SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: BAYRAĞINA CANIM QURBAN, AZƏRBAYCAN!

  118611   |  
Şriftin ölçüsü  

... Mən bayrağa olan böyük sevgini ilk dəfə Türkiyənin İstanbul şəhərində görmüşdüm. Görmüşdüm ki, balaca bir uşaq Mərmərə dənizinin sahilində gəmiyə minərkən ata-anasından ayrılıb kənarda dalğalanan bayrağı bağrına basıb öpür. Bu səhnə mənim üçün çox təəccüblüydü. 5 yaşında uşağın bayraq sevgisini görəndə düşündüm ki, Türkiyə sən nə üçün belə güclü və qüdrətlisən? Onu da düşündüm ki, bu millət Türkiyənin ən ağır günündə bayrağına bürünüb, ölkəni yadellilərdən qoruyub...

... Beynimdən həmin an bir fikir keçdi: kaş bizdə də belə bir vətən, torpaq, bayraq sevgisi olaydı. Mən Türkiyədə 5 il əvvəl olmuşdum. Və bu 5 ildə də Azərbaycanın bütün yerində, bütün məkanında, bütün ocaqlarında bir vətən sevgisi, bir bayraq sevgisi, bir ocaq sevgisi yaranıb. Axı biz də türkük. Bizim də qanımızdan türk qanı axır. Sadəcə olaraq, bir “zəlzələ” olmalıydı, bir oyanış baş verməliydi və biz də ayağa qalxmalıydıq. Sentyabrın 27-də bu “zəlzələ” baş verdi, bu oyanış oldu, yatmış şir oyandı. Sentyabrın 27-dən noyabrın 10-a qədər bütün Azərbaycan Bayraq dedi, Vətən dedi, Torpaq dedi. Bu bayraq təkcə işğaldan azad olunmuş şəhərlərimizə, qəsəbələrimizə, kəndlərimizə sancılmadı, bu bayraq həm də Azərbaycanın

bütün küçələrində, evlərində və istənilən yerində dalğalanmağa başladı. Biz bayrağın və vətənin gücüylə o işğal altında olan torpaqlarımızı yadellilərdən təmizləyə bildik.

İndi bütün evlərdə, bütün ocaqlarda əbədi bir Vətən sevgisi, əbədi bir bayraq sevgisi var! Vətən yolunda İkinci Qarabağ Savaşında şəhid olan 2852 şəhidimiz elə bu bayrağa bükülərək dəfn ediliblər. Onlar öz şəhidliyilə yeni bir tarix, yeni bir qələbə yazdılar. Onlar yazdılar ki, Şəhidlər ölməz, Vətən bölünməz!

Bu gün isə o şəhidlərin, o qazilərin hamısı dövlət tərəfindən hər gün, hər an xatırlanır. Amma gəlin onunla razılaşaq ki, o şəhidləri xatırlamayan, onların ailəsinə, balalarına diqqət yetirməyən və bəzi hallarda onlara qarşı soyuqqanlılıq göstərən vəzifəli məmurlar da az deyil. O məmurlar ki, onların övladları heç Qarabağ savaşında iştirak eləməyiblər. Onlar dərd nə olduğunu, şəhidin kim olduğunu duya bilməzlər. Ən azından ona görə ki, dərdli dərdlini anlayar, başa düşər.

... Və İkinci Qarabağ Savaşında da şəhid olanların çoxu kasıbların övladlarıdır. Bir adam barmağını qatlaya bilərmi ki, vəzifədə olan hansısa nazirin, hansısa icra başçısının oğlu İkinci Qarabağ Savaşında şəhid olub. Bəlkə döyüşüb şəhid olan var, biz bilmirik. Bilirsinizsə, deyərsiniz, bilərik. Heç kim çörəyi qulağının dibinə yemir. Azərbaycan balaca ölkədi, kimin kim olduğunu hamı yaxşı anlayır. Sadəcə olaraq, biz çox vaxt nəyisə deməyə cəsarət eləmirik və susmağı üstün tuturuq.

Şəhid ailəsi icra başçısının yanına gedir və xahiş edir ki, oğlunun adının əbədiləşdirilməsində köməklik göstərsin. İcra başçısı da deyir ki, baş üstə, get bir aydan sonra gəl, mən bu məsələni yuxarı təşkilatlarla həll edib yoluna qoyacam. Və həmin şəhid atası da bir aydan sonra yenidən icra başçısının yanına gedir. Deyir ki, bir ay tamam oldu, bir səs-səmir çıxmadı. Başçı əsəbləşir və bildirir ki, bir az səbirli olun, hər şey düzələcək. Mən həmin icra başçısının adını yazmaq istəmirəm. Şəhid atası da səbrini basıb gözləyir. Deyir ki, müəllim, bir az da gözləyim, eləməsə, özüm yuxarı təşkilatlara və prezidentə müraciət edəcəyəm. Çünki cənab prezident bizim üçün hər cür şərait yaradıb. Sadəcə olaraq, icra orqanları o köməyi göstərmir. Bizi get-gələ salır, daha doğrusu, yola verir.

Ay hörmətli icra başçıları, bu şəhid ailələri sizdən nə pul istəyir, nə ev tələb edir, nə də maddi köməklik umur. Onlar övladlarının adının əbədiləşdirilməsini arzulayırlar. Bunu da eləmək elə də müşkül iş deyil. Övlad itkisinin nə olduğunu övladını itirənlər bilər. Özü də o övlad ki, Azərbaycan torpağının işğaldan azad edilməsində şəhid olub. Heç cür başa düşmək olmur, bəzi icra orqanları heç şəhidlərin kəfənləri saralmamış onları yaddan çıxarırlar. Xala xətrin qalmasın, ya özü, ya da müavinləri yas məclisində iştirak edir, sonra öz işlərilə məşğuldular.

Qazilərimiz, yaralı əsgərlərimiz və iqtisadi cəhətdən çətin durumda olan İkinci Qarabağ savaşının döyüşçüləri bir çox halda icra strukturlarının süründürməçiliyinə məruz qalırlar. Bir neçə gün bundan əvvəl sosial şəbəkədə bir neçə yaralı əsgərin prezidentə müraciətini gördüm. Onlar aidiyyəti qurumların laqeydliyindən və soyuqanlığından bezib müalicə üçün cənab prezidentə üz tuturlar. Əgər hər işi prezident həll edəcəksə, bu qədər nazirlərə, nazir müavinlərinə, icra başçılarına, onların müavinlərinə və digər icra orqanlarına nə ehtiyac var? Elə qazi var ki, əlillik dərəcəsi verilməsi üçün min cür bəhanə gətirilir, onlar incidilir və halal haqqını tibbi komissiyalar belələrinə vermək istəmirlər.

Axı, bu oğlanlar bu vətən yolunda canlarını, həyatlarını qurban veriblər: ya qalib olublar, ya şəhid olublar, ya da qazi olublar. Amma onlar döyüşdən qayıdandan sonra bir çoxu başqa bir mənzərənin şahidi olurlar. Onlar şahidi olurlar ki, halal haqlarını ala bilmirlər, incidilirlər və süründürməçiliyə məruz qalırlar. Bu mənzərəni görən qazilərsə, birmənalı olaraq küsürlər. Bax, onları küsdürən, incidən adamlar böyük qələbəmizə kölgə salan məxluqlardı.

Bu yaxınlarda sosial şəbəkədə bir mənzərəni də izlədim. Ermənistanla sərhəddəki postda qurulmuş çadır qurğunu külək vurub dağıdıb. Qar elə birbaşa dağılmış çadırın içinə yağır. Əsgərlərimiz isə çox çıxılmaz vəziyyətdə qalaraq yeni yol arayıb axtarırlar. Təbii ki, Murovda,

Laçında və digər dağlıq yerlərdə bu soyuq qış günlərində 10-15 dərəcə şaxtada və qarlı havada postda xidmət aparmaq elə də asan deyil. Düzdür, ola bilər qısa zaman kəsiyində həmin yerlərdə lazımi şərait yaratmaq elə də asan deyil. Bunu başa düşmək olur. Amma onu başa düşmək olmur ki, müharibə noyabrın 11-də bitib. Təbii ki, heç olmaza bu müddətdə şaxtalı və soyuq keçən yerlərə Müdafiə Nazirliyi dəmir kontinerlər göndərə bilərdi. Aydındır ki, dağda əsən güclü külək çadır qurğunu asanlıqla dağıdar. Amma dəmir kontinerlərə nə külək, nə çovğun heç bir şey eləyə bilməz.

Vətəni, torpağı, bayrağı sevən və onun yolunda hər an şəhid olmağa hazır olan oğullarımızı ruhdan salmaq olmaz. Amma kimlərsə qəsdən vətən uğrunda döyüşmüş və bu gün də səngərdə torpaqlarımızı və mövqelərimizi qoruyan oğullarımızı ruhdan salmaq istəyirlər. Görünür, ermənilərin burdakı qohum-əqrabaları bizim tarixi və möhtəşəm qələbəmizdən qorxaraq hərəkətə gəliblər. Ya əsgərin yeri soyuq olur, ya yeməyi gec çatır, ya da ona qarşı laqeyd münasibət göstərirlər.

Belə ki, İkinci Qarabağ Savaşında çoxlu sayda xidmət etmiş könüllülər onlara qarşı olan ədalətsizliklə bağlı Müdafiə Nazirliyinə və digər qurumlara müraciət edirlər. Medal ala bilməyənlər, əlillik dərəcəsi verilməkdə çətinlik çəkənlər öz narazılıqlarını və narahatlıqlarını bildiriblər.

Yenə sosial şəbəkədəki bir görüntü mənim ürəyimi param-parça elədi. Hansısa şəhidin məzarını su basıb.

Hətta sinə daşı suyun içindədi. Bu səhnəni görən şəhid ailəsinin fəryadı göyün yeddinci qatına çatır, amma bizim məmurlara çatmır. Çünki onların ürəyi yoxdur. Yox, yanıldım, ürəkləri var, daşdandı. Böyük Bəxtiyar Vahabzadə yazır ki, Şüşə ürəkləri sındırmaq asan, Daş ürəkləri sındırmaq çətin. Çünki bu ürəklər adi insan ürəyi deyil, daşdan və dəmirdəndi. Daşı və dəmiri sözlə heç vaxt sındırmaq olmaz. Onu ancaq qarabağlıların diliylə demiş olsaq, “guppulla” sındırmaq olar.

O vətəni sevən, o torpağı sevən oğullar bu gün də səngərdədilər. Onlar bu gün də əllərində silah soyuq qış günlərində postlarda duraraq vətəni qoruyurlar. Bəs biz necə, onları qoruya bilirikmi? Qoy bu suala o oğullara, o igidlərə soyuq münasibət bəsləyən məmurlar cavab versinlər. Heç cavab verə də bilməzlər. Ürəyi daşdan olan məmur bu suala nə cavab verəcək?

Bir mahnının sözləri yadıma düşür:

 

Torpağına canım qurban, Azərbaycan!

Ocağına canım qurban, Azərbaycan!

Vətəninə canım qurban, Azərbaycan!

Bayrağına canım qurban, Azərbaycan!

 

Vətənə, bayrağa, torpağa canını qurban verənlərə biz özümüz də qurban olaq. Çünki onlar canını qurban verdilər, 9 rayonumuzu işğaldan azad elədilər. Və bu 9 rayonu azad eləyən qaliblərin, şəhidlərin, qazilərin yeri Cənnətdir...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK