SON DƏQİQƏ:

Vaqif İsaqoğlunun “Bizim General” poeması: “Mən qürur duyuram…”

  31041   |  
Şriftin ölçüsü  

Qüdrətli Yaradan Azərbaycan adlı bir diyarı o qədər sevgi ilə, o qədər sevinclə yaradıb ki, torpağının altını-üstünü təbii sərvətlə doldurub. Nələr yoxdu bu diyrarda, hansı nemət tapılmaz bu məkanda!Adlarını bir- bir yazmağa ehtiyac yoxdu, hamımız bilirik, yazsam belə əsl mövzunu unutmuş olaram. Yaradan yenə sevgiylə işinə davam etmiş: Bu dəfə dünyanın heç bir diyarında rast gəlinməyən nəcib  insanları məhz bu sərvətləri bol olan diyara nəsib edib. Canını ”uff” demədən nəinki xalqının elə dostunun, yoldaşının, sirdaşının, qonşusunun qohumunun,  bir sözlə, tanıyıb-tanımadığı hər kəsin yolunda qurban verməyə hazır fədakar insanları, ləyaqətli, mərd, qoçaq, döyüşkən, ürəyiyumşaq, rəhimli, məğrur xalqı yaratdı.   Xalq firavan-firavan zəfərdən-zəfərə, diyar genişliyindən daha genişliyə yeridi.

Yaratdığından xoşbəxt olan, işini mükəmməlcəsinə  bitirən Yaradan birdən dərin fikrə getdi. Nəisə unutmuşdu deyəsən...Hə, nəhayət ki, fikirləşib tapdı. Sonda “hər gözəlin bir ayıbı, hər yaradılanın bir çatışmayanı olmalıdır” düşündü. Bu qədər nemətlərin fonunda nə etsin ki, o “çatışmamazlığı” bu diyara, bu xalqa yaşatsın.

Və yenidən çalışmağa başladı. Bu dəfə iki çayın arasında insanlıqdan    kasad, mərdlikdən, humanizmdən xəbərsiz, paxıl, vəhşi, zəhlətökən bir toplum yaratdı.  Onu “ya vəlvələdənmi, ya zəlzələdənmi” , sonda gətirib o ruhu gözəl insanlara, o cənnət diyara qonşu etdi.  Elə o gündən o qonşu  bir bəla oldu çökdü diyarın sinəsinə... sərvətləri, nemətləri ruhu gözəl xalqın boğazına ilişdi, qaşığında zəhərə döndü. Düz 200 ildir beləcə davam edir.

Bu ilin iyul ayında isə növbəti dəfə qonşularımız- mənfur ermənilər, daha dəqiq desək, Ermənistan Silahlı Qüvvələri təbiəti cənnət olan diyarın cənnət guşəsi olan Tovuz rayonunu odlara qalamağa çalışdı. Fədakar insanlar ayağa qalxdı, düzləndilər sırasıyla güclü həmlələrin qarşısında! Sinələrini mərmi qarşısına verib, xalqını, yurdunun insanlarını qorudular. Qorudular! Onların biridə əslən Qəbələnin Vəndam kəndindən olan general-mayor Polad Həşimov idi.

 Bu yay- iyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olan, Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin qəhrəmancasına şəhid oldu. Polad Həşimov həmin igidimiz idi ki, 2011-ci ildə Kəlbəcər ərazisindən qızıl çıxarılması və daşınmasına mane olmaq üçün şəxsən özünün başçılıq etdiyi əməliyyatla əsas dağlarda yerləşən ən vacib mövqeni ələ keçirərək, Azərbaycanın təbii sərvətlərinin düşmən əlinə keçməsinin qarşısını almışdı. Məhz o əməliyyatdan sonra  Ermənistan üçün Kəlbəcər qızılını çıxarıb Yerevana nəql etmək qeyri-mümkün əməliyyatlardan birinə çevrildi.   Bundan əlavə, 2016-cı ilin aprel döyüşləri zamanı Talışdağ istiqamətində mövqeləri gücləndirərək açıq döyüşə girib və düşmən tərəfin onlarla əsgərini məhv etmişdi. O, aprel döyüşlərinin qəhrəmanı hesab edilirdi. Talış yükəkliklərində 7 döyüş postu var. Hətta onlardan biri "Polad postu" adlanır. Həmin postu 2016-cı ilin aprelində polkovnik Polad Həşimov azad etmişdi və onun şərəfinə adını vermişdilər.

2014-cü ilin 25 iyununda Azərbaycan Prezidentinin sərəncamı ilə polkovnik-leytenant Polad İsrayıl oğlu Həşimov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdu. 2019-cu ildə isə general-mayor rütbəsinə layiq görülmüşdü.

 Məhz generalımızın şəhidliyi bir daha xalqımızın sevə-sevə, sevilə-sevilə yarandığının işarəsiydi. Hər kəs igidimizin simasında xalqımızın böyüklüyünü, qüdrətini dünyaya göstərmək üçün Polad Həşimovun nəinki öz diyarımızda, həmçinin bütün dünyada tanıdılmasına bir töhfə verməyə çalışdı. Yazıçı, jurnalist Vaqif İsaqoğlu bu hərəkata “Bizim General” kitabı ilə daha tez öz töhfəsini verdi. Qeyd edək ki, “Bizim general” poeması ”Maarif” nəşriyyatında 112 səhifədən ibarət çapdan çıxıb. Kitabın redaktoru yazıçı publisist Sabir Hüseynov, məsləhətçisi isə iqtisad elmləri doktoru Münasib Qurbanovdur.

Kitabı əlimə alarkən sevinclə: “Vaqif müəllim, nə yaxşı!!!” deməyimə müəllif şeirlə cavab verdi:

 

İgid bir oğulun, mərd bir oğulun,

Şərəfli yoluna nəzər salıram,

Ömür kitabını vərəqlədikcə,

 Mən qürur duyuram, heyran qalıram.

 

Onunla fəxr edir, ellər öyünür,

Günəşdə nur saçır onun eşqinə,

Odlar diyarında - Azərbaycanda,

Daşlarda gül açır onun eşqinə.

 

Əziz oxucu, kitabın məsləhətçisi Münasib Qurbanovun “Ön söz” də bir fikrini oxudum, onu sizinlədə bölüşmək istərdim:”Bizim General” poeması vətənpərvərlik ruhunda yazılmış ən qiymətli sənət əsərlərindən biridir. Düşünürəm ki, vətənpərvərlik ruhunda yazılmış hər bir əsər qiyməti olmayan Tanrı payıdır.Tanrı bu payı Vaqif İsaqoğlundan əsirgəməyib və əlini şairin çiyninə qoyaraq belə deyib:”Öncə Vətəndir,Vətənin vətənpərvər, igid və cəsuroğullarıdır”.

 Eynən Vaqif İsaqoğluda belə düşünür deyib,  oxuduğum misraları sizə də çatdırıram:

 

Alnıma düşərək Ayın işığı,

“Polad Həşimovdan Vaqif,  yaz,”-deyir

 O cəsur generaldan, mərd generaldan,

Nə qədər yazılsa, yenə az”- deyir.

 

 Polad Həşimov sevdiyim döyüş generalı, xüsusi qəhrəman olduğu üçün ” Bizim General” poemasını bir gecə də, necə deyərlər bir nəfəsə oxudum, bitirdim. Ədəbiyyat tənqidçisi olmasam da, qeyd etməliyəm ki, şairi yaradıcılıq yolunda özünəməxsus cəhətlərindən biri də axıcılıq, sadəlik və xəlqilik prinsiplərinə dərindən bağlı olmasıdır. Bu poemada da xəlqilik prinsipi əsəri dilə yatımlı edir, misra-misra, bənd-bənd  yaddaşa köçürür. Bildiyiniz kimi, xəlqilik bədii əsərlərə, onların ictimai- estetik mövqeyinə qiymət vermək məqamının meyarıdır və Vaqif İsaqoğlu bu əsərində həmin məqama  sonuna qədər sadiq qalıb.

 

Xalqımız Polad tək mərd oğulları

Həmişə, hər zamanyada salacaq

Bizim atalarda yaxşı deyiblər:

“İgidlər ölsə də, adı qalacaq”

 

Son olaraq:  Az qalmışdı, bir zaman içində “ Bizim General” kimi maraqlı, dəyərli, əsl ədəbiyyat nümunəsi yaradan Vaqif İsaqoğlunun tanıtımını unudam: Vaqif İsaqoğlu 1959-cu il avqust ayının 10 -da Tovuz rayonunun Köhnəqala kəndində anadan olub,1976 -cı ildə həmin kənddə orta məktəbi , 1987-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. Müxtəlif mətbuat orqanlarında çalışıb. Fəxrimizdi, çünki Qarabağ müharibəsi veteranı, ehtiyatda olan zabit-mayordur. Azərbaycan Jurnalistlər Birliyinin (1989) və Azərbaycan Yazıçılar Birliyinin (1995) üzvüdür. "Qızıl ƏSR" qəzetinin təsisçisi və baş redaktorudur. 50-ə yaxın kitabın müəllifidir. "Qızıl qələm", "İti qələm", "Nailiyyət" vəs. media mükafatları laureatıdır. Prezident təqaüdçüsüdür. Səv etmirəmsə, “Bizim General” onun 18-ci kitabıdır.

 Uğurlar olsun, cənab mayor, əziz yazar!

 

 

Əntiqə Rəşid

 “Ədalət” qəzetinin Qarabağ  bölgəsi üzrə xüsusi müxbiri

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK