adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Aqil ABBAS: 44 GÜNLÜK MÜHARİBƏ 

AQİL ABBAS
94127 | 2021-03-01 15:29

Mən heç vaxt müharibə xatirələrimi yazmıram. Adətən çalışıram bunu bədii əsər kimi –  roman, povest şəklində yazım, özüm də əsərlərimdə obraz kimi olmayım.  Amma baxıram ki, trol  dəstəsi sosial şəbəkələrdə  mənim televiziyada və ya mətbuatda hər hansı bir  çıxışımdan sonra atılırlar ortalığa ki, sən Qarabağ savaşında hardaydın? Məcbur olub bu yaxınlarda bir-iki kəlmə onlara cavab verdim. Və indi belə qərara  gəldim ki, 44 günlük müharibədə harda olmağımı və xatirələrimi yazım. Həm də sənəddi, gələcək  nəsillər üçün.

44 günlük müharibənin 15 gününü cəbhə bölgəsində olmuşam.  Buyurun, birini  oxuyun.

Müharibənin ən qızğın çağıdır. Səhr saat 7. «Allah, Məhəmməd, Ya Əli» deyib köməkçimlə Bakıdan çıxıram, üzü Füzuliyə.  Saat 11-ə işləmiş  Horadizdəyəm. Füzuli Rayon İcra Hakimiyyətinin  başçısı  Alı Alıyevlə görüşürəm. Üzü gülür, çünki  Ordumuz düşməni it kimi qovaraq kəndləri azad edir. Ayaqüstü bir stəkan  çay içirəm. Deyir, günortaya  yemək hazırlasınlar? Deyirəm, yox, vaxt yoxdu.

Gəlirəm Füzuli rayon Mərkəzi Xəstəxanasına. Burda yaralılar yatır. Baş həkim  Natiq Şükürovla palataları gəzib yaralılarla görüşürəm.  Həm xəstəxanada, həm də palatalarda yüksək səliqə-səhman  və yüksək müalicə də öz yerində. Az qala  hər yaralıya bir tibb bacısı  təhkim olunub.

«Dolu» filmi məni necə məşhurlaşdırıbsa yaralı əsgərlərimizin demək olar ki, hamısı  məni tanıyır. Zarafatlaşıram, ruh verirəm. Adətən də suallarım  belə olur, «harda yaralanmısan, özun haralısan, neçə yaşın var, evlisən, yoxsa subay? Evlisənsə, neçə uşağın var?». Hər palatada  3 əsgər yatır. Palataların birində məlum olur ki, yaralıların biri Gəncədəndir, biri Yardımlıdan, biri də Ağdamın Zəngişalı kəndindən. Gəncədən olan evlidir, 2 uşağı var, Yardımlıdan olan subaydı, ağdamlı da subaydı.  Yardımlı balasına deyirəm ki, toyuna mən əmini də dəvət edərsən. Gülümsüyür.

Ağdamlı  dilxor halda deyir:

- Mən də subayam, bəs, mənə niyə demirsən  toyuna məni də dəvət edərsən?

Gülürəm:

- Atanı da tanıyıram, əmini də. Bir ton olmasa da xeyli çörək  yemişik və yenə yeyirik.  Əmin də qohumumdu.  Sənin toyuna onsuz da  məni  çağıracaqlar, narahat olma.

 

Başqa bir  palataya gedirəm. Bir tibb bacısı  yaralı  əsgərin  ayaqlarını yuyur. Adam  balasının, qardaşının ayağını belə yuyar. Bu vaxt qəribə bir hadisə baş verir. Yaşlı bir qadın  palataya girir. Heç demə, tibb bacısının  ayağını yuduğu əsgərin anasıymış. Mənzərəni görüb gözləri dolur və tibb bacısına deyir:

- Saa qurban olum, ay qızım.

Tibb bacısı:

- Mən də bu  uşaqlara  qurban olum.

Əsgərlərin  biri bakılıdı, biri yenə yardımlılı, biri də ağcabədili. Dərdləşirik.  Bakıdan olan  subay əsgərə deyirəm:

- Dostum, sağalıb gedəndə bu tibb bacılarından birini qaçırt apar.

Natiq həkim:

- Məllim, sən Allah, yox, tibb bacıları çatışmır. – deyə hövlnak deyir ki, elə bil bu gün-sabah bakılı balası onun  tibb bacılarından birini  qaçıracaq.

Dəhlizə çıxanda başılovlu bir  tibb bacısı yürüyə-yürüyə Natiq həkimin yanına  gəlir:

- Doktor, otuz birinci palatadakı qolu yaralı əsgəri döyüşçü dostları  qaçırdıb. Məktub yazıb qoyub ki, mən bir qolumla də vuruşa bilərəm. Getdim döyüşə.

Natiq həkim deyir:

- Məllim, bu birinci hadisə deyil. Elə bir balaca  sağalan kimi qaçırlar yenidən döyüş meydanına.

 Ürəyim fərəhlə dolur:

- Budur, Azərbaycan milləti!

Və bütün  palataları gəzirəm, yaralılara  cansağlığı  arzulayıram. Hamısı da xahiş edir ki, şəkil çəkdirək. Şəkil çəkdiririk.

Çıxanda foyedə həkimlərin  və tibb bacıların bir qrupu xahiş edirlər ki, onlarla da şəkil  çəkdirim. İki şəkil çəkdiririk, biri maskalı, biri maskasız. O da onların  xahişiylə, evdə tanısınlar ki,  kim-kimdi.

Xəstəxanadan  çıxıram. Xəstəxananın önündə yaralı əsgərlərin valideynləri toplaşıb, amma onları görüşə buraxmırlar. Hətta şikayət edirlər ki, bayaq bir qadını buraxdılar, bəs, bizi niyə buraxmırlar? Vəziyyəti, pandemiyanı izah edirəm. Razılaşırlar. Daha sonra müharibədəki vəziyyətlə bağlı sorğu-sual edirlər.

- Darıxmayın, çox qısa zamanda müharibə bitəcək. Ordumuz zəfərlə irəliləyir. Görəcəksiniz, lap bu günlərdə bayrağımız Şuşa qalasına sancılacaq.

Üz-gözlərindəki ümidi görürəm. Xeyli söhbətləşirik və sonra deyirəm ki, məni  bağışlayın, mən hələ digər cəbhə bölgələrinə də gedəcəm.

Ordan gəlirəm Beyləqanda xocavəndlilərin məskunlaşdığı  qəsəbəyə. İcra başçısı Eyvaz Hüseynov da, prokuror da, polis rəisi də, DTX rəisi də bir yerdədirlər. İbad Hüseynovla görüşmək istəyirəm. Deyirlər ki, İbad qazi dostlarıyla ön cəbhədə döyüşdədi, yenə Birinci Qarabağ müharibəsindəki kəşfiyyatçılarına  komandirlik edir.

Günortadı. Deyirlər, onsuz da çörək yeməlisən, gedək bir yerdə yeyək.

- Vaxtım yoxdu. Hələ Ağcabədi, Ağdama da  getməliyəm, amma bir stəkan çayınızı içərəm.

Köməkçim dilxordu. Aclığa heç dözümü yoxdu.

- Darıxma, axşam ya Bayatda, ya da Əfətlidə səni yaxşı yedirdib-içirdəcəm.

Yolumuz Ağcabədiyədi.

(Ardı  var)

TƏQVİM / ARXİV