SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: EVİN YIXILSIN, AMERİKA!

  43440   |  
Şriftin ölçüsü  

Bu Amerika ki, var, yetənə yetir, yetməyənə də bizim kənddəki Akif kimi yeri gəldi-gəlmədi kəllə atır. Kəllə də elə-belə kəllə deyil ha, kimə dəysə canı çıxacaq! Və bu kəllə də ən çox müsəlman ölkələrinə atılır. İraqa atılır, Misirə atılır, Suriyaya atılır və indi də yavaş-yavaş bu kəllə İrana atılır.

Tay fikirləşmirlər ki, biri çıxıb onun kəllə atan başına elə bir zərbə endirər ki, elə kəllə-mayallaq olar. Hələ ki, biri çıxıb o kəlləyə bir zərbə vura bilməyib və buna görə də o hara gəldi kəllə atmaqda davam eləyir...

Gecə-gündüz yatmırdı ki, bəs İraqda nüvə silahı var? Kiçik Buş böyük Buşun qisasını almaq üçün bilmirdi hansı hoqqadan çıxsın. İraqı dağıtdı, altını üstünə çevirdi, Səddamı da asdırdı, ha axtardı-axtardı bir şey tapa bilmədi. Elə bil yanıldım- tapdı, Alı bəyinkini...

Dünyanın bir nömrəli "vorzakonu” (ifadə Aqil Abbasa məxsusdu – F.Q.) öz kefindədi. Yenə yetənə yetir, yetməyənə bir səlbə atır. Bu səlbə də elə boşuna atılmır. Və hər dəfə atanda bir ölkəyə dəyir. Dəyən kimi də o ölkə bir-birinə qarışır. Düz 1979-cu ildən İrana bu səlbələr atılır. Amma Amerika burda istədiyini eləyə bilmir. Ha istəyir ki, İranı qarışdırsın, aləm bir-birinə dəysin, amma alınmır ki, alınmır. İran nə İraqdı, nə Misirdi, nə də o biri müsəlman dövlətləri. Amerikanın 200 illik dövlətçilik tarixi varsa, İranınkı 1500 ildən çoxdur.

Həftə səkkiz, mən doqquz amerikalılar İrana "xox” eləyir. Nə var-nə var, onun dediyi ilə oturub-durmur. Amerikanın gözündə müsəlman dünyası cin-şeytan kimi görünür. Çünkü dünyanın bir nömrəli "vorzakon”u istədiyi ölkənin sərvətini demokratiya adı ilə çapıb talayır. Hətta müsəlman dövlətlərinin arasında elə bir nifaq salır ki, onların başı bir-birinə qarışır. İndi də Səudiyyə Ərəbistanını İrana qarşı fişkirir. Səudiyyə Ərəbistanı da digər müsəlman dövlətlərini başına yığıb dini bir qardaşı İrana qarşı "torba” tikmək istəyirlər. Və bu "torba”nı da günlərin birində elə amerikalılar Səudiyyə Ərəbistanına tikəcəklər. İntəhası bunun geci və tezi var.

Balam, bu İrandan Amerika nə istəyir? Bəlkə İranın Amerikanın dədəsinə borcu var? İran onun dediyi ilə oturub-durmur deyə indi bu ölkəni zəlil edəcək? Həftə səkkiz mən doqquz utanmaz-utanmaz bəyanat verir ki, İran beynəlxalq hüquq normalarını pozub nüvə silahı istehsal edir. Bütün dünyanın ekspertləri də İrana gəlirlər, nüvə silahıyla maraqlanırlar və məlum olur ki, orda heç bir nüvə silahı istehsal olunmayıb. Dünyanın bir nömrəli "vorzakon”u isə bu rəylərə məhəl qoymayıb iki ayağını bir başmağa dirəyərək deyir ki, orda nüvə silahı istehsal olunur, vəssalam! Bax, bu yerdə adam yanıb tökülür. Bir atalar sözü yada düşür: "Yalançının atasına lənət!”.

Yaxşı, bu nüvə silahı pisdisə, sizdə niyə var? Yaxşıdırsa, niyə müsəlman dövlətlərində olmasın? Amerikada ola bilər, İngiltərədə ola bilər, Fransada ola bilər, Rusiyada ola bilər, Çində ola bilər, ancaq müsəlman dövlətlərində ola bilməz? Bircə müsəlman dövlətində - Pakistanda nüvə silahı var, ona da amerikalılar göz açmağa imkan vermirlər.

İran bizim qonşumuzdu. Müsəlman dövlətidi. Üstəlik də orda 40 milyona yaxın qardaşlarımız yaşayır. Başlarını aşağı salıb öz işləri ilə məşğuldular. Tay amerikalılar, fransızlar, ingilislər kimi onun-bunun əl-ayağını yemir və ona-buna quyu qazmırlar. Bizdən hər gün Rusiyaya, Gürcüstana nə qədər insan gedir. Amma İrana bu gün gedənlərimiz daha çoxdur. Birincisi, orda ucuzluqdur, ikincisi də dini və dili bir qardaşlarımız var. Yəni İranda vəziyyətin mürəkkəbləşməsi elə ilk növbədə bizim məmləkətimizə çox böyük təsiri ola bilər. Allah eləməmiş orda müharibə başlasa, yenə dağılan, viran olan Təbriz olacaq, Ərdəbil olacaq, Parsabad olacaq. Və orda da bizim qardaş-bacılarımız yaşayır. Düzdür, türklər də bizim əzizimizdir. Amma İranda yaşayan azərbaycanlılar bizə bir köynək daha yaxındır. Onların ev-eşiyinin dağılması, yurdlarının tar-mar olması elə bizim ocağımızın sönmsi deməkdir.

Heç bir hədə-qorxu, heç bir təzyiq 1979-cu ildən üzü bəri İranı sarsıda bilməyib. Balaca bir dövlət 40 ildən çoxdur ki, Amerikanın və Avropanın iqtisadi blokadasına tək öz gücü hesabına sinə gərib. Çünki göydə Allah da bilir ki, dünyanın bir nömrəli "vorzakon”u olan Amerika demokratiya adı altında müsəlman dövlətlərinin var-dövlətlərini, sərvətini sümürmək istəyir. Amma bu da o demək deyil ki, həmişə baş tutacaq.

Böyük şair Məhəmməd Füzuli gözəl bir şeir var: "Padişahi-mülk”. O şeirdəki dörd misranı dünyanın bir nömrəli "vorzakon”unun diqqətinə çatdırırıq:

Yüz fəsadü-fitnə təhriklə bir kişfər alır,

Ol dəxi asari- əmnü istiqamətdən bəri,

Göstərən saətdə dövrani-fələk bir inqilab,

Həm özü fani olur, həm ləşgəri, həm kişfəri...

Allahdan böyük dünyada heç bir qüvvə yoxdur. Hərçənd ki, dünyanın bir nömrəli "vorzakon”u özünü Allahdan güclü hesab edir. Və bir vaxtlar Misir fironu da özünü Allahdan güclü sayırdı. Musa peyğəmbəri və onun dəstəsini təqib edib yaxalamaq istərkən dənizin dalğası arasında qaldı. Və Allahdan həmin an kömək istədi. Allah-Təala o köməyi göstərmədi. Dedi ki, gecdi! Ancaq onun cəsədini sahilə atdı ki, qoy bu, başqalarına da dərs olsun!..


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK