adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Sentyabr 2021 15:17
2163
GÜNDƏM
A- A+

 Xankəndinin nəfəsliyi: Gündə 200, noyabrdan isə 65 min maşın keçən “Laçın dəhlizi” 

 Artıq Ordumuzun gücü bütün dünyaya bəllidir. Dost və düşmən olmasından asılı olmayaraq bütün ölkələr  44 günlük müharibənin gedişatını izləyəndən sonra silahlı qüvvələrimizə heyranlığını etiraf edirlər. Əminəm ki, yaxın günlərdə Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə bir çox yeniliklərə , o cümlədən hazırda qarşımızda problem kimi duran Xankəndi də bayrağımızın asılmasına, terrorçuların həbs edilməsinə, erməni əsilli vətəndaşlarımızın Azərbaycan Konstitusiyasına tabe olacaqlarına,  o ərazilərdən 30 il əvvəl köçkün düşmüş soydaşlarımızın yenidən o yerlərə dönməsinə və nəhayət “Laçın dəhlizi”nin tam tərkibdə (həm eninə, həm uzununa)   nəzarətimizə keçəcəyinə imza atacaq. Yenə də deyirəm, buna əminəm! Bu gün isə hələlik xəbərlər belədir!


Rusiya sülhməramlı kontingenti Laçın dəhlizindən 2020-ci ilin noyabr ayından bu günə kimi 65 min maşının “təhlükəsiz şəkildə” keçidini təmin edib.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu müddətdə Laçın dəhlizindən istifadə edən insanların sayı isə 230 min nəfər olub.
Dəhlizdən müxtəlif tikinti və digər məhsullar sərbəst şəkildə daşınıb.
“Bütün şübhəli maşınlara baxış keçirilir. Gün ərzində Laçın dəhlizindəki postdan 200 avtomobil keçir”, - məlumatda qeyd edilib.


Axı “Laçın dəhlizi” niyə önəmlidir?

 

 

Bu günə qədər  Rusiya sülhməramlılarına arxayın olub ən strateji bölgəmizi onların nəzarətinə vermişik. Əvvəlcə  Laçın dəhlizinin niyə önəmli olması haqqında bilməyən oxucularımıza kiçik bir məlumat verək:
Əvvəl onu qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsi ilə Ermənistanın Zəngəzur bölgəsinin təbii sərhədi hündülüyü 800-2000 metr olan Kiçik Qafqaz dağ silsiləsi ilə əhatə olunub. Bu iki region arasında yeganə quru əlaqə "Laçın dəhlizi" adlandırılan yol vasitəsilə həyata keçirilir.
  Ermənistandan Qarabağa gedən yeganə yol olduğu üçün Ermənistandan ərazimizə gələn bütün bəlalar məhz bu yolu, bu dəhlizi keçərək soydaşlarımıza dəhşətlər yaşadıb. Məsələn, 1918-ci ilin iyunundan başlayaraq 1919-cu ilin aprelinə qədər Zəngəzur və Qarabağda erməni millətçisi Andranikin azərbaycanlılara qarşı başlatdığı terror və etnik təmizləmə siyasətini yada salaq. Ermənilərdən ibarət silahlı dəstə 1919-cu ilin aprelinə qədər yüzlərlə kəndi viran qoyaraq, azərbaycanlılara qarşı terror həyata keçirib. Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə İstintaq Komissiyası Nikolay Mixaylovun başçılığı altında araşdırma apararaq, Zəngəzur və Qarabağda 10 068 nəfərin öldürülməsi faktını müəyyən etmişdi.
 


Daşnak dəstələri 115 müsəlman kəndini viran qoyub, 2196-sı uşaq olmaqla, 10 mindən artıq insanın həyatına son qoymuşdular.
Andranikin dəstələri məhz Gorusdan "Laçın dəhlizi" ilə Qarabağa gələrək, burada hücumlar həyata keçirirdi.                                                 
1919-cu ilin 4-7 noyabr tarixlərində məhz "Laçın dəhlizi" istiqamətindən Azərbaycan Ordusu Zəngəzuru erməni terrorundan azad etmək üçün əməliyyat həyata keçirmişdi. Amma hərbi əməliyyatların çətin dağlıq şəraitində aparılması buna mane oldu.  

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl hələ 44 günlük müharibənin qızgın vaxtlarında belə bir fikir səsləndirmişdir:“Laçın dəhlizi” düşmənin nəfəs aldığı iki nöqtədən biridir. Bu baxımdan, “Laçın dəhlizi”nin nəzarətə götürülməsi Azərbaycan fövəqladə əhəmiyyət daşıyır”. 
Ekspert əlavə etmişdi ki, Ermənistan əsasən “Laçın dəhlizi” vasitəsilə Dağlıq Qarabağdakı separatçıları təchiz edir. “İki yol var: Kəlbəcərdən və Laçından. İlin bütün fəsillərində daha rahat yol “Laçın dəhlizi”dir. Əgər “dəhliz” nəzarətə götürülsə, o zaman Ermənistanla Dağlıq Qarabağdakı separatçıların kommunikasıyası kəsiləcək. Yəni Ermənistan onları təchiz etməkdən məhrum edəcək. Bu isə separatçıların birmənalı məğlubiyyəti deməkdir”
10 noyabrda imzalanan üçtərəfli bəyanatdan 10 aydan da artıq keçməsinə baxmayaraq ermənilərin Qarabağdakı özbaşınalıqları,  terror hərəkətləri, qanunsuz olaraq  Azərbaycana  səfər edən ermənipərəst əcnəbilərin intensivləşən gəlişləri,  Ermənistandan Azərbaycanın qədim tarixinə məxsus monastr və məbədlərə zəvvar axını, İrana məxsus yük maşınlarının Xankəndiyə yardım daşıması və sair neqativ hərəkətlər məhz  Rusiya sülhməramlılarının nəzarəti altında olan  “Laçın dəhlizi” vasitəsilə həyata keçirilir.

 

 Yeri gəlmişkən, sabiq xarici işlər naziri, politoloq Tofiq ZülfüqarovLaçın dəhlizi ilə bağlı fikirlər söyləyib. O bildirib ki, təcili şəkildə Laçında Sərhəd haqqında qanunun tələbinə uyğun olaraq sərhəd və gömrük nəzarət-keçid məntəqələri qurulmalıdır: “Sülh və müşahidə missiyalı qüvvələr qoy öz öhdəlikləri ilə məşğul olsunlar, müvəqqəti məsuliyyət zonaıarında təhlükəsizliyi təmin etsinlər.
Dövlət sərhədini bütün qaçaqmalçılar və siyasi dələduzlar üçün “qapısız həyət”ə çevirdikləri artıq bəsdir”.
Əcnəbilər başa düşməlidirlər ki, müharibə artıq başa çatıb və bununla birlikdə ”boz zona" deyilən, əvvəllər işğal olunmuş ərazilər yoxdur. Bu gün heç kim həmişəki kimi, istədiyi yerdə və vaxtda sərhədi keçə bilməz. Azərbaycanın suverenliyi bütün torpaqlarında bərpa olunub ki, bu da “Laçın dəhlizi”nin başladığı hissə də daxil olmaqla, bütövlükdə onun sərhəd toxunulmazlığı deməkdir. Azərbaycana qanunsuz girişlər üçün daha yer yoxdur.


 Azərbaycan Ordusunu, “Dəmir yumruq”u yenidən müharibəyə təşviq etməyin ermənilərə heç bir xeyri olmayacaq.
   

Əntiqə Rəşid