SON DƏQİQƏ:

Rusiya Ermənistana möhtac?

  24488   |  
Şriftin ölçüsü  

Ukraynayla Rusiya arasında başlayan növbəti gərginlik dalğası nəinki səngimək bilmir, əksinə getdikcə daha da alovlanır. Donbas ətrafında və Qara dəniz hövzəsində Rusiyayla yanaşı Ukrayna və ona dəstək verən ölkələrə məxsus hərbi birləşmələrin yerdəyişmələri, müxtəlif səpgili manevrləri, eləcə də diplomatların gah yumşalan, gah da sərtləşən ritorikaları prosesin geniş miqyaslı müharibəyə çevrilmə ehtimalını gündən-günə artırır.

Bu gərgin günlərdə prezident Zelenskinin Türkiyəyə səfəri çox mühüm Anqaranın fəal mövqeyi hardasa onun “öz şəxsi təhlükəsizliyini qorumaq ehtiyacından doğan məcburi addım” sayılırdısa, Liviyaya, Qafqaza və Ukraynaya “giriş” artıq qardaş ölkənin böyük siyasətin əsas subyektlərindən birinə çevrilməsinin etirafı kimi səslənir.

Məsələ ilə bağlı Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamasına fikir verin: “Rusiya Türkiyə və digər ölkələri Ukraynada militarist ab-havanı qızışdırmaqdan çəkinməyə çağırır. Kiyevdəki rejim ağılsız addımlar ata bilər ki, bunun da axırı pis qurtaracaq”.

ABŞ kimi super güc, aparıcı Avropa ölkələri, üstəlik, NATO, AB kimi dünyanın ən güclü hərbi və siyasi mərkəzləri Ukraynanın yanında qərar tutduğu bir vaxtda Lavrovun bu anti-Rusiya cəbhəsini “Türkiyə və digər ölkələr” şəklində qruplaşdırması yəqin ki, üslub yanlışlığı deyil. Bir az da dərinə getsək, xarici siyasət idarəsi rəhbərinin yüksək mənsəbli bir dövlət rəsmisi olmasına rəğmən Kremlin üslubuna da oxşamır. Heç son dövrlər yaranmış və getdikcə dərinləşən, unikal çalarlarla zənginləşən Rusiya-Türkiyə münasibətlərinin məntiqinə də uyğun gəlmir.

Bu iki qonşu ölkə təpədən-dırnağa zidd maraqların fonunda ortaq nöqtələr tapıb ikitərəfli münasibətləri az qala strateji tərəfdaşlıq səviyyəsinə çatdırıb. Suriyada, Liviyada dalaşa-dalaşa, Dağlıq Qarabağda danışa-danışa uğurlu əməkdaşlıq modeli tapıblar. Hərbi-iqtisadi sahədə özündə böyük geopolitik gəlişmələri ehtiva edən meqalayihələr gerçəkləşdiriblər və bu prosesi indi də uğurla davam etdirirlər.

Hər iki ölkənin prezidentinin zaman-zaman bir-birinin ünvanına söylədiyi ittihamlar və xoş sözlər onları günümüzün mehriban düşmənlərinə çevirib. Birinin öz müttəfiqləri, digərininsə rəqibləri tərəfindən aşırı dışlanması zorən əməkdaşlığı qaçılmaz eləyib.

Ukrayna prezidentinin bu gərgin günlərdə Türkiyə səfər etməsisə Rusiyadan çox Ermənistanı “narahat edib”. Lavrovun yuxarıda misal çəkdiyimiz cümləsinin quruluşu da daha çox onun görəvindən yox, qanından gəlir. Erməni mətbuatının Türkiyə və Ukrayna əleyhinə növbəti kampaniyası isə Rusiyaya yarınmağın bariz nümunəsidir. Halbuki, bu səfərdə qeyri-adi bir hadisə baş verməmişdi, tərəflər ənənəvi münasibətlər çərçivəsindən kənar heç bir addım atmamışdı. Türkiyə lap əvvəldən də Ukraynanın ərazi bütövlüyünü tanıdığını müxtəlif səviyyələrdə bildirmiş, Donbasın da, Krımın da işğalının yolverilməz olduğunu bəyan eləmişdi.

Düzdür, indiki gərgin dövrdə Türkiyənin Ukraynaya yönəlik bu köhnə-yeni demarşı Kremldə müəyyən qıcıq yaratdığı üçün o dərhal həm Azərbaycana, həm Türkiyəyə, həm də digər vazkeşilməz tərəfdaşlarına qarşı, məsələn, pomidor qadağası kimi dəfələrlə sınaqdan keçirdiyi ucuz təzyiq vasitəsinə əl atdı. Amma təcrübə göstərir ki, bu pomidor, şərab və s. bu qəbildən olan təzyiq vasitələri, sadəcə, əsəbləri sakitləşdirmək vasitəsindən başqa bir şey deyil. Ona görə də indi Türkiyəyə qarşı tətbiq edilən turist qadağasının da ömrünün çox uzun çəkməyəcəyi şübhə doğurmur. Çünki iri strateji layihələr kimi avtoritar təfəkkürlər üçün ikinci dərəcəli hesab olunan bu cür əməkdaşlıq formatları da qarşılıqlı maraq prinsipinə əsaslanır.

“…Əvvəlcədən də məlum idi ki, Rusiya ilə Türkiyə arasındakı “ittifaq” (dırnaq sitat müəllifinindi-red.) qeyri-təbii idi. Bəli, biz Putinlə Ərdoğanın bir-birinin ünvanına söylədikləri xeyli komplimentlər eşitmişik. Biz həm də Əliyevin Rusiya prezidentinin ünvanına söylədiyi xoş sözləri eşitmişik. Ancaq aydın idi ki, bütün bunlar, sadəcə, zahiri hörmət əlamətiydi. Və biz mütləq Rusiyanın sözün siyasi anlamında ağlının başına gələcəyinin şahidi olacağıq”.

Bu, “ArmenianReport” saytının “nikbin” bir müəllifinin “Rusiya-Türkiyə” və “Rusiya -Azərbaycan” münasibətlərinin gələcəyilə bağlı “proqnoz-arzusu”du.

Bunu əsaslandırmaq üçünsə ən böyük tutarqası Vladimir Zelenskinin Anqara səfəri və İlham Əliyevin “İskəndər” raketləriylə bağlı Rusiyadan izahat istəməsidi. Halbuki, yuxarıda da dediyimiz kimi bu səfərdə ənənəvi münasibətlərdən kənar elə bir yeni gəlişmə olmamış, İlham Əliyevin “İskəndər-M” raketiylə bsğlı gec-tez Rusiyadan izah istəyəcəyini elə rus ekspertlərinin özü, o cümlədən sözü gedən yazıda müəllifin informasiyalı şəxs kimi sitat gətirdiyi Aleksey Venediktovun özü söyləmişdi.

Bütün bu “romantik” şərhin “məzəsi” isə əlinə qələm alan hər bir erməni yazarı kimi sözünə “qədim Roma”dan başlayan müəllifin sonda gəldiyi qənaətdi: “…Rusiya birdəfəlik başa düşməlidi ki, “Arcax”da (dırnaq bizimdi-red.) müharibə ona qarşı müharibəydi. Onun Ermənistandan başqa müttəfiqi olmayıb, yoxdu və heç vaxt olmayacaq. Odur ki, onu özünü müdafiə etdiyi kimi müdafiə eləməlidi”.

Xatırladaq ki, yazının dərc edildiyi sayt sırf Qərbyönümlüdü və hər fürsətdə Rusiyanı sərt şəkildə tənqid eləyir, onun Ermənistanın müstəqilliyinə və inkişafına ciddi təhlükə sayır, hətta rus qoşunlarının ordan çıxarılmasını da vacib sayır. Məğlubiyyətdən sonra ara-sıra ünvanına tənqidlər səsləndirsə də Paşinyanı Qərbçi baxışlarına görə müdafiə eləyir.

Amma işin “əmması” bu deyil. Tutalım, rus siyasətini müəyyənləşdirənlər Ermənistanı özlərinin yeganə, həm də əzəli və əbədi müttəfiqi elan edir və bütün dünyaya qarşı cəbbəxana açır. Bəs, Ermənistan onun hansı yaralı barmağına “əlac” eləyəcək. Müttəfiqlik kimlərisə boynuna yük eləmək üçün yox, qarşılıqlı maraqlar ətrafında qurulur, Pulu yox, silahı yox, geopolitik mövqeyi yox, qədim Romayla bəhs eləməkdən aşağı iddiaları da yox. Rusiya Ermənistana olsa-olsa vassal kimi baxa bilər və elə də baxır. Özü də itaətkar vassal kimi. Ermənilərsə, bir tərəfdən qırsaqqız olub süzerenin ətəyindən yapışır, digər tərəfdən də ruslar və rus mədəniyyətiylə bağlı nə varsa hamısını yox edirlər. Elə saytdakı həmin yazı dərc edilən günlərdə ölkədə daha bir antirus aksiyasının keçirilməsi, metro stansiyalarından rus dilindəki yazıların ləğv edilməsi də bunun son nümunəsidi.

Görünür, vassalını xəbəri yoxdu ki, Putini bir çox avtoritar liderlərdən fərqləndirən ən mühüm keyfiyyət təkcə başında durduğu dövlətin hərbi, siyasi və geopolitik maraqlarını yox, həm də rus dili və mədəniyyətini qorumaq, təbliğ eləmək, geniş yaymaq istəyidi. Xüsusilə hələ də “özününkü” saydığı postsovet məkanında.

M. Cavadoğlu

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK