SON DƏQİQƏ:

Döyüş xətti, “səngər” düşüncələri,  insanlar... - "Sevgilim Vətən!" silsilə yazım: II hissə 

  1352   |  
Şriftin ölçüsü  


Bu gündən başlayaraq, Vətən Müharibəsində gördüyüm ən xırda depalları belə unutmadan xatirələrimi yazacağam... Uzaq zaman deyil... Şahidlərimin hamısı sağdı. Onların şahidliyi ilə 10 noyabra qədər silsilə yazımı oxuyarsınız! Yazılarımda başlıqlar dəyişsə də silsilənin adı "Sevgilim Vətən!" olacaq. 27 sentyabrdan 10 noyabra qədər...

 

Ötən il bu vaxtı günəşli gün idi.... Qətiyyən  müharibə havası hiss edilmirdi. Bakı Beynəlxalq Avtovağzalında qarışıqlıq idi. Rayonlara gedən, rayonlardan gələn...Amma hamının üzü qayğılıydi, eyni zamanda , bəlkə də mənə elə gəlir bir az da şən idilər, ümidli görünürdülər
 Mikroavtobusla yola düşəndə məlum oldu ki, sərnişinlərdən 4 nəfəri müxtəlif rayonlardan olan  gənclərdi və doğma rayonlarının hərbi komissarlığına gedirlər.  Sanki neçə illərin tanışı kimi hamısı ilə bir anda doğmalaşdıq və söhbətə başladıq . Həmsöhbətim Tərtər rayonunun  Qaradağlı kəndindən  İlkin Məmişov, Yevlax rayonunun Hacımahmudlu kəndindən  Novruz Fərruxov, Ağdam rayonu Qalayçılar kəndindən olan Elmir İmanov, Ağdaş rayonunun Ləki kəndindən olan Elvin Musayev  könüllü orduya getmək üçün hərbi komissarlığa əslində istəklərini  deməyə, tələb etməyə gedirdilər. Hələ qarayanız,  yaşda ən balaca olan Elmir “dəli “ olmuşdu ki, qonşu oğlana çağırış gəlib, buna yox.. 
Jurnalist olduğumu bildikdən sonra ürəklərində nə arzuları vardı, danışmağa başladılar.

 

 

Sanki bu yoldan geri dönməyəcəklər kimi  danışdılar... “Həyat gözlənilməz hadisələrlə doludur! Ordan dönməyə də bilərik! Canımız bu xalqa , bu torpağa qurban, amma bizi unutmayın!  ” Bunu da Elvin deyir.  Qəribə uşaqlardılar,  Həm müharibəyə getmək arzusu ilə yanıb –alışırdılar, həm də bilirlər ki, ora elə yerdi ki, sağ qayıtmaya da bilərlər. Amma elə sevincəkdilər, elə qızğın istəklə müharibə istəyirdilər... Bu uşaqların heç biri Qarabağı, Şuşanı, Laçını, Kəlbəcəri, Füzulini  görməyiblər, hardan yaranıb o yerlərə bu qədər sevgi, anlamadım.. Amma fəxr etməyə dəyən uşaqlar idilər.
Yolumuzun yarısında çay içmək üçün maşından endik, fürsətdən istifadə edib xatirə  şəkli də çəkdirdik. Yenidən yolumuza düzəldik! Avtobusun radiosundan xoşbəxtedici sözlər  süzülməyə başladı:”Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri cəbhəaviiasiyası və pilotsuz  uçuş aparatlarının  dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə  və müdafiənin dərinliyində yerləşən xeyli sayda  canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək  məhv  edirlər”.  
Şəmistan Əlizamanlının  “Əsgər. Vətən əmanəti, yurd əmanəti”, “Marş irəli” mahnısının sədaları salonu başına aldı.  4 könüllü  çağırışçı, sabah əsgər olacaq İlkin, Novruz, Elmir, Elvin  və  mən  Şəmistan Əlizamanlıya qoşulduq! Avtobusdakı  yaşlı qadın, gənc qız və o biri sərnişinlər kövrək gözlərlə bizə baxıb gülümsəyirdilər... 
 
Uşaqlar - hər kəs öz rayonunda  düşdü... Elmir də İmamqulubəylidə düşüb gedəndə, “Bax məndən yazarsan ha...” dedi  və gülümsədi.  Bildim ki, “şəhid olandan sonra ” sözünü qəsdən demədi ki,   mənə pis təsir edər.  “ Ən azı 20 erməni öldürüb gəlməsən, səndən yazmayacam” dedim. İkimizdə güldük. (Müharibədən sonra araşdırdım, yol yoldaşlarımın heç birinin adı şəhidlərimizin siyahısında yox idi.. )

 

 Quzanlının “4 yol”unda düşəndə artıq hava qaralmışdı... Arabir uzaqlardan  zəif-zəif atəş səsləri gəlirdi. Yolda sıxlıq vardı.Azərbaycan Ordusuna məxsus hərbi texnikaları daşıyan iri yük maşınları da, zirehli tankların səsi də görünüşü də adamı vahiməyə salırdı.Tanklar yanımdan keçəndə hiss elədim ki, ayağımın altında yer silkələnirdi. Ay Allah bizim nələrimiz varmış....

Minik maşınları isə Yevlaxa tərəf sütüyürdü. İçi dolu, qadınlar, uşaqlar, qocalar. Yol çantamı çiynimə atıb Quzanlı köçkün qəsəbəsində yerləşən evimizə tərəf addımlayıram. Bu anda  həm çiynimdəki qadınların qətiyyən  götürmədiyi çanta, qısqıvraq geyimim və alatoranda  Bakı avtobusundan düşməyim polisləriimizi hərəkətə keçirdi.  Ən azı 6 polis yaxınlaşdı. Sakitcə  şəxsiyyət vəsiqəmi çıxartdım, kənd sakini olduğumu dedim... aralandılar.
Kəsə yolla irəliləyirdim. Evlərin çoxunun işığı yanmırdı. Darvazalarının ağzından keçəndə Xatın xala məni gördü... Elə ucadan “Uyyy, bala nəzirsən ” i elə həyəcanla dedi ki, elə bildim, döngəmizə dönsəm , məni erməni tankları qarşılayacaq. Xatın xala anamın qohumudu.. “nəvar, nə yox” eliyirik.  İki gündü  baş verən “ictimai, siyasi hadisələr”dən məni hali edən qonşumuz məsləhətindən də qalmadı: Gərək gəlmiyəydin, burda qadın qız qalmayaıb.. Hamını uzaqlaşdırıblar...” 
“Özün niyə getməmisən “ sualıma “mən neyniyim e, oğlum dövlət işçisidi, rayondan aralana bilməz, day məndə ona görə getmədim... Bax haaa, səhər saat 5-dən sonra yatma, oyaq ol... Onsuzda  o tappa-tupdan sonra heç sən də burda qalmıyassan... Burda qalmaq gözgörəticə ölümdü. Sabah çıx get anayın yanına, bala.. anan yazıqdı”.  Sağollaşıb uzaqlaşıram. Arxadan çağırır: “Qorxub eləsən, gəl bizə”.

 


 Həyətimizə girəcəkdə təxminən 1, 60 dərinliyində  İcra hakimiyyəti tərəfindən qazılmış bir “ müdafiə səngər”i gördüm.  Yadıma düşmüşkən qeyd edim, müharibə ilk günlərində  bölgəyə gəlmiş və müharibə qanunlarına zidd olan fotolar çəkən bir blogger- jurnalist var. 2 gün idi gəlmişdi müharibə zonasına . Azərbaycan Ordusuna məxsus texnikanı səhifəsində paylaşdığına görə onu həmin an ordan Bakıya “deportasiya” etdilər. Geri dönməmək şərti ilə. Müharibədən sonra mən Bakıya dönədə hamıya danışırmışd ki, Əntiqə getdi Quzanlıda yerləşən evlərinin zirzəmisində gizləndi gəldi. İndi ona  da burdan cavab verim:Bilənlər bilir ki, köçkün evlərinin zirzəmisi yoxdu, ev birbaşa düppədüz torpağın üzərində tikilir, sement-betondan da döşəmə həmin düppədüz  torpağın üstünə qoyulur. O səbəbdən də hər qapıda buldozerlə  2 çaloşluq torpaq qazıb, adını da “”müdafiə səngəri” qoyublar. Bu səngər  fason şeyi  burda ona görə inşa  ediblər ki, kəndi tərk edə bilməyənlər müvəqqəti  burda gizlənsin. Üzr istəyirəm hamıdan, bu da səngərdən çox tualet quyusuna bənzəyir.  Fövqəladə hal zamanı  ora özünü atdınsa, gərək ordan haray salasan ki, ay haray məni burdan çıxarın. Yəni quyudan çıxmaq üçün nə əl yeri var, nə ayaq..  Üstəgəl, əgər bu daldalanacaq bir yer olacaqdısa,  bəs bunun üstünü örtəcək  beton panel  hanı? Şükür elədim ki,  anamı 25 sentyabrdan Bakıya çağırmışam, yoxsa qadın o  atəş altında  qəlpədən –filandan yox, məhz   çaşqınlıqdan, ya da quyunun içərindən çıxa bilməyib elə o  stresdən ölərdi. Bu da Əntiqənin daldalanacağı...

Səhər yediyimin üstündə idim.Qazanları qabları yoxladım , yeməyə heç nə yox idi.  Yorgunluq üstün gəldi...Bəlkədə çox yatacaqdım,   Rəşadətli Ordumuzun düşməni hədəf alan mərmilərinin səsinə oyandım. “Bizimkilərdi” deyib, keçişdirmək istəyirdim ki, qəflətən qəsəbənin lap yaxınlığına top mətmisi düşdü. Ev onsuzda 20 yerdən çatı vardı,  indi sanki yerində oynaqladı...Evdə hər şəy bir-birinə dəydi.Tavandakı “nastilin” arasına vurulmuş suvağın bir parçası palazın üstünə düşəndən sonra anladım ki, məsələ ciddidir, “üstüaçıq səngər”ə girməyin zamanıdır... Saata baxdım 5:45 ..Yenicə səngərə girmişdim ki, növbəti partlaış baş verdi. Bu bayaq ki, kimi deyildi. Daha qorxunc, daha  səsli idi. Çöl tərəfdən darvazanın ağzından minik maşınları  asfalta tərəf şütüyürdü. “Dalda yer tapmaqdansa  maşına minib özlərini lap hədəfə çevirirlər” - deyib əsəbləşdim... Atəş səsləri bərkiyirdi...

 Əntiqə Rəşid
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK