adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Dekabr 2020 10:59
155011
MƏMLƏKƏT
A- A+

Əkiz şəhidlərin anası:” Ay Nazir, ay Tacir gözünüz aydın olsun...”- REPORTAJ

Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı.

Ağdam, Kəlbəcər rayonlarında bizə qarşı döyüşən Ermənistan ordusu döyüşsüz təslim olaraq, həmin rayonları Azərbaycan Ordusuna təhvil verdi.

Bu sevinci bizə yaşadan qəhrəmanlarımız var. O qəhrəmanlardan biridə düz İyirmi il əvvəl – 2000- ci ildə Ağdam rayonunun Çullu kəndində Allahverdiyevlər ailəsində eyni gündə dünyaya gələn əkiz şəhidlərimiz Nazir və Tacir Allahverdiyev qardaşlarıdı!

Onların ailəsində qonaq olmağı qərara alanda nə deyəcəyimi, eyni gündə iki övladını itirən anaya hansı təsəllini verəcəyimi düşünürdüm... Görəsən şəhid anası övladları kiçik ikən ciyərparalarına gündə neçə kərə “boyuna qurbanı olum” deyib, əzizləyib, sevib, oxşayıb? Neçə dəfə “toyunda oynayım, mürvətini görüm” arzusuyla Allaha əl açıb?

Məğrur şəhid anası

Daxilimdəki təlatümlərlə, çırpıntılarla dəmir darvazanı aralayıb həyətə daxil oluram. Adi, sadə kənd həyəti... Ailənin imkanlı olmadığı hər bucaqdan, hər kərpicdən , hər tikilidən bilinir. Amma vətənpərvər, cəsur, igid övladlara sahib olduqları mənəvi zənginliklərindən xəbər verir.

Titrək səslə “Ay Nailə xala”deyirəm. Ağğappaq saçları qıyğacın altında görünən, mehriban, amma qayğılı baxışları olan yaşlı qadın qapıda göründü:

-Gəl, bala, gəl, xoş gəlmisən...

Nəhayət, Nailə xala ilə qarşı-qarşıya oturmuşuq. Gözlədiyimin əksinə simasından, səsindən, hər cümləsindən məğrurluq, ləyaqət, təmkin yağan ana asta-asta söhbətə başlayır. Əvvəlcə, ailədə on uşaq böyütdüyünü, şəhid oğullarının evin sonbeşiyi olduğunu, nəinki ailədə eləcə də, kənd camaatının onların xətrini istədiyini, əkizləri əsgərliyə aşıqla, çal-cağırla yola saldığını, əkizlərin ona “qorxma, ikimiz də salamat gələcəyik" söz verməsini yada salıb kövrəlir:

- Evin balacaları olduqlarına görə, hamımız onları buyururduq. Tərbiyəli, sözeşidən, böyük sözündən çıxmayan, zəhmətdən -əməkdən qorxmayan uşaqlar idi. Həm evin işinə- gücünə kömək edirdilər, həm də Quzanlıda idmana gedirdilər. Uca boy-buxunları, idmana gedəndən sonra da böyümüş əzələləri onları yaşlarından xeyli böyük göstərirdi. Darvazadan çıxanda arxalarınca göz dolusu baxıb, Allaha şükür edirdim ki, belə sağlam, yaraşıqlı, qoçaq, ağıllı və vətənpərvər balalarım var. Orduya gedən kimi ən məsuliyyətli işi onlara tapşırıblar. Mənim balalarım topçu idilər...Hər ikisi! Heç vaxt bir-birlərindən ayrılmadılar.. .Bir gündə dünyaya gəldilər, bir yerdə böyüdülər, orta məktəbi bir oxudular, hərbi xidmətə bir yollandılar, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda savaşda bir yerdə döyüşdülər. Bu müqəddəs yolda eyni gündə şəhid oldular. Çullu kəndində torpağa da eyni gündə tapşırıldılar. Məzarları yanbayandı.

“Gözaltıları vardı, əhd eləmişdim, eyni gündə toy vurduracaqdım”

 

-Oğullarınız nəinki Ağdamın, Qarabağın bütövlükdə bütün Azərbaycanın qürur yeridi, fəxridi. Əsgərlərimizin rəşadətindən, şəhidlərimiz müqəddəsliyindən hər kim söhbət edirsə etsin, sizin sobeşik dediyiniz qəhrəmanlarımız Nazirin, Tacirin adı orda mütləq çəkilir.

- Balalalarım Vətən yolunda, torpaq yolunda şəhid oldular. Müharibə yenidən başlasa, vətən çağırsa, o biri oğullarımın da döyüşlərə qatılmasına mane olmaram. Şükür Allaha ki, torpaqlarımız işğaldan azad olundu. Balalarımın qanı yerdə qalmadı. Torpaqlarımız azad olunduqca, gedirəm məzarlarının üstünə, deyirəm: Ay Nazir, ay Tacir gözünüz aydın olsun, azad görmək istədiyiniz, bu yolda canınızı qurban verdiyiniz yurdlarımız erməni dığalardan təmizləndi. Qələbə bizimdi!

-Nailə xala, bilməmiş olmazdınız, sevib-seçdikləri vardımı?

-Eşitmişdim ki, gözaltıları var. Onlar da iki bacıymışlar. Əhd eləmişdim, əsgərlikdən gələn kimi ikisini də eyni gündə evləndirim...

- Niyə uşaqların Şəhidlər Xiyabanında yox, kənd məzarlığında dəfn edilməsini istəmisiniz...?

-Şəhidlər Xiyabanı Quzanlı kəndindədir. Kənddən xeyli aralıdı. Burdan ora xeyli yoldu. Mənim çox ağlamamağım, qəbir üstünə gedib sarsıntı keçirməməyim üçün fikirləşdim ki, gec-gec apararlar məni ora... Çullu qəbristanlığına ona görə gətirdirdim ki, ürəyim balalarımı istəyəndə tez-tez gedim görüm, görüşüm, bayramların, ad günlərini təbrik edim...

Qeyd edim ki, Çullu kəndinin qəbiristanlığı kəndə gedən yolun üstündədir. Şəhidlərimizin məzarları yola lap yaxındı. O ailəni tanıyan da, tanımayan da o yoldan keçərkən maşını saxlayıb, ekiz şəhidlərimizi ziyarət edib sonra yollarına davam edirlər.

 

-Nailə xala, elə bil narahatsınız? Harasa gedəcəksiniz?

-Bacım Aftabın nəvəsi Səxavətdə şəhid olub, Xındırıstanda- Paşabəyli kəndindədir yası . 26 noyabrda dəfn edilib. Mənim də qonağım, gəlib-gedənim çoxdu. İstiyirdim gedim başsağlığı verim. Səxavət Məmmədov bacım qızı Lətifənin oğludu, Vahabın oğludu... Allah bütün şəhidlərimizin ruhunu şad, yerini cənnət eləsin.

 

“Ölümlərin ən gözəli şəhid olmaqdır”

 

Əkiz şəhidlərimizin qardaşı Cəfər də qardaşları haqqında söhbətə başlayanda ilk öncə xatirələri yada saldı:

 

- Nazir idmanla məşğul olmağı hədsiz sevirdi. Tacir onun qədər idmana meyilli olmasa da, Nazirin təkidindən sonra o da Quzanlıya məşqlərə həvəslə gedib-gəlirdi. Bir gün gördüm ki, həyətdə turnik quraşdırırlar. Həvəslə yeri qazdılar, dəmir dirəyi basdırdılar. Dirək yerinə oturar oturmaz məşqlərinə başladılar. Elə cəldliklə idman hərəkətləri edirdilər ki, yıxılacaqlar deyə, az qalırdı ürəyim qopsun. Allah, o turnikin başına nə oyun gətirirdilər (gülür). Qəribə uşaqlar idilər. Əsgər olmağa, hərbi paltar geyinməyə o qədər həvəsli idilər ki, əskərlikdən bir qohum gələndə, gedib onun formasını alıb geyinib, yaraşıb-yaraşmadıqlarını öyrənirdilər. Mən əsgərlikdən gələndə hərbi formamı bircə gün əynimdə gördüm. Nazir geyindi, Tacirə verdi, Tacir geyindi, Nazirə verdi. Forma cırılana qədər əl çəkmədilər (gülümsəyir, susur)... Onlar üçün o qədər darıxıram...

- Bizim qələbə sevincimiz onların şəhidliyi üzərində reallaşıb! Onlara borcluyuq...

-Əlbəttə! Mən onlarla fəxr edirəm!. Amma heç inana bilmirəm ki, onlar bir də bu darvazanı açıb gülə-gülə içəri girməyəcəklər, o, turnikdə sallanmayacaqlar. Elə bilirəm, hələ əsgərlikdədirlər... Yenə zəng gələcək, yenə bir-birinə aman vermədən, sevinclə deyəcəklər ki, işimiz çoxdu, it qovuruq...Özümü ağır bir yuxunun içində hiss edirəm. Amma bütün ruhumla duyuram ki, Nazirdə, Tacirdə bizim yanımızdadırlar, ruhları şaddır, sevinclidirlər... Həm torpağımız işğaldan azad olub, həm silahdaşları onların qisasını alıb. Həm də bütün Azərbaycan onlarla fəxr edir. Vallah, ölümlərin ən gözəli şəhid olmaqdır. Yaranan bir gün öləcək... Amma şəhidlər əsla!

 

Cəfərin fikrinə qatılıram! Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək agrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən bütün şəhidlərimizin ruhu şad olsun!

 

Əntiqə Rəşid

“Ədalət” qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri