adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Necəsiz, ölülər?! - Orxan Saffari yazır

Orxan Saffari
62968 | 2021-03-05 19:31

Çoxdandır, şərait düşən kimi ilk fürsətdəcə həyata keçirtmək istədiyim bir arzum var. Düzü, bu arzu bir az qəribə görsənə bilər, amma arzudur də, mən də həyatıma bu cür rəng qatmaq istəyirəm. Xahiş edirəm, ona görə də arzuma, xəyallarıma gülməyin. Həm də, bu, elə bir arzudur ki, buna gülmək etik deyil. Uzun sözün qısası, istəyirəm ki, özümə sağ ikən  “yas məclisi” təşkil edim, dolayısı ilə, sağ ikən öz dəyərimi özüm verim. Çünki inanırmıram ki, mənim dəyərimi, daha doğrusu, öləndə yasımı məndən yaxşı kimsə verə bilsin. Amma mənim bu kiçik, özümü xoşbəxt hiss edəcəyim məsum arzumun içində də bir fərqlilik var, o da yasımın indiyə qədər gördüyümüz, ölənlərimizə verdiyimiz yas kimi olmamasıdır. Bunun hətta xəyallarını, planını belə qurmuşam.

Özümə keçirəcəyim yas məclisini rəngarəng etmək üçün qonaqları şəxsən özüm dəvət edəcəyəm, həm də xüsusi dəvətnamə ilə. 

-“ Hörmətli filankəs, sizi filan tarixdə, filan yerdə yas məclisimə dəvət edirəm. Gəlin, mərhumu adına layiq şəkildə yola salaq, xatirələrimizi bölüşək. Hörmətlə; Mərhum Saffari bəy!”

Yas məclisimə gələn qonaqları özüm qarşılayıb, “Allah rəhmət eləsin”-lərə şəxsən özüm “ölənlərinizə rəhmət” demək istəyirəm.

Düzdü, bu da bir qədər absurd görsənə bilər, məclisə gələn dost-tanışlar bu hal-qəziyyəyə gülə də bilər, amma bunları da əvvəlcədən planlayacam ki, yas məclisimiz sonradan toya-bayrama çevrilməsin!

Yasımda hər şey fərqli olacaq. Yeməklərdən tutmuş mollaya, formata qədər. İstəyən ağlasın, istəyən gülsün, istəyən də şıllağ atsın. Yas məclisimi özüm ölüm şeiri ilə açıq elan edəcəm, ardınca molla öz duasını oxuyacaq, ehsanım veriləcək. Mən şəxsən fatihədən əvvəl yemək yeyən insanlardan da inciməyəcəm, ayıb bilməyəcəm. Belə etsəm, mənim digər ölülərdən fərqim nə oldu daha?!

Yeməklər isə standart yaslarda olan yeməklər kimi olmayacaq. Özünüzü restoranda imiş kimi hiss edəcəksiniz. Kabablardan tutmuş qazan yeməklərinə, enerji içkilərindən tutmuş, spirtli içkilərə qədər hər şey. 

Məclisi ümumi olaraq yaz ayında keçirib, sloqan olaraq da bunu seçəcəm; Bu yas da, yaz da tam fərqli keçəcək!

Mollam da sıradan molla olmayacaq. Yasinim həzin musiqi sədaları altında keçəcək, aşıqlar olacaq, hətta sonra meyxana deyənlər də gələcək, öldüyümə, ölümə aid qafiyələr açılacaq. Düzü, haqqımda kimsə çıxış etmək istəsə geniş şəkildə, qoymayacam. Neynirəm öləndən sonra arxamca tərif deyilsin?! Amma kiminsə xüsusi çıxış etmək istəyi olsa, etiraz etmərəm. 

Yasda pul yığmayacam, xanımlar da kişilərlə eyni məclisdə iştirak edəcək. İstəmirəm arxamca desinlər ki, rəhmətlik çox seksist adam idi. Bir sözlə, yasım son dərəcə postmodern keçəcək.

Məclisin sonunda isə özüm bir cümləlik çıxış edib, yekunlaşdıracam. 

Son sözüm bu olacaq;

Necəsiz, ölülər?!

TƏQVİM / ARXİV