adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Dərs olmur

FAİQ QİSMƏTOĞLU
20820 | 2021-08-16 11:29

Bu gün ölkəmizdə narkomaniyaya qarşı çox güclü mübarizə gedir. Və bu da təsadüfi deyil. Çünki «ağ ölüm» milyonlarla insana fəlakət, faciə, göz yaşı gətirir. Bir çoxları düşünmürlər ki, onların qurşandıqları pis vərdişlər cəmiyyəti və mühiti qaranlığa, cəhalətə sürükləyir. O pis vərdişlərin də günbəgün aludəçisi çoxalmaqda davam edir. Elə ən narahatedici fakt da məhz bunlardır.

Ona görə də artıq xeyli vaxtdır ki, Daxili İşlər Nazirliyinin Narkotiklərə Qarşı Mübarizə İdarəsi bəşəriyyətin faciəsi olan bu bəlaya qarşı əsl mücadiləyə və mübarizəyə başlayıb. O mübarizəyə ki, minlərlə insan yenidən bu bəlaya tuş gələ bilər, çoxlu sayda ailələr ağır faciə yaşayır. Əlbəttə, DİN-nin bu mübarizəsi ölkə əhalisi və geniş ictimaiyyət tərəfindən alqışlanır, dəstəklənir. Çünki millətin əxlaqi dəyərlərinin və gənc nəslin vətənpərvərlik uğrunda yetişməsi üçün bu mübarizə çox əhəmiyyətlidir. Ən azından ona görə ki, «ağ ölüm» aludəçiləri həmişə digər yeniyetmələri və gəncləri bu bataqlığa sürükləyir.

Təsəvvür edin, bir məhlədə, bir yaşayış binasında bir-iki gənc bu bəlaya düçar olubsa, onlar öz əhatə dairəsini genişləndirmək üçün çoxlu sayda insanları o mühitə cəlb edirlər. Xüsusən də, o insan varlı ailənin övladıdırsa, bu narkomanların daha böyük maraq dairəsindədi.

Dünyanın hər yerində bəşəriyyət üçün böyük təhlükə olan «ağ ölüm»ə qarşı birmənalı olaraq yüksək səviyyədə mübarizə təşkil edilir. Bu gün də tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycan ərazisində Daxili İşlər Nazirliyinin narkotiklərin yayılması və qeyri-qanuni satışı ilə bağlı çox möhtəşəm əməliyyatlar gerçəkləşdirilir. Artıq bu əməliyyatlar respublikamızın bütün ərazisini əhatə edib. Sosial şəbəkələrdə və eləcə də müxtəlif şəhər, rayon və qəsəbələrdə onun satışı ilə məşğul olanlar polis tərəfindən axtarılıb tapılaraq məsuliyyətə cəlb olunub. Son vaxtlar neçə-neçə belə narkotiklə məşğul olan və onun satışını təşkil edən şəbəkələr ifşa edilib. Onların sayı 100-lərlədir.

Qeyri-qanuni narkotiklə alver edənlərin arasında qocalar da var, orta yaşlılar da, gənclər və yeniyetmələr də. Hətta onların sırasında məktəbli uşaqlar da gözə dəyir. Bu isə o deməkdir ki, yeni böyüyən yeniyetmələrin və gənclərin bu pis vərdişə cəlb etməyə çalışan qüvvələr mövcuddur. Təbii ki, DİN-nin Narkotiklərə Qarşı Mübarizə İdarəsi zaman-zaman bu qüvvələri müəyyənləşdirir, aşkarlayır və üzə çıxarır. Ən qəribəsi odur ki, «ağ ölüm»lə oynayanların əksəriyyəti uzun müddətdir onun satışı ilə məşğuldur. Hətta neçə-neçə yaxalanmış narkotika alverçisi sonradan məlum olur ki, əvvəllər onun alveri ilə məşğul olduğu üçün məhkumluq həyatı yaşayıb.

Bu bəlaya qarşı bütün dünya mübarizə aparır. Amma onun qarşısını hələ də tamamilə almaq  mümkün deyil. Çünki dünyada üç sahədə böyük qazanc əldə edən kriminal elementlər həmişə narkotikanın satışına böyük maraq göstəriblər. Bu sahələrdən biri silah alveri, digər insan alveri, bir başqası isə narkoticarətdir. Ona görə də bir çox kriminal şəbəkələr varlanmaq üçün narkotikin satışına daha çox maraq göstərirlər. Amma nə yaxşı ki, bu gün Azərbaycanda DİN tərəfindən bəşəriyyətin böyük bəlası olan «ağ ölüm» ə qarşı belə sistemli bir mübarizə təşkil edilib.

Təbii ki, təkcə polisin gücü ilə cəmiyyətimizdə bu bəlanın qarşısını tamamilə almaq mümkün deyil. Bu işdə Azərbaycan polisinə bütün xalqımız, dövlətimiz və millətimiz kömək etməlidir. Bütün cəmiyyət və ziyalı mühit birmənalı olaraq əhali arasında maarifləndirmə işə aparmalıdır ki, hər bir yeniyetmə, hər bir gənc və hər bir insan bu bəlanın faciəsini anlamalıdır. Bu bəlanın faciəsini və kökünü anlayan adam heç vaxt narkotika satışı ilə pul qazanmaq istəməz və bir də müqəddəs kitabımız olan «Qurani-Kərim»də narkotikadan istifadə etmək və yaymaq çox haram sayılır.

Sözümüzün canı ondan ibarətdir ki, necə Qarabağ uğrunda 44 gün savaş aparıb ərazilərimizi erməni işğalından azad elədik, bax, indii də hamılıqla ayağa qalxıb xalqımızı və millətimizi bu bəladan qurtarmağa çalışmalıyıq. Kütləvi İnformasiya Vasitələri, televiziyalar, saytlar əhali arasında maarifləndirmə işlərini genişləndirməlidi. Televiziyalarda əttökən və düşük verilişlərdənsə, bu cür maarifləndirici sujetlərə və çəkilişlərə daha çox ehtiyac var. Üstəlik də, tanınmış ziyalıların, məktəbin və eləcə də cəmiyyətin bu prosesdə üzərinə çox böyük yük düşür və bu yükün altına biz hamılıqla çiyin versək, inanın, bəşəriyyətin böyük bəlası olan «ağ ölüm»dən də çıxış yolu tapa bilərik.

Sadəcə olaraq hamı bir yumruq kimi birləşməli, dövlətin və xalqın arxasında durmalı, narkotikanın yayımı ilə məşğul olan bütün şəbəkələrə qarşı mücadilə edən Azərbaycan polisinə dəstək olmalıyıq. Əgər belə etsək, biz istəyimizə nail olacağıq. Yaxamızı qırağa çəkib, hər şeyi polisin üstünə atsaq, övladlarımızı, nəvələrimizi və nəticələrimizi daha böyük faciələr gözləyə bilər.

TƏQVİM / ARXİV