adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Sentyabr 2020 16:39
242660
LAYİHƏ
A- A+

TƏXRİBATLAR  DÜŞMƏNİN İÇ ÜZÜNÜ AÇIR

Azərbaycan Prezidenti bu barədə ölkəmizin mövqeyini konkret ifadə etdi

 

Son günlər həm ölkə mətbuatında, həm də  beynəlxalq müstəvidə Azərbaycan Prezidenti İlham Əliyevin yerli telejurnalistlərə verdiyi müsahibə diqqət mərkəzində saxlanılıb. Demək olar ki, yaxın-uzaq ölkələrin, xüsusilə qardaş Türkiyənin, həmçinin Rusiyanın, Ukraynanın, Moldovanın, Gürcüstanın və digər ölkələrin kütləvi informasiya vasitələri, elektron mediaları Azərbaycan Prezidentinin çıxışını manşetlərə  çıxarıblar. Açıq etiraf etmək lazımdır Ali Baş Komandan cənab İlham Əliyevin etdiyi çıxış ölkə daxilində böyük ruh yüksəkliyinə səbəb olub. Demək olar ki, bu gün hər kəs hər yerdə bu çıxışdan danışır, bu çıxışa öz münasibətini dilə gətirir. Bir vətəndaş olaraq şəxsən mən cənab Prezidentin çıxışını sonadək dinləyib təkrar əmin oldum ki, ölkə rəhbəri bütün məsələlərin ən həssas nöqtələrinə qədər diqqət mərkəzində saxlayır və lazımi anda lazımi addımları atır.

Bəli, hər kəs kimi mən də Dağlıq Qarabağ hadisələrinin başvermə prosesini yaxşı xatırlayıram. Çünki bu proses bilavasitə Dağlıq Qarabağdan olan insanların gözü qarşısında baş verib.

O cümlədən də mənim. Ölkə prezidentinin vurğuladığı kimi, biz həmin proseslərin ilk anında məsələnin əsl mahiyyətini bilmədik. Lakin zaman göstərdi və bu gün Azərbaycan Prezidentinin də vurğuladığı kimi, Ulu Öndərimiz Heydər Əliyevin siyasi büro üzvlüyündən uzaqlaşdırılmasından iki həftə sonra ermənilər Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi barədə iddia qaldırdılar.

Bu gün həmin fakt bir daha sübut edib ki, ermənilərin qorxub çəkindiyi, ehtiyat etdiyi ən böyük güc məhz Heydər Əliyevin Kremldə söz sahibi olmasıdır. Məhz onun tutduğu vəzifədən uzaqlaşdırılması ilə Qorbaçovun məkrli siyasəti həyata keçirilməyə başlandı. SSRİ rəhbəri özünün köməkçisi Arkadi Volskinin Dağlıq Qarabağda xüsusi idarənin rəhbəri olmasına təyinat verdi. Bununla da ermənilərin Dağlıq Qarabağı Azərbaycandan qoparmaq planı işə düşdü. Məhz Volskinin dövründə erməni saqqallıları, terrorçuları, eləcə də digər silahlı dəstələri Xankəndindən, ona bitişik ərazilərdən bölgənin azərbaycanlı sakinlərini qovmağa müvəffəq oldular. Bu işdə SSRİ-yə aid olub ermənilərə xidmət edən 366-cı alay da böyük rol oynadı.

Çünki bu alayın tərkibi daha çox ermənilərdən və ermənipərəstlərdən ibarət idi. Azərbaycan Prezidentinin hadisələrin ilk məqamlarını dəqiq faktlarla işarə etməsi həm ikili standartlar həyata keçirənlərin, həm də ermənilərin və ermənipərəstlərin yuxusuna haram qatıbdı. Ona görə də siyasi siması artıq faş olunmuş Paşinyan rejimi özünün keçmişini, korrupsiyaya qurşanmış ailəsini və çevrəsini arxa plana keçirmək üçün təxribatlara, siyasi avantüraya daha çox cəhd göstərir.

Bununla bağlı Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, "Ermənistanda iki il öncə dövlət çevrilişi baş verəndə biz buna neytral qaldıq. Vəziyyətdən istifadə etməyi düşünmədik. Çünki  bizim üçün Köçəryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsi maraqlı idi. Hətta həmin məqamlarda qeyri-rəsmi kanallarla Azərbaycan hakimiyyətinə yalvarışlar göndərən Nikol Paşinyan Azərbaycandan vaxt istəmişdi". Bu faktın özü göstərir ki, Azərbaycan iqtidarı, Azərbaycan xalqı kiminsə çətin durumundan, ağır vəziyyətindən yararlanmaq fikrindən çox uzaqdır. Bizim konkret mövqeyimiz, konkret vəzifəmiz var. Cənab Prezident öz çıxışında bu məqama toxunarkən onu da açıqladı ki, "Düşənbədə Paşinyanla olan görüş zamanı o, Ermənistanın daxili vəziyyətinin ağır olmasını, keçmiş hakimiyyətin yenidən revanş almaq üçün atdığı addımlları və bununla da aparılan danışıqları pozmaq istədiklərini nəzərə alıb ona vaxt verilməsini xahiş etmişdir. Onu da xahiş etmişdir ki, Azərbaycan tərəf atəşkəs rejimini daha da möhkəmləndirsin".

Lakin hadisələrin gedişatı göstərdi ki, Ermənistan hakimiyyəti dəyişsə də, bu hakimiyyətin məqsədi, məramı, onun tutduğu yol dəyişməyib. Paşinyanın atdığı addım özündən öncəki iqtidarın addımları ilə üst-üstə düşür. Və ən maraqlısı da budur ki, bu hakimiyyət yalana, şantaja, təxribata və bir də yalvarışlara daha çox meyllidir.

Yəni Azərbaycan tərəfinin ən kiçik səhv addımını duyan kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Rusiyaya və digər dövlətlərə üz tutub yalvarmağa, kömək istəməyə, onlardan Azərbaycana hansısa bir təsir etmək variantını dilə gətirməyə üstünlük verir.

Deməli, Azərbaycan Prezidentinin də vurğuladığı kimi, “bu gün Ermənistan siyasətinin əsas məramı, məqsədi özlərini alçaltmaq, özlərində məzlum, yazıq imici yaratmaqdı. Ağlaşmaq, hay-həşir qoparmaq, nəticədə də ondan-bundan ianə, qrant, kömək qoparmaq və bu həyasızlığı da utanmadan məzlum erməni xalqına dəstək kimi təqdim etməkdir".

Əsl həqiqətdə isə bu, genində dilənçilik olan bir xalqın nəyə qadir olduğunun gösrəticisi, kimliyini ifadəçisidir.

Çünki  Ermənistan Rusiyanın forpostu olduğunu artıq çoxdan etiraf edib. Çünki onun müstəqilliyi formal xarakter daşıyır. Ona görə də Ermənistan aid olduğu dairələrin icazəsi olmadan heç bir qərara imza atmır.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Ermənistanda dövlət çevrilişinin dəstəkləyicisi və təşkilatçısı SOROS təşkilatı olubdu. Məhz SOROS rejimi Paşinyanı hakimiyyətə gətirib. Ona görə də Ermənistanda söz sahibi dünyaya müxtəlif siyasi oyunlar sırayan və hakimiyyət dəyişikliyində maraqlı olan SOROS təşkilatıdır. Bu gün də Ermənistanda baş verən qanun pozuntularına, anti-demokratik hərəkətlərə, insan hüquqlarının tapdanmasına göz yumulur. Çünki onun, yəni Ermənistanın arxasında SOROS Fondu və onunla həmfikir olanlar dayanır.

Bütün bunlar bir daha onu göstərir  ki, özü söz sahibi ola bilməyən Ermənistan rəhbərliyi xalqının taleyini düşünmür, onu işğalçılığa, müharibəyə sürükləyir. Amma Azərbaycan Prezidentinin də vurğuladığı kimi, xalqımızın səbri hüdudsuz deyil.

Biz öz torpaqlarımızı işğaldan azad etməyin bütün yollarını və variantlarını yaxşı bilirik və bu hüququ özümüzdə saxlayırıq. Ermənistanın təxribat yolu ilə müharibəyə başlamaq istəyi ona baha başa gələcək. Bu barədə Azərbaycan Prezidenti qarşı tərəfə açıq mesaj da verdi.

Ali Baş Komandan bildirdi ki, "Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir maneə yoxdur".

Bunun ardınca cənab İlham Əliyev onu da qəti şəkildə bəyan edib ki, Ermənistan yeni böyük müharibəyə hazırlaşır.

Və bu, bizim üçün Ermənistanın daim təhlükə mənbəyi olmasını bir daha göstərir.

Əgər ermənilər özlərinin bu çirkin planlarından əl çəkməsələr, bunun onlar üçün çox ağır nəticələri olacaqdı.

Bəli, bütün dünya bilir ki, biz torpaqlarımızın işğaldan azad olunması üçün sülh danışıqlarına üstünlük vermişik. Lakin qarşı tərəfin bu danışıqları danışıqlar xatirinə uzatması və törətdiyi ardıcıl təxribatlar törətməsi göstərir ki, artıq erməniləri öz yerində oturtmağın vaxtı gəlib çatıb. Biz Ali Baş Komandanımızın rəhbərliyi altında hüquqlarımızı bərpa edib torpaqlarımızı azad edəcəyik.

Əbülfət MƏDƏTOĞLU

Əməkdar jurnalist

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.