Sabahkı gün - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
5602 | 2022-09-27 17:36

Günəşli payız səhəri... Cənub bölgəsinədi  yolumuz.

Yaxşı ki bu  yolu  düzəltdilər, deyə düşünürəm. Rahat  gedə  bilirik. Yanımızdan  yük maşınları da  keçir. Diqqətlə baxıram. Arxadan əsgərlər görünür. Əsgər... Havada zatən top-tüfəng qoxusu var. Əsgər... Allah  qorusun deyirəm özlüyümdə. Sağ-salamat qayıdın... Yenə maşın  keçir... Bəlkə?..  Qaçmaq  istəyirəm fikirlərimdən - nə  çox  əsgər var?

... Hara  gedir bu  qədər əsgər ...

- Hara  gedir  bu  qədər əsgər?

- Hanı?

- Bax, maşınlarda gedirlər.

- Yəqin təlimlərdi...

- Təki  elə  olsun...

Düşünürəm yenə  özlüyümdə. Əvvəl-axır olacaq bu  savaş. Bəlkə  başlayır? Yenə qaçmaq istəyirəm - savaş olsa... olsa...  Olsa bu  gənclər...  Amma sevincək, gülərüzlü bu  gənclər savaşın qurbanı  ola  bilərlər...  Amma, amma  olub axı... Görmüşük... Nə  qədər  itki olub...

Bəs, necə  olsun???

 - Hara gedirlər? 

- Qarşıdan  yol  haçalanır da. Qarabağa gedirlər...

 

                                                  Qarabağa gedirlər...

                                                            Həəə...

 

Söz özü qorxudur... Neçə  gündü  bu  söhbətlər evdə də  gedir... Ola bilər yəni. Əvvəl-axır olasıdı... Olasıdı... bilirik... Amma  nə  vaxt? Vaxtı-günü bilmirik...

Baxıram maşındakı əsgərlərə  -  (ay  uşaqlar, müharibəyə gedirsiz???) Allah kömək olsun...

Dost qapısı, düşmən çəpəri Oğullar!!!

Əlim gedir telefona tərəf - dostlarıma yazıram... Əsgərlər gedir Qarabağa tərəf. Bilmirəm haa dəqiq, amma fikirləşirəm bunu.

Mən bunları özlüyümdə düşünürəm - amma sabah  hər  şey dəyişəcək. Çünki bunu ölkənin  yiyəsi  düşünüb artıq. Amma hələ bilmirik. Sabah  yeni  sabah açılacaq!!! Ölkənin  yiyəsi  bizi çoox  təəccübləndirəcək... Dəmir Yumruğu ilə.

 

                                               Müharibə irəliyə doğru bir addımdır

 

Təkcə torpaqlara doğru yox, həm də inkişafa doğru. Ordu döyüşərək təcrübə qazanır, boşluqlar bilinir, hərbi həkimlər formalaşır, hərbi mühəndislər formalaşır... Napoleon arzulayırsansa, döyüşməlisən!!! Ağlamaq olmaz!!! Bu illər içində ümidini itirməyən insanlara eşq olsun...

Sülh istəyirsənsə, müharibəyə hazır ol!!! Yeni söz deyil...

Gecə  xəbər gəlir. Başlandı!!! Aman, başlandı... Dünyanı sarsıdan 44 gün başlandı.  Necə  olacaq? Necə olsa da başlamalıydı ... Salamatlıq olsun... Nigaranlıqla bərabər həm də bir  arxayınlıq  var içimdə.

Dayanmadan "dayan" deyirlər... Ondan bilirəm bizim xeyirimizədir...  Və adamlar artıq az qala öz xəyallarında evlərinə də qayıdıblar, torpaqlarını da qaytarıblar... Hər  qarış üçün insan qanı  tökülür... Belə asan ola  bilməz  axı…

Hərbi əməliyyatlar gedir. Bunu şüurlu qavrayanlar var, az şüurla qavrayanlar var.

 

                                              Narahat adamlar var, panikaya qapılanlar var

 

Bilərəkdən "bilməyən"lər var. Bilərəkdən harasa işləyənlər var...

Hərb intizama bağlıdır... Bizim nazımıza yox!!!  Və bizim göstərişimizə də yox...

Qarabağın qara bəxti?.. Qalmaz belə, qalmaz dünya...

Qarabağ təkcə torpaq deyil ki... İdeyadır həm də...

Biz güclüyük... Biz güclüyük!..  BİZ GÜCLÜYÜK!!!

Tarix və coğrafiya ən önəmli dərslərdi...

Sakit olaq!!! Coğrafiya anlamı var. Və balans... Yaşadığımız coğrafiya türk-islam coğrafiyasının mənzərəsidir. Tarixi gerçəklər var... Bir gün olacaq. Və yaxın illərdə ard-arda həllinə cəhd olunub. Və olacaq!!!

Ta Səfəvilərin, Osmanlının qisasını da bizdən (bu balaca məmləkətdən) almaq istəyirlərsə keçib, baxın görün Bizansın torpaq iddiası yoxdu? Yaxın coğrafiyadı da...

Gün doğmadan nələr doğar... İnşallah...

Kürreyi-ərzin ptün proqramlarında baş xəbər olmuşuq deyəsən...

 

                                                          Patlatar çıkarız

 

Liderimiz də  öz  əsgərləriylə birgə döyüşür -  dünya mətbuat agentliklərində. Hamının  cavabı  verilir. Arxayınlıq artır. Atının nalından od çıxır Ağatlı oğlanın...

Siyasi iradə belə anlayışdı - 10 günə 10 milyon səni qeyd-şərtsiz dəstəkləyir. Və dünya səndən danışır!!!

 Füzulinin alınma söhbəti gəzir xalq  arasında. Xalq dirçəlir...

Qarabağ torpağı o qədər bərəkətlidir ki... Əlindən təsadüfən bir tum düşə böyüyüb ağac olur... Və sən belə torpağı viran qoymusan... Əkməmisən, biçməmisən... Torpağın da öz qarğışı olur...

 

                                                  Qada-bala yüklüsən,

                                                  Torpağım, qadan alım...

 

Tutacaq sizi, xaraba bayquşları...

Yəqin savaş tarixində belə hadisə olmayıb. İddia etdiyi ərazidən 3 dəfə artığını qamarlayıb oturasan, heç ora yerləşdirəcək adamın da olmaya..."Dənizdən dənizə"ni necə dolduracaqlarmış? Xaraba bayquşları...

Viran qalmış yurdlarımızı izləyəndə düşündüm...

Mütləq aranızda o qırılmışın yaşayış məskənlərini görən var. Yəni kəndlərini. Bütün evlər bir-birinə söykəli. Gözünüzün qabağına gətirin. Və kəndləri də "sığnaq" adlanır... Qorxu içində yaşayıblar hər zaman və bu da yansıyıb memarilərinə...

İndi bu 30 ildə də

 

                                           ancaq tunel və bunker tikiblər...

 

Deşik tikiblər...

Ən yaxşı yerlərdə yaşayırdılar, ən yaxşı işlərdə çalışırdılar, hətta ən yaxşı kişilərimizi də ələ keçirmişdilər... Başqa nə istəyirdiniz??? Yaşayırdıq da... Dənizdən dənizə? Dərs olar yəqin... Elə bizə də dərs olmalı çox nəsnələr var!!!

Miladdan öncə Assuriya imperiyası mövcud olub. Qüdrətli bir dövlət. Hərb elminə böyük qatqıları da olub, gözəl şəhərləri də olub... İndi yoxdu... Tarixdə qalıb. Və qalıqları aysor adlanır. Bütün dünyada təxminən 3 milyon ola bilərlər. Yəni dəqiq məlumat yoxdu. Bizim ərazidə də yaşayırlar...

Bu nəhəng dövlətin varisləri demirlər biz "dənizdən dənizə" yaşamışıq...

Yəni xəstə deyillər. Dünən ola bilər elə idin, bu gün nəsən ondan danış...

Bunların uzaq hədəfləri var. Özlərini inandırıblar və hər dəfəsində bizi nişan alırlar. Bizim başqa çarəmiz yoxdu - terrorçu təfəkkürü məhv eləmək bizim boynumuzun borcu.

İkinci Dünya Müharibəsindən sonra alman və yaponlara ordu saxlamaq qadağan olundu...

İndi bunların da bir yolun tapacağıq...

Mahiyyətləri budur drevni mnoqostradalnıların...

SSRİ-nin dağılması da Qarabağdan başladı. Dünyanın dağılmağı da ordan gəlir...

Ardı var

TƏQVİM / ARXİV