adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 May 2020 09:25
111083
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.

***

Mirmehdi Ağaoğlu: "Gürcülərdə "Saba" adlı ədəbiyyat mükafatı var. 2003-cü ildə təsis olunub. Təxminən bizim "Qızıl Kəlmə" mükafatına bənzəyir, lakin bizimkindən fərqli olaraq onu Gürcüstanın Mədəniyyət Nazirliyi deyil, Mamuka Xazaradze adlı biznesmen təsis edib, ikincisi ədəbiyyatın demək olar bütün sahələrini əhatə edir, üçüncüsü hər il keçirilir, dördüncüsü isə təkcə bu il qaliblərin hər birinə 2 min dollar ödənilib.

Düşünürəm, əcəba bizdə niyə ədəbiyyat mükafatı təsis edəcək biznesmen yoxdur? Axı elə oğlanlarımız var ki, prinsipə dursa Gürcüstanı alar. O zaman niyə bir ədəbiyyat mükafatı təsir etmirlər və ya bir ədəbiyyat layihəsinə, jurnal çapına dəstək olmurlar? Hə? Sonra yadıma bu yaxında xeyriyyəçilik edib on sutka həbs alan Kamil Zeynallı düşür, susuram.

Sonra da bu il romanı Buker mükafatının qısa siyahısına düşmüş, mənimlə həmyaşıd gürcü yazıçısı Nino Harataşvili yadıma düşür.

Bu il keçdi, gələn il mütləq Buker alarlar gürcü bacılarımız və qardaşlarımız. Sabahkı Qədr gecəsindən istəyəcəm.

Amma istəməsəm də, bilirəm, alacaqlar.

***

Fərid Hüseyn: ""Min bir gecə" nağıllarının mahiyyətində həm də yazıçı-oxucu münasibətləri dayanır. Çoxları deyir ki, Şəhrizadə yaxşı nağıl danışmasaydı şah onu öldürüləcəkdi, ona görə gözəl nağıl danışır. Məncə, məsələ başqadır: Şəhrizadə nağılların çoxunu uydurur, yəni düzüb-qoşur, yaradır, deməli, o, müəllifdir. Şah isə qulaq asır, deməli, dinləyici, yəni "oxucudur". Yazıçı (Şəhrizadə) yaşamaq istəyirsə, deməli, maraqlı danışmalıdır (yazmalıdır), əks təqdirdə oxucu (şah) onu öldürür (ozumur, onun nağılını dinləmir). Bugünkü yazıçı-oxucu münasibətləri də belə deyilmi?”

***

Şərif Ağayar: ""Цaцal media" deyəndə nə olur ki? Adam intellektual olur? Yoxsa rusca bildiyi xüsusi avantaj kimi hiss olunur? İndi ingilis aksentində danışanlara ironiya edirlər e... rus aksenti çoxdan dəbdən düşüb. Niyə adam balası kimi danışmırlar? Özü də efirdən...

***

Rəşad Məcid: "Fəallığı ilə izləyicilərin marağına səbəb olan sosial şəbəkə istifadəçiləri çoxdur. Son vaxtlar həm bir çox millət vəkilləri, həm də müxtəlif dövlət və hökumət struktutlarının təmsilçiləri öz fəaliyyətlərinin əhəmiyyətli hissəsini sosial şəbəkələr üzərindən qurmağa başlayıblar. Rəsmi dövlət qurumu təmsilçiləri arasında mənim daha çox diqqətimi cəkən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mətbuat xidmətinin rəhbəri Fazil Talıbovdur. Çevikliyi, informasiyaları anındaca qabaqlamaq bacarığı, yeri gələndə incə sarkazmı, iti reaksiyası, hazırcavablığı izləyicilərdə özünə qarşı müsbət rəy formalaşdırır. Hətta ictimai rəyə təsir imkanı məhdud, az qala, heç kəsin tanımadığı bir saytda, yaxud da hansısa Feysbuk profilində təmsil etdiyi nazirliyin fəaliyyəti ilə bağlı yazılan irad və tənqidlərə operativ, səlis, tutarlı cavablar verməsi, çoxsaylı suallardan yorulub geri çəkilməməsi, bezməməsi, üzərinə düşən vəzifəni təmkinlə, soyuqqanlılıqla yerinə yetirməsi onun peşəkarlığından, insan kimi möhkəm xarakterindən , görülən işə inamından xəbər verir və izləyicilərdə rəğbət doğurur.»

***

Oğuz Ayvaz: "Hətta müsbət hadisələr belə - universiteti bitirmək, evlənmək, yeni işə başlamaq depressiyaya gətirib çıxara bilir.”

***

Elşad Miri: "Din təkcə insanın inamı ilə əlaqəli dəyərlər sistemi deyil, insanın seçimini dəyişdirən həyat tərzidir.”

***

Vüsal Məmmədov: "Koronavirusa konspiroloji nöqteyi-nəzərdən yanaşmağın qəti əleyhinəyəm. Amma bunu qəbul edənlər üçün maraqlı bir qeydim var. Bilirik ki, son onilliklərdə dünyada qlobalistlərlə antiqlobalistlərin gərgin mübarizəsi gedirdi. Üstünlük isə müəyyən fərqlərlə həmişə qlobalistlərin tərəfində olub. Onların irili-xırdalı müxtəlif qlobal layihələri bir-birinin ardınca həyata keçirilir, dünya getdikcə bütövləşirdi. Amma indi antiqlobalistlər dəhşətli revanş götürdülər. Qlobalistlərin addım-addım qurduqları mexanizm hazırda vintləri ətrafa səpələnmiş vəziyyətdədir. Nəzərə alsaq ki, sənaye kapitalı da hər zaman qlobalistlərlə əl-ələ olub, bu, antiqlobalistlərlə maliyyə kapitalından ibarət duetin qələbəsidir. Əlavə edim ki, ABŞ-da qlobalistlər düşərgəsinə əsasən neokonlar (Respublikaçılar partiyasının yeni mühafizəkarlar fraksiyası, Tramp o fraksiyadan deyil) daxil idi - Obamaya qədər bütün dünyada siyasi musiqini məhz onlar sifariş edirdilər.

P.S. Çox xahiş edirəm, bu posta "Koronavirus oyundur" məntiqilə yanaşmayasınız. Bu, sadəcə, Pandemiyaya geosiyasi bucaqdan baxışdır. Virus isə var və ondan qorunmaq vacibdir.

***

Səxavət Məmməd: "Bu gün qarşıma çıxan kiçik zibil qutularının hamısının içinə baxdım. Heç birinin içində tibbi maska görmədim. Apteklərdə də 3 ədədindən artığı satılmır. Günə isə 500 min maska istehsal edilir. Adam tanıyıram bir tibbi maskanı 1 aydan çoxdur istifadə edir. Əslində qınamaq da olmur. Bir adamın əvvəl işə gedib-gəlişi (bir marşrut və ya bir metro hesablanmaqla) 60 qəpik edirdisə, hazırda təyinatına uyğun olaraq tibbi maskanı bir dəfə istifadə etməklə, bu məbləğ 1,20 manat edir. İxtisarların, öz hesabına məzuniyyətlərin, maaş kəsintilərinin bu günündə bu məbləğ kifayət qədər böyükdür. Müdir işçidən kəsir, işçi maskadan. Beləcə pandemiyaya qarşı mübarizə davam edir”

***

Zaur Əhməd: "Hər kəsin susduğu məqam, güzəştə getdiyi adam, görməzdən gəldiyi haqsızlıq var. Kimsə "mənim yoxdur" deyirsə, ən çox o susar...

***

Şəhla Cabbarlı: "Türkiyədə bir həkim ekspert Azərbaycanı koronavirusla mübarizədə dünyanın ən başarılı 5 ölkəsindən biri kimi təqdim etdi.Öz ölkəsini isə tənqid etdi. Kənardan qəşəng görünürük”


Sübhan Mahmudov