adalet.az header logo
  • Bakı 12°C
27 Yanvar 2021 17:20
31803
MƏDƏNİYYƏT
A- A+

“Aktyor olmasa, ondan yaxşıdır” - MÜSAHİBƏ

“Teatrda aktyor böyük bazaya malik olur. Doğrudan da, böyük təcrübəyə malik olursan. Danışığımdan tutmuş səhnədə gəzməyimə qədər teatrda öyrənmişəm. Bu sənətdə belə bir söz var, yaxşı aktyorsansa, çıx səhnəyə. Kinoda yenə də deyirəm, yoldan keçəni də gətirib oynatmaq olur. Əzbərlətdirirsən sözü, 1-2 saat onunla məşq edirsən, haradasa ondan bir şey çıxartmaq olur. Amma həmin adam teatrda heç nə edə bilməz. Teatr canlı ünsiyyətdir”. “Ədalət” qəzetinin qonağı Bakı Bələdiyyə Teatrının aktyoru Tural Əhməddir.

-Hər vaxtınız xeyir olsun, Tural. Çox sağ olun ki, dəvətimi qəbul etdiniz...

-Mən sizə minnətdaram.

-Müsahibələrinizdən birində demisiniz ki, aktyor olmurlar, aktyor doğulurlar...

-Niyə bu fikri söyləmişəm? Əgər sənin daxilində bir faiz də olsa, istedad varsa, Yaradan tərəfindən o, sənə verilibsə, deməli, artıq sən aktyor doğulmusan. Sadəcə zamanla həm təhsil,  həm həvəs, həm təcrübə səni peşəkarlığa doğru sürükləyir ki, yaxşı bir aktyor olasan. Adam var ki, sonradan aktyor olmaq həvəsinə düşür, kinolara baxır, kino, teatr barədə elmi savadı da var, amma nə edir, aktyor ola bilmir. Çox zəif olur. Düzdür, eləsi də var ki, aktyorluğa qəbul olur, teatrda fəaliyyət göstərir, kinolara da çəkilir, amma baxırsan ki, aktyor olmasa, ondan yaxşıdır. Aktyor da var ki, elmi savadı yox, baxırsan, möhtəşəmdir.

-Uşaqlıq arzunuzla aktyorluq sənətini seçməniz arasında demək ki, bir bağlılıq var...

-Təbii ki. Bu sənətə həvəsim uşaqlıqdan olub. Azərbaycan kinolarının vurğunu olmuşam. Azərbaycan aktyorlarını çox sevmişəm. Elə indi də sevirəm. Mən onlara baxıb, həvəslənib aktyor olmaq istəmişəm. Həsən Məmmədova, Rasim Balayevə, Həsənağa Turabova və digərlərinə. Ən sevdiyim aktyorlardan biri də Yusif Vəliyevdir. Mənim üçün dünyəvi bir aktyordur o.

“Fikirləşmirdim ki, nə zamansa teatrda işləyərəm”

-Aktyorluq çətin bir peşədir. Çünki sən başqalaşırsan. Bəs, sizin fikrinizcə necə?

-Əlbəttə ki, çətindir. Mən deyərdim ki, hətta çox çətindir. Qıraqdan baxıb lağ edənlər olur. Deyirlər ki, mən olsaydım, belə edərdim, bizim aktyorlar zəifdirlər. Nə bilim, ya süni danışırlar. Bu kim ifadələr tez-tez işlədilir. Həmin insanları seriala dəvət edirlər, balaca bir rol verirlər, inandırım sizi, bir kəliməni, bir cümləni deyə bilməyirlər. Kameranın həyəcanı bürüyür onları, dil-ağızları tutulur. Ümumiyyətlə, hərəkətləri dəyişir, özləri kimi ola bilmirlər. Onda başa düşürlər ki, çətin peşədir.

Bəzi anlar olur ki, mənim özüm də çıxılmaz vəziyyətdə qalıram ki, bu hissəni necə oynayım, daha təsirli olsun? Mən nə edim ki, insanlar bunu hiss etsinlər? İnanıram ki, peşəkar, sözünü demiş aktyor da elə bir məqam olur, fikirləşir ki, görəsən, nə edim ki, insanlara bu hissəni yaşada bilim?!

-Tural Əhmədin teatrda ilk günü...

-Allah Amaliya xanıma rəhmət eləsin. Ölənə qədər o insana minnətdaram ki, məni Teatrına dəvət elədi, mənə teatrı sevdirdi. Düzdür, teatrı uzaqdan sevmişəm, amma fikirləşmirdim ki, nə zamansa teatrda işləyərəm. Çünki kinonu çox sevmişəm. Amma Amaliya xanım mənə teatrı sevdirdi. Amaliya xanım mənə səhnədə danışmağı öyrətdi. Hərdən elə lağ edirdi mən danışanda. Özüm özümdən utanırdım ki, mən doğrudanmı belə danışıram?! Sözlər ağzımdan tökülürdü. Amaliya xanım diksiyamı düzəltdi. O insana ölənə qədər borcluyam.

Amaliya xanımın 70 illiyi idi, təzə gəlmişdim mən də teatra, “Təhminə və Zaur”u oynayacaqdıq. Mənə bu rolu təcrübə kimi verdi ki, görsün, bacarırammı, yoxsa yox. Heydər Əliyev adına Respublika Sarayında bu tamaşanı canlandırmalı idik. Məşqlərdə bir az danladı, sonra yavaş-yavaş düzəldim. Yubileydə də oynadıq. Yubileydən sonra mənə yaxınlaşdı ki, Tural, çox sağol, bəyəndilər, mən də bəyəndim. Bu sözlərdən mən də çox sevindim.

Üstündən bir müddət keçdi, bizi teatra çağırdı. Onda mənə qayıtdı ki, Fridrix Şillerin “Məkr və Məhəbbət” əsərini oxu. Təəccübləndim ki, görəsən, niyə? Dedi ki, sənə söyləyirəm, oxu. Getdim, kitabxanadan o kitabı tapdım və başladım oxumağa. Bir müddət sonra bəlli oldu ki, yeni əsər qoyulur və mənə orada baş rolu həvalə edib Amaliya xanım. 2015-ci ilin axırları idi, məşqlərə başladıq. Həyatımın məşqlərlə bağlı ən ağır bir dövrü idi. Həm “Pərdə” filminə çəkilirdim, həm “Dəfnə ağacı” serialına çəkilirdim, bir tərəfdən də bu məşqlər. Necə çatdırırdım, bir Allah bilir. Dəridən, qabıqdan çıxırdım ki, bu rolun öhdəsindən gəlim, birinci növbədə isə Amaliya xanım xoşlasın. Vaxt-vədə yetişdi, tamaşanı canlandırdıq. Hiss edirdim ki, səhnədə özüm deyiləm, mən baş qəhrəman Ferdinandam. Səhnədə özümü tamamilə fərqli hiss edirdim. Axırda ölümlə bağlı bir səhnə var idi, onda mən həqiqətən duydum ki, ölürəm. Aydın Əliyevin köynəyindən yapışmışdım, ata rolunu o oynayırdı. Ona sözlərimi deyib, keçinməli idim. Hiss etdim ki, onun qolundan tutanda köynəyini cırıram. Həmin köynəyi də Akademik Milli Dram Teatrından götürmüşdük. Sonra Aydın müəllim deyir ki, başa düşdüm, özünü məhv edirsən, amma köynək getdi (gülür).

Tamaşa bitdi və Amaliya xanım gəlib səhnədə bizimlə görüşdü, təbrik elədi. Mən idim, Nigar Babayeva idi, bizim birinci rollarımız idi. İkimiz də Teatrda təzə idik. İkimizi də təbrik elədi. Bir gün süfrə arxasında mənə bir sağlıq da dedi ki, “Məkr və Məhəbbət”də yaxşı oynadığına görə Turalın sağlığına.

Bundan sonra nə qədər tamaşa oynasam da, nə qədər filmə çəkilsəm də, mənim üçün ən əziz, ən doğma rol Ferdinanddır. Elə bilirəm ki, o rol mənə Amaliya xanımdan yadigardır.

“Teatr bir ailədir”

-Dediniz ki, ilk vaxtlar teatra bir o qədər də marağım olmayıb. Bu gün necə bəs? Sual versəm ki, teatr, yoxsa kino, nə söyləyərsiniz?

-Düşünmədən deyərəm ki, teatr. Ona görə ki, teatr bir ailədir. Teatr elə bilirəm ki, valideynimdir. Kinoya etibar yoxdur, kino vəfasızdır. Kinonu sevirəm, yaşayıram, amma kino hərdən vəfasız davranır. Teatrda elə bil ki, öz evindəsən, amma kinoda sanki kirayədə. Olub ki, 2 il, 2 il yarım heç bir filmə, seriala çəkilməmişəm, Teatrın maaşı ilə dolanmışam, Teatrla yaşamışam, Teatrla başımı qatmışam. Teatrın mənə qarşı vəfalı olduğunun şahidiyəm deyə fikirləşmədən teatrı seçirəm.

Həm də teatrda aktyor böyük bazaya malik olur. Doğrudan da, böyük təcrübəyə malik olursan. Danışığımdan tutmuş səhnədə gəzməyimə qədər teatrda öyrənmişəm. Bu sənətdə belə bir söz var, yaxşı aktyorsansa, çıx səhnəyə. Kinoda yenə də deyirəm, yoldan keçəni də gətirib oynatmaq olur. Əzbərlətdirirsən sözü, 1-2 saat onunla məşq edirsən, haradasa ondan bir şey çıxartmaq olur. Amma həmin adam teatrda heç nə edə bilməz. Teatr canlı ünsiyyətdir.

-Bakı Bələdiyyə Teatrı ilə bağlı hələ ki, nələrsə eşitməmişəm. Söhbət qalmaqallardan gedir...

-Bakı Bələdiyyə Teatrının təməlini Amaliya xanım elə qoyub ki, qalmaqaldan uzaq durmağa çalışırıq. Amaliya xanım bizə böyük qiymət verirdi. Bizə böyük dəyər verirdi. Hansısa qastrola gedəndə Amaliya xanım özünü elə aparırdı ki, elə bilirdik, doğrudan da, biz onun balalarıyıq. Həmişə demişəm, Amaliya xanımı anam kimi sevmişəm. Mən onu itirəndə elə bildim, anamı itirdim. Amaliya xanım vəfat edəndə düşündüm ki, bundan sonra mən nə edəcəm? Kim mənə bu sənətdə analıq edəcək? İndiyə kimi də onun yeri görünür. Ürəyimdə bəzi şeylər var ki, sağ olsaydı, gedib ona danışardım.

-Nələri ona danışmaq istəyərdiniz?

-Nə bilim...O qədər şeyləri danışardım ki...Özümə danışmaq istəmədiklərimi də danışardım. O qədər doğma idi ki, Amaliya xanım mənə. Hazırda Amaliya xanımın yerində qızı Aynur xanım Muxtarovadır. Onu da sevirik, o da bizi çox sevir. Böyük hörmətimiz var Aynur xanıma. Nə yaxşı ki, Amaliya xanımdan sonra Aynur xanım Teatrın rəhbəri oldu.

-Allah Amaliya xanıma rəhmət eləsin. Mən sizə təşəkkür edirəm ki, dəvətimi qəbul edib gəldiniz...

-Amin. Mən də sizə minnətdaram.

Rövşən Tahir