adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Aqil ABBAS: CIDIR DÜZÜ NİYƏ MÜQƏDDƏSDİR?

AQİL ABBAS
26166 | 2021-08-20 15:03

Axırıncı dəfə Cıdır düzündə 91-ci ildə olmuşam. Üstündən 30 il keçir, yəqin bu gündən sonra

Cıdır düzündə istədiyim vaxt olacam.

91-ci ildə niyə Şuşaya və Cıdır düzünə getmişdim, bu ayrı bir yazının mövzusudur, onu da

ayrıca yazacam. Yəni sizi yormaq istəmirəm. Hərçənd ki siz də uzun yazıları oxumağı

xoşlamırsınız və daha çox hansısa iki qadın müğənninin dodaq-dodağa öpüşməsi sizi daha çox

maraqlandırır, nəinki Cıdır düzü.

Bəli, axırıncı dəfə 91-ci ildə Cıdır düzünə ayağım dəyib, Şuşaya silah-sursat aparmışıq.

Nə isə…

Təbii ki, insanların çoxunun Cıdır düzünün müqəddəsliyi, tarixiliyi haqqında məlumatı yoxdur.

Çünki bu barədə az yazılıb, onu da indiki nəsil oxumayıb. Mənim bu yazdığım yazını da

uzaqbaşı 3-5 min adam oxuyacaq. Amma bunu yazmaq lazımdı, o 3-5 min adam üçün yazmaq

lazımdı.

Mirzə Cəlil yazır ki, sözünü o kəslərə de ki, onlar sənə qulaq asmır, ya hamamda yatırlar, ya da

xoruz döyüşdürürlər və sair və ilaxır.

Şükürlər olsun ki, indi hamamda yatan yoxdur, çünki Operativ Qərargah hamamı qadağan

edib, xoruz döyüşdürmək də yasaqdır. Deməli, bizim yazımızı heç kim oxumur.

Oxumasınlar, biz təkcə bu gün üçün yazmırıq, həm də sabah üçün yazırıq. Necə ki, Mirzə Cəlil,

Haqverdiyev, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Ömər Faiq Nemanzadə yazıblar,

oxumayıblar, amma bir əsr sonra onların yazdıqları bestseller olub.

Qayıdaq Cıdır düzünə. Dedim axı, axırıncı dəfə bu düzdə 91-ci ildə olmuşam. Allaha şükür ki,

indi yollar açılıb və insanlar gedib Cıdır düzünü görür. Amma görən həmin Cıdır düzünə

gedənlər hara getdiklərini bilirlərmi? Səmimi deyirəm, 90 faiz bilmir. Gedənlərin 90 faizi şəkil

çəkdirməyə və sair və ilaxıra gedir və Cıdır düzü haqqında məlumatları yoxdur.

İndi mənim yazımı oxuyub deyəcəklər ki, bilirdik. Və əgər bilirsinizsə niyə indiyə qədər biriniz

Cıdır düzünün tarixi bir məkan, muzey və müqəddəs bir yer olduğu haqqında bircə kəlmə

yazmamısınız? Yazmısınızsa, göstərin görək.

Cıdır düzü həm tarixdi, həm muzeydi, həm də müqəddəs bir yerdi.

Tarixdi ona görə ki, orda Pənah xan olub, İbrahim xan olub, Mehdiqulu xan olub, Məmməd bəy

Cavanşir Batmanqılınc olub, Natəvan olub…

Cıdır düzündə Pənah xanın, İbrahim xanın, Mehralı xanın, Məmməd bəy Cavanşir

Batmanqılıncın, Mehdiqulu xanın həm özlərinin, həm də atlarının ayaq izləri var.

Bir dəfə oxudum ki, Luvrda müəyyən yerləri qızıl çərçivəyə alıblar ki, Napoleonun bu yerlərə

ayağı dəyib. Mən demirəm Cıdır düzündə də haralarısa qızıl çərçivəyə alaq ki, bura Pənah

xanın özünün və yaxınlarının ayağı dəyib. Hələ bizdə o hiss yaranmayıb.

 

İnşallah, Şuşanın azad olunmasında verdiyimiz 3 min şəhidin bir gün ayaq izlərinin dəydiyi

yer də belə müqəddəsləşə bilər.

Cıdır düzü adi düz deyil, yenə deyirəm, bir tarixdi, bir muzeydi və müqəddəs bir yerdi.

Burda Qarabağın igidləri at oynadıblar, cıdır keçiriblər, qurşaq tutublar, üzüyün halqasından ox

keçiriblər.

Burda Qarabağın igidləri sevdikləri qızı gözaltı ediblər.

Burda Pənah xandan başlayaraq çox gözəl tədbirlər keçirilib. Həmin tədbirlərdə xanımlar da

qalib igidlərə gözaltı baxıblar.

Qala camaatı burda «Yallı» gedib, Qala camaatı ən xoş günlərini burda keçirib. Bura Qala

camaatı üçün ən müqəddəs yer olub.

Qala camaatının ən çox sevdiyi, ibadət etdiyi şəxslər Cıdır düzünün aşağısında dəfn olunub və

hər zaman bura ziyarətə gəliblər, başda Molla Pənah olmaq şərtilə.

Qalanın girəcəyi Ərimgəldidən başlayır. Xanımlar həm döyüşə gedən ərlərini, oğullarını, həm də

ümumiyyətlə, səfərə gedənlərini bu Ərimgəldi deyilən yerdə oturub gözləyərdilər.

İsa Hüseynovun «Tütək səsi»ndə olduğu kimi, savaşdan qayıdan hər bir kəs bütün ana və

bacıların ümidi idi. Və Ərimgəldidən yuxarıda, Cıdır düzünün aşağısında böyük bir

qəbiristanlıq vardı və indi də var. Düzdür, ermənilər dağıdıb, amma var. Vaqifin də qəbri

ordadı, Mir Möhsün Nəvvabın da, Müctehidzadənin də və sair və ilaxır.

Və sən həmin o məzarlığı ziyarət etməmiş Cıdır düzünə qalxa bilməzsən.

Olar ardı qalsın gələn nömrəyə?

Ardı var...

TƏQVİM / ARXİV