adalet.az header logo
  • Bakı 7°C
22 Sentyabr 2021 17:12
1525
ƏDƏBİYYAT
A- A+

Getmək... - Firidun Ağazadə yazır

(birinci yazı)

 

Ömür yolu bir körpüdür

Gəlmək-getmək arasında.

 

Dilimizdə “getmək” sözü var, adi bir sözdür. Çıxıb getmək, yerimək, yerindən tərpənmək, olduğun yerdən uzaqlaşmaq, yəni. “Sən getdin, elə bil dünya boşaldı...” Getmək həmişə ağırdır, çətindir, amma gedənə, yerindən tərpənənə kimidir bu hiss. Sonra görürsən ki, bundan asan iş yoxmuş. Əllərini tərpədirsən, addımlarını atırsan və... gedirsən. Amma getmək olurmu... getmək istəmədiyin yerdən? Getmək olurmu getmək istəmədiyin adamın yanından? Və getmək istəmədiyin adamın yanına getmək... asandırmı? Mahaldı.

Elə-belə əl-qol tərpədib hərəkət etmək deyil, həm də ayrılmaqdı getmək. Başqa yerə varmaq üçün olduğun yerdən ayrılmaq, çıxıb getməkdi. Demək, ayrılıqdı həm də. “Aman, ayrılıq!” deyə Təbriz həsrətilə giryan olmadımı ürəklərimiz? Biri də demiş ki: “Getmək istəyirsən, bəhanəsiz get...”. Getməklər bir deyil, iki deyil, “atam balası”, “az getmək var, üz getmək var, dərə, təpə, düz getmək” var… Amma getmək var, getmək var da. Müğənni “Getmə, amandır” deyir, çünki bilirik, “getmək” yamandır. Bir də var qapını çırpıb getmək. Getmək varsa, qayıtmaq da var – qayıtmağa üzün ola. “Əziz Şuşa, biz qayıtmışıq!” Vay odu “Getməkmi, qalmaqmı? Sual budur, bu” - deyəsən. “Varıb getmək var. “Var get, əcəm oğlu, durma bu yerdə”. Bu da Məcnunun dediyidir: “...Get, dərdimə sən dəva deyilsən..”. Bəs, o kimdi “Get, get, ey Leyli, sən o Leyli deyilsən” demiş? Biri də deyir ki: “Bir evdən bir evə səadət gedir,..”.

Qonağa “xoş gəldin” də deyərik, “xoş getdin” də. Uçan durnalara “Get, xoş gəldin, şəfa gəldin,. Gələcəksən, haçan durna?” demişik. Çünki gedən gələr, gəlməlidir. “Getməyin” binası var, bir də gördün, “Padşahla Vəzir Allahverdi xan vəzncə yüngül, qiymətcə ağır şeylərdən götürüb, getməyin binasın qoydular”. Onlar “getməkdə olsun”, nağılların “gedər-gəlməz yol”una hərdən “gedər-gələr” deyək. Dünyanın da getməyi var, hərdən yanlış gedəndə “Dünya belə getməz” deyirik. Tacir Əsgər belə demiş: “Bu dünya elə belə gəlib, belə getsə axırı nə olacaq? Doğru cavab nökər Vəlidə.

Burası var ki, gethaget olan yerdə gəlhagəl də olar. Atalar nahaq deməyib: “Elə gəlhagəlin belə də gethagedi olar”. Bir də nağıl dili var: “Gethaget, gethaget, gəlib çıxdılar Şah Abbasın vilayətinə”. Məmmədhəsən əminin ziyarətə getməkliyi var, Zeynəbin ərə getməkliy var. “Getmək” get-gələ dönəndə adam rəncidə olur. Pandemiya ki, camaatı evə qaplayıb, get-gedə dolanışıq çətinləşir. Hələ görək, Cahandar Ağanın dilində “getmək və gəlmək” necə olur: “Molla Sadıq, mənə lotuluq gəlmə, get dınqırına süz!” Böyük Məmməd Araz “get-gəl”i belə yozmuş: “Bu get-gəllər bazarına dəvədi dünya...”

Bir var desinlər: “get”, bir də var ki, desinlər: “İtil!”. İrəli getmək var, geri getmək də var, təəssüf. Bəzən qalmaqdan getmək yaxşı olur. Amma getmək olurmu COVİD-19 “Evdəqal” deyirsə? Getmək yaxşıdırsa niyə “ərə gedirəm, gora gedirəm” deyirlər? Ərə getmək varsa, ərə gəlmək də var – “Doğru buyurursan, xanım! Bəs, elə isə, de, görüm, mənə ərə gələrsənmi?”

Təkcə gəlimli olsa, mənasız olardı dünya. Yaxşı ki, gedimlidi həm də. Gəlmək haqdırsa, getmək də haqdır - “Bəzən haqq qazanır insan öləndə...”. Şahanə getmək var: “Çıxıb getmək istəyirəm, çıxıb getmək! Son gülləmi öz başıma sıxıb getmək”. Atalar demiş: “Borc verməklə tükənər, yol getməklə”. Gedək ki, yolumuz olsun. Gedək ki, izimiz qalsın. Getmək üçün gəlmək lazımdı. Hansı ozan demişdi: “Gedək, Qarabağa bir salam verək”? Çoxdan getmək lazım idi. Görmədiz, Lazım gəldi... və biz Şuşaya getdik?!. Getməyəndə ətalət, kəsalət basır adamı. Gedə bilməyəndə adama deyirlər: “Odey taksi, min, get!” Getmək – “üzü küləyə” də olsa. Qoy, tufanlar sinəmizə əssin! Ürək vurursa, getmək, üfüqləri aşmaq mümkün. Getmək... bir məqsədə doğru. Sabaha doğru! Getmək – “biz olmayan yerə!” Getmək - işıq gələn tərəfə. Bəzən gedər-gəlməz yola da getmək! Məlikməmməd kimi - Ümid Sümurq quşudu, gəlib tapar bizi. “Tapar” dedim, o kim idi, səsi fəryad edirdi: “Min nəfərə bir dərd olsa hökmən gəlib tapar məni, Yer üzündə bir it varsa, gəlib tapib qapar məni”? Getmək hara, duz hara? Amma bir də var ki, duza gedəsən...

XX əsrin Azərbaycan dilində ilk qəzeti olan "Şərqi-Rus" qəzetinin təsisçisi Məhəmmədağa Şahtaxtlı “getmək” feilindən danışanda yazmış ki: “...tiflisli “gedirik” deyir, istanbullu “gediriz” deyir, təbrizli də “gedirux” deyir”. O vaxt bakılı yox imiş, yəni?..

Siz allah, deməyin, ucundan tutub ucuzluğa getdik... Dilçinin əlindən özgə nə iş gələr.