvani, Q.B.Zakir, M.Ə.Sabir, Aşıq Ələsgər də biganə qalmamışlar. Əsasən Aşıq Ələsgərin yaradıcılığında bayram mövzusunun tərənnümü qırmızı bir xətt kimi onun poeziyasından keçir.

Bütün dövrlərdə qüdrətli söz ustalarımız Novruzu baharın gəlişi ilə səciyyələndiriblər. Bahar şeirin-sənətin gözü, təbiətin ən gözəl qızıdır. Xalq şairi S.Vurğuna görə, gözəlliklə yanaşı, bu bayram xalqımızın ən ulu, ən müqəddəs bayramıdır.

Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşğunluğu, torpağa, insana məhəbbət bayramı kimi ta qədim zamanlardan sevilib. Bu bayramda yaxşılıq, xeyirxahlıq, Vətəni sevmək kimi yüksək keyfiyyətlər əks olunur.

Ulu dədələrimizdən bizə çatan məlumat budur ki, bayram günü küsülülər barışar, qəmli-qüssəli oturmaq olmaz, səməni göyərdilməsinin ayrıca yeri var. Həm də belə bir inanc da qeyd edilir ki, bu bayram günlərində öz evində olmayan, 7 il evində olmaz. Məhz bunun üçün də gərək hamı bayramı öz evində keçirsin.

Adətən Novruz bayramında xalqı şadlandırmaq və əyləndirmək üçün mədəniyyət işçilərimizin hazırladığı rəngarəng oyun və tamaşalar nümayiş etdirilir. Belə ki, Kosa və Keçəlin məzhəkələri, at çapmaq, qılınc oynatmaq, kəmənd atmaq, kəndirbaz, pəhləvan oyunları, ox atmaq və şux nəğmələr dediklərimiz adətlərdəndir.

Novruz bayramı ərəfəsində görkəmli söz usdası M.Şəhriyarı yada salmamaq ədalətsizlik olardı. Bizim fikrimizcə Şəhriyar qədər bu bayramı axıcı, təsvir və tərənnüm edən başqa bir şair yoxdur.

Novruzu bəzən İslamla, bəzən atəşpərəstliklə - Zərdüştiliklə bağlamağa çalışdılar. İslamdan əvvəl xalqın, millətin və hər tayfanın özünəməxsus mərasimləri, adət-ənənələri, mədəniyyətləri və ədəb-ərkanları var idi ki, onlara uyğun hərəkət edirdilər. O adət-ənələrin bəzisi yaxşı bəziləri isə əksinə idi. İslam dini gələndən sonra camaatın və tayfaların arasında olan bu adət-ənənələri nəzərdən keçirərək onların yaxşılarını təsdiq edib bəyəndi, pislərini isə qadağan və haram etdi. Novruz camaatın öz qanunu və adət-ənənəsi idi. İslam dini sülhsevər və müharibə etməyə əsasən müxalif olduğundan bu adət-ənənənin çox gözəl bir əməl olduğunu gördü və camaatın bu adət-ənənəsini təsdiq edib bəyəndi.

İmam Sadiq (ə) deyib: "Novruz elə bir gündür ki, günəş ilk dəfə işığını bu gündə yerə salmışdı. Bizim axırıncı övladımız İmam Zamanın (ə.c) zühuru güman var ki, bu Novruz günündə olacaq. Buna görə də Novuz bizim və şiələrimizin günüdür".

Novruz bayramında insanlar bir-birinin evinə hədiyə aparırlar. İslam dini Novruz bayramında olan əməlləri təsdiqlədi və bəyəndi.

Novruzun müsbət hərəkətlərdən biri də Novruz bayramında küsənlər barışar, övladlar gəlib ata-analarını ziyarət edər, rəhmətə gedənləri yad edər, qohum əqrəba, bir-birinin evinə gedərlər. Bunlar çox gözəl əməl və hərəkətlərdir ki, bu barədə istənilən qədər hədis və rəvayətlərimiz var. Hədislərdə vardır ki, əgər bir mömin başqa bir möminin ziyarətinə gedərsə və məqsədi yalnız və yalnız onu ziyarət etmək olarsa, Allah-təala ona belə xitab edər: Ey zəvvar! Sən paksan, Cənnət də sənə pak və halal olsun!

Novruz bayramı münasibətilə müxtəlif yeməklər hazırlanar, şəkərbura, paxlava, qoğal bişirilər, səməni cücərdilər, yumurta boyanar, şam yandırılar, süfrəni yeddi s-dən ibarət su, sirkə, sumağ, soğan, salat, səməni, səbzi və bu kimi nemətlərlə bəzədilər. Həmçinin süfrəyə Quran və güzgü qoyarlar. Çərəz etmək üçün süfrəyə iydə, püstə, badam, ləpə gətirərlər. Bundan əlavə balığı bişmiş halda və ya qabın içində diri halda süfrəyə qoyurlar. Evlərə papaq atar, qapı arxasından kiminsə söhbətinə qulaq asar və bütün bu kimi əməlləri özlərinə adət-ənənə kimi hesab edərlər.

Novruz bayramının neçə min il bundan əvvəl yarandığını söyləyirlər. Bu onu göstərir ki, Novruzun izləri atəşpərəstlikdən də əvvələ gedib çıxır. Müasir dövrümüzdə isə bu böyük el şənliyi Azərbaycanın hər bir bölgəsində daha təmtəraqla qeyd olunur.

Novruza - Yeni Günə ümid bəsləyənlər, arzularınız çin olsun! Ümidləriniz bahar tumurcuqları kimi çırtlasın! Zəhmətiniz qarşılıqlı, əməyiniz bəhrəli olsun! Açılan sabahda üzləşdiyiniz sevgi, xoş ovqat, gülümsəyən günəş olsun! Sabahlarınız xeyirlə, günləriniz gözəlliklə açılsın!

Novruz Bayramınız mübarək!


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22
2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK