SON DƏQİQƏ:

Evimizin  astanısındakı duyğularım - Kəhrizin bir udum suyu.... 

  116991   |  
Şriftin ölçüsü  

28 sentyabrdan Qarabağda – müharibə zonasındayam. Hesab edirəm, 27 ildir bütöv Qarabağın: doğma rayonumuzun-kəndimizin həsrətini çəkdiyimi, uğrunda canımdan keçməyə hazır olduğumu yazmağa ehtiyac yoxdu, çünki bilənlər bilir.  Düşünürəm ki, bəlkə də  mənim Qarabağ adlı bir dərdim, bir yaram olmasaydı, mən həyatda daha xoşbəxt, daha qayğısız həyat sürərdim. Qarabağın işğalı həyatımda böyük bir təlatüm yaratdı. Kəndimizi itirdim, yeganə qardaşımı itirdim, oğul itkisinə dözməyən, üstəlik kərpic-kərpic , yetimçiliklə tikdiyi evin itkisi ilə barışmayan atam qollarımın arasında can verdi. Təlatümlər bax o gündən başladı.  Atamın, qardaşımın yas mərasimini  elimin-obamın içində deyil, yad insanların arasında keçirməyim də bir dərd idi. İnsanın çətinliyi olanda elinə obasına sığınar, hətta evdə çörək tapmayanda gor qonşusundan,  yaxın qohumundan istəyə bilər,   ala bilər... Biz məcburi köçkünlər bax, belə həssas anlardan da məhrum olmuşduq. Hər düzəlməyən işimizin başında mütləq bir Qarabağ dərdi, Qarabağ problemi vardı. 

Nələr yaşadım bu 27 ildə ...? Tarixi anlar yaşayıram, sevincli günlər keçirirəm,  bu səbəbdən yazmaq istəmirəm! Bir gün, nə vaxtsa,  artıq  xatirəyə dönmüş o günləri bir-bir yazacağam.   

İndi isə Prezidentimizin “Ağdam işğaldan azad olunub” xəbərindən sonra səsim tutduqca, nəfəsim yetdikcə bağırmağımı xatırlamaq istəyirəm. “Allaaaah, evimizzzzz, bağımızzzz, tut ağacımızın dibiiiii! Hamısı yenə bizim oldu!Atam gəl gedək kəndə, qaqam gəl gedək kəndə!Ay Allah mən evimizə qayıdacam, mən gömgöy rəngli darvazamızı açıb, həyətimizə girəcəm, sonra 14 pilləkanı bir nəfəsə qalxıb, qapımız açacağam!Artıq evimizə gedə biləcəəəəəəəm!Ay Allah!”
 

Anamın yaşadığı qərib, köhnə, şəraitsiz köçkün evinə sığa-sığışa  bilmirəm. İstədim, ayağıyalın , başıaçıq düşəm bərribiyana, kimsəsiz yollara və yenə də ucadan bağıram, hayqıram!Əlim yetməyən, çağrışıma gələ bilməyən atamı-qardaşımı haraylayam! Deyəm ki, gözünüz aydın, evimizə qayıdacağıq, el-obanın içərisinə dönəcəyik....

Qəflətən bu sevincin içində nə yadıma düşdü, bilirsən? Atam son günlərini yaşayırdı . Elə hey “kəhrizimizin suyundan ver mənə, qızım” deyib yalvarırdı. Gedirdim, çöldə ləngiyirdim , guya kəhrizdən su gətirməyə getmişəm. Sonra əlimdə bir stəkan su ilə atama yaxınlaşırdım. Atam suyu dodaqlarına aparırdı, suyun zərrəsi dodaqlarına  dəyəndə tez suyu dodaqlarından aralayırdı. Sonra üzümə yazıq-yazıq baxıb yalvarıcı səslə deyirdi:”A bala, saa qurban olum, bu suyu demirəm eee, kəhrizin suyunu deyirəm,  Həlmə nənənin evinin yanındakı kəhrizin... nolar ordan mənə bir udum su gətir..”

Həmin axşam Qara həkim gəlib xəstə olan atama baxdı, müayinə elədi, kövrələ-kövrələ dedi ki, bu gecədən sağ çıxsa...

Və həkim sözünü tamamlamamış getdi... Həkim gedəndən sonra atam yenə kəhriz suyu istədi... Çarəsiz-çarəsiz, ağlaya-ağlaya üzünə-gözlərinə baxdım:”Ay ata məni niyə öldürürsən, yoxdu kəhriz, yoxdu onun suyu...” Və həmin gecə atam “oğul” və”kəhriz suyu” deyə-deyə dünyamıza vida etdi. 

Yanmış qəlbimin sevinci...

Sevinclə düşünürəm, indi mən çarəsiz deyiləm, kəndim də, kəhrizim də azaddır. Mən gedib kəhrizdən bir sənək su gətirib atamın məzarına səpə biləcəyəm.. Ay Allah, xoşbəxtliyə bax! Bir udum yox haaa, bir sənək su! 

Gözlərimdə nə sellər varmış, İlahi? Bir insanda  nə qədər   güclü səs olarmış? Bəlkə də havalanacaqdım, dəli olacaqdım, bir-birinə qarışmış hisslərin, emosiyaların əlindən!  Nə yaxşı ki, Qarabağ qazisi Gültəkin Quliyeva – xətri mənim üçün əziz olan rəfiqəm gəldi-çıxdı. Quzanlıda yerləşən Ağdam şəhidlər xiyabanını ziyarət etdik. Sonra atamın-qardaşımın uyuduğu Qərvənd qəbiristanlığına yollandıq. Oradan evlərimizə tərəf  boylandım...Uzaqdan, lap uzaqdan ancaq uçulmuş-dağılmış evlərin yarımçıq barısı görsənirdi. Gültəkin çırpıntımı, kəndi görmək  istəyimi duydu. Bəlkə də ürəyinin içində mənə yazığı da gəldi:“Kəndiniz hansı posta daha yaxındı, dur gedək ora”- dedi. 

Baş Qərvənd kəndi Çıraqlı kəndinin cəmi 200-250 metrliyində yerləşdiyini dedim. Bir başa o posta qədər getdik. Yola qoyulmuş şlanqbauma çatanda  əsgərlər irəli gedə bilməyəcəyimi söylədilər.”Olmaz!” -dedilər. Kövrəldim, “olmaz”ı eşitməkmi hayındaydım?
 Diz çöküb, hönkürməyə, hönkürə-hönkürə,”ora bizim kəndimizdi, mən ora getməliyəm”dedim.Əsgərlər başımıza toplaşdı. Əsgərin biri  kazarmaya komandir dalınca qaçdı. O birilər isə bizə qəribə, kövrək, az qala ağlansınmış bir nəzərlə baxırdılar. Mənim danışacaq halım qalmamışdı. Sağ olsun Gültəkini, komandirə nə baş verdiyini, mən nə istədiyimi çatdırmağı bacardı. Bacardı ki, komandir də  özündən “böyük” komandirə raport verib, bizim haqqımızda məlumat çatdırdı. Telefonun o başında “böyük” komandir nə dedisə, bu komandirin üzü güldü. “Gedək”- dedi. Sanki quşa döndüm, indi də dəli kimi gülürəm, sevinirəm, az qala hamısının başına dolanam. 
Gültəkin xanım, komandir Elmar  və 10 yaxın hərbçi ilə səngərin içi ilə əyri-üyrü yollarla irəliyə addımlayırıq. Bir anda qaynayırıq, qarışırıq. Danışırıq, gülürük. 

Xeyli gedirik. Səngərdən çıxıb, qum torbalarının üstünə çıxıb, təpəyə qalxırıq. Uçulmuş evlər 5 addımlığımda idi:“Allllaaaaahhhh, bura bizim kəndimizdir ki…”  

–O, xalamgilin evidir, Dəllək Həbibgilin evi, O birisi rəhmətlik Yaqubun evidi, Kəmaləgilin, Yunus babagilin, Rasim dayıgilin....Heyf,  evimiz burdan görünmür...Yaşıllıq-ağaclar qoymur…

Hiss edirəm, uşaq kimi qışqıra-qışqıra , sevinə-sevinə dediyim sözlərə əsgərlər gülümsəyir. Komandir Elmar  binoklu boynundan çıxarıb mənə verir: “ Tap,  görək evinizi” 

 Yenə hay-küyüm, qara qışqırığım oralara yayılır: “Odeyyy, bax o hündür bina görünür haa, o bizim məktəbdi, yarısı qalıb. Bax, komandir o yarıuçmuş ev görsənir haaa, o “pavliyon” Ənvərin evidi... Gözüçıxmışlar, Elbrusun evini dağıdıblar... Görünmür...” (Binokl məndə olsa da, elə bilirəm hamı mən gördüyümü görür)
Əsgərlər gülür...

“Bizim evimiz görünmür, “gübrə iskladı” ndan o tərəfədi” Ağdam –Bərdə yolunun Ağdama gedəndə sağında” ............Köpəkuşağı... hər yer qapqara hisdi, yandırıblar...

Əsgərlər yenə gülür...

-Komandir , icazə verirsən gedim, heç olmasa,  o evlərə əlimi toxundurum, o yanıq barıdan öpüm?

-Olmaz! Oralarda minalar təmizlənməyib. On gündən sonra gələrsiniz, sizi evinizə qədər aparacağıq.

 - Sağ ol komandir, var olun əsgərlərimiz! Yaşa Ordumuz! Yaşa Ali Baş Komandan! 10 gündən sonra bağımızı belləmək ümidi ilə, 10 gündən sonra, tut ağacımızın dibində palaz salıb oturmaq diləyi ilə!

 

 Əntiqə Rəşid
“Ədalət” qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbəri

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-19
2021-01-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK