adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Aqil ABBAS: ƏBÜLFƏT MƏDƏTOĞLU, TUT ARAĞI VƏ ZAKİR FƏXRİ NİYƏ ÖZÜNDƏN ÇIXDI?

AQİL ABBAS
125775 | 2020-10-17 12:48

Cəbhədəki gərginlik demək olar ki, bütün millətə sirayət edib. Hamımızın ürəyi döyüş meydanındakı əsgərlərimizin yanındadı. Az qala onların nəfəslərini hiss edirik. Yəqin ki, onlar da bizlərin nəfəsini hiss edirlər. Və kürəklərində xalqın nəfəsini hiss etdiklərindən hər gün yeni zəfərlərə imza atırlar. 20 gündə 40-dan çox kənd, 1 şəhər, 1 qəsəbə düşmən işğalından azad olunub. Ordumuz müqəddəs bayrağımızı dalğalandıra-dalğalandıra üzü Şuşaya gedir.

Dedim bir az gərginliyi azaldım, bir xoş ovqat yaradım.

Deməli, belə. Şair Əbülfət Mədətoğlu məşhur Tuğ kəndindəndi. Bu kənddə əhali qırx-altmışadı. Yəni altmış faizi azərbaycanlılar, 40 faizi ermənilər. Cəfər Cabbarlının «1905-ci il» pyesində də hadisələr Tuğ kəndində cərəyan edir.

Tuğda Adəm və Həvva doğulmasa da cənnətin özü idi. İnşallah, görməyənlər gedib görəcək. Artıq ordumuz Tuğ kəndinin təxminən 1 kilometrliyindədi. Yəqin ki, bu gün-sabah Ali Baş Komandan İlham Əliyevin növbəti tivitində bu kəndin də adını oxuyacaqsınız.

Yay aylarında Əbülfətgilin kasıb daxmasında qonaq-qaradan yer tapılmazdı. Xüsusilə də Azərbaycanın məşhur şair və yazıçıları ailələri ilə Əbülfətgilə qonaq olardı.

Şair Ağa Laçınlının «Səmimiyyət» adlı bir şeiri var:

Ərk ilə evinə gəlmişəm, ay dost;

Görürəm, açıqdır qaşın-qabağın.

Komanı imarət bilmişəm, ay dost,

Nə gərək utanıb tər axıtmağın.

 

Səndən dünya malı ummayıram mən,

Sanma bəyənmirəm yavan loxmanı.

Doyursan qəlbimi səmimiyyətdən,

Bağrıma basaram kasıb daxmanı.

 

Və Əbülfətgilin «kasıb» daxması hamının üzünə açıqıydı. Və atası da öz səmimiyyətiylə hamını doydururdu.

Deməli, belə. Bir dəfə Əbülfət, mən, şair Zakir Fəxri və bir neçə dost oturub çörək yeyirdik. Təbii ki, yaralı qarabağlıların söhbəti də öz yaraları haqqındaydı. Birdən Əbülfət qayıtdı ki, Babək doğulanda 40 litr tut arağını palıd çəlləkdə həyətdə basdırmışdım ki, Babəkin sünnətində çəlləyin ağzını açacam. Zakir Fəxri də dedi ki, ə, yekə kişisən, o qədər tut arağını erməniyə qoyub gələrlər?

Əbülfət o çəlləyin ağzını Babəkin sünnətində aça bilmədi, heç toyunda da aça bilmədi.

Həmin gün gəldim, qəzetdə bir anekdot yazdım.

Şairlər oturub yeyib-içirlər. Və birdən Əbülfət qayıdır ki, həyətdə palıd çəlləyində 40 litr tut arağı basdırmışdım.

Zakir Fəxrinin də kefi kökdü, qalxır ayağa, deyir hamınız durun.

- Zakir, niyə?

- Ə, dedim durun ayağa, durun.

Hamı məcbur olub qalxır və soruşur ki, nə olub.

Zakir Fəxri:

- Ə, belə kişilik olar? Gül kimi arağı razı ola bilmərik ki, erməni içsin. Getdik Tuğu azad etməyə!

Bu səhər işə gələndə Əbülfət çıxdı qarşıma. Həmin hadisə yadıma düşdü, güldüm. Əbülfət soruşdu ki, Məllim, nəyə gülürsən?

- Atillanın sünnəti nə vaxtdı?

Atilla Əbülfətin nəvəsidi, yəni Babəkin oğludu.

- Bu virusa görə saxlamışam, görək də. Nəyə görə soruşursan ki?

- Heç. Ordumuz bu gün-sabah Tuğu azad edəcək. Zakir Fəxrini də götürüb gedərik Tuğa, basdırdığın tut arağını çıxararıq Atillanın sünnətini edərik, kirvəsi də mən olaram.

Əbülfətin gözləri doldu, boynumu qucaqladı, dedi:

- İnşallah!

İNŞALLAH!

TANRI ƏSGƏRLƏRİMİZİ QORUSUN!

TANRI ALİ BAŞ KOMANDANIMIZI QORUSUN!

TƏQVİM / ARXİV