SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: VUR ÇATLASIN, ÇAL OYNASIN!

  53991   |  
Şriftin ölçüsü  

Vallah, adam məəttəl qalır. Hansı özəl televiziya kanalına baxırsan vur çatlasın, çal oynasındı! Heç elə bil müharibə şəraitində yaşayan ölkədə deyilik. Fransız xalqı nə təhər kef eləyirsə, televiziyaların çalıb oynatmaqlarıyla biz də kef-damağın içindəyik. Çünki çalıb oynayanların altıda alımı yoxdu, beşdə də verimi! Və bu çalıb oynayan manıslar bir gündə iki-üç kanalı gəzməklə "toy tuturlar”. Yoxsa bir ətək pul verib özəl kanallara çıxmazlar. Pul da təbii ki, hər adamda yoxdu. Yəni hansı manısın ki, ayda 15-20 toyu olur, bax, pul da onlardadı. Sağlıqlarına qismət, kişinin uşaqları sənətə yox, toya işləyirlər də...

Yenə bu manısların şıltaqlığına birtəhər dözmək olur, amma son vaxtlar özəl televiziya kanallarında meyxana həm kanalları gəzən manısları üstələyib, həm xalq musiqisini, həm də aşıq sənətini! Hansı kanalı çevirirsən, bir də görürsən budu ey, beş-altı nəfər ağız-ağıza verib meyxana deyir. Camaatın, tamaşaçıların zövqünü elə korlayıblar ki, az qala bir gün Azərbaycanda hamı meyxana demək istəyir. İş o yerə çatıb ki, meyxanaçılar olmayanda özlə televiziya kanalları bərk darıxırlar. Və bu meyxanaçılar da ağızlarına nə gəldi oxuyurlar.

Ədəbi janrlar içərisində meyxana elə bir ciddi janr kimi qəbul olunmur. Kim nə deyir desin, lap məni güllələsələr də deyəcəyəm; deyilən meyxanalarda nə poeziya var, nə ideya var, nə də fəlsəfi fikir, sabun köpüyü kimi bir şeydi, bir anlıq görünür, sonra da itir. Və bir anlıq görünən, itən, ilğım kimi yox olan bir şeyə niyə vurğunuq, bax, bunu başa düşə bilmirəm. İstəsəm mən də meyxana deyərəm. Bir-iki qafiyəni tutub ritmi də tapmaqla çoxunu təəccübləndirmək olar. Amma vallah bu poeziya və fəlsəfi fikir deyil.

Düzdü, istedadlı meyxanaçılar olub. Onlar meyxanadan çox bədahətən şeir deyiblər. Elə rəhmətlik Əlağa Vahid qəzəllərini və şeirlərinin çoxunu bədahətən deyib, yanındakılar da onun dediklərini qələmə alıblar. Ancaq indikilərin dediyinin 90 faizinin sənətə və poeziyaya dəxli yoxdu.



Bərviz Bülbülə meyxanaçıdan daha çox müğənniyə bənzəyir. Özü də deyir ki, mən meyxanaçı-müğənniyəm. Qoy olsun! Ancaq biz istəsək də, istəməsək də kütlənin onlardan xoşu gəlir. Çünki kütlə onlar üçün lap ölür ey. Ona görə də toylara, şənliklərə dəvət alırlar. Amma sənət baxımından burda bir element belə tapmaq mümkün deyil. Bəs onda televiziyalara nə düşüb ki, xalq musiqisindən də, aşıq sənətindən də çox meyxanaya yer verirlər?! Elə tamaşaçıların da zövqünü korlayan özəl televiziya kanallarıdı. Təbii ki, bu kanallar meyxana deyən adamların qara gözünə, qara qaşına aşiq deyillər. Daha doğrusu, televiziya kanalları efirlərdə tez-tez görünən və dəstə halında meyxana deyən adamların pullarına və imkanlarına aşıqdilər.

Bizi yandıran odur ki, özəl televiziya kanalları meyxanaya, toy müğənnilərinə və eləcə də ara oxuyanlara hər gün saatlarla veriliş ayıra bilir, amma millətin maariflənməsi, savadlanması üçün bir proqram təşkil eləmir. Sanki hər şey bütün proqram və sistem meyxanaçıların, manısların, aşbazların və həkimlərlə bağlı verilişlərin üzərində qurulub. Hansı kanalı açırsan, bayaq dediyimiz kimi, ya meyxanaçı görürsən, ya həkim məsləhəti eşidirsən, ya da toy müğənnilərinin fonoqramasına baxırsan. Bilmirsən nə oxuyurlar, nə danışırlar!..

İstedadlı müğənnilər var ki, sənətin dalınca yox, toyun dalınca gedirlər. Allaha and olsun, əgər onlar sənətin dalınca getsəydilər, çox böyük müğənni, xanəndə, bir sözlə, Azərbaycan musiqisinə xeyir verən sənətkarlar ola bilərdilər. Baloğlan Əşrəfov və Manaf Ağayev çox istedadlı müğənnilərdi və hər ikisiylə də tanışlığım var. Hətta Manaf Ağayev mənin qardaşım Elxanla çox yaxın dostdu. Onun kişiliyinə, etibarına, səmimiliyinə və mərdliyinə söz ola bilməz. Hər iki müğənninin çox şirin və gözəl ifaları var və kütlə də onları çox istəyir. Elə mənim özümün də hər iki müğənniyə böyük hörmətim var. Amma onlar sənətdən çox toya işləyirlər. Allah canlarını sağ eləsin! Amma istəsəydilər, Azərbaycan musiqi sənətində çox böyük yer tuta bilərdilər. Manaf Ağayev heç vaxt musiqi tarixində "Ay canı yanmış”la və digər mahnılarla qala bilməyəcək. Ancaq onun bir gözəl mahnısını da yada salmamaq günahdı. Manaf Ağayev vətənpərvərlik mövzusunda olan "Ay vətən oğlu” mahnısını elə oxuyur ki, adamın tükləri biz-biz olur. Xüsusən də bu ifanı mən toyların birində Nizami Abdullayevlə 20 il bundan qabaq oxuyanda görmüşəm. Bu ifanı eşidən hər bir vətən oğlu indiki şəraitdə sakit dura bilməz, əlinə silah alıb vətəni qorumağa gedər. Bu gözəl ifalardan sonra çox təəssüf ki, Manafın o qədər də ömrü olmayan toy mahnılarını eşidirik. Amma onun istedadı və səsi var ki, gözəl xalq mahnıları, bəstəkar mahnıları ifa etsin, onu yazdırıb tarixə saldırsın. Çox təəssüf ki, istedadlı müğənni belə bir işin arxasınca getməyə bir o qədər də həvəs göstərmir.

Bizim musiqimizin gözdən salınmasında əsas rolu özəl televiziya kanalları oynayır. Məsələn, aşbaz Niyam Salamini televiziyalar elə təqdim edir ki, sanki Qədir Rüstəmovdu, Süleyman Abdullayevdi, Cabir Abdullayevdi, Mənsum İbrahimovdu. Biz demirik Niyam Salaminin istedadı yoxdu, sevənləri yoxdu. Tamaşaçı var ki, onun üçün sinov gedir. Çünki özəl televiziya kanalları tamaşaçıların zövqünü bayağı musiqilər və "bezdarnı” teleseriallarla çoxdan korlayıb. Və heç kimə də demək olmaz ki, sən Qədir Rüstəmova qulaq as, sən də Niyam Salamiyə! Ən azından ona görə ki, hərənin öz zövqü var.

Deyirlər ki, gitara, qarmon, klarnet Avropa musiqisidir. Amma gitaranı Azərbaycanda Rəmiş, Nofəl, Rəhman və Elman avropalıdan min dəfə yaxşı çalır. Qarmonu Aftandil İsrafilov avropalıdan min dəfə gözəl ifa edib. Kamançanı rəhmətlik Habil Əliyev təpədən dırnağa Azərbaycan musiqi aləti elədi, tarı Əhsən Dadaşov, Ramiz Quliyev və başqaları bu xalqın musiqi alətinə çevirdi. Hansı xalq ki, musiqi alətini başqalarından gözəl çalır, yaxşı ifa edir, elə o musiqi aləti də o xalqa məxsusdu. Avropalı ha özünü cırıb dağıtsın ki, gitara mənimdi, Elman, Rəhman, Nofəl gitaranı çalanda adamın yeddi arxa dönəni yadına düşür...

Bizim cəmiyyətdə nə qədər desən musiqi sahəsində istedadlı adamlar var. Ancaq istedadlı adamların çoxunun pulu-parası olmadığına görə, reklamı da yoxdu. Bizim millət də reklamı çox xoşlayır axı! Hansı müğənni ki, hər gün efirlərdədi, baha qiymətə getsələr də, onları toylara aparırlar. Allaha and olsun, bizim kənddə - Bəhmənlidə Məmmədhəsən Bəhmənlinin gözəl bir ansamblı var. Səhər saat 10-dan gecə saat 2-yə qədər çalıb oxuyurlar, onlara cəmi 300-400 manat pul verirlər. Amma gündə reklam olunan müğənni görüm çox yox, 4 saat canlı oxuya bilər, ya yox?!

Ona görə də camaat özlə televiziya kanallarının reklamına aldanmamalı, səsi və istedadı olan musiqiçiləri toylarına dəvət eləməlidilər. Çünki onların həm sənətləri var, həm də toy aparmaq qabiliyyətləri. Başqa sözlə demiş olsaq, fonoqramma ilə camaatın başını aldatmırlar. Biz sözümüzü dedik. Tay bundan sonrası sizə qalır...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK