adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Iyun 2021 14:16
57506
GÜNDƏM
A- A+

"Azıblarsa, getsinlər İrəvana" - SORĞU

2021-ci il iyunun 8-də Laçın rayonu ərazisində saxlanmış Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb. Onun yolunu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub. Daha sonar isə A.Kartanyan qarşı tərəfə geri təhvil verilmişdir.

Adalet.az tanınmış ictimai şəxslərdən Artur Kartanyanın geri qaytarılmasına münasibətini öyrənib.

 

Ümid partiyasının sədri İqbal Ağazadə:

"İlkin tədqiqatın nəticələrinin nə olduğunu bilmirəm. Erməni danışarkən nə deyib, niyə deyib, bu tipli məsələlərdə bizim verə biləcəyimiz rəy doğrudur, ya doğru deyil, bunlar o qədər də professional hesab oluna bilməz. Burada elə məqamlar var ki, bu məqamlar hesablanıbmı, yoxsa nə dərəcədə hesablana bilərmi, bilmirəm. Bəlkə elə doğrudan da təsadüfən keçib və yaxud da Azərbaycan tərəfi onu fərqli təyinatlar üzrə istifadə üçün təhvil verib, bilmirəm. Bundan əvvəl 6 nəfər diversant sərhədi keçmişdi, geri vermədik. Amma birini geri veriblər. Veriblərsə, demək ki, gəldikləri hansısa qənaətin nəticəsində veriblər.

Bu məsələlərdə ictimai müzakirənin açılmasının tərəfdarı deyiləm. İstər hərbi kəşfiyyat, istərsə də dövlət təhlükəsizliyi məsələlərində elə məqamlar var ki, o məqamlar açıq müzakirədə dövlətin mənafeyi üçün o qədər də effektli deyil. Siz ya da mən hardan bilirik ki, geri qaytarılan erməni əsiri üzərinə hansı öhdəlikləri götürüb? Azərbaycanla bağlılığı varmı, yoxmu? Yəni çox təəssüf ki, bəzən hər şeyi fərqli prizmadan və öz baxış bucağımızdan müzakirə etməyə çalışırıq. Bu da bizim qeyri-professionallığımızdan xəbər verir".

 

QAT-ın sədri Akif Nağı:

 

"Ermənilər müharibədən uduzub, indi bir şey edə bilmirlər, müharibəni müxtəlif diversiyalarla davam etdirməyə çalışırlar. Bu günə qədər xeyli erməni təxribatçısı ələ keçirilib, bir hissəsinin üzərində də məhkəmə prosesləri başlayıb. Təmas xəttini keçən hər bir erməni hərbçisi potensial təxribatçı, terrorçudur. Ona görə də bu məsələdə diqqətli olmalı, ciddi yoxlamalıyıq. Kartanyanın saxlanılması və dərhal ermənilərə qaytarılması bir qədər müəmmalı oldu. Az vaxt ərzində onun dumanda azıb gəldiyi necə müəyyən edildi? Bu sualın cavabı yoxdur. Hər halda Azərbaycan tərəfinin rəyinə, qərarına inammalıyıq. Bu qərarı şübhə altına almaq istəmirəm. Amma həmin şəxs bir müddət saxlanılmalı idi ki, onun "əfsanəsi" hərtərəfli öyrənilsin. Bu cür sərhəd pozuntularına yumşaq yanaşmaq olmaz, o biri ermənilər də şirniklənib gələ bilərlər. Bu cür hallarda düşmən əsgərlərinə qarşı sərt davranmalıyıq ki, o birilərinə də dərs olsun".

Modern.az saytının baş redaktoru Elşad Eyvazlı:

“Bu günə qədər Azərbaycan ərazisində işğalçılıqla, terrorla, insan qətli ilə məşğul olan ermənilərin hərəkətinə Ermənistan həmişə fərqli don geyindirməyə çalışıb İndi iyunun 8-də Azərbaycanın Laçın sərhədində məlumat yayıldı ki, Azərbaycan ərazisinə erməni daxil olub. Ardınca erməni əsgərinin diversiya məqsədli deyil, azıb keçdiyi məlum oldu və geri verildi. Açığı mən inanmıram ki, indiki zamanda Azərbaycan ərazisinə keçən erməni əsgəri azıb keçsin. Bu, indiki vaxtda mümkün deyil. Bu həssas məqamda əsgərlər hər addımlarını fikirləşirlər.

İstənilən halda biz elə etməliyik ki, erməni əsgəri azanda o ərazisinə qayıdıb getsin. Düşünməsinlər ki, azanda, gəlib bizim ərazilərimizə keçə bilərlər. Azıblarsa, getsinlər İrəvana. Biz elə etməliyik ki, erməni əsgəri Azərbayan sərhədini görəndə qorxsun, fikrindən də keçməsin ki, Azərbaycan ərazisinə keçə bilər.

Düşünürəm ki, Azərbaycan qoşulduğu bütün beynəlxalq konvensiyaların şərtlərinə əməl etdiyini göstərərək geri verib və bu, normaldır”.

 

Siyasi şərhçi Əziz Əlibəyli:

"Burada əsas məsələ ondan ibarətdir ki, birinci növbədə Azərbaycan tərəfi ona qarşı yönəlmiş təzyiqlərə, bəyanatlara cavab verir. Yəni məqsədimiz əlimizə hansısa erməni keçən kimi gətirib burada terrorçu kimi mühakimə etmək deyil. Əgər terror hərəkətlərilə məşğul olmayıbsa, geri qaytarıla bilərlər. Burada Azərbaycanın missiyası humanitar missiyanı, insanpərvərlik nümunəsini göstərmək və həqiqətən də münasibətlərində səmimi olmasıdır. Eyni zamanda gələcəyə yönəlmiş atılan addımların arxasında dayanması, Ermənistana verdiyi müsbət mesajın göstəricisidir.

Ona görə də gərək bunu qarşı tərəf də qiymətləndirsin. Ən önəmli məsələlərdən biri də budur ki, bilirsiniz, Azərbaycan paralel olaraq müharibə cinayətkarlarının məhkəməsi gedir. Bu kateqoriyaları birdəfəlik şəkildə ayırmaq lazımdı. Azərbaycan tərəfi atdığı bu addımla müharibə cinayətkarları ilə bu cür sərhədi pozanları bir-birindən ayırır. Məsələyə bu konteksdən yanaşmaq lazımdır".

 

Eminquey