Tarixi bütövlüyə doğru... - Emin Piri yazır

Emin Piri
420710 | 2020-09-28 10:34

Aprel igidlərinin, qazilərinin, şəhidlərinin döyüşmüş olduğu yerləri görmək, azad edilmiş müqəddəs torpaqlara qovuşmaq ümidiylə Müdafiə Nazirliyi jurnalist dostlarla birgə bizə belə bir şərait yaradır.

Murov yüksəklikləri bizi gözləyir...

Müdafiə Nazirliyinin sözçüsü bizi yola salır. Yol boyu həmin yerlərə çatmaq üçün nə qədər darıxsaq da sonradan zamanın necə keçdiyini unuduruq. Ön sırada əyləşmiş ehtiyatda olan zabitlərimizin Qarabağ savaşındakı əməliyyatlardan, öz döyüş yolundan danışması bizi acılı-şirinli keçmişə aparır. Ən arxa sırada otursam da hiss edirəm ki, qulağım məndən qabaq sırada, onun yanında oturub.

Yol boyu Qarabağ adlı, işğal olunmuş rayonların adına olan kafelər diqqət çəkir. Vətəni kafeyə, yeyib-içmək masasına qədər necə sığışdırmaq olar deyə düşünürəm. İşğal olunmuş rayonların adını unutmaq istəməyən adını döyüş klublarına, idman klublarına və.s verə bilər, daha əylənmə mərkəzlərinə niyə qoysun ki?! Kafelərdən sonra məcburi köçkünlərçün salınan “Ümid” qəsəbəsinin adı qəmli düşüncələrimin içində yeni bir ümid qığılcımı yaradır.

Bərdədəyik. Zabitlər yataqxanası. 2000-3000 metr yüksəklikdəki postlara çıxıb, nələr edəcəyimizi planlaşdırırıq. Hiss edirəm ki, hamıda qəribə bir sevinc var. Ən çətin şəraitdə xidmət edən zabit, əsgərlərlə bərabər olmaq, əllərini sıxmaq, onlarla bir günü olsa da bərabər keçirmək şansı. Bir də işğal altında olan Azərbaycan torpaqlarını həmin yüksəkliklərdən öz gözünlə görə bilmək hissinin yaratdığı sevinc heç birimizi yatmağa qoymur.

Bu, necə qəddar sevincdir İlahi?!

İşğalda olan torpaqları sadəcə gözlərinlə görə bilmək hissinə insan niyə sevinsin?!

Adı üstündə işğalda olan, əsir torpaq!


Özümə toxtaqlıq verirəm. Müxtəlif müqayisələr tapıram. Bu, sadəcə həbsxanada olan əzizini bir günlük görmək hissinə bənzəyir. Nə zamansa azadlığa qovuşacağına inanırsan.

Gözlərimdə yuxunun yaratdığı əzab var. Amma yatmıram, yata bilmirəm. Uşaqların səhər harasa sevdiyi yerə gedəcəyini biləndə yata bilməməsinə bənzəyir bu. Telefonla qurdalanıram. Saat 5-dir. Tez-tez eyvana çıxıb siqareti siqaretə calayıram. Bu təklikdə məni anlayan biri varsa bəlkə də odur.

Qalx komandasına isə cəmi bir saat qalır.

Səlahiyyətli zabitlər qalxacağımız postlarda şiddətli qar yağıntısı olduğunu, əlaqənin az qala mümkünsüz olacağını bildirirlər. Hər kəsin gözlərində kədər var. Amma bizə başçılıq edən polkovnik Babək Səmidlinin bizi istədiyimiz yüksəkliklərə çıxardacağını bildirməsindən sonra özümüzə gəlirik.

Üç-dörd saata nəhayət iki min metr yüksəklikdə olan postlardan birinə çatırıq. Zabit, əsgərlərlə jurnalistlərin çoxdanın tanışı, doğması kimi görüşüb qucaqlaşması mənə qardaşlıq andını, ən gözəl sevgiləri xatırladır. Qısa zamanda köhnənin dostları kimi maraqlı xatirələrdən, aprel və.s döyüşlərindən danışırıq. Əsgər və zabitlərlə müsahibələr alır, onlarla xatirə şəkilləri çəkdirir.

Polkovnik Səmidlinin bizimlə hərbimizdən, döyüşlərdən danışması, intelektual söhbətləri Azərbaycan ordusunda hərbi aristokratiyanın yarandığı ümidini alovlandırır.

Bu yüksəklikərdən həm işğalda olan, həm də olmayan Azərbaycan torpaqları ovcumuzun içində görünür. Bəlkə də ən gözəl duyğular, ən romantik şeirlər yazılası yerlərdir. Əlbəttə, adam burdakı xidmətin çətinliyini bilməsi elə o xəyallardaca ilişib qalar. Onsuz da ara-sıra atəş səsləri adamı o xəyallardan səngərin qucağına atır. Burda ən gözəl sevgili qucaq səngər qucağı, ən sevdiyinsə silahındır.

Aprel döyüşlərində şəhid olan döyüşçülərimizin həlak olduğu yerləri göstərirlər. O torpaqlar, o yerlər gözümüzdə, ruhumuzda daha da müqəddəsləşir. Həmin torpaqların hər qarışı gözümdə öz cansız simasını itirib canlı Azərbaycan əsgəri kimi görünür. O torpaqlarla qucaqlaşmaq, onları qoxlamaq, bağrıma basmaq istəyirəm.

İnsan sevəndə dizlərindən və çiyinlərindən sevir. Sevdiyi adamın başını bütün varlığıyla dizinə, çiyninə qoymasını istəyirsən. Bunu darıxanda hiss etmişəm. Darxıdanda dizlərim və çiyinlərim ağrıyır. Sanki dünyanın ən böyük ağrısıdır. Yerində qıvrıla-qıvrıla qalırsan. Amma nə dərman, nə də hansısa müalicəvi üsulların buna təsiri yoxdur. Nə revmatizmdir, nə də tanıdığımız başqa bir xəstəlik.

Hə, onu deyirdim, artıq çiyinlərimin, dizlərimin ağrıdığı hiss edirəm. Çiyinlərim keçmiş rütbə üçün, silahımçün darıxır, dizlərim səngər torpağı üçün.

Səhərdən önümüzdə qarlı, dumanlı görünən silsilələrdə qarın yavaş-yavaş əridiyini görürük. Hər şeydə mistika axtaran mən bu görüşdə o yüksəkliklərin də qovuşmaq həsrətindən əridiyi anlamanı verirəm. Sanki bizə öz mesajını ötürür, yollar da rahatdı, heç bir bəhanəniz yoxdu, gəlin daha, deyə yalvarır...

Hava qaraldıqca soyuğun iliyimə kimi işlədiyini hiss edirəm. Bu soyuqda əsgəri xidmətin necə çətin olduğunu söyləməyə belə ehtiyac yoxdur. Hətta silahdakı güllənin, mərminin də üşüdüyünü duyuram.

“əsgər sinəsi axtarır
isinməyə
fevral şaxtasından
üşüyən güllə.”


Belə havalarda əsgər sinəsi düşmən gülləsi üçün əsl Vətəndir...

Digər postlara, xidməti yükəkliklərə qalxırıq. Zabitlərdən biriylə hardan o söhbətə gəldiyimi bilmirəm, amma söhbətimizlə özümüzü ədəbiyyatın içində görürük. Hüqodan Mopassana, Nəsimidən Hüseyn Cavidə qədər yol aşırıq. Cəbhə zabitinin belə ədəbiyyat söhbətlərindən sadəcə doymuram. Bu gün dünyada gedən proseslərdə ədəbiyyatın da alət edilməsindən, bizim kimi ölkələrdə ədəbiyyat adıyla bir çox hallarda başqa yönlərə xidmətə yönləndirilməsindən danışırıq.

Fikirlərimlə razılaşır, əl sıxırıq:

“Bizə bəşəri ideyalarla tanıdılan böyük yazıçıların əksəriyyəti, əslində milli, dövlət məsələlərində prinsipial olublar. Elə götürək, fransız ədəbiyyatını. Fransa-Prussiya müharibəsi zamanı fransız yazıçı və şairləri qapı-qapı düşüb xalqı müharibəyə, vətəni qorumağa çağırırdılar. Elə Viktor Hüqonun özü. Deyirdi ki, qoy hər bir fransız evi, bir qurban versin, amma şərəfimizi qoruyaq. Dünya şöhrətli yazıçılar haqqında bu cür minlərlə misal çəkmək olar. Amma nədənsə, bizə çatan, təbliğ olunan “humanizm” olur. Bu gün Avropa milli, dövləti təhlükələri dəf etdikləri üçün üçüncü ölkələrə kosmopolit ideyalar sırıyırlar. Bir çox yazıçılar da onların bu tələsinə düşür. Düzdü, bu, həm də müəyyən anlamda gəlir deməkdir. Avropa milli özünüdərk prosesini keçib. Ona görə də kosmopolitizmə aid, qulağa xoş gələn bəşəri dəyərlər haqqında yazmaq onlara heç bir problem yaratmır. Amma işğal altında torpaqları olan bir məmləkətdə, bəşəri dəyərləri əldə bayraq edərək humanizm ideyasına sırınmaq, bu cür əsərlər yaratmaq xəyanətə bərabərdir və zərərlidir. Nə zaman Azərbaycan öz torpaqlarını bərpa edər, bizim bu kimi problemlərimiz olmaz, o zaman bizim yazıçılar da Avropa yazarları kimi dünyaya bəşəri ideyalar səpərlər. Kimsə demir ki, pafoslu, millətçi, təfriqə yaradan əsərlər yazmaq lazımdı . Amma milli qüruru sındıracaq əsərlər yazmaq da olmaz. Hazırkı durumda bu cür yaradıcılıq nümunələrinin təbliği, şəxslərin parlaq imzalara çevrilməsi prosesi həmin dövlətlərin Azərbaycan kimi ölkələrdə təbliğ mexanizmlərindən biridir. Bu, vicdan məsələsidir, eyni zamanda bu tip yaradıcılıq nümunələri hazırda Azərbaycanda zərərli və təhlükəlidir. Aşırı humanizm Azərbaycan kimi ölkələrdə yaradıcılıqda tələdən başqa bir şey deyil.”

“Sağ qalan varmı?!” kitabımı imzalı hədiyyə edirəm. Həyatımda bəlkə də ən maraqlı, ən kreativ imza günü və yeridir mənimçün. İki min metr yüksəklikdə, düşmənlə bir neçə metrlik məsafədə... İnanmıram ki, bundan sonra daha belə imza günüm olsun. Zabit dostumuz ayrılandasa yarızarafat, yarciddi deyir ki, siz narahat olmayın, özünüz qayıtsanız da, kitabınız burada bizimlə birgə xidmət edəcək.

Üç gün sonra postda kitabın şəklini çəkib göndərməsi, şeirlər haqqında fikirlərini bildirməsi isə bir şair üçün möhtəşəm hisdir.

Atəşkəs müqaviləsindən sonra azad edilmiş postları, yüksəklikləri gəzirik. Rayon-rayon itirdiyimiz torpaqları indi qarış-qarış azad edirik. Əsad odur ki, azad olunur. Çünki hər kərə bu fian ildə azad edilmiş ərazidir deyiləndə insanın keçirdiyi duyğunu izah etməyə sözlər aciz qalır.

Səngərdən izləyirik. Önümüzdə Azərbaycanın parçalandığı, bir xalqı ikiyə bölən, o zamandan etibarən itirə-itirə getdiyimiz səbəbkar var. Gülüstan müqaviləsinin imzalandığı Gülüstan qalası. Yarı dağılmış qala divarlarından yüz illərin yarası, iniltisi axır. Bu görüş o qədər mistik, simvolik anlam daşıyır ki, mənimçün. Tam əmin olduğum, inandığım bir mistik inam yaranır. O qalanın önünə keçdikdən, azad etdikdən sonra Azərbaycanın bütövlüyü bərpa olacaq. O qala kiçik ərazisi ilə birgə Azərbaycan ordusu, Azərbaycan tarixi üçün böyük bir rəmzdir. Məhz o simvolu azad etmək...

Məhz o qalanı!

Yol boyu postlarda keçirdiyim anları xatırlayıram. Bir daha yenidən görüşəcəyikmi? Yox, heç zaman orada görüşməyəcik! Amma mütləq görüşəcəyik. Bu dəfə daha irəliyə çəkilmiş, azad olunmuş torpaqlarla, həmin zabit, əsgər heyəti ilə.

Qulağımda qulaqcıq, xəyallara dalmış halda Elçin Mirzəbəylinin sözlərinə bəstələnmiş, oxunan azadlıq marşı saatlarla təkrar-təkrar oxunur:

“Ey ulu Vətənim, doğma torpağım,
Var tükənməz odun, sönməz ocağın,
Azadlığa çıxmaq üçün qalxsın bayrağın.

Qalx ayağa millət,
Boğmasınlar səsimizi.
Bir bayraq altında
Birləşdir bizi!”

 

P.S. Bu səfər və yazı iki il öncə, 2018-ci ilin oktyabr ayında baş tutub və qələmə alınıb. 27 sentyabrda Azərbaycan ordusunun əks-hücuma keçməsi ilə qeyd etdiyim yerlər, yüksəkliklər ordumuzun nəzarəti altında keçdi. Bəli, elə hislər var ki, onu adama tanrı göndərir. Məhz iki il öncə hiss etdiklərim kimi. Murov yüksəkliklərinə, Gülüstan qalasına baxdığım kimi. Deməli, Azərbaycanın ərazi bütövlüyünün tam bərpasına az qaldı. Lap az.

 

Emin Piri

Murov yüksəklikləri

TƏQVİM / ARXİV