SON DƏQİQƏ:

Ülvi Quliyev: "Qələbəni etiraf etmək siyasi mədəniyyət tələb edir"- MÜSAHİBƏ

  8664   |  
Şriftin ölçüsü  

Milli Məclisin deputatı Ülvi Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 11-də Rusiyaya işgüzar səfəri, keçirilən üçtərəfli görüşlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

-Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Belə bir görüşün keçirilməsini milli maraqlarımız baxımından necə dəyərləndirirsiniz?

-Əvvəla, onu qeyd edim ki, əgər bu görüş baş tutmasaydı, o zaman narahat olardıq. Elə bir vəziyyətlə üzləşsəydik yenidən götür-qoy etməyə və narahat nəticələr üzərində düşünməyə vadar olardıq. Baş tutan görüş isə imkan verir ki, savaş meydanında əldə etdiyimiz hərbi qalibiyyəti diplomatik-siyasi müstəvidə möhkəmləndirə, rəsmiləşdirə bilək. Bu istiqamətdə ilk addım noyabrın 10-da atılmışdı, üçtərəfli birgə Bəyanat imzalanmışdı. Həmin Bəyanatla tərəflər öz üzərinə konkret öhdəliklər götürmüşdülər. Ötən iki ay müddətində bu öhdəliklərin bir qismi yerinə yetirilib, o cümlədən Ağdam, Kəlbəcər və Laçın rayonları məğlub Ermənistan tərəfindən Azərbaycana qaytarılıb. Onları döyüşsüz, əlavə itkilər vermədən qalib tərəf kimi əldə etmişik. Bu müddətdə əsirlərin dəyişdirilməsi, həlak olanların meyitlərinin götürülməsi istiqamətində konkret işlər görülüb. Lakin 10 noyabr Bəyanatından sonra ötən 60 gün göstərdi ki, onun bəzi bəndlərinin həyata keçirilməsi üçün işlək mexanizmin formalaşdırılmasına ehtiyac var. Xüsusən, Bəyanatın 9-cu bəndində nəzərdə tutulan kommunikasiya, nəqliyyat dəhlizi məsələlərinin həlli baxımından bu, zəruridir. 44 günlük Vətən müharibəsinin nəticəsində əldə etdiyimiz qalibiyyət yalnız torpaqlarımızın işğaldan azad olunması ilə bağlı deyil. Mühüm tarixi nailiyyətimiz Naxçıvanı quru yolla Azərbaycana bağlamaq istəyimizi reallaşdırmaq imkanıdır. Bu, Mehri üzərindən Naxçıvana və Türkiyəyə dəmir yolunun açılması ilə bağlı işlərin başlanması, Şərq-Qərb nəqliyyat dəhlizinin işlək vəziyyətə gətirilməsi deməkdir. Digər tərəfdən, 10 noyabr Bəyanatından sonrakı dövrdə işğaldan azad olunmuş ərazilərimizdə erməni terror dəstələrinin zərərsizləşdirildiyi və saxlanıldığı, onların bir qrupunun Qarabağa Ermənistandan keçdiyi barədə məlumatlıyıq. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında üçtərəfli görüşün diplomatik mahiyyətinə uyğun tərzdə həmin məqama da diqqət çəkdi: "Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb”. Şübhə etmirəm ki, bu və digər məsələlər bağlı qapılar arxasında daha detallı şəkildə müzakirə edilib, əlavə tədbirlər nəzərdə tutulub. Bir sözlə, hərbi müstəvidə Ermənistanın məğlubiyyətini şərtləndirən 10 noyabr Bəyanatının bənd-bənd, addım-addım reallaşdırılmasına və diplomatiya xətti ilə uğurlarımızın milli maraqlarımıza uyğun şəkildə rəsmiləşdirilməsinə şahidlik edirik.

-Belə çıxır ki, 10 noyabr Bəyanatından sonra 11 yanvar bəyanatını da imzalayan Paşinyanı ölkəsində yeni təlatümlər gözləyir?

-Təbii ki, məğlub olan tərəfin cəmiyyəti həmişə təlatümlərə məhkum olub. Ermənistan da istisna deyil. Lakin bu coğrafi qonşumuz dövlətçiliyini de-yure də itirməmək, regionda varlığını qorumaq naminə məğlubiyyətindən sonrakı reallıqlarla hesablaşmaq məcburiyyətindədir. Əks təqdirdə, onu daxili siyasi çəkişmələrlə yanaşı, ciddi iqtisadi təlatümlər də gözləyir. Ermənistan cəmiyyətində anlamalıdırlar ki, xəstə təxəyyüllərinin təməlində dayanan "seçilmiş millət” mifindən, revanş hisslərindən birdəfəlik qurtulmayınca, regionda özlərini rahat hiss etməyəcəklər və region dövlətləri tərəfindən təklənib təcrid olunmuş vəziyyətdə yaşamağa məhkum olacaqlar. Bu yol onlara yalnız tənəzzül və xaosla bağlı gələcək vəd edə bilər.

Yanvarın 11-də keçirilən görüşdə Paşinyan bir daha əmin oldu ki, məğlub tərəfin rəhbəri kimi qalib tərəf olan Azərbaycanın və regionda strateji maraqlarını gizlətməyən Rusiyanın şərtlərini qəbul etməyə məcburdur. Elə bu səbəbdən, o, 10 noyabrdan sonra Azərbaycan tərəfinin saxladığı erməni terror-diversant dəstələrinin azad edilməsi ilə bağlı istəyinə Prezident İlham Əliyevdən ədalətli yox cavabını aldı. Dövlətimizin başçısı Ermənistana, onun xaricdəki havadarlarına və ermənilərin lobbi mərkəzlərinə xəyalla yaşamağın mənasız olduğunu göstərmək üçün bu bəyanatı da verdi: "Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb”. Prezident İlham Əliyev münaqişənin keçmişdə qaldığını vurğulamaqla açıq şəkildə bildirdi ki, onun təməlində dayanan və münaqişənin əsas səbəbi olan status məsələsi də keçmişdə qalıb və qalib Azərbaycan üçün müzakirə mövzusu deyil.

Bu görüşdə Azərbaycan vətəndaşlarından biri kimi məni məmnun edən və mənəvi rahatlıq gətirən o idi ki, 30 illik bir tarixdən sonra Azərbaycan Prezidenti Ermənistanın dövlət başçısı ilə görüşdə Müzəffər Ali Baş Komandan kimi qalib tərəfi təmsil edirdi. Bu, özünü həm tərəflərin verdiyi bəyanatların məzmununda, həm də davranışlarda açıq şəkildə büruzə verirdi. Müharibədən sonra Paşinyanla ilk canlı təmasda bu mənzərəni seyr edə bilmək həqiqətən qürurvericidir.

-11 yanvardan əvvəl ölkəmizin radikal müxalifəti görüş ətrafında ajiotaj qaldırmışdı, müxtəlif iddialar irəli sürürdü.

-Bir vaxtlar onlar iddia edirdilər ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə torpaqlarımız heç vaxt işğaldan azad edilməyəcək. Son iki ayda onların başqa iddialarının da şahidi olduq ki, guya Paşinyan 10 noyabr Bəyanatına heç imza atmayıb. 11 yanvar görüşü bu iddianın da absurd olduğunu sübut etdi. Hərdən mənə elə gəlir ki, radikal müxalifət adlandırdığınız o qrup cənab İlham Əliyevin dövlətçilik və siyasətçi potensial və imkanlarını özləri üçün indi-indi kəşf etməyə başlayıblar. Anlamağa başlayıblar ki, bu potensialın və gücün qarşısında rəqabət aparmaq üçün çox zəifdirlər. Çünki potensial şəxsi keyfiyyətlərə bağlıdırsa, gücün arxasında siyasi iradə və dövlətçilik təcrübəsi ilə yanaşı, xalqımızın dəstəyi və istəyi dayanır. Bununla hesablaşmamaq paralel dünyada xülyalarla yaşamaq, sadəlövhlük deməkdir. Ümumxalq Qələbəmizin müəllifinin kimin olmasından asılı olmayaraq, bu Qələbəyə sevinmək vətəndaşlıq məsuliyyəti, imza müəllifinə hörmət göstərmək və onun siyasi üstünlüyünü etiraf etmək isə siyasi mədəniyyət tələb edir. Bu ənənənin formalaşması cəmiyyətimizin sabahı, gələcək nəsillər üçün çox vacibdir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK