SON DƏQİQƏ:

“Əsas hədəf məşhur simalar olur” - “Deep fake” və “fake xəbər”

  65248   |  
Şriftin ölçüsü  

İlk olaraq ““Fake news” nədir?” bu suala cavab verək. O, dilimizə tərcümədə “saxta xəbər” mənasını verən tez-tez qarşılaşdığımız bir haldır. Bu cür xəbərlər jurnalistikada qəsdən yaradılmış yalan informasiyalardır. Ki, bu məlumatlar vasitəsilə sarı media orqanları öz saytlarına çoxlu istifadəçilər cəlb edirlər.

“Fake” məlumatlar bu gün ciddi sosial bəladır. “Fake”lərin yayılması, saxta xəbərlərin ifşa olunması, onlara qarşı mübarizə yolları müxtəlifdir. Təbii ki, burada “fake”lərin mahiyyəti xüsusi əhəmiyyət kəsb edir. Yayılan saxta məlumatlar fotodurmu, mətndirmi, yoxsa videodurmu? Məhz bu bölgü əsasında da “fake”lərlə mübarizə aparılır. “Fake xəbər”lərin qarşısı necə alınmalıdır? Hazırda bu sual dünyanın aparıcı dövlətlərini düşündürür.

“Fake xəbər”lər iki cür yaranır: daxili və xarici təsirlərin vasitəsilə. Daxili təsirlərin vasitəsilə yaranan “fake xəbər”ləri nümunə ilə izah edək. Bilirik ki, Azərbaycan 44 gün Vətən Müharibəsi apardı. Məhz həmin ərəfədə Şuşanın, Laçının və digər ərazilərimizin alınması ilə bağlı “fake” xəbərlər demək olar ki, tez-tez yayımlanırdı. Bəs bu “fake” xəbərlər nədən qaynaqlanırdı? Hər hansısa bir şəxs qohumundan, ətrafından aldığı məlumatı təhrif olunmuş şəkildə sosial şəbəkədə yayımlayırdı. Bu isə saxta məlumatların formalaşmasına gətirib çıxarırdı. Ona görə də, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi əhalini yalnız rəsmi məlumatlara inanmağa çağırırdı. “Fake xəbər”lərin yayılmasının qarşısını almaq məqsədilə ölkəmizdə hətta internetə giriş-çıxışın məhdudlaşdırılmasına dair göstəriş də verildi. Bax bu təqdirəlayiq bir addım idi. Ki, müharibə şəraitində saxta məlumatlarla mübarizə üçün ölkəmiz ən alternativ üsuldan istifadə etdi.

İndi isə kənar təsirlərin vasitəsilə yaranan “fake xəbər”lərdən danışaq. Məsələn, müharibə dönəmində düşmən tərəf propaqanda üçün Azərbaycan profilləri ilə bizim sosial mediaya müdaxilə etməyə çalışırdı. Gəncə hadisələri zamanı Suriyada dağıntılar altında qalan bir uşağın fotosu sosial şəbəkələrdə yayıldı və bu foto elə təqdim olundu ki, sanki həmin hadisə Gəncədə olub. Məsələnin mahiyyəti nədən ibarət idi? Ermənilər həmin fotonu Azərbaycan adına qələmə verməklə və sonradan həmin fotonu Suriyada baş vermiş hadisə ilə əlaqələndirməyə çalışdılar ki, guya azərbaycanlılar Suriyadakı hadisəni Azərbaycanda olmuş kimi yayımlayırlar. Bu kimi hallara yol verilməməsi üçün nə edildi? Dövlət rəsmiləri hər dəfə çıxışlarında insanları rəsmi mediaların və rəsmi dövlət qurumlarının yayımladığı məlumatlara istinad etməyə çağırdılar. Media məlumatları dedikdə biz təkcə xəbərləri nəzərdə tutmuruq, buraya fotolar, eləcə də videolar daxildir. “Fake xəbər”lərlə mübarizə üçün hətta müharibə dövründə portal da yaradıldı. Belə ki, kütləvi şikayətin təmin olunması məqsədilə yaradılan www.fake.az internet portalında istifadəçilər sayta qeydiyyatsız daxil olaraq şikayət olunan - saxta xəbərlər tirajlayan hesabların linkini bazaya əlavə edirdilər. Həmçinin, bazaya daxil edilmiş linklər vasitəsilə aidiyyəti üzrə facebook, telegram, apple, google və s. şikayət etmək və bazaya daxil edilmiş şikayətlərin səbəbləri ilə tanış olmaq da mümkün idi.

“Fake xəbər”lər bütün dövlətlər və və cəmiyyətlər üçün ciddi təhlükədir. Bu xəbərlərin qloballaşması, onlardan siyasi kampaniyalar, kommersiya məqsədilə istifadə böyük çaşqınlıqlara səbəb olur. Ona görə də, “fake xəbər”lərlə mübarizə çox vacibdir. Məhz bu cür xəbərlərin yayılmasının qarşısını almaq üçün KİV-lər, informasiya agentlikləri sıx birləşməli, birgə mübarizəni gücləndirməlidirlər.

“Fake” məlumatlar bu gün tez bir zamanda ictimaiyyətə çatdırılır. Hətta bəzən bu cür informasiyalar dəqiq xəbərləri də ötüb keçir. Bu cür hallara yol verilməməsi üçün jurnalistlər informasiyanı təkrar-təkrar yoxlamalı, məlumatı dəqiqləşdirməlidirlər. KİV-in başlıca məqsədi insanları dəqiq informasiya ilə təmin etməkdən ibarətdir. Bu mənada deyə bilərik ki, dəqiqlik operativlikdən də öndə gəlməlidir.

“Fake” məlumatlardan danışarkən “deep fake” anlayışına da toxunmaq lazımdır. Son dövrlərin ən təhlükəli bəlasına çevilən “Deep fake” nədir, bunu izah edək. Hər hansısa bir şəxsin sosial şəbəkə üzərində yayımlanmış fotoları toplanılır, daha sonra süni intellektdən istifadə edilməklə onun alqoritmi qurulur. Jest, mimika, hətta səs belə təqlid ediləcək şəxslə eyniləşdirilir. “Deep fake” videolar o qədər professional hazırlanır ki, onları orijinaldan ayırmaq belə çətindir. Bu cür videolarda əsas hədəf məşhur simalar olur. Zaman-zaman etibarilə Emma Uatson, İvanka Trump, Natali Portman, Mişel Obama və bir neçə məşhur sima “deep fake”in qurbanı olmuşlar.

İnkişaf edən texnologiya ilə artıq saxta və gerçək məlumatlar bir-birindən fərqləndirilməyəcək bir hala gəlib. Süni intellekt bu gün qarşısı alınmaz dərəcədə təkmilləşib. Bir səs və video ilə olduqca rahat manipulyasiyalar etmək olduqca rahatlaşıb ki, bunun isə ən bariz nümunəsi “deep fake”dir. Hər hansı bir videonun saxta olduğunu aşkara çıxarana qədər onun törətdiyi problemlər həddən çox olur. 2018-ci ilin aprel ayında Jordan Pil “deep fake” vasitəsilə Barak Obamanın saxta videomüraciətini yaratdı. Barak Obamanın həmin çıxışdakı fikirləri belə idi: “Hər kəsin hər an söyləmədiyi sözləri düşmənlər vasitəsilə guya səsləndirdiyi bir dövrə qədəm qoymuşuq. Məsələn, bu videoda mənə “qatil haqlı idi” və ya “Ben Carson bataqlıqdadır” kimi şeyləri söylədirlər. Mən bunları heç vaxt deməzdim. Lakin Jordan Pil kimi birisi bunu istəyir və mənə dedizdirir. Ona görə söyləyirəm ki, təhlükəli bir zamandayıq. Etibarlı xəbər mənbələrinə inanmalı, onlara istinad etməliyik”. Jordan Pil hazırladığı bu video vasitəsilə “deep fake”in nə qədər təhlükəli olduğunu diqqətə çatdırır və insanları bu videolarla mübarizədə ən əsası rəsmi mənbələrə inanmağa çağırır.

“Deep fake” videoların yaratdığı təhlükə ilə bağlı qanunlar artıq müzakirə edilməyə başlayıb. Ötən il Kaliforniyada qəbul edilmiş iki qanun “deep fake”dən istifadəni qadağan edir. Bəs bu kifayətdirmi? Əlbəttə ki, xeyr. Ona görə də biz özümüz “deep fake” barəsində ətrafımızdakıları məlumatlandırmalı, gerçək videolarla “deep fake”in fərqini ayırd etməyi bacarmalıyıq. “Deep fake” videolarda bir kadrdan digərinə keçid zamanı işıq effekti, dəri rəngi dəyişir, dodaq hərəkətləri nitqə uyğun gəlmir. Bu məqamlara diqqət etməklə videonun saxta olduğunu asan ayırd edə bilərik.

“Deep fake”lə mübarizədə, yəni videonun saxtakarlığının aşkar edilməsində xüsusi proqramlar da əhəmiyyət kəsb edir. Həmin proqramlar vasitəsilə videoların “fake” olub-olmadığı aşkar edilir. “Deep fake”lə mübarizənin digər bir yolu isə üz tanıma proqramlarıdır ki, məhz bu proqramlar “deep fake” elementlərini zəiflədir və videoların saxta olduğunu aşkara çıxardır.

Onu da qeyd edək ki, informasiya texnologiyaları inkişaf etdikcə “deep fake”lə mübarizə də çətinləşir. Belə ki, onu gerçək videolardan fərqləndirmək üçün daha kibertəhlükəsizlik proqramlarına ehtiyac yaranır. Ümumiyyətlə, bu gün şəxsi məlumatları kiber təhdidlərdən qorumaq üçün “Total Security” kimi bir paketdən istifadə vacibdir.

Rövşən Tahir

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK