adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Iyun 2021 12:38
137879
ƏDƏBİYYAT
A- A+

Həzi Həsənli: Şuşam!

Şuşam!

Daha bu həsrətlə heç olmaz davam,
Sənə qovuşmuşuq, ay suyum -  havam,
Sənə qovuşmuşuq, ay doğma yuvam - 
Ünvanım ay Şuşam, ünüm ay Şuşam!

İsabulaq qanlı yaşa dönmüşdü,
Ürəyim köksümdə daşa dönmüşdü,
Ruhum göylərində quşa dönmüşdü,
İmanım ay Şuşam, dinim ay Şuşam!

Yağıya yem olmaz sarı sünbülüm,
Qəhərdən qurtuldu Xarıbülbülüm,
Üzeyrimlə həm Cabbarım, Bülbülüm,
Sultanım ay Şuşam, Xanım ay Şuşam!

Musiqi beşiyim, laylan təsəlli,
Müzəffər ordumun zəfəri bəlli,
İgid əsgərlərin hünəri bəlli –
Dolanım, başına dönüm, ay Şuşam!

Sevincdən ağlayan gözümüz aydın!
Yolumuz haqq yolu, izimiz aydın.
Yazıldı tarixə sözümüz aydın - 
Şərəfim ay Şuşam, şanım ay Şuşam!
***

“Ruhani çalındı, ruhum göynədi...

O zaman ki döndü çarxı ömrümün,
Sanki ülgücləndi qırxı ömrümün.
Bulandı, duruldu arxı ömrümün,
Daha geri dönməz axarım mənim.

“Ruhani” çalındı, ruhum göynədi,
Çalxanan yer nədi, coşan göy nədi?
Payızın dalınca qış bir öynədi,
Nə qəfil yetişdin, baharım mənim?!

Borçalı – Borçalı biçənəklərim,
Elə xallanıb ki kəpənəklərim,
Elə allanıb ki çiyələklərim,
Elə ballanıb ki nübarım mənim.

Sevincim kədərlə qolboyun oldu,
Bir gözüm sevindi, bir gözüm doldu.
Acıdan, şirindən mənimki boldu,
Çox ağır tərpənir qatarım mənim.

Dağlara səs salan toyuna qurban,
Müjdələr yetirən payına qurban.
Oyna, öz toyundu boyuna qurban,
Xan kimi oynayan çinarım mənim.

Mənim də olubdu bəynişan çağım,
O qara zurnalı toy – nişan çağım.
Ruhumu göynətdi pərişan çağım,
Oynadı özümlə qübarım mənim
***

Pəri Təpə Bəsti, Əri Söynalı

Kəndimizdə bir ağsaqqal varıydı,
Saqqalı ağappaq zirvə qarıydı.
Həmdəmi dağıydı, bir də qarıydı,
Qarı Təpə Bəsti, yarı Söynalı.

Nur babaydı, mələksima nənəydi,
Heykəliydi  gözmüzdə, bə nəydi?
Yüz il sonra kaş geriyə dönəydi,
Barı Təpə Bəsti, barı Söynalı.

Ulularım dərdi mətin çəkərdi,
İkisi də acı tütün çəkərdi,
Sarı güllərini bütün çəkərdi,
Sarı Təpə Bəsti, arı Söynalı.

Gülü bülbüləmi yazmışdı Tanrım?
Namını, naxşını düzmüşdü Tanrım.
Bu sirri dupduru çözmüşdü Tanrım,
Duru Təpə Bəsti, arı Söynalı.

Çıraq olub, şam olublar,
Mələk, ya adam olublar?
Bir can kimi kam alıblar
Yarı Təpə Bəsti, yarı Söynalı.

 Nur babaydı, mələksima nənəydi,
Heykəliydi  gözmüzdə, bə nəydi?
Yüz il sonra kaş geriyə dönəydi,
Barı Təpə Bəsti, barı Söynalı.

***
A Anaxanım!

Ağlama, mamamqızı,
Sözün qəhərdə qaldı, a Anaxanım.
Dərmədik almamızı,
Gözün çəpərdə qaldı, a Anaxanım.

Baxt dediyin beylədi,
Heç bilirsən neylədi?
Dövran elə teylədi,
Ürəyim bərdə qaldı, a Anaxanım.

Dərdlə qalıb üz – üzə,
Yaşamaq bir möcüzə.
Ağladın mən acizə,
Gülmək namərdə qaldı, a Anaxanım.

Çalmadım bir zəngi də,
Oynamadım “Cəngi”də,
Əllərim üzəngidə,
Ayağım yerdə qaldı, a Anaxanım.

Mileyim olanmadı,
Ləlöyün olanmadı,
Bir löyün olanmadı,
Dayoğlun gerdə qaldı, a Anaxanım.

Sizin öy də Tiflisdədi,
Yarğan üstə, Kür üstədi.
Gürcü qızı nə istədi,
Məktubu Kürdə qaldı, a Anaxanım?!

Yükünü dostdan bulu,
Sinəsi dastan dolu,
Dolanır İstanbulu,
Gör Həzi nerdə qaldı, a Anaxanım?!.
***

Başına dönüm
Oğlum Yılmazın əziz xatirəsinə

Güllər könülsüz açılmaz,
Yılmaz, başına dönüm!
Yaşıl otlar yaz gecəsi
Solmaz, başına dönüm!
Oğul atasından qabaq
Ölməz, başına dönüm!
Ürək yanar, göz ağlayar,
Gülməz, başına dönüm!
Nə boyunu öyə billəm,
Nə nağıllar deyə billəm,
Nə ağılar deyə billəm  - 
Lalam başına dönüm!
Balam, başına dönüm!..
***
Yana – yana ürəyimi dağladım,
Şəklini bağrıma basıb ağladım,
Asdım sinəm üstdən ürək yerinə,
Gəlmişdin dünyaya mələk yerinə...
***
Qatar

Gecə yuxusundan qatarlar keçir,
Baxıb arxasınca anam ağlayır.
Qatarlar yuxudan qübarla keçir,
Keçir, nə fit verir, nə də saxlayır.

Səni bir yaz günü aparan qatar
Balanı anadan ayırdı getdi.
Cəhrətək fırlanan o dəmir təkər,
Anamı yumaqtək əyirdi getdi.

Könlünü hər gələn qatar ovutmaz,
Gözləri yol çəkir, oğul gözləyir.
Bilir gələn deyil, bilir qayıtmaz,
Nağıla inanır, nağıl gözləyir.

Qatarlar getdilər üzü qürbətə,
Gedən qatarların biri gəlmədi.
Çəkilib ağladı hər gün xəlvətə,
Sənsiz bircə gün də üzü gülmədi.

Sən getdin, o qərib arzularınla
Anamı yaxıla – yaxıla qoydun.
Yaşadı həsrətin, intizarınla,
Böyüdüb şəklini daxıla qoydu.

Gedər gəlməz oldu qürbət qatarı,
O qatar bəlkə də əsirdi, qardaş?!
Nə gəlir anamın həsrət qatarı,
Nə də sən gəlirsən, nə sirdi, qardaş?!
***

Saxlayır

Yaş ötür, hər ömrə verir fərmanı,
Bu gidi dünyanın qoca dövranı.
Çəkir imtahana hər bir insanı,
Hər insandan sirr nişanə saxlayır.

Müdriksən, yaşının bu çağındasan,
Hər zaman qəlbimin sorağındasan,
Könül dəftərimin varağındasan,
Adın kimi zər nişanə saxlayır.

Necə də şirindir etirafların,
Qəlbi dağa döndü dost Vəfadarın.
O da vurğunudur bağça – bağların,
Sizin bağdan tər nişanə saxlayır.

Müqəddəs ocaqdır Pənahın adı,
Etibarla Pərviz, Rizvan burdadı.
Həyanım, duyanım hər an burdadı,
Bu qəlbimdə yer nişanə saxlayır.

Bizə kabab çəkdin əmlik ətindən,
Nuş etdik süfrənin hər nemətindən.
Doymadıq incitək söz hikmətindən,
Sərraf sözün dürr nişanə saxlayır.

Sənin məclisində ürək dillənir,
Həzinin sazı da kövrək dillənir.
İncə xallar, incə güllər güllənir,
Hər ürəkdə bir nişanə saxlayır.
***
 Yaraşır

Vüqarlı zirvədir mənim qardaşım,
Uca zirvələrə Vüqar yaraşır.
Odur zirvələrin dostu, sirdaşı,
Adına Şahdağı, Qoşqar yaraşır.

Yaxşı əməllərin sonu görünməz,
Yaxşılıq etməkdə həvəsi sönməz.
Dosta sədaqəti, ilqarı dönməz,
Ona etibarlı dostlar yaraşır.

Yurdunun köksündə dağlar sıralı,
Fikrə dalar Əlincədən aralı.
Ətir saçır gül – çiçəyi, otları – 
Saltağın hüsnünə bahar yaraşır.

Sıxanda könlünü şəhər havası,
Dillənər dilinin əzbər havası.
Dərmandı dağların səhər havası,
Vüqarlı ömrünə dağlar yaraşır.
***

Dostum

Mən gedib gəldiyim Muğan yoluymuş,
Vurğunun gəzdiyi Muğan uluymuş.
Ürəyin sevinclə, nurla doluymuş,
Olmasın qəlbinin qübarı, dostum.

Tanrı töhfəsidir gülən gözlərin,
Dostluğun dərindir, ülfətin şirin.
Sən könül həmdəmi oldun şairin,
Unutmaz bu əhdi, ilqarı, dostum.

Vəfadar naxışdır sənin adında,
Bax, belə qalasan elin yadında.
Bəzəkdir ömrünə üç övladın da,
Övladdır atanın vüqarı, dostum.

Muğan Muğan olmaz ümmandan ayrı,
O çöllər gözəli Ceyrandan ayrı.
Dağ da qəribsəyər insandan ayrı,
Gəl gəzək səfalı dağları, dostum.

Ərmağan edirsən hər cür incini,
Həziylə bölürsən öz sevincini,
O, gözəl bağçanda alıb dincini,
Solmasın bağçanın baharı, dostum.
***
Sarıcalar

Qonaq gəldim, hörmət gördüm, şad oldum,
Duyğulandım novrağından, Sarıcalar!
Vurğunun şeirilə mən ilham aldım
Ceyran – cüyür oylağından, Sarıcalar!

Vəfadar sağ olsun, maraq yaratdı,
Muğanı görməyə həvəsim artdı.
Uzaq yoldan gəlib qoynuna çatdım,
Od götürdüm ocağından, Sarıcalar!

Demə bu yerlərdən doyub getmişəm,
Dostumun mehrini duyub getmişəm.
Qəlbimi Muğanda qoyub getmişəm,
Ayrılsam da qucağından, Sarıcalar.

***
 Bahar

Heç yadından çıxarsanmı babanın?
Özün gedib çəmənlikdə itmisən.
Tər güllərlə bəzənibdi dörd yanın,
Çiçəklərin ortasında bitmisən.

Gül qoxuyar gül ətirli nəfəsdə,
Gözəllikdə Bahar, sənə tay hanı?
Nəğmə deyər – bülbül ötər qəfəsdə,
Belə töhfə, belə şirin pay hanı?!

Şeir yazıb göndərirəm şəhərdən,
Sən də kənddən çiçək göndər, ay Bahar!
Solmaz olsun çiçəklərin, səhərdən
Çiçəkləri göyçək göndər, ay Bahar!
***