adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Aqil ABBAS: PREZİDENT NARAHATLIĞA SON QOYDU 

AQİL ABBAS
96816 | 2021-06-06 19:30

Hər bir insanın doğulduğu bir məkan var. İlk dəfə həmin məkanın havasını udur. İlk dəfə yanına həmin məkanda şapalaq vurub ağladırlar və ilk göz yaşı da yanaqlarından süzülüb doğulduğu torpağa tökülür.

Hər bir insanın ilk dəfə iməklədiyi həyət var. Və ilk dəfə torpağın, gülün, çiçəyin ətrin duyduğu, ilk dəfə iməkləyərkən  yıxılıb dodağı qanadığı  həyət!  Və həmin həyətin  torpağı onun dodağının qanına hopur və ilk dəfə həmin torpağın ətrini dadır.

Və ilk dəfə anası  yun çubuğunu  əlinə alıb onu həmin həyətdə qovalayır, o da  qaçır  məhləyə, anası da arxasınca:

- Dayan, köpəyoğlu.

Sonra məhlə getdiyin məktəbə, məktəb kəndə, kənd şəhərə çevrilir.

Əvvəl anası-atası  əlindən tutub aparır məktəbə, sinif yoldaşlarını  tanıyır, müəllimlərini  tanıyır, məktəbin  yerləşdiyi məhlədəki tay-tuşlarını tanıyır.

Böyüyür və ilk dəfə sevginin nə olduğunu anlayır. Və həmin sevgi intim hisslərdən  çox uzaqdı, platonik  bir sevgidi, Füzuli sevgisidi. Və onu ilk dəfə ya sevdiyi  qızın  məhləsində  döyürlər, ya da o, kimisə döyür.

Bəli, həyat belədi.  İstəyir Ağdamda olsun, istəyir Ağcabədi, ya Qazax, ya da Şahbuzda – insan bu  hisslərlə böyüyür.

Ona görə də hər kəs doğulduğu  torpağa, o torpağın   suyuna, havasına oxşayır.

Və həm də yan-yörəsindəki sinif  yoldaşlarının, məhlədəki uşaqların az-çox xarakterini də götürür. Məsələn, Ağdamda İmarət məhləsinin (Fred Asifin məhləsi) və Ac məhlənin (Muradbəyli) uşaqlarının arasında fərq vardı. İmarət  məhləsi davakar idi, Lenin bağını, bulvarı, «Dostluq» kino-teatrını «işğal» etmişdilər. Ac məhlənin  uşaqları da yaxşı oxumaqları ilə öyünürdülər.

Mən bu hisslərin hamısını  yaşamışam. Hamısı mənə doğmadı. Yekəlik olmasın, birindən  başqa. Düzdür, mən televiziya kanallarında çıxışlarımda deyirəm ki, məni sevdiyim qıza görə döyüblər, amma döyməmişdilər. O qızın bir  qohumu  mənə öz məhlələrində bir şillə vurmuşdu, cavab verə bilməmişdim, çünki onlar çox idi, mən tək. Şillə vuran da məndən 7-8 yaş böyük idi. Amma axşam eşitdim ki,  özümdən kiçik qardaşım  dostlarıyla gedib elə öz məhlələrində həmin adamı döyüb. Ürəkləndim,  sonra da düz məktəbimizin tinində həmin adamı vurdum, bu dəfə o, qorxusundan mənə əl qaldırmadı.

Təbii ki, mən nə Co Freyzerəm, nə Məhəmməd Əli, nə də Fred Asif, amma fikirləşin, Ağcabədinin bir  kəndindən  gəlmiş uşaq  Ağdamda necə qarşılanır?

İndi bütün sosial  şəbəkələri  izləyirəm. Ağdamlıların keçirdikləri  hissləri və narazıçılıqlarını başa  düşürəm. Mənim  yaşadığım  bütün hissləri onlar da yaşayırlar. Və çox qəribədir ki, ağdamlılar narazıçılıqlarını ən çox mənə bildirirlər.  Pis çıxmasın, bəlkə də bilirlər ki, mən Ağdamı hamıdan çox sevirəm.  Və bunu Birinci Qarabağ savaşında da əməlimlə sübut eləmişəm. Mən də zəng edənlərə, yanıma gələnlərə hər şeyin yaxşı olacağını anlatmağa çalışıram. Yekəlik olmasın, mənə də inanırlar.

İndi Möhtərəm Prezident İlham Əliyev Yeni Ağdamın özülünü  qoydu. Söhbət hansısa  binanın, hansısa məktəbin, hansısa Aqroparkın və sair və ilaxır qoyduğu  təməllərdən  getmir. Əsas o idi ki, Möhtərəm Prezident  Yeni Ağdamın, Qarabağın paytaxtı  olan Ağdamın, yeni bir şəhərin  təməlini qoydu.

Övladlarım uşaq olanda mən heç vaxt onlara nağıl danışmazdım. Atamdan mənə keçən bir xasiyyətlə tarixi nağıl formasında danışardım. Çingiz xandan başlayıb Şah İsmayıla, Pənah xana gələnə qədər. Övladlarıma  öyrədirdim ki, bizi Boz qurd doğdu, Çingiz xan bizim babamızdı. Bakı bizim paytaxtımızdı, İstanbul bizim Baş kəndimizdi, Şuşa bizim göz bəbəyimizdi, Ağdam bizim ürəyimiz.

Bir dəfə Bəxtiyar Vahabzadəyə sual verdilər ki, ən çox sevdiyiniz şəhərlər, dedi ki, Bakı, İstanbul, Ağdam. Təbii ki, təvəzökarlıqdan Şəki deməmişdi.  Bilmirəm, bəlkə də Ağdamı Xudu Məmmədovun xətrinə demişdi, amma demişdi.

Bəli, Möhtərəm Prezident Yeni Ağdamın  təməlini qoydu. Allah  o xoşbəxtliyi  mənə  qismət etdi ki, tikiləcək 100 minlik Ağdamın təməlini qoyduğu Möhtərəm Prezidentdən sonra mən də ikinci şəxs olaraq bu təmələ daş qoydum. Və sonra həmin tədbirdə iştirak edən bütün ağdamlılar şəhərin özülünə daş qoydular.

Bu yazını yazmazdım, çünki  televiziya kanallarında hamısını  göstəriblər. Bəs, niyə yazdım?

Ağdamlılar  bərk narahat idilər, Yeni  Ağdam necə tikiləcək, Ağdamın  koloriti, memarlığı, simvolları və sair və ilaxır qorunacaqmı?

Möhtərəm Prezident  bütün bunlara  son qoydu.

İndi Ağdamın birinci  simvollarından danışaq: İmarət, məscid, ağ damlar, Çörək muzeyi, Çay evi, Qarağacı qəbiristanlığı, Şahbulaq və təbii ki, «Qarabağ» komandasının meydançası olan, bir daha qeyd edirəm, İmarət  stadionu.

Və həm də ağdamlıların özlərinə  tikdiyi mülklər, imarətlər, bugünki  dillə desək, villalar.

Bir çıxışımda da qeyd etmişdim, indi də qeyd edirəm. İkinci Qarabağ  savaşından  yeddi ay keçir. Yeni Ağdamın layihəsi o qədər yüksək incəliklərlə hazırlanıb ki, bu yeddi ayın məhsulu deyil. Bu layihə  3-4 il bundan  əvvəl hazırlanıb.  Yəni Möhtərəm Prezident İlham Əliyev deyir ki, mən nəyi nə vaxt deyəcəyimi və edəcəyimi  bilirəm. Yəni biz bilmirdik, amma Prezident bilirdi.  Prezident  Qarabağı nə vaxt azad edəcəyini  planlaşdırmışdı. Və belə bir layihənin  hazırlanması  üçün hələ çox əvvəl tapşırıqlarını  vermişdi.

Həmin layihədə Ağdam 100 minlik şəhər  nəzərdə tutulur, hər şey də  yerli-yerində. Və bu 100 minlik şəhər gedib birləşir  Əsgərana və yuxarıda  erməni  kəndi olan Xoramurdla və sonra da üzü Ağdərəyə tərəf, Şahbulağa.

Sovet vaxtı  Xankəndində təxminən 45 minə yaxın əhali yaşayırdı, bunun da 15 mini  azərbaycanlı idi. Xankəndi ilə bağlı ayrı bir yazı  yazmışam və yenə yazaram. Xankəndi səliqəli şəhərdi, amma Ağdam ondan  böyük idi, daha  gözəl idi və əhalisi də ondan çox idi. Şəhərə bitişik  kəndlərlə bir yerdə 60 min nəfər.

Xankəndi ona  görə  səliqəli  şəhər idi ki, dövlətin  Dağlıq Qarabağa, xüsusilə də Şuşaya  ayırdığı pulun bəlkə də 60-70 faizi Xankəndinə  xərclənirdi.  Amma Ağdamı ağdamlılar tikirdi.

İnşallah, yenə tikəcəyik.

Bəzi ağdamlılar yeni tikiləcək  şəhərdən narahatdırlar, yuxarıda  yazdığım  məsələlərə görə.

İndi mən sizə izah edim. Ağdam  işğal altında qalmasaydı indi, simvolik olaraq deyirəm, Dubay kimi bir şəhər idi. Özü də bunu  dövlət, hökumət  yox, ağdamlılar  özü tikəcəkdi. Sovet dövründə ən böyük aeroportlardan biri  Ağdamda idi. Gündə iki  dəfə Bakı reysi var idi.  Ağdam yerində qalsaydı indi həmin aeroportdan Ağdam-Dubay, Ağdam-Moskva, Ağdam-İstanbul, Ağdam-Sankt-Peterburq, Ağdam-Pekin və sair və ilaxır  reysləri vardı.  Özü də bunu hökumət  pul qoyub  açmayacaqdı, ağdamlılar  maya  qoyub açacaqdı.

İndi bütün bunları bizim əvəzimizdən Möhtərəm Prezident İlham Əliyev həyata keçirəcək. Və daha gözəl və daha səliqəli.

Fikirləşin, bataqlıqdakı Yevlax indi gözəl bir şəhərə  çevrilib. Qamışlıq içində olan Ağcabədi  indi gözəl bir şəhərə  çevrilib, adicə stansiya olan Horadiz indi Avropa standartlarına uyğun bir qəsəbəyə çevrilib.

Xanımımla Quzanlını  gəzirik. Xanımım deyir ki, Quzanlı  keçmiş Ağdama oxşayır. Yəni Ağdamın bir kəndi bu cür inkişaf edib. İndi fikirləşin ki, işğal altında olmasaydı Ağdam necə inkişaf edərdi?

Möhtərəm Prezident ağdamlıların  bütün  narahatlığına son qoydu.

İkincisi, biz iməklədiyimiz,  torpağını  yediyimiz Ağdamda bizlərin balaları, nəvələri, nəticələri iməkləyəcək, torpağın dadını  hiss edəcək, suyunu içəcək, havasını udacaq, böyüyəcəklər, anaları yun çubuğuyla onları qovalayacaq və sair və ilaxır.

Və yenə də  yeni nəsil bütün  qorunan  simvolları ilə  ağdamlı olduqlarını  hiss edəcəklər. Çay  evində çay da içəcəklər, Çörək muzeyini də ziyarət edəcəklər, məscidin önündə yenə  Məhərrəmlikdə şərbət  içəcəklər. Amma  İmarətdə bu dəfə  futbol  oynaya bilməyəcəklər. At çapacaqlar – babaları Pənah xan kimi, İbrahim xan kimi, Məmməd bəy Cavanşir kimi. Çövkan oynayacaqlar. Süleyman Zeynalov adına  1 nömrəli, Əli Eyvazov adına  2 nömrəli, Surxay Qurbanov adına 3 nömrəli, Şahmar müəllimin adına 5 nömrəli, Knyaz müəllimin adına 6 nömrəli,  Kamal Əliyev adına  7 nömrəli, Telli xanımın adına 8 nömrəli, Şiraslan müəllimin adına internat məktəbində (çox təəssüf ki, 4 nömrəli  məktəbin direktorunun adı yadımdan çıxıb) və bir də şəhərə daxil olan  iki kənd məktəbində oxuyacaqlar. Amma Yeni Ağdamda 15 məktəb olacaq. Yəqin həmin məktəblərin direktorları da elə çalışacaqlar ki, gələcəkdə həmin təhsil ocaqları onların adıyla çağrılacaq.

 Və «Qarabağ» komandası da  Avropa  standartlarına  uyğun  yeni tikiləcək 30 minlik «İmarət» stadionunda oynayacaq.

Hələ yeri dəqiqləşməyib. Çox güman ki, İmarətin önündə olacaq. Və həmin yerdə də «Qarabağ» komandasının əvvəl oyunçusu, kapitanı, sonra  məşqçisi, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun möhtəşəm abidəsi ilə rastlaşacaqlar.

Mənə ən çox sual verilir ki, niyə Möhtərəm Prezident Qarabağın bərpasını Ağdamdan başladı?  Bu barədə və digər təəssüratlarım haqqında növbəti yazımda.

(Ardı yaxın nömrələrimizdə)

TƏQVİM / ARXİV