adalet.az header logo
  • Bakı 26°C
  • USD 1.7
29 Noyabr 2021 17:33
431
SİYASƏT
A- A+

"Ölkəmiz və bölgəmiz artıq türk dünyasının ayrılmaz hissəsidir"

Soçi bəyanatının əhəmiyyətini və onun daha çox kimə siyasi-diplomatik dividend gətirdiyini dəyərləndirmək üçün noyabrın əvvəlindən başlayan siyasi prosesləri yada salmalıyıq. Noyabrın ilk günlərində Rusiya rəsmiləri səviyyəsində məlumat yayıldı ki, Moskvada Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü gözlənilir. Hətta noyabrın 9-u görüşün dəqiq tarixi kimi göstərilirdi. Moskvadan yayılan sonrakı iki məlumatda görüşün baş tutacağı yenidən təsdiqlənsə də, onun onlayn formatda keçiriləcəyi bildirilirdi. Çox keçmədən məlum oldu ki, Ermənistanın baş naziri Nikol Paşinyan görüşdən yayınmağa çalışır və o, ermənilərin hələ də yaşayan sərsəm ümidlərinin reallaşma ehtimalını daha çox Brüssel görüşünə bağlayır. Həmin məlumatların yayıldığı ərəfədə Ermənistanın siyasi-hərbi rəhbərliyi sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə, eləcə də dövlət sərhədinin müxtəlif istiqamətlərində yeni təxribatlara əl atdı, noyabrın 16-da isə genişmiqyaslı hücuma cəhd etdi. Məqsəd münaqişənin bitmədiyini, insan tələfatı ilə nəticələnən silahlı insidentlərin hələ də davam etdiyini, hətta sülhməramlıların da onların öhdəsindən gələ bilmədiyini beynəlxalq auditoriyaya aşılamaq idi. Ermənistan hakimiyyətinin əsas hədəfi bu cür informasiya təbliğatı fonunda açıq ermənipərəst mövqeyi ilə seçilən vasitəçilər institutunun fəaliyyətini “diriltməkdir”. Lakin N.Paşinyan hakimiyyəti bir reallığı sonadək hesablamadı. Anlamadı ki, müharibədə məğlub olduqdan sonra Ermənistanın təkcə Qərbin bəzi ölkələrindən deyil, həm də Rusiyadan siyasi asılılığı əvvəlki illərlə müqayisədə dəfələrlə artıb. Ona görə də Paşinyan Soçiyə getmək və bu görüşdən əvvəl mətbuat konfransı keçirərək erməni cəmiyyətinə izahat vermək məcburiyyətində qaldı. Paşinyana ünvanlanan əsas suallardan biri ondan ibarət oldu ki, Moskvanın təşəbbüsündən niyə imtina etmişdi və sonra niyə razılaşdı. O, imtinasını bununla izah etdi ki, 9 noyabr erməni cəmiyyətinə çox ağır hadisələrdən xəbər verən tarixi xatırladır. Paşinyan bununla 9-10 noyabr tarixli üçtərəfli Birgə Bəyanata - kapitulyasiya aktına işarə edirdi. Heç şübhəsiz, o, izahatında sonadək səmimi deyildi və görüşdən imtina etməsinin əsas səbəbini gizlətməyə çalışırdı...

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

Mətbuat konfransında N.Paşinyan daxili auditoriyanın əzilmiş ruhuna hesabladığı başqa bir siyasi gediş də etdi. Bəyan etdi ki, Zəngəzur dəhlizinin açılması və kommunikasiyaya üçüncü qüvvənin nəzarət etməsi mümkün deyil. Paşinyan bu dəfə də siyasi riyakarlıq etdi və öz cəmiyyətinə yalan danışdı. Çünki məhz onun özünün ötən il noyabrın 10-da imzaladığı Bəyanatın 9-cu bəndində nəzərdə tutulur ki, “nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”. Başqa sözlə, ölkəmizin əsas hissəsini Naxçıvanla birləşdirəcək kommunikasiyanın dəhliz statusunun əsas atributlarından biri - üçüncü tərəfin nəzarət funksiyası 10 noyabr Bəyanatında artıq təsbit edildiyi halda, Paşinyan bunu yada salmaq istəmədi. Soçidə keçirilən görüşdə də Paşinyan siyasi riyakarlığından əl çəkmədi. O, bir tərəfdən sülhməramlıların fəaliyyətinə görə Rusiya Prezidentinə təşəkkür etdi, digər tərəfdən isə ATƏT-in Minsk qrupuna ermənilərin ehtiyac duyduğunu xüsusi olaraq vurğuladı. Paşinyanın qaldırdığı növbəti məsələ Azərbaycanda mühakimə olunan, ermənilərin və ermənipərəst dairələrin isə hərbi əsir hesab etdikləri şəxslərlə bağlı oldu. Noyabrın 26-da Soçidə imzalanmış bəyanatda Paşinyanın qaldırdığı bu iki məsələdən heç biri əksini tapmadı. Prezident İlham Əliyevin sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat və iqtisadi əlaqələrin açılması ilə bağlı tələbləri isə Bəyanatda təsbit edildi. Ən başlıcası, Ermənistan üzərinə öhdəlik götürdü ki, 10 noyabr və 11 yanvar tarixli bəyanatların bütün müddəalarını bundan sonra ardıcıl surətdə yerinə yetirəcək...

Deputat qeyd edib ki, Soçi görüşündən sonra - noyabrın 28-də Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında iştirak etmək üçün Aşqabada səfər etdi. Dövlətimizin başçısı yüksəksəviyyəli tədbirdə çıxışı zamanı bu bəyanatı verdi: “İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir”. Prezident İlham Əliyevin Türkiyə, Pakistan, İran, Türkmənistan və Tacikistanın dövlət başçıları ilə keçirdiyi təkbətək görüşlərdə səslənən fikirlər, Aşqabad Bəyannaməsində torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı Azərbaycana ünvanlanan təbrik ölkəmizin regionda yaratdığı yeni reallığa verilən yüksək qiymətin ifadəsidir. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Aşqabadda səsləndirdiyi bu fikir isə türk dünyasının təzyiq və maneələrə baxmayaraq, hədəflərindən yayınmayacağına açıq işarədir: “Ölkəmizlə bölgəmiz arasında birbaşa avtomobil yolu bağlantısını quracaq Zəngəzur dəhlizinin də önəmi böyükdür... Qardaşımız Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə davamlı sülhün və sabitliyin təmin olunmasının da qapılarını açıb... Türkiyə olaraq bu prosesdə Azərbaycanın yanında olmaqda davam edəcəyik. Təşkilat olaraq da Azərbaycan ilə tam həmrəylik içərisində olmağımız böyük önəm daşıyır”.

Beləliklə, təkcə son bir ayda bölgəmizlə bağlı baş verən siyasi prosesləri ümumiləşdirsək, əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində regionumuzda yaranan yeni reallıq ölkəmizlə yanaşı, müttəfiqlərimiz və qonşularımız üçün ciddi iqtisadi inkişaf və rifah imkanları açır. Ermənistana gəldikdə isə, onun siyasi-hərbi rəhbərliyi təxribat və avantüralarından əl çəkərsə, sərhədlərin delimitasiyası işinə pərxaşlıq qatmazsa, qarşılıqlı şəkildə ərazi bütövlüyünü və suverenliyi tanımaqla sülh sazişini imzalayarsa, sözsüz ki, o da iqtisadi layihələrdən yalnız dividend götürə bilər. Əks təqdirdə... Soçiyə getmək istəmədilər, amma sonda məcbur oldular. Zəngəzur dəhlizi məsələsində Ermənistanın nala-mıxa vurmasına baxmayaraq, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, istəsə də, istəməsə də axırda buna da məcbur olacaq. Çünki yeni reallıqda Türk Dövlətləri ilə əsas qonşularımızın, eləcə də bir çox Avropa və Asiya ölkələrinin iqtisadi maraqları üst-üstə düşür. Şuşa Bəyannaməsinin təməlini qoyduğu Türk Dövlətləri Təşkilatı, Bakı və Aşqabad bəyannamələri, tarixi ədalət və beynəlxalq hüquq Azərbaycan Prezidentinin siyasi iradəsindən irəli gələn israrlı mövqeyinin qarantıdır. Ona görə nə Ermənistanın, nə də ona hamilik edən ermənipərəst dairələrin reallıqla hesablaşmaması artıq mümkün deyil.