adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Nicat Novruzoğlu: Çiynimə düşən nəcis

NİCAT NOVRUZOĞLU
104967 | 2021-05-24 14:54

Bir həftə bundan öncə düşdü. Ağ köynəyimin sağ çiynindən yuxardan aşağıya.

Nəcisə baxa-baxa donub qaldım. Heç başımı qaldırıb təqsirləndirilənin vidinə, fasonuna da baxmadım. Heç nəcisin çıxdığı yerə də bir söz demədim. Səbəbkara baxanlar yanımdakılar idi. Mən köynəyin halında idim.

Yan yörəm yaşda məndən böyük olan tanışlar idi. Bayaqdan dünyanı bir birinə qatan, İsraildən girib Çindən çıxan, Paşinyandan başlayıb Obamaya qədər geniş bir miqyası əhatə edən bir az maraqlı, bir az gop, bir az da şişirdilmiş söhbətlərinin üzərinə nəcis bir təbəssüm gətirdi. Nəcisdəki bu vergiyə, gücə, cazibəyə məəttəl qaldım. Dünyanın başını buraxıb nəcisdən danışmağa başladıq. Nəcis bu dünyanı unutdurdu. Bir pıxa dəymədi dünya.

Dedilər ki, varlı olacaqsan. Fikirləri qəti idi. Qorxumdan fikirlərinə etiraz da etmədim. Həm də bir az xoşuma gəldi. Axı, böyükdülər. Məndən çox görüblər belə nəcisləri. Məndən çox görüblər üstlərinə nəcis tökülənləri. “Qoy qurusun, sonra təmizləyərsən” –bu isə o deməkdir ki, pıxın bütün incəliklərini bilirlər. Görüb götürmüşlərdi.

Heç nəcis çiynimdə qurumamış yerdən 50 qəpiklik tapdım. Hal şahidləri artıq pıxın fəaliyyətə başladığının canlı şahidi oldular. Özüm də sevindim. Gözüm çiynimə axıdılan o nəcisin sahibini axtarmağa başladı. Tapıb gözlərinə baxmaq istəyirdim o canlının. Gözlərim ağacın budaqlarını gəzərkən birisi qayıtdı ki, “balaca sərçə idi”. Ağacda isə heç bir canlı gözə dəymirdi. O sərçənin pıxla mənə yaşatdığı 50 qəpiklik sevincə görə atıb tutmaq nəsibim olmadı. Ürəyimdə fikirləşdim ki, gör, balaca bir sərçədə nə boyda ürək var imiş. Ruziyə hesablanmış pıxını üstümə tökdü, amma qarşılığını almadan uçub getdi. Bizim bu məmurlar adamın bir qanuni sənədini, pul alıb guya qanuniləşdirib özümüzə verəndə, ya boynumuza bir qonaqlıq qoyarlar, ya da ki, şirinlik istəyərlər.

Məmurdan söz düşmüşkən fikrim getdi o dəqiqə adı dillərdə gəzən oliqarxlarımızın çiyninə. Dedim, ilahi, gör bunların çiyninə quşlar nə qədər nəcis buraxıb ki, dünyanı tutublar. Bunların qazandıqları sərçə pıxının işi deyil. Bunlarınkı ağaca qonmuş dəvə, fil pıxıdır.

Sərçəni tapmayandan sonra əlimdə sıxdığım 50 qəpikliyi bu möcüzəyə şahid olanlar arasında xərclənməsinə qərar verdim. Fikirləşdim ki, bu pıx ki, belə tez özünü göstərdi, bunun dalı da olacaq. Ona görə də qazancımı xalqla paylaşım ki, ruzi bərəkətim bol olsun. Bir paçka tum alıb payladım kruqumuza. İnsanlar 50 qəpiklikdən ona çatan paydan o qədər məmnun oldular ki, onu klavyatura yaza bilməz.

Söhbət Bakı Gəncə sürət qatarının sürəti ilə bütün məhəlləmizə yayıldı. Eşidən yaxınlaşırdı bizə. Gələnlər bir ümumi salam verirdi, bir də mənə ayrıca. Artıq bu fərdi salamlardan şişdim. Artıq əl uzatmırdım. Yavaşca başımı tərpədirdim. 43-cü hissim deyirdi ki, sənə babat pul gələcək.

Evə qalxdım. Köynəyi çıxardıb elə bir yerə qoydum ki, görməsinlər. Dedim gələcəkdə oliqarxlar kimi köynəyi çərçivəyə saldırıb hər kəsə nümayiş etdirərəm ki, məni bu günə gəlib çıxmağımın səbəbkarı bax bu pıxdır.

Bu pıx mənə bu gündən sabaha inam yatardı. Ümidlə sabaha addımlayırdım. Səhər o başdan dururdum ki, qoy bu pıxa səhər tezdən duranın ruzisini də qatım ki, babat bir şey alınsın. Yat dur, yat dur, yat dur... Axırı bezdim. Oturum hesbladım ki, o nəcis çiynimə düşəndən nə az nə çox 500 manata yaxın ziyana düşmüşəm. Maşını əzmişəm, xəstələnən olub və s. Hələ o pıxlı köynəyi demirəm. Day geyiləsi olmadı. Başım çöndü. Pıxada, sərçəyə də ağlımda olandan bir-iki beyt deyib yatdım.

Bir də gördüm sərçə alnımı dimdikləyir. Gözümü açdım. İndi o mənim gözlərimə baxırdı. Baxıb-baxıb qayıtdı ki, səni pıxıma buladım. Sonra da 50 qəpiklə mesaj yolladım ki, gəlir ey... Bəs sən neylədin?! 50 qəpiyi böldük camaatla. O oliqarxlar ki var ey haqqında fikirləşirdin haa, sən onlardan çox bilirsən?! Ruzini vermişəm, qoy cibinə, get kef elə də. Bax, ona görə də dalı gəlmədi. Nə vaxt düzəlsən, onda sənı pıxlayacam.

İstədim, ağzımı açım, ağzımın yerinə gözümü açdım. Dik atıldım yuxudan. İkiəlli qapazı yendirdim heç özümə də lazım olmayan başıma. Mənə lazım idi camaat?!

İndi neçə gündür gün çıxandan gün batanacan otururam o ağacın altında. Deyirəm, yavaş danışın quşlar hürkər. Qoy ağaca qonub məni pıxlasınlar. Çifayda! Quşlar yan yörəmi pıxlayır, amma məni pıxlamır. Əgər pıxlasalar, ona söz vermişəm, sizə də söz verirəm 1 qəpik belə camaata xərcləyən deyiləm. Mənə lazımdı bu camaat?!

 

 

 

 

  • Aprel:
  • 5

TƏQVİM / ARXİV