SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: İT SƏDAQƏTİ...

  44800   |  
Şriftin ölçüsü  

... Ermənilər kəndə yaxınlaşırdılar və ermənilər kəndə yaxınlaşdıqca onların qorxusu bir az da artırdı. Güllələrin, topların və mərmilərin səsi bir az da bərkdən gəlirdi. Camaat da deyirdi ki, hələ ermənilər uzaqdadılar, Füzuliyə girməyiblər. Amma ermənilər Füzuliyə girmişdilər və yaxınlıqdakı kəndləri də artilleriya atəşinə tuturdular. Hamı çalışırdı ki, arvad-uşağı, ev-eşikdəki mebelləri, yorğan-döşəyi və qapıdakı mal-qoyunu kənddən çıxarsın...

... Onların evləri ikimərtəbəli idi və Bəhmənlidə ilk tikilən gözəl evlərdən biriydi. Və bu gözəl evə bir vaxtlar raykom katibi də baxmışdı, evin sahibinə demişdi ki, a kişi, bu ev deyil ey, dvoresdi. Vaşinqtondakı Ağ Evə oxşayır...

... Və evin sahibi də elə-belə kişi deyildi ha. Füzulinin, Bəhmənlinin sayılan, ağırtaxta, ağsaqqal kişilərindən biri olmuşdu. Qapısına kömək üçün, dilək üçün, pul üçün kim gəlmişdi hamısına əl tutmuşdu. Və əl tutduğuna görə dünyasını dəyişsə də, kənd camaatı ona həmişə rəhmət oxuyurdu...

... Balaca oğlu çıxılmaz vəziyyətdə qalmışdı. Həyətə iri bir yük maşını gətirtmişdi. Və iri yük maşınına həm özünün, həm də böyük qardaşının mebellərini, avadanlıqlarını yığdırmışdı. Yük maşınının sürücüsü də elə bil iynə üstündə oturmuşdu. Güllələrin səsindən bərk qorxuya düşmüşdü. Öz-özünə mızıldandı: "Əşi, beş-üç manata görə nə qələt eləyib gəldim. Onlar ev-eşiyini çıxaracaqlar, mən də ürək-göbəyimi yeyəcəyəm?!”

... Sonra ev sahibinin verəcəyi pulun miqdarını düşünəndə ürəyi sakitləşdi. Və dedi ki, əşi, pulu elə-belə qazanmırlar ha, pul qazanırsansa, onun qorxu-ürküsü də olur...

... Ev sahibi də elə-belə pul vermirdi ha! 300 dollar pul basmışdı sürücünün cibinə. Ona görə də sürücü düşündüklərini onların yanında dilinə gətirmirdi. Dilinə gətirərdi, ev sahibindən acı cavab alardı...

... Axırıncı əşyaları da yük maşınına yığdılar. Mebelləri ikinci mərtəbədən pilləkənlə yük maşınına düşürəndə ev sahibinin maması oğlu Əhmədin qolunu qan apardı. Onun qolu mebelin harasınasa ilişmişdi. Əhməd də elə-belə oğlan deyildi. Ən ağır yükləri qaldırar, yoruldum belə deməzdi. Əhməd ömründə bu ağırlıqda yük qaldırmamışdı. Və Əhməd qorxunun, xofun içində də bu qədər olmamışdı. Amma o, dişi dodağını kəsə-kəsə dayısı oğlunun ağır mebellərini ev sahibinin ortancıl oğlu ilə yük maşınına yığdılar. İki daşın arasında hardansa bintdən, yoddan tapıb onun yarasını sarıdılar...

... Həyətdə zəncirə bağlanmış itsə ara vermədən hürür, yazıq-yazıq sahibinə baxır və nəsə gözləyirdi. Sahibi bütün yükləri maşına yığandan sonra düşündü ki, iti zəncirdə qoyub getmək kişilikdən deyil. Çünki bu it düz beş il idi ki, onların qapısında zəncirə bağlanmışdı. Gecə vaxtı o zənciri açardılar və it də qapıda gəzib-dolaşardı...

...İtin qorxusundan bir kimsə o qapıya gələ bilməzdi. Gələn adam da dəmir qapının arxasından ev sahibini səsləyər və ev sahibi çölə çıxıb iti zəncirə bağlayandan sonra qapıya gələn həyətə keçərdi. Və bu it də elə-belə it deyildi. Körpə vaxtından onun sahibi bu küçüyü bir çobandan almışdı. Yəni bu it çoban itinin balasıydı. Özü də görkəmindən çoban itindən çox canavara bənzəyirdi...

... Adətən çoban itləri canavara da üstün gəlir. Və bu it də bir dəfə açıq olanda qapıya gəlmiş canavarla boğuşmuş və onu ağır yaralamışdı. Ağır yaralanmış canavar həyətdən 10-15 metr kənarda al qanın içində ölü vəziyyətdə tapılmışdı. Kənd camaatı məəttəl qalmışdı ki, bu qapının iti canavarı öldürüb...

... Bir istədi iti zəncirdə qoysun. Amma itin yazıq baxışlarına və yalvarışlarına dözə bilmədi. Yavaş-yavaş itə yaxınlaşdı. İt onun əvvəl ayaqlarının altında uzandı, sonra dilini çıxarıb ayaqqabılarını yaladı. Sonra şalvarını yaladı.... sonra da ayaqlarını qaldırıb onun sinəsinə qoydu... Sanki hiss etmişdi ki, sahibi onu qoyub getmək istəyir. Bu anı görən sahibinin gözləri doldu və iti zəncirdən açdı...

... Uzaqdan atılan mərmi həyətin kənarına düşdü. Bu mərmiyə kənd camaatı çoxdan alışmışdı. Həyətə düşən mərminin səsindən yük maşınının sürücüsü bərk qorxuya düşdü:

- Ay qardaş, gərək mərmi başımıza düşə? Görmürsən, göydən od yağır? Sən də bu itin nazıyla oynayırsan, tərpən çıxaq da! Axı mənim evdə bir çətən külfətim var, qələt eləyib bura gəldim?!

Evin sahibi gözləri dolmuş halda dilləndi:

- Görmürsən, yazıq it neyniyir?!

- A kişi, iti belə çox istəyirsən götür apar! Tay bizə və ona niyə zülm eləyirsən?

- Hara aparım ey, mən bədbəxt oğlu bədbəxt, bu veş-vüşü harda yerləşdirəcəm? Yenə əlac qalır qardaşımın qayınatasıgilə. Gərək bu qədər ayın-oyunu aparım Dəvəçiyə...

- Müəllim, sən Allah, bir az tez tərpən. Yoxsa biz də məhv olarıq, o itin də! Elə yaxşısı budur aç zəncirdən burax, qoy hara istəyir getsin!..

... İt bu dəfə lap yazıq görkəm aldı. Zənciri açılandan sonra sahibinin ayaqlarını, əllərini duz kimi yaladı. İt sahibinin əllərini, ayaqlarını duz kimi yaladıqca ev sahibinin gözləri də dolurdu...

... İt yerdə uzanıb iki ayaqlarının arasından başını ev sahibinin ayağının üstünə qoydu. İt başını ev sahibinin ayaqlarını üstünə qoyanda bir az da sakitləşdi. İt sakitləşdi, ev sahibinin isə yenə gözləri doldu.

O, sürücüyə:

- Tərpən! – dedi. -İtə baxıb ürəyim partlayır...

... Sürücü maşının mühərrikini işə saldı. Maşın həyətdən çıxdı. Maşın getdi, it qaçdı. İt qaçdı, maşın getdi. Düz kəndin çıxacağına qədər it maşının dalınca qaçdı. Maşınınsa sürəti artmışdı...

... Və it gördü ki, tay maşına çata bilmir, üç-dörd dəfə bərkdən zingildədi, üç-dörd dəfə bərkdən hürdü. Və it gördü ki, nə onun zingildəməyinə, nə də hürməyinə sahibi əhəmiyyət vermədi. Və o it yenidən sahibinin həyətinə qayıtdı...

... Düz altı ay bu kənd erməni işğalında qaldı. Yəni 1993-cü ilin avqustundan 1994-cü ilin yanvarın 6-na qədər kənddə erməni qəsbkarları evləri yandırdılar, çox şeyləri darmadağın dağıtdılar. Füzulinin 22 kəndi işğaldan azad olunandan sonra sahibi də kənddəki evinə qayıtdı...

... Gəlib gördü ki, qardaşının evini yandırıblar... gəlib gördü ki, dəmir darvazaları güllələrlə dəlmə-deşik olub. İti səslədi. Nə itdən səs çıxdı, nə də güllələnmiş dəmir darvazanı açmağa əli gəlmədi. Ancaq dəmir darvazanın arxasından görürdü ki, iki mərtəbəli ata evi yandırılmayıb...

... Güllələnmiş dəmir darvazanı bütün qüvvəsini toplayıb geri itələdi. İrəli addım atmaq istəyəndə sanki bir qüvvə onu ayaqlarından yerə mıxladı. Tövlənin yaxınlığında iti gördü. Amma it sağ deyildi. O itə o qədər güllə vurmuşdular ki, hər tərəfi dəlmə-deşik olmuşdu... o itə nə zülm eləmişdilər, onu nə günə qoymuşdular; bunu bir o it bilirdi, bir o zülmü eləyənlər, bir də göydə Allah! Gəlib itin yanında dayandı. Onun ayaqlarını, əllərini yalaması yadına düşdü. Yadına düşdü ki, bu it heç də adi it deyilmiş. Və bu it insanlardan sədaqətliymiş. Hamı evdən, eşikdən çıxıb getsə də, o it həyətdə qalmış, qapıya silahlı erməniləri buraxmamışdı. Yalnız iti öldürəndən sonra onlar həyətə girmiş və qardaşının evini yandırmışdılar.

... O çoban iti, o canavara bənzər iti tanıyanlar deyirlər ki, vallah, biz belə it görməmişdik. Kənddə başqa itlər də vardı. O itlərin çoxu həyət-bacadan çıxıb getmişdi. Amma bu çoban iti son ana qədər, son nəfəsinə qədər sahibinin qapısında qalmışdı, düşməni ora buraxmamışdı. Və o çoban iti öz sədaqətiylə öz sahibinə olan sevgisiylə bax beləcə yadda qalmışdı. Yadda qalan həm də insanların it qədər bir-birinə sədaqəti olmamasıydı. O it, o çoban iti heç kimdən, heç nədən qorxmadan güllənin üstünə getdi. Öldü, ancaq o qapıya, o sahibinə sədaqətli qaldı...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK